Astronomik müşahidələr və teleskoplar

0

Teleskop əsas astronomiya cihazıdır.

Teleskopun vəzifəsi – tədqiq olunan obyektdən mümkün qədər çox işıq toplamaq və (vizual-müşahidələrdə) obyektin görünən bucaq ölçülərini böyütməkdir.

Teleskopun əsas optik hissəsi işığı toplayan və mənbənin xəyalını verən obyektivdir.

Əgər teleskopun obyektivi linza və ya linzalar sistemindən ibarətdirsə, teleskop refraktor (şəkil 1), çökük güzgüdən ibarətdirsə, reflektor adlanır (şəkil 1) (Bundan başqa, daha müasir mürəkkəb quruluşlu teleskoplar da mövcuddur).

Şəkil 1

 

Teleskopun topladığı işıq enerjisi obyektivin ölçülərindən asılıdır. Obyektiv səthinin sahəsi nə qədər böyük olarsa, bir o qədər zəif işıqlanan obyektləri teleskopda müşahidə etmək mümkündür.

Refraktorda şüalar obyektivdən keçərkən sınır və fokal müstəvidə obyektin xəyalını verir. (şəkil 2, a) Reflektorda şüalar çökük güzgüdən əks olunur və sonra onlar da fokal müstəvidə yığılır (şəkil 2, b). Göy cisminin obyektivlə alınmış xəyalına okulyar adlanan linza ilə baxmaq və ya həmin xəyalın fotoşəklini çəkmək mümkündür.

Şəkil 2

Teleskop obyektivini düzəldərkən, obyektin xəyalında hökmən mövcud olan bütün təhrifləri minimum endirməyə çalışırlar. Sadə linza xəyalı çox təhrif edir və xəyalın kənarlarını rəngləyir.

Bu nöqsanları azaltmaq üçün obyektiv, səthləri müxtəlif əyriliyə malik olan və müxtəlif növ şüşədən hazırlanmış bir neçə linzadan düzəldilir. Təhrifləri azaltmaq üçün şüşədən düzəldilmiş çökük güzgünün alüminiumlanmış və ya gümüşlənmiş səthinə sferik forma deyil, parabolic forma verirlər.

Məşhur optik D.D.Maksutov meniskli teleskop sistemini işləyib hazırlamışdır. Bu sistem refraktorun və reflektorun üstün cəhətlərini özündə birləşdirir. Nazik qabarıq – çökük şüşə — menisk böyük sferik güzgünün törətdiyi təhrifləri düzəldir. Güzgüdən əks olunan şüalar meniskin daxili səthində gümüşlənmiş sahəyə düşür və buradan da əks edərək okulyar rolunu oyanayan qısa fokuslu linzaya gedir (şəkil 3). Başqa teleskopik sistemlər də mövcuddur.

Şəkil 3

Teleskop Günəş, Ay və planetlərin, onların üzərindəki detalların görünən bucaq ölçülərini və həm də göy cisimləri arasında görünən bucaq məsafələrini böyüdür, lakin ulduzlar bizdən çox uzaqda olduqlarına görə istənilən teleskopda işıqlı nöqtələr kimi görünür.

Adətən, teleskopda xəyal çevirilmiş alınır. Lakin kosmik obyektlərin müşahidəsi zamanı bunun heç bir əhəmiyyəti yoxdur. Okulyara əlavə linzaların daxil edilməsi teleskopu düzgün xəyal verən baxış borusuna çevirir, lakin bu artıq işıq itkisinə səbəb olur.

Teleskopla müşahidə apararkən nadir hallarda 500 dəfədən artıq böyütmədən istifadə edilir. Bunun səbəbi xəyalları təhrif edən hava axınlarıdır, özü də teleskopun böyütməsi çox olduqca bu təhriflər daha çox nəzərə çarpır.

2.Astronomik müşahidələrin xüsusiyyətləri. Astronomiyanın əsasını Yerdən aparılan və keçən əsrin 60-cı illərindən başlayaraq kosmosdan – avtomat və idarə edilən stansiyalardan aparılan müşahidələr təşkil edir. Astronomiyada müşahidələr, fizika və kimyada təcrübələrin rolunu icra etməklə bərabər, bir sıra xüsusiyyətlərə malikdir.

Birinci xüsusiyyət. astronomik müşahidələrin əksər hallarda tədqiq olunan obyektlərə nəzərən passiv olmasıdır. Biz göy cisimlərinə aktiv təsir edə bilmirik (çox nadir hallarda istisna olmaqla), başqa təbiət elmlərində edildiyi kimi təcrübə qoya bilmirik. Yalnız kosmik aparatlardan istifadə olunması ilə birbaşa Ayda və ən yaxın planetlərdə tədqiqatların aparılmasına imkan yarandı.

Bundan əlavə, göy hadisələrinin bir çoxunun gedişi o qədər yavaş olur ki, onların müşahidəsi olduqca böyük vaxt tələb edir; məsələn, Yerin oxunun orbiti müstəvisinə meylinin dəyişməsi, yalnız yüz illər keçəndən sonra nəzərə çarpacaq olur. Ona görə də min illər bundan qabaq aparılan müşahidələrin bəziləri, müasir mənada dəqiq olmasalar da, bizim üçün öz əhəmiyyətini itirməmişdir.

İkinci xüsusiyyət. Biz göy cisimlərinin vəziyyəti və hərəkətini, öz oxu ətrafında fırlanma və Günəşin ətrafında dolanma hərəkəti icra edən və ona görə də həmişə hərəkətdə olan Yerdən müşahidə edirik. Lakin biz yerdəki müşahidəçiyə nəzərən göy cisimlərinin hərəkətini təsvir edərkən çox vaxt Yeri tərpənməz qəbul edirik. Məsələn, biz göy cisimlərinin doğması və batması barədə danışırıq, halbuki, bu hadisələrin Yerin fırlanması nəticəsində yarandığını bilirik; biz həm də Günəşin bürclər üzrə illik hərəkətini, bu hərəkətin Yerin Günəş ətrafında dolanmasının nəticəsi olduğunu bilirik. Bundan başqa, Yerin hərəkəti nəticəsində yerdəki müşahidəçi üçün il ərzində göyün görünüşü də dəyişilir. Göyün görünüşü nəinki müşahidəçinin Yerin harada olmasından, eyni zamanda ilin və sutkanın hansı vaxtında müşahidə aparılmasından da asılıdır. Məsələn, bizdə qış günü olanda Cənubi Amerikada yay gecəsi olur və əksinə. Yalnız yayda və ya qışda görünən ulduzlar vardır.

Astronomik müşahidələrin üçüncü xüsusiyyəti bütün göy cisimlərinin bizdən çox uzaqda yerləşməsi ilə əlaqədardır. Göy cisimləri bizdən o qədər uzaqdadır ki, nə adi gözlə, nə də teleskopla onlardan hansılarının bizə yaxın, hansılarının bizdən uzaq olduğunu müəyyən etmək olmur. Bizə elə gəlir ki, onların hamısı eyni uzaqlıqdadır. Ona görə də göydə obyektlər arasındakı məsafəni (məsələn, ulduzlar arasındakı məsafəni) müşahidə nöqtəsindən həmin obyektlərə gedən şüaların əmələ gətirdiyi bucaqla ölçürlər (şəkil 4).

Şəkil 4

Bu məsafə bucaq məsafəsi adlanır, dərəcə və onun hissələri ilə ifadə edilir. Həm də bu halda iki ulduzun görünmə istiqaməti bir-birinə yaxın olarsa, həmin ulduzların göydə də yaxın olduğu qəbul edilir (şəkil 4). Ola bilsin ki, göydə A ulduzundan uzaqda görünən üçüncü C ulduzu, fəzada B ulduzuna nəzərən A-ya daha yaxın yerləşmiş olsun.

Göy cisminin üfüqdən h bucaq məsafəsinə onun üfüqdən hündürlüyü deyilir (şəkil 5).

Şəkil 5

Göy cisminin hündürlüyü 0˚-dən başlayaraq (göy cismi üfüqdə yerləşir), 90˚-yə qədər (göy cismi başımızın üstündədir, zenitdədir) hesablanır. Üfüqün tərəflərinə (dünyanın cəhətlərinə) nəzərən göy cisminin vəziyyətini azimut adlanan ikinci bucağın köməyi ilə müəyyən edirlər. Azimut 0˚-dən 360˚-yə qədər intervalda dəyişir (hesablama cənub nöqtəsindən saat əqrəbinin hərəkəti istiqamətində aparılır).

Göy cisimlərinin hündürlüyü və azimutunu xüsusi bucaqölçən optiki alətlərlə — teodolitlərlə ölçürlər.

Göydə bucaq məsafələrini təqribi qiymətləndirmək üçün Böyük Ayı bürcünün “çömçəsinin” iki ulduzu (şəkil 4) arasındakı bucaq məsafəsinin təxminən 5˚ olduğunu bilmək faydalıdır.

Göy cisimlərinin görünən ölçülərini bucaq vahidləri ilə də ifadə etmək mümkündür. Məsələn, Günəş və Ayın diametri bucaq ölçüləri ilə təxminən eyni olub 0,5˚-yə bərabərdir.

Xətti ölçüsünə görə Günəşin diametri Ayın diametrindən təxminən 400 dəfə böyükdür.

Bucaq ölçmələrinə əsasən göy cisimlərinin xətti ölçüləri və onlara qədər xətti məsafələrin necə təyin edildiyini gələcək məqalələrdə öyrənəcəksiniz.

 

 

Ədəbiyyat:

B.A.Vorontsov-Velyaminov – Astronomiya

 

Redaktə etdi: Şəfiqə Babayeva

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin