Böyük rəssam Rafaellonun həyatı və incəsənətə baxışı

0

Rafaello (Raphael)

Böyük italyan renessansının 4 əsas təmsilçisi vardı: Leonardo da Vinçi (Leonardo da Vinci), Mikelancelo (Michelangelo), Donatello (Donatello) və Rafaello (Raphael). 6 aprel ya da 28 mart, 1483-cü ildə İtaliyada dünyaya gələn Rafaello Santi (Rafaello Sanzio) “yolun yarısı” adlanan 37 illik həyatında dühası və verə bildiyi əsərlər sayəsində “böyük usta” kimi tarixdəki yerini hələ də qoruyur. İtaliyanın 20 bölgəsindən biri olan Marçedə (Marche), Urbində (Urbino) dünyaya gələn Rafael kiçik yaşda rəssam və dekorator atası Giovanni Santi sayəsində dühasını sənətə yönəldərək uğurlu işlərə imza atacağına işarə vermişdi. Atası Giovanni tərəfindən sənətçi kimi yetişdirilən kiçik Rafael 1446-ci ildə doğulmuş italyan rəssam Petro Peruqonun (Pietro Perugino) emalatxanasında şagird kimi öz sənətini inkişaf etdirdi. 8 yaşında anası Magiyanı itirdi və bunun üzərinə atası yenidən evləndi. 3 il sonra atasını da itirən Rafaelin tək valideyni rahib əmisi Bartolomey (Bartolomeo) olsa da, ögey anası onu buraxmadı. Ögey ananı məhkəməyə verən rahib Bartolomey qardaşı oğlunu qanunlar qarşısında itirdi.

St. George and the Dragon – Müqəddəs Georq və əjdaha

• Rəssam Rafael 17 yaşında “usta” adını alır.

11 yaşına gələn Rafaello isə atasının emalatxanasını yenidən düzəldərək onun işləri ilə özünü təkmilləşdirməyə davam etdi. Çəkdiyi avtoportretlərlə uğurlu olacağını göstərən gənc rəssamın ilk önəmli işi bir altarpiece idi, yəni kilsədə mehrabın arxasına yerləşdirilən çərçivəli rəsm idi. Müqəddəs Aqustin kilsəsinə (Sant’Agostino) hələ 17 yaşında ikən çəkdiyi Baronci Altarpiece 31 sm uzunluğa və 27 sm enə sahib idi. Bu iş onun bir ilini apardı və o, bölgədə usta adlanmağa başladı. Eyni zamanda, bu işdən 4 il sonra İtaliyanın müxtəlif kilsələrinə freskalar çəkdi.

The Marriage of the Virgin – Bakirənin toyu

• Rafaelin “The Sistine Madonna” əsəri 

Sonuncu yağlı boya əsəri, 30 yaşında çəkdiyi “Sistin Madonnası” (“The Sistine Madonna”) tablosu incəsənət tarixinə verilmiş ən dəyərli əsərlərdən biri oldu. Bu əsər o qədər dəyərli idi ki, altdakı iki körpə mələk fiquru ümumi kompozisiyadan ayrıca şöhrət qazandı.
Rafaello 1508-ci ildə papa II Yulisin (Julius) istəyi üzərinə Vatikana getdi. Katoliklərin müqəddəs yeri olan Vatikanda papa II Yulisin kitabxanasına divar-divar rəsmlər çəkən Rafael Mikelancelonun “Adəmin doğulması” (“The creation of Adam”) əsərindən çox təsirləndi və onda yaranan bu təsir sözü gedən əsərində də öz əksini tapdı. Ustamız “The Sistine Madonna”nı Pyaçentsadakı San Sisto Vekko kilsəsi (San Sisto Vecchio) üçün yenə papa II Yulisin istəyi ilə 1512-1513-cü illərdə tamamladı. Əsasən, papa II Yulisin tabut qapağı olaraq dizayn edilən bu əsər də bir altarpiece-dir.

Rəsmə girmədən öncə, bəzi detalları bildirmək lazımdır. “Sistine” adı 258-ci ildə ölən müqəddəs Sistodan (II Saint Sixtus) gəlir. Rəsmin solunda gördüyümüz qoca adam da onun özüdür. 265 × 196 sm ölçülərində olan əsər 1754-cü ildə yerindən alınıb Drezdenə köçürüldü. Dostoyevskidən (F.Dostoyevsky) Nitsşeyə (F.Nietzsche), Vaqnerdən (R.Wagner), Göteyə (J.Goethe) qədər bir çox önəmli insanı təsirləndirən əsər bu gün Drezdendəki Alt Mester (Alte Meister) qalereyasında sərgilənməkdədir.

Əsərə gəldikdə isə, rəsmin tam ortasında yaşıl pərdələr açılmış, qucağında körpə İsanı tutan Məryəmi görürük. Məryəm tam qarşıya narahat bir ifadə ilə baxır. Körpə İsa da özünü sıxıntı ilə qısmış, gərgin bir biçimdə Məryəmlə eyni yerə baxır. Ana ilə oğulun baxdığı yer soldakı müqəddəs Sistonun sağ əliylə işarə etdiyi yerdir. Bunun çox mənalı bir açıqlaması var. Belə ki, kilsənin dizaynı bu əsəri çarmıxa çəkilmiş İsa ikonasının tam qarşısına yerləşdirə biləcək vəziyyətdə idi. Yəni Sistonun işarə etdiyi və Məryəmlə oğlunun təlaşla baxdığı yer İsanın başına gələcək olan fəlakətdir. Bilirik ki, ona inanılmayan İsa çarmıxa çəkilərək cəzalandırılmışdı. Rəsmdə də bu qeyri-insani hadisənin əks-sədası vardır.

Məryəmlə oğlunun sağ tərəfindəki qadın müqəddəs Barbaradır (Barbara). Müqəddəs Barbara çarmıxa çəkilmiş İsa ikonasına baxa bilmir, hüzn və ağıryanalıqla başını önə əyməkdədir. Müqəddəs Sistonun alt tərəfində yerləşən papalıq tacına da xüsusilə diqqət yetirmək lazımdır.

Məryəmlə oğlu buludların üzərində durur. Digər tərəfdən, yaxından baxmadıqca dəqiq olaraq görünməyən bir detal da var: Məryəmin arxasındakı bəyaz hissədə onlarla mələk üzü yerləşdirilib. Mələklərin üzləri müqəddəs qadın ilə oğlunun üzərinə Tanrının işığını gətirmişlər. Altda iki körpə mələk görürük. Bu körpə mələklər, bəlkə, ümumilikdə, rəsmin özündən belə məşhurdur. Məryəm ilə oğlu, müqəddəs Sisto və müqəddəs Barbara, körpə mələklər olmaqla üç ana mövzunun bir yerdə olduğu bu kompozisiyada, şübhəsiz ki, körpə mələklər daha çox önə çıxır. Bu körpə mələklərin dirsəklərini dayadığı taxta yer, əvvəldə də qeyd olunduğu kimi, papa II Yulisin tabut qapağıdır.

Gilo Roman (Giulio Romano), Giyafransesko Penni (Gianfrancesco Penni), Perino del Vaqa (Perino del Vaga), Polidoro da Karavaqi (Polidoro da Caravaggio), Paleqrino Aretus (Pallegrino Aretusi), Tomas Vinçidor (Tommaso Vincidor), Timote Viti (Timoteo Viti) kimi şagirdlər yetişdirən Rafaellonun evlənmədiyi düşünülür. Bu barədə ona görə bir şübhə var ki, o, 1514-cü ildə nişanlandığı Mariya Bibiyena (Maria Bibbiena) ilə evlənmədi. Çünki bu gün hər kəsin bildiyi, hətta, haqqında kitablar yazılıb, filmlər çəkilən Rafaellonun ən böyük eşqi 1520-ci ildə həyatını itirən Mariya deyil, “çörəkçi qızı” Marqarita idi. Rafaello “Məryəm ana” tablolarına modellik edən Marqarita Lutiyə (Margarita Luti) böyük bir eşqlə bağlı idi. Hətta bir araşdırmaya görə, onun “Məryəm ana” tablosunda sonradan dəyişiklik etdiyi də sübut olundu. Lutinin modellik etdiyi tablodakı qadının əlindəki üzüyü silən Rafaellonun bu hərəkəti sənətçinin Marqarita ilə evləndiyi, lakin, Vatikanın təzyiqindən qorunmaq üçün bunu gizlətdiyi önə sürüldü. Marqaritanın sonradan bir kilsəyə sığınması da bunu sübut edə bilər.

The School of Athens – Afina məktəbi

La donna veleta – Örtüklü qadın

• Rafaelin həyatı 37 yaşında sona çatır.

Kilsələr üçün çəkdiyi əsərlər, şəkillər və dizaynlar ilə renessansın böyüklərindən biri olan Rafaelin 37 illik həyatı 6 aprel 1520-ci ildə sona çatdı. Romadakı Panteon məbədində dəfn olunan Rafaello Santi məzar daşında belə təbiətə istinadən deyirdi:

“Həyatda ikən təbiət “məni geridə buraxacaq” deyib qorxardı. Öldükdən sonra isə ‘mən də onunla birlikdə öləcəyəm’ deyib qorxur.”

Triumph of Galatea – Qalateanın zəfəri

 

La belle jardinière – Gözəl bağban qız

 

The deposition – Çarmıxdan endirilmə

 

Mənbə:

https://www.arthipo.com/artblog/unlu-ressamlarin-hayat-hikayeleri/ressam-raphael.html

Raphael’in “The Sistine Madonna” eseri

Hazırladı:  Fatimə Əliyeva

Redaktə etdi:  Şəfiqə Babayeva

 

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin