Ayzek Azimov – “Maşın və robot” (1978)

0

Ayzek Azimov1

“Maşın və robot” (1978)

Fizikanın nöqteyi-nəzərindən maşın – qüvvəni tətbiq edildiyi nöqtədən, istifadə edildiyi və bu prosesdə öz gücünü və istiqamətini dəyişdiyi başqa bir nöqtəyə ötürən qurğudur.

Bu mənada insan varlığı üçün onun bədənin bir hissəsi olmayan hər hansı bir şeyi bu prosesə maşınları müdaxilə etmədən istifadə etmək çətindir. Bir neçə milyon il bundan qabaq, hələ meymun ilə insanın arasındakı sərhədin keçilməsinə qərarə gəlmək çətin olanda, daşın emal edilməsi təcrübəsi mövcud idi və onların iti küncləri ibtidai bıçaqlar kimi xidmət edirdilər.

Hətta bu cür itilənmiş daşı maşın hesab etmək olar, çünki əl ilə küt sonluğa tətbiq edilən qüvvə, iti uca ötürülür və proses əhəmiyyətli olur. Küt sonluğun böyük sahəsinə paylanmış qüvvə, kiçik iti uca daxil olan qüvvəyə bərabər olur. Beləliklə, təzyiq (qüvvənin sahəyə hasili) artır və ümumi qüvvə artmasa da, hərəkətə təsir edir. Və o zaman iti künclü daş yumru daşdan və insan əlindən fərqli olaraq, əşyaya bata bilir.

Real həyatda ən tərs fiziklərdən başqa heç kim itilənmiş daşı maşın adlandırmaz. Həqiqətdə biz maşın dedikdə yetərincə mürəkkəb qurğuları nəzərdə tuturuq və əgər onlar insan tərəfindən birbaşa istiqamətləndirilmirlərsə onlara ad verməyə meyilliyik.

Qurğu insandan nə qədər az asılı olsa, bir o qədər daha çox mexaniki hesab olunur. Nəticədə gündən-günə insan nəzarətinə daha az ehtiyac duyan və hardasa daha çox şəxsi iradəyə sahib olan bütöv bir texniki sahə maşınların qurulması ilə məşğul olur. İtilənmiş daş – bu, hardasa heç zaman tərk etmədiyi əlin bir hissəsidir. Nizə öz sərbəstliyini əldən buraxıldığı anda göstərir.

Mexanizmlərə birbaşa və daimi nəzarət insana hətta ibtidai cəmiyyətdə belə bir ekstrapolyasiya yolunda bir addım qabağa getməyə və özünə daha da sərbəst və müstəqil qurğuları təqdim etməyə imkan verdi. Və elə bu vaxtda bu terminə məndən daha geniş məna verən birisinin elmi fantastika adlandıracağı hansısa bir fantaziya növü meydana çıxdı.

İnsan ayaqları üzərində öz hərəkətlərinin birbaşa və bilavasitə nəzarətinin köməyi ilə; atın üstündə – cilovların və özünün dabanlarının köməyi ilə heyvanın daha güclü əzələlərini idarə etməklə; gəmidə – küləyin görünməyən gücünü istifadə etməklə hərəkət edir. Bəlkə daha irəliyə gedək, məsələn, yeddimillik çəkmələr, xalça-təyyarə, özüyeriyən qayıqlar? Bu cür qurğularda istifadə olunan qüvvə, “sehirli” adlanır, ona üstüninsanlar və transsendental enerjini pay almış tanrılar və iblislər malik olurlar.

Bu cür fantaziyalar təkcə cansız əşyaların fiziki imkanlarına deyil, üstəlik olduqca inkişaf etmiş cansız hesab olunan obyektlərin zehni bacarıqlarına da aiddir. Süni intellekt – heç də müasir anlayış deyil.

Yunan alov tanrısı Hefest, “İliada”ya əsasən, öz sarayında köməkçilərə – üstəlik bədən və qandan ibarət olan varlıqlar kimi enerjili, hərəkətli və ağıllı olan qızıl mexaniki qızlara sahib idi.

Niyə də olmasın? Nəticədə, əgər insan-dəmirçi adi bir dəmirdən ruhsuz mexaniki əşya yaradırsa, tanrı-dəmirçi niyə də nəcib metaldan – qızıldan – ruhsuz əşya düzəldib, onu şüur ilə mükafatlandırmasın? Bu, yazıçı-fantastların (elmin olmadığı ibtidai dövrlərdə mifləri qoşanlar idilər) ikinci xasiyyətləri olan çox sadə bir ekstrapolyasiyadır.

Lakin yetərincə intellektə sahib sənətkarlar-insanlar da mexaniki varlıqlar yaratmağa qadirdilər. Yunan miflərinin Tomas Edisonu sayılan Dedal tərəfindən yaradılan Talosu – bürünc döyüşçünü xatırlayın. Talos gündə bir dəfə adanı dövr edərək və yadları qovaraq, Kritin sahillərini qoruyurdu. Onun həyatını saxlayan mayə dabanında yerləşən tıxac vasitəsilə tutub saxlanılırdı. Arqonavtlar Kritə enəndə Medeya sehr vasitəsilə tıxacı çıxartdı və Talos süni həyatından məhrum oldu.

(Bu mifə simvolik mənanı vermək çox asandır. Krit e.ə. IV minillikdən başlayaraq, hələ yunanların Yunanıstanda peyda olmalarından əvvəl, bəşər tarixində ilk dəfə hərbi-dəniz donanmasına malik idi. Donanma adanın əhalisinə yaxınlıqdakı adaları və materikin bir hissəsini daxil etməklə imperiya yaratmağa imkan verirdi. Bu torpaqlara hücum edən yunan barbarları müəyyən müddətə qədər bu imperiyanın rəiyyəti idilər. Bürünc yaraq-yasaqlı döyüşçülər iki min il ərzində öz gəmilərində imperiyanın torpaqlarını qoruyurdular, lakin yenə də məğlub oldular. Tıxac belə demək olarsa, e.ə. 1500-cü ildə Tera adasında vulkan püskürməsi başlayanda, daşqın krit sivilizasiyanı güclü şəkildə zəiflədəndə çıxarıldı. Bax elə onda yunanlar peyda oldular. Lakin mifin real hadisələrin uzaqlaşdırılmış və təhrif olunmuş ifadəsi olması faktı, onun insan təxəyyülünün necə təşkil olunmasının bir xatırlatması olmağına mane olmur). Elə çıxır ki, maşın bəşəriyyətin ikili problemə nəzər yetirməyinə lap əvvəldən məcbur edirdi. Nə qədər ki, maşın tamamilə insan nəzarəti altındadır, o xeyirli sayılır və hiss olunacaq dərəcədə həyatımızı yüngülləşdirir. Lakin insanlar öz təcrübələrindən bilirlər ki (özü də yetərincə çoxdan), texnologiya inkişaf edir, maşınlar qaçılmaz şəkildə daha yaxşı və mürəkkəb olurlar, onların təkmilləşdirilməsi isə daim insan nəzarətinin azaldılması və muxtariyyətinin yüksəlməsi istiqamətində hərəkət edir – üstəlik başgicəlləndirici sürətlə.

İnsan maşına nə qədər az nəzarət edirsə, onlar bir o qədər çox hürküdücü olurlar. Hətta, bu prosesin xarici görünüşcə gözə çarpmayan və ya yetərincə zəif baş verdiyi hallarda belə, gələcəyə – maşınların insan nəzarətindən tamamilə azad olacaqları bir vaxta – baxmaq üçün böyük ağıla ehtiyac olmur. Bu, bizi qorxudur.

Bəs biz nədən qorxuruq?

Ən sadə və aydın cavab budur: qorxuruq ki, maşınlar bizə itaət etməkdən imtina edib, insanlara zərər yetirə bilərlər. Həqiqətdə istənilən texnoloji nailiyyət, hətta ən əsaslı olanı, özündə “yaxşı-pis” kimi ikili baxış daşıyır və beləliklə, biz ona sevgi və qorxu ilə baxırıq.

Alov sizi qızdırır, bizə işıq verir, sizin üçün yemək bişirir, filizi əridir – ancaq əgər o azadlığa çıxsa, o zaman yandırır və öldürür. Sizin bıçaqlarınız və nizələriniz düşmənlərinizi (heyvanları və insanları) öldürür – ancaq onlar düşmənlərinizin əlində olanda, sizin üçün ölümcül təhlükəyə çevrilirlər. Sonsuz sayda misal gətirmək olar, çünki dünyada elə bir insan fəaliyyəti yoxdur ki,  nəzarət altından çıxıb, zərər yetirməklə çoxlarının ağır köks ötürmə və sözlərini meydana gətirməsin: “Kaş ki biz dəbə düşmüş axmaqlıqları bilməyən əcdadlarımızın sadə və səxavətli həyatları ilə yaşayaydıq!”

Lakin həqiqətənmi qədim zamanlardan axıb gələn müxtəlif bədbəxtliklər qarşısındakı qorxunu, həqiqətənmi ruhumuzun lap dərinliklərində gizlənmiş dəhşəti ifadə etmək elə çətindir ki, onlar miflərin yaranmasına səbəb olurlar?

Düşünürəm ki, yox. Maşınlar tərəfindən bizə vaxtaşırı verilən (ən azı, bu yaxınlaradək verilən) narahatlıq və ziyanın qarşısındakı qorxu insanı yalnız məyus halda köks ötürməyə vadar edir. Maşınlardan istifadə etməklə insanın aldığı həzz hər zaman qorxuları üstələyib. Biz insanın hər hansısa bir texniki nailiyyətdən rahatlığa və ya onun əks təsirləri qarşısında qorxuya görə imtina etməsinə dair bir dənə belə olsun misal gətirə bilməyəcəyimiz tarixə nəzər yetirməklə belə bir nəticəyə gələ bilərik. Bəli, olub ki, texnoloji inkişaf zəifləyib, dayanıb və ya müharibəyə, vətəndaş qarşıdurmalarına, epidemiyalara və ya təbii fəlakətlərə görə sivilizasiya öz inkişafında geriyə atılıb və biz tarixin bu dövrlərini “qaranlıq dövranlar” adlandırırıq, onları yaşayan insanlar isə mümkün olan hər şeyi etməyə çalışırlar ki, növbəti gələn nəsil inkişaf yoluna qayıtsın.

Bəşəriyyət hər zaman texnologiyanın inkişafının özü ilə daşıdığı şərlə ondan imtina yolu ilə deyil, daha yüksək inkişaf səviyyəsinə nail olmaqla mübarizə aparmağa meyilli olub. Sobanın tüstüsü evdən boru vasitəsilə çıxarılır. Nizənin təmsil etdiyi təhlükədən qorunmaqdan ötrü, insanlar qalxanı fikirləşiblər. Şəhərləri düşmən ordusu yıxa bilməsin deyə, hündür divarlardan hasar çəkirdilər.

Bu fikir daimi etirazlara baxmayaraq, bugünümüzdə də davam edir. Zəmanəmizin xarakterik məhsulu olan avtomobil bu cür yarandı. O, havanı çirkləndirir, səs-küy yaradır, il ərzində əlli min amerikalını öldürür və yüz minlərinə zərər yetirir. Lakin kimsə ciddi şəkildə ehtimal edir ki, amerikalılar öz yırtıcı sevimlilərindən könüllü olaraq imtina edəcəklər? Hətta müasir həyatın mexanikləşməsinə qarşı çıxan etiraz yürüşünün iştirakçıları, toplanma yerlərinə avtomobil ilə gəlirlər.

İlk dəfə çox sayda insan özündə inkişaf daşıyan və heç bir müsbət nöqteyi-nəzər ilə bərabərləşdirmək mümkün olmayan möhtəşəm şəri 1945-ci ildə, atom bombasının yaranması zamanı gördü. O zamana kimi texnoloji inkişafın heç bir nailiyyəti Yer kürəsi əhalisinin bu cür qəzəbli etirazına səbəb olmamışdı.

Əslində atom bombasına qarşı reaksiya yeni fikrə nəfəs verdi – insanlar əks təsirlərini yolverilməz şəkildə təhlükəli saydıqları elmin başqa nailiyyətlərinə qarşı daha sərt etiraza çıxmağa başladılar. Bu, məsələn, bioloji silah, çox yüksək səsli təyyarələr, mikroorqanizmlər üzərində aparılan genetik təcrübələr, nüvə reaktorları, aerozol balonlardır.

Bununla belə, biz bu siyahıda olan heç bir şeydən imtina etməmişik.

Lakin biz düz yola çıxdıq. Əgər onların bizə ziyan verə biləcəklərinə baxmayaraq, özləri ilə müsbət başlanğıc daşıdıqlarını biliriksə, maşınlar bizi elə də qorxutmurlar. Və ya onlar bizim bəzilərimiz üçün təhlükəlidirlər – məsələn, avtomobil qəzasının baş verdiyi yerdə olanlar üçün.

Axı əksəriyyət sağ qalmağı və avtomobillərin bizə bəxş etdikləri rahatlıqlara sevinməyi bacarırlar.

Xeyr, yalnız nə vaxt ki, maşınlar bütün bəşəriyyəti, onun hər bir ayrıca nümayəndəsini şəxsən təhlükədən qaça bilməyəcəyini hiss etdirməklə təhdid etməyə başlayır – yalnız onda qorxu bağlılığa üstün gəlir.

Lakin texnoloji inkişaf insanların əmin-amanlığına yalnız son otuz ildə təhlükə yaratmağa başlayıb, o zamana kimi biz heç nədən qorxmurduq – bəlkə də bəşəriyyəti həmişə təhlükə gözləyib?

Nəhayət, məgər insan yalnız kobud fiziki gücün qurbanı olmaqla həlak ola bilər? Məgər maşınlar sağ-salamat, istidə və rahatlıqda qalan bədənimizə toxunmadan, bəşəriyyətin mahiyyətini, beynimizi və ruhumuzu məhv edə bilməzlər?

Məsələn, çoxları qorxur ki, televiziya insanları oxumaq bacarığından məhrum edir, cib kalkulyatorunun vasitəsilə isə hesablamağı unudacaqlar. Mancanağı fəaliyyətdə görüb kədərlə insan şücaətinin sonu gəldiyini elan edən Sparta çarı barədə xatırlayın.

Əlbbəttə, ilk baxışdan elə də gözə görünməyən təhlükələr o andan bəri mövcud idilər ki, bəşəriyyət təbiəti müəyyən – olduqca əhəmiyyətsiz – dərəcədə özünə tabe etməyi bacarmışdı, bu da onun üçün birbaşa fiziki zərər təhlükəsini azaltmışdı.

Kainatda baş verən iki növ dəyişiklik mövcuddur. Onlardan biri dövrilik və təhlükəsizdir.

Səhər və axşam, qış və yay, yağış və yaxşı hava daim bir-birilərini əvəz edirlər. Beləliklə, burada əsl dəyişikliklərdən danışmaq olmaz. Bu cür vəziyyət bizi kədərləndirə bilər, ancaq o rahatdır və təhlükəsizlik, dinclik hissi aşılayır.

Açığını desək, əsl dəyişikliklərin olmaması mənasını bildirən qısa dövrilik dəyişiklik fikri, insanları elə qane edir ki, onlar bu qanunauyğunluğu başqa sahələrdə də tapmağa çalışırlar. Məsələn, insanlar arasındakı münasibətlərdə nəsillərin, sülalələrin, imperiyaların dəyişməsi anlayışı mövcuddur. Təbiət dövləri ilə bənzətmə elə də düzgün deyil, çünki mövcud hallarda təkrarlama hər zaman absolyut olmur və bu da təsəlli verir.

Dövrilik insan üçün elə cəlbeedici bir anlayış olub ki, biz adətən onu olmadığı yerdə görürük.

Əgər söhbət kainatdan gedirsə, bütün sübutlar hiperbolik təkamülə işarə edir: başlanğıc bir partlayışdan sonra böyüyən və öz günlərini formasız qaz buludları və qara dəliklər şəklində başa vuran kainat. Lakin hisslərimiz bizi bütün faktlara baxmayaraq, hətta qara dəliklərin sadəcə yeni böyük partlayışlara aparan qapı olduqları titrəyişli, dövrili, təkrarlanan kainatlar anlayışını uydurmağa məcbur edirlər.

Amma nəyin bahasına olursa olsun qaçılası və özündə şər daşıyan daha bir dəyişiklik növü mövcuddur. Bu, aqibətini dəyişmək mümkün olmayan bir istiqamətə dəyişiklikdir.

Onlarda pis nə var ki? Onlardan biri bilavasitə bizə aiddir və şəxsi kainatimızı təhrif edir.

Biz axır-əvvəl qocalırıq və biz nə vaxtsa cavan olsaq da, gənclik bizə heç zaman qayıtmayacaq. Dostlarımız vəfat edir, ancaq onlar nə vaxtsa sağ idilər, onlar heç zaman bizimlə olmayacaqlar. Və biz bununla heç nə edə bimərik! Həyatın dövrilik dəyişiklikləri ilə heç bir əlaqəsi olmayan ölümlə bitməsi faktı bizi qorxudur və eyni zamanda şəxsi gücsüzlüyümüzün dərki ilə doldurur.

Ən pisi isə odur ki, kainat bizimlə birgə ölməyəcək. O, öz dövrlərindən həzz alaraq, irəliyə doğru hərəkət edir, yaşayır, biz isə onun bizim bir daha heç zaman olmayacağımız faktına qarşı laqeydsizliyindən əzab çəkirik.

Üstəlik, digər insan varlıqları bizimlə birgə ölmürlər. Bizdən sonra dünyaya göz açan və həyatımızın lap başlanğıcında bizdən asılı olan cavanlar biz qocalanda və öləndə, böyüyürlər və yerimizi alırlar. Və biz buna görə də əzab çəkirik.

Mən dedim ki, həyatın davam edəcəyini və bizim yerimizə başqalarının gələcəyini dərk edərək, özü ilə ölümü daşıyan qorxu ilə döyüşmək mənasızdır? Bu, tam olaraq elə deyil. Yalnız biz şüurun sübutlarından tutunmağa çalışdıqda, lazımsızlıq aydın olur, lakin bizim bu cür davranmamızı tələb edən heç bir qanun yoxdur – və biz bu cür əməl etmirik.

Ölümdən, onun mövcudluğunu sadəcə olaraq inkar etməklə qaçmaq olar. Hesab edə bilərik ki, bizim Yer kürəsində meydana çıxmağımız – sadəcə olaraq, xülyadır, heç nəyin dəyişmədiyi və bizə geri qaytarılmaz dəyişikliklərin heç bir təhlükə törətmədyi, sonrakı həyata qəbul qarşısında qısa sınaq müddətidir. Və ya yalnız vücudumuzun öldüyünə, lakin daxilimizdə hansısa bir ölümsüz təşkil edənin ölümdən sonra bir vücuddan başqasına keçməsinə inana bilərik – və beləcə, sonsuza qədər.

Axirət dünyası və transmiqrasiya barəsindəki mifoloji təsəvvürlər bir çox insan üçün həyatı yetərincə dözümlü edə və onlara yaxınlaşan ölümə qarşı daha sakit münasibət bəsləməyə icazə verə bilər. Ancaq mövcud halda ölüm qarşısındakı qorxu sadəcə maskalanıb və gizlənib – o tamamilə yoxa çıxmır.

Yunan miflərində bir ölümsüzlərlə digərlərinin uğurlu dəyişdirilməsindən bəhs edilir – və biz kədərli bir sübut əldə edirik ki, hətta əbədi həyat və fövqəltəbii imkanlar da dəyişikliklərin təhlükəsindən və özləri ilə sənin yerinə başqalarının gələcəyininin dərkini gətirən təhqirdən qoruya bilmir.

Yunanlar hesab edirdilər ki, əvvəl kainatı nizamsızlıq (Xaos) idarə edib, onun əvəzinə  nizamlılığı (Kosmos) simvollaşdıran mürəkkəb orbitlər üzrə hərəkət edən ulduzlar və planetləri mahiranə şəkildə səpələyən Uran (səma) gəldi.

Ancaq Uranı onun oğlu Kronos axtalatdı. Kronos və onun bacı-qardaşları, onların nəsilləri kainatı idarə edirdilər.

Kronos qorxurdu ki, övladları da onunla atasına rəftar etdiyi kimi rəftar edəcəklər (hardasa geriyə alınmaz dəyişiklik dövrləri kimi) onları anadan olan kimi yeyirdi. Lakin həyat yoldaşı onu aldatmağı, sonuncu oğlunu – Zevsi – xilas etməyi və onu təhlükəsiz bir yerdə gizlətməyi bacardı. Zevs böyüdü, öz qardaş və bacılarını atasının mədəsindən çıxardı, Kronosun və onun tərəfdarlarına qarşı müharibə ilə çıxış elədi, qalib gəldi və hökmdarın yerini tutdu.

(Həmçinin digər mədəniyyətlərdə də bu cür dəyişikliklər haqqında miflər mövcuddur – hətta bizim özümüzünkülərdə də. Şeytan Tanrının yerinə keçmək istəyirdi, lakin uğursuzluğa düçar oldu; bu mif Con Miltonun “İtmiş cənnət”ində özünün ən parlaq ifadəsini alıb). Zevs özünü təhlükəsizlikdə hiss edə bilərdimi? O, Fetida adlı nereidaya2 aşiq olur və əgər parkalar3 Fetidaya atasından daha güclü olacaq bir oğul dünyaya gətirmək qismət olacağını deməsəydilər onunla evlənəcəkdi. Elə alınırdı ki, nə Zevs, nə də ki, başqa bir tanrı onunla evlənə bilməzdi. Buna görə də onu adamla, Peley ilə evlənməyə məcbur edirlər. O, fani övladı, sahib olduğu yeganə körpəni dünyaya gətirir – miflərdə belə deyilir. Onun oğlu Axilles atasından daha güclü idi (eynilə, Talos kimi yalnız bircə zəif yerə – pəncəyə – sahib idi, hansını ki, deşməklə onu öldürmək olardı).

İndi isə gəlin, sənin yerinin başqasının alacağı kimi geriyə alınmaz dəyişikliklər və təhlükə qarşısındakı qorxunu ötürək insanlar və maşınlar münasibətinə. Və bizdə nə alınır? Təbii ki, biz daha çox maşınların bizə fiziki olaraq zərər yetirəcəklərindən deyil, bizi sıxışdıracaqlarından və yerimizi alacaqlarından qorxuruq. Və məsələ onda da deyil ki, bizim fəaliyyətimiz effektiv olmağı dayandıracaq – sadəcə biz, sanki hər hansı bir qurğunun köhnəlmiş modeli kimi heç kimə lazım olmayacağıq.

İdeal maşın – bu, ağıllı maşındır və onun barəsindəki hekayələr üçün yalnız bir süjet var: o, insana xidmət etmək üçün yaradılır, lakin sonda onun üzərində üstünlük əldə edir. O, bizim dünyadakı yerimizi zəbt etmə təhlükəsi yaratmadan mövcud ola bilməz və beləliklə, onu məhv etmək lazımdır – əks halda özümüz məhv olarıq.

Hər zaman serhbaz şagirdinin süpürgəsinin, rabbi Lounun qoleminin4, doktor Frankeşteyn tərəfindən yaradılan bədheybətin təhlükəsi mövcuddur. Bədənimizdən doğulan körpənin yerimizi aldığı kimi, həmçinin fikrimizin gücü ilə yaranan maşın da bizi əvəz edir.

Meri Şellinin 1818-ci ildə işıq üzü görən “Frankeşteyn”i qorxunun zirvəsini nümayiş etdirir, lakin şərait elə formada gətirdi ki, bu qorxuların həyata keçməsi qismət olmadı – ən azı, yetərincə uzun müddətə.

Xeyli sayda avropa müharibələrinin qurtardığı 1815-ci il və yeni müharibənin əvvəlini görən 1914-cü il arasında bəşəriyyətin özünün maşınlarla münasibətləri barəsində nikbin əhval-ruhiyyənin təmtərağına icazə verə biləcəyi qısa bir dövr oldu. Sənaye inqilabı insanlara gözlənilmədən yeni qüvvət verdi və texnoloji utopiyaların mifoloji cənnətdə görmək ümidinin əvəzinə onların Yer kürəsində hökmranlıq etməsi barəsindəki arzularını həyata keçirdi.

Maşınların həyata gətirdikləri müsbət baxışlar, mənfiləri üstələyirdi və onlara qarşı olan sevgi qorxudan daha güclü oldu.

Məhz o zaman müasir elmi fantastika meydana çıxdı – bu terminin altında mən bizimkindən texnoloji inkişaf səviyyəsinə və sosial quruluşuna görə fərqlənən cəmiyyəti təsvir edən ədəbiyyat növünü nəzərdə tuturam. Ehtimal edilir ki, biz əvvəl-axır yuxarıda göstərilən sahələrdə dəyişiklik yolu ilə bu cür cəmiyyətlərdən hər hansısa birinə keçəcəyik (Bununla elmi fantastika uydurulmuş cəmiyyətin bizim şüurlu dəyişikliklərin heç biri ilə əlaqəsi olmayan fentezidən və ya “spekulyativ”5fantastikadan fərqlənir).

Onun doğulduğu zamanın sayəsində müasir elmi fantastika yetərincə nikbin səslənirdi. İnsan və maşınlar arasındakı münasibət istifadə və idarə etmə səviyyəsində həyata keçirilirdi. İnsanın qüdrəti artırdı, maşınlar onun firavanlıq əldə etmək üçün köməyinə ehtiyac duyduğu itaətkar alətləri idilər, özünü rahat və əmin hiss edirdi və kainatın ən uzaq guşələrinə səyahət edirdi.

Nikbin əhval-ruhiyyə bugünümüzdə də əsasən atom bombasının yaranmasına qədər təsəvvürləri formalaşmağa imkan tapan yazıçıların əsərlərində rast gəlinir – onların arasında Robert Haynlaynın, Artur K.Klarkın və öz adımı çəkə bilərəm.

Üstəlik də Birinci Dünya müharibəsinin başlaması ilə insanları məyusluq bürüdü. Məlum oldu ki, insanlara cənnəti vəd edən elmi-texnoloji inkişaf Yer kürəsində əsl cəhənnəm yarada bilər. Uzun əsrlərlə davam edən arzunun reallaşmasının nəticəsi olan möhtəşəm təyyarə içində bomba daşıya bilər; dərman, anestetiklər və boyalar buraxan kimyəvi sənaye zəhərləyici qazlar istehsal edir.

Və bizi yenə başqası birisinin günəş altındakı yerimizi əlimizdən alacaq qorxusu bürüdü. 1921-ci ildə, Birinci Dünya müharibəsindən bir müddət sonra Karel Çapekin “R.U.R” adlı dramı işıq üzü gördü – yenə Frankeşteyn barədə hekayə, ancaq planetar səviyyədə. Bir dənə bədheybət deyil, bötüv bir robot ordusu yaradılmışdı (çexcə bu söz “işçi” mənasını verir). Və bir dənə bədheybət öz yaradıcısına qarşı çıxmadı, bütöv bit robot ordusu bəşəriyyəti Yer kürəsindən sildi və insanların yerini tutdu.

1926-cı il ilə 1959-cu il arası (əsrin üçdə biri və ya bötüv bir nəsil) elmi fantastikaya həsr olunmuş jurnalın işıq üzü görməsinin başlanması ilə elmi fantastikada nikbinlik bədbinlik ilə döyüşürdü – əsasən oğul Con U.Kempbelin təsirinin nəticəsində – və qalib gəldi.

1939-cu ildən başlayaraq, mən robotları tamamilə şüurlu şəkildə “Frankeşteyn kompleksinə” qarşı müqavimət göstərən və robotları bəşəriyyətin qulluqçuları, dostları və müttəfiqi kimi rəvayət edən vacib hekayələr silsiləsini yazdım.

Bununla belə, ən axırda yenə də bədbinlik qalib gəldi.

Birincisi, mexanizmlər daha qorxulu oldular. Şübhəsiz, atom bombası fiziki məhv ilə təhdid edirdi, lakin ondan daha betəri sürətlə inkişaf edən elektron maşın – kompüter idi. Elə gəlirdi ki, kompüterlər insanın ruhunu oğurlayırlar. Onlar bizim yekrəng problemlərimizi çox asan və cəld həll edirlər və biz sadəlövhlüklə onlara bizim əvəzimizə ən müxtəlif məsələlərin həlli üçün daha tez-tez haqq veririk və onların həllini alçaldıcı itaətkarlıqla qəbul edirik.

Bomba bizi məhv, kompüter isə əvəz edə bilər.

Birincidən fərqli olaraq, ikinci səbəb səthdə yerləşmir və yazıçı-fantastın xarakterinin dəyişilməsindən ibarətdir.

1959-cu ilə qədər ədəbiyyatın bir çox bölmələri mövcud idi, üstəlik də elmi fantastika onların arasında ən əhəmiyyətsizi sayılırdı. Yazıçılar digər bölmələrin nümayəndələrindən daha az pul və şöhrət qazanırdılar, buna görə də bu sahəyə onun ideyalarına şöhrət və pulun onlar üçün ikinci plana keçdiyi dərəcədə mübtəla6 olanlar gedirdi. Çox tez-tez onların mübtəlası elmə olan hər şeyə üstün gələn sevgidən yaranırdı və yazıçılar insanın kainatı öz iradəsinə tabe etdirib onu əldə etdiyi əsərlər yaradırdılar.

Lakin 1950-ci illərdə bədii əsərlər çap edən jurnallar televiziya ilə qeyri-bərabər mübarizədə məğlub oldular və 1960-cı illərin əvvəllərində ədəbiyyatın çiçəklənən və hətta öz ərazilərini genişləndirən yeganə sahəsi elmi fantastika oldu. Onun jurnalları çıxmaqda davam edirdi, qorxulu səs-küy başladı – yumşaq üzlüklü kitablar meydana çıxdı. Elmi fantastika ədəbiyyatı hətta müəyyən mərhələyə qədər televiziyaya və kinoya daxil olmağa müvəffəq oldu, ancaq hələ böyük qələbələr uzaq idi.

Bu isə o demək idi ki, 1960-1970-ci illərdə gənc yazıçılar elmi fantastikaya çox istədikləri üçün deyil, onun artıq mövcud olması və onların başqa seçimlərinin olmamasına görə gəlmişdilər. Bundan başqa bu, o demək idi ki, bir çox gənc yazıçıların elm haqqında azacıq belə olsun təsəvvürləri yox idi və onu sevmirdilər – daha çox ona ədavətlə yanaşırdılar. Bu cür yazıçılar insan və maşın münasibətləri haqqında söhbət düşəndə hazırlıqlı şəkildə “sevgi-qorxu” cütlüyündən qorxu ideyasını qəbul edirdilər.

Nəticədə müasir elmi fantastika daha çox bizə – təkrarən – öz atasının yerinə keçən körpə, Kronosun yerinə keçən Zevs, Tanrının yerinə keçən Şeytan, insanın yerinə keçən maşın haqqında mifi təqdim edir.

Bunlar lap əsl vahimədirlər və onları oxumaq lazım deyil.

Lakin icazə verin, sonda mən özümün şəxsi – yetərincə utanmaz – şərhimi edim. Xatırladığınız kimi baxmayaraq ki, Kronos qabaqcadan görmüşdü ki, onun yerini başqası ala bilər və baxmayaraq ki, bunun qarşısını almaq üçün öz övladlarını məhv elədi, onu yenə də Zevs əvəz elədi, üstəlik də ədalətli şəkildə, çünki daha yaxşı hökmdar idi.

Beləliklə, elə ola bilər ki, biz maşınlardan nifrət etsək və onlarla döyüşsək də, onlar bizi istənilən halda əvəz edəcəklər, özü də ədalətli şəkildə, çünki bizim tərəfimizdən yaradılan ağıllı maşın bizdən yetərincə daha yaxşı ola bilər və kainatı başa düşməyə çalışmaqla və onu düzgün şəkildə istifadə etməklə səylə qabağa irəliləyər və bizim üçün əlçatmaz olan zirvələri aşmağı bacarar.

 

Mənbə: İsaac Asimov – “The Machine and the Robot” (1978)

Tərcümə: Yusubov Nicat

Qeydlər:

  1. Ayzek Azimov Asimov, Isaac, (1920-1992), amerikan yazıçısı, biokimyaçı, elmi məşhurlaşdıran və elmi fantastika üzrə görkəmli insan. Onun daha çox robotlar haqqındakı kitabları məşhurdur, əsasən də, “Mən robotam” (I, Robot, 1950) “Polad mağaralar” (The Caves of Steel, 1954), “Çılpaq Günəş” (The Naked Sun, 1957), “Şəfəq robotları” (The Robots of Dawn, 1983) adlı trilogiyası.  Azimov “robotika” (“robotics”, azərbaycanca əsasən  “robototexnika”, “robotexnika” kimi gedir) sözünün banisidir, süni intellektin yaradılma perspektivlərini öyrənən alimlərin çoxu onun əsərlərinin təsirini qəbul edirlər. 
  2. Nereida yunan mifologiyasında: dəniz pərisi.
  3. Parka – (latıntca Parcae) qədim roma mifologiyasında: üç tale ilahəsi. Yunan mifologiyasındakı moyralarla eynidir.
  4. Qolem – yəhudi mifologiyasında gildən hazırlanmış div obrazıdır. Əfsanəyə əsasən, ravvin Lyöv onu yəhudi xalqını müdafiə etməkdən ötrü yaradıb.
  5. Spekulyativ – mənası: nəzəri, təcrübəyə əsaslanmayandır.
  6. Mübtəla – mənası: bir şeyin həddindən artıq aludəsi, düşkünü, azarkeşi.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin