Bürclərə qarşı Barnum effekti

0

 

Image result for astrolojinin tarihi

 

Bəzi insanlar üçün “Bürcün nədir?” sualı ilk ünsiyyət suallarından biri halına gəlmiş sualdır. Bəs  bürc nədir? Hardan yaranmışdır? Doğrudan da, nəyisə ifadə edir?
Bürc astrologiya elminin anlayışlarından biridir və çox qədim zamanlardan bəri mövcud olmuş anlayışdır. Astrologiyanı astronomiya ilə qarışdırmaq olmaz, çünki bu iki elm bir-birinə yaxın olsa da, bir-birindən yaxın olduğu qədər də uzaqdır. Astronomiya dəqiq tədqiqatlara, astrologiya isə proqnozlara, təxminlərə, təhlillərə əsaslanan bir elm sahəsidir.
Astrologiya göy cisimlərinin insan taleyi və xarakterinə olan təsirini öyrənir. İnsanın doğulduğu günə, saata uyğun olaraq, göy cisimlərinin təsiri ilə onun üçün müəyyən olunmuş bir taleyə sahib olacağı və həyatı boyunca bu göy cisimlərinin ona təsir edəcəyinə inanılır. Bu elmin ilk yazılı örnəyi Mesopotamiyada yaşamış Babil və Assur sivilizasiyalarına aiddir. Günümüzdə var olan astrologiya sistemi isə Qədim Yunanıstana aiddir. Qədim dövrlərdən mövcud olan bu elm dəqiq sübutları, isbatları olmamasına baxmayaraq, keçmişdən bu günümüzə qədər öz aktuallığını qorumuşdur. Bəzi insanlar gündəlik, həftəlik, aylıq və ya illik olaraq öz astroloji bürc təhlillərini dinləyir və ya oxuyur, eləcə də həyatını ona uyğun olaraq nizamlayır.

Image result for astrology

Bunun ən yaxşı örnəyini Hindistanda görmək mümkündür. Hindistanda sırf bu bürclər üçün kanal və radiolar vardır və hətta evlənəcəkləri insanları, evlilik tarixlərini, gələcəkdə doğulacaq uşaqlarının doğum tarixin belə bu bürclərə uyğun olaraq planlayan insanlar vardır. Bu insanlar övladlarının bu planlaşdırma ilə gələcək həyatını, xarakterini daha gözəl edəcəklərinə, evliliklərinin daha yaxşı olacağına inanırlar. Bürc şərhləri ilə sözün əsl mənasında “yatıb-duran” insanlar vardır. Bəs həqiqət necədir? Göy cisimləri doğrudan da insanları 12 qrupa böləcək qədər güclüdürmü? Biz bilirik ki, xarakter cəmiyyətdə və ailədə formalaşır. Eləcə də, bəzi alimlər bunun gen vasitəsi ilə də keçə biləcəyini deyirlər. Bəs bürc təhlilçilərinin insanların bürclərə uyğun olaraq xarakterini təhlil edərkən özümüzə aid çox şeyi onlardan eşitməyimiz qəribə deyilmi? Sanki bürclərdə bizdən bəhs edilirmiş kimi gəlir bizə. Bəs bunun səbəbi nədir? Bunu belə izah etmək olar :

Related image

1948-ci ildə Bertram Forer adlı bir psixoloq öz tələbələri ilə təcrübə keçirmək qərarına gəlir və hər hansı astroloji təhlil kağızında yazılmış olan və xarakterlərdən bəhs edən eyni yazını tələbələrinə verir və onlardan özlərinə uyğun olanı 1-5 arası qiymətlərlə dəyərləndirmələrini istəyir və testin sonunda tələbələrin orta nəticəsi 4,26 çıxır. Testin hər tələbədə eyni olmasına baxmayaraq, tələbələr hər bir testdə yazılmış xarakterləri sanki özlərindən bəhs edilirmiş kimi qiymətləndirmişdilər. Xüsusilə də, müsbət xarakterik xüsusiyyətləri. Buna elmdə Barnum effekti (eləcə də, Forer effekti də demək olar) deyilir. Bu effektə görə, elə ümumi xarakter anlayışlar vardır ki, insanların böyük bir qisminə aiddir. İnsanlar bir-birindən fərqli olduğu qədər, bir-birləri ilə həm də yaxındırlar və bürc təhlillərindəki kimi ümumi şərhlər verildikdə, deyilən 10 cümlədən ən az 6-sın özümüzə yaxın hiss edirik.
Bir digər izah isə bizə qoşulan sifətlərə daha çox meyl etməyimizdir ki, insanlar kiçik yaşlarından onlara xarakter olaraq bənzədilən sifətlərə daha çox meyilli olurlar. Buna misal olaraq, siz övladınıza bacarıqsız sifəti kimi mənfi xarakterik xüsusiyyətləri dediyiniz müddətcə o daha çox ruhdan düşməyə və bacarıqsız olmağa, ağıllı, cəsur, iradəli dediyiniz müddətcə isə daha çox müsbət yönlü biri olmağa başlayacaqdır. Bürclərin də bizlərə uyğunlaşdırdığı sifətlər tam olaraq bunun kimidir – Ədalətli tərəzi, inadkar qoç, romantik balıq, duyğusal xərçəng… və sair kimi. Siz o sifətləri daha çox eşitdikcə sizdə o xarakterik xüsusiyyətlər böyüməyə başlayır. Xüsusilə də, əgər siz bürclərə azacıq da olsa inanırsınızsa.
Yuxarıda göstərdiyim misallar tamamilə astrologiyanın əksinə yönəlmiş ittihamlar deyil, sadəcə gündəlik həyatını belə astroloji təxminlərə, bürclərə, mənasız xarakter testlərinə uyğun idarə edən insanlar üçün izahlardır. Astrologiya elminin tamamilə yalan və ya tamamilə doğru olub-olmadığını sübut edən dəlillər olmadığı üçün bu elmi dəqiq mühakimə etmək çox çətindir. Ancaq bu elm çox qədim zamanlardan bəri mövcud olduğu və insanların təhlil və təcrübələrinə əsaslandığı üçün bəlkə də içində kiçik həqiqətləri saxlayır. Ancaq yenə də siz öz həyatınızı nəyəsə və ya kiməsə görə nizamlamayın.

əlavə olaraq bax :

http://psych.fullerton.edu/mbirnbaum/psych101/barnum_demo.htm

 

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin