Blokçeyn (blockchain) nədir?

0

1936-cı ildə ingilis alimi Alan Turinq (Alan Turing) ilk modern kompüterin konseptini hazırladı və bu icad II dünya müharibəsində alman maşını Eniqmanın (Enigma) kodunu qıraraq müttəfiqlərə müharibəni qazanmaq üçün lazım olan informasiyanı təmin etdi. 1969-cu ildə Kalifornia Universitetinin alimləri ilk internet əlaqəsini qurdular. 1979-cu ildə elektronik ödəmə sistemi yarandı və internet daha da inkişaf edərək 2018-ci ildə 4 milyarda yaxın istifadəçinin toplandığı məkana döndü.

Blokçeynin (blockchain) yaranması və əsası

Blokçeyn (blockchain) texnologiyası 2008-ci ildə Satoşi Nakamato (Satoshi Nakamato) tərəfindən konseptləşdirilmiş və 2009-cu ildə Bitcoin kriptovalyutasının yaradılmasında istifadə olunmuşdur. Bu texnologiyanın əsasında isə P2P (Peer to Peer) sisteminin adı keçir.

P2P (Peer to Peer)

Peer to Peer birləşməsi tərəfdən-tərəfə,  yəni müstəqil, bərabərhüquqlu internet istifadəçiləri arasında sövdələşmə kimi başa düşülə bilər və bu sistem indiyədək bir çox sektorun əsaslarını yenidən qurmuşdur. Məsələn, 1990-cı illərdə musiqi dinləmək üçün CD və video-kasetlərdən istifadə olunurdu. Amma 1999-cu ildə Napster-la başlanan və daha sonra İtunes, Spotify və başqa proqramlarla davam edən bu zəncir musiqi sektorunun sütunlarını söküb yenidən yığdı.

   

 

Blokçeyn (blockchain) necə işləyir?

Uşaqkən öz aramızda “mərkəzləşdirdiklərimizdənsinizmi?” deyə sual verərdik. Blokçeyn isə bu suala əminliklə “yox” cavabı verər. Bu, 2 tərəfin arasında olan mübadiləyə 3-cü bir tərəfin qoşula bilmədiyi bir texnologiyadır. Bəs 3-cü tərəf kimdir? Banklar, dövlət qurumları, maliyyə təşkilatları və s. Yoxsa nə üçün sizin ödənişlərinizdən vergi və ya komisyon çıxıldığını və bu məlumatların müəssisələrdə saxlandığını düşünürdünüz? Blokçeyn dünyasında isə mərkəzləşmə əvəzinə, kodlaşma mövcuddur. Hər bir ödəniş kodlaşdırılaraq bloklara yazılır və daha sonra bu bloklar zəncir kimi birləşərək bir sistem əmələ gətirir. Bu ödənişlər isə yalnız hesabın sahibinə məxsus olan şəxsi açarla və onun doğruluğunu yoxlayan sistem açarı ilə ödənilə bilər.

 

Kodlaşmaları kim edir?

Hər bir ödəniş kodlaşdırılaraq sabit uzunluqlarda olan datalara çevrilir və bu proses hal-hazırda dünya üzərində yüzminlərlə superkompüter tərəfindən icra edilir. Bəs onlar nə qazanır? Kriptovalyuta (Cryptocurrency). Daha dəqiq, hansı kriptovalyuta üçün kodlaşdırma edilirsə, həmin kriptovalyuta da əməkhaqqı kimi ödənilir. Məsələn, mənim Bitcoinlə aldığım kofeni kodlaşdıran kompüter Bitcoin qazanır. Bu şifrələmələrə Hash alqoritmi, bunu edən komputerlərə isə mədənçi (miner) deyilir.

Hash alqoritmi yalnız kriptovalyutalarda deyil, həmçinin, bir çox yerdə, məsələn, Shazam programında da işlədilir. Musiqini kodlara çevirib onu eynisi ilə uyğunlaşdıran bu proqrama daha az təhlükəsizlik kifayət etdiyi üçün bu kodlar daha sadə olur.

Kriptovalyutaların bir-birindən fərqi nədir?

7 Yanvar 2018-ci il tarixi üçün 1384 kriptovalyuta fəaliyyət göstərirdi və bunların bir çoxunun fərqli məqsədləri var. Məsələn;

Bitcoin – ilk yaranan kriptovalyuta olmaqla ən çox işlədilən, ən çox likvidlik dərəcəsi olan, hər növ mübadilədə işlənməsi üçün dizayn olunub.

Litecoin – 2011-ci ildə yaradılan və Bitcoin-dəki çatışmazlıqları aradan qaldırıb daha sadə yolla, hətta, normal kompüterlərlə də əldə edilə bilən (mining) kriptovalyutadır.

Ethereum – Bitcoin sadəcə bir pul vahidi (currency) kimi götürülə bilər, amma Ethereum yeni texnologiya adlandırılmaqla, böyük şirkətlər tərəfindən yeni proqramların yaradılmasında istifadə olunur.

Ripple – Əsas fərqi odur ki, o, digər əsas kriptovalyutalar kimi bir çox insanlar tərəfindən qazanılmır (mine) və əsas məqsədi bank sistemindəki mübadilələrin sürətini 2-3 saniyəyə endirmək və bunun xərcini $0.0007-a qədər azaltmaqdır.

Dogecoin – Simvolunun üstündə it şəkli olan və zarafat olaraq yaradılan Dogecoin 2017-nin sonlarında 2 milyard dollar bazar dəyərini keçməklə investorların sevimlisinə çevrildi.

 

Kriptovalyutaları dəyərli edən nədir?

Bildiyimiz kimi, milli valyutalar Mərkəzi Bankın göstərişlərinə əsasən çap olunur və Mərkəzi banklar sirkulasiyadakı pul miqdarını dəyişdirərək və ya monetar siyasət yürüdərək qiyməti tənzimləyir və valyutanın arxasında durur. Bəs mərkəzləşdirilməmiş kriptovalyutaların arxasında nə durur? Onların qiymətini artırıb-endirən nədir?

Sual verə bilərik ki, qızılı dəyərli edən nədir? Sadəcə bir növ metaldır və yaşamağımıza su kimi dəstək vermir, amma qızılın nadir tapılması onu dəyərli edir. Kriptovalyutalar da belədir. Məsələn, hal-hazırda sirkulasiyada 16 milyon Bitcoin var və maksimum 21 milyon Bitcoin olacaq. Hash alqoritmi hər qazılan (mine) Bitcoindən sonra daha da çətinləşir və 21 milyonuncu Bitcoinin 2150-ci illərdə çıxarılması gözlənilir. Bu, o deməkdir ki, yarandığından bəri 8 ildə 16 milyon Bitcoin çıxarılıb, amma bundan sonrakı 130 ildə 5 milyon Bitcoin çıxarılacaq. Və ya Ripple. 100 milyard yaradılıb və hal-hazırda 38 milyardı sirkulasiyadadır. Kriptovalyutalara dəstək verən digər amil isə onlara olan təlabatdır. Nə qədər çox alınsa, dəyəri o qədər də qalxar. Məsələn, Ripple bir çox bank və maliyyə institutları tərəfindən dəstəkləndikdən sonra bu bir çox investorun onu almasına səbəb oldu və 2017-ci ildə 35000% artım göstərdi. Bu yaxınlarda Cənubi Koreyada kriptovalyutaların ləğvi haqqında qanun və Coinbase xəbərləri isə onların dəyərini aşağı saldı. Xəbərlər onlara təsir edən ən böyük faktorlardan biridir.

Bəs insanlar nə fikirləşir?

Blokçeyn hal-hazırkı bank sistemini məğlub edib, yeni ödəniş sistemi ola bilərmi?

Bugün milyardlarla insanın bank sisteminə keçidi yoxdur. Bu sistem insanların qarşısına baryerlər qoyur və hər ödəniş qarşılığında sizdən komisyon götürür. Kasıb təbəqə üçün isə bu daha böyük problemdir.

Blokçeyn (blockchain) texnologiyası ilə yaradılan ödəniş sistemi insanların kasıb və ya varlı olmalarına, dünyanın hansı bölgəsində yaşamalarına qarışmır. Bu açıq bir sistemdir və P2P sistemi ilə burada hər bir tərəfin bərabər hüquqları var. Saniyələr ərzində baş verən ödənişdən hamı yararlana bilər, halbuki, banklardan pul göndərəndə bu, günlər çəkir. Bəs, sizcə, onlar nə düşünür?

Mənbə:

https://www.blockchain.com/

http://www.businessinsider.com/bitcoin-price-etherum-and-other-cryptocurrencies-compare-2017-9

https://www.forbes.com/sites/quora/2017/09/14/how-is-ethereum-different-from-bitcoin/#7b14170e502b

https://www.investopedia.com/terms/b/blockchain.asp

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin