Bürclər. Ulduz xəritələri. Göy koordinatları

0
  1. Bürclər. Ulduzlu göylə buludsuz gecədə, Ayın işığı zəif ulduzları müşahidə etməyə mane olmayanda tanış olmaq lazımdır. Sayrışan ulduzlar səpələnmiş gecə göyünün mənzərəsi gözəldir. Onların miqdarı elə bil ki, saysız-hesabsızdır. Lakin bu, yalnız göyə diqqətlə baxana və qarşılıqlı vəziyyətlərinə görə dəyişməz olan tanış ulduz qruplarını göydə tapmağı öyrənənə qədər sizə elə gələcəkdir. Bürclər adlanan bu qrupları insanlar min illər bundan əvvəl ayırmışlar. Bürc dedikdə göyün, hər hansı müəyyənləşdirilmiş sərhədləri daxilindəki oblastı başa düşülür. Bütün göy 88 bürcə bölünmüşdür. Bürcləri, ulduzların xarakterik yerləşmələrinə görə tapmaq olar.

Bürclərin çoxu öz adlarını qədim zamanlardan saxlayır. Bu adların bəziləri yunan əfsanələri ilə bağlıdır, məsələn, Andromeda, Persey, Peqas, bəziləri – bürcün parlaq ulduzlarının əmələ gətirdiyi fiqurların xatırlatdığı əşyalarla əlaqədardır: Ox, Üçbucaq, Tərəzi və s; heyvan adları ilə adlandırılmış bürclər də vardır, məsələn, Şir, Xərçəng, Əqrəb.

Göy qübbəsində bürcləri onların ən parlaq ulduzlarını, ulduz xəritələrində göstərildiyi kimi, xəyalən düz xətlərlə birləşdirməklə əmələ gələn fiqurlara görə tapırlar.

Hər bürcdə parlaq ulduzları hələ çoxdan yunan hərfləri ilə, bürcün ən parlaq ulduzunu α hərfi ilə, qalan ulduzları parlaqlığın azalması üzrə əlifba ardıcıllığına uyğun β, γ və s. hərfləri ilə işarə etmişlər, məsələn, Qütb ulduzu Kiçik Ayı bürcünün α ulduzudur.

Böyük Ayı bürcünün əsas ulduzlarının düzülüşü və köhnə ulduz xəritələrində bu bürcün əmələ gətirdiyi fiqurun necə təsvir edildiyini şəkillərdə göstərilir.

Adi gözlə Aysız gecədə üfüqdən üstdə 3000-ə yaxın ulduz görmək mümkündür. Hazırda astronomlar bir neçə milyon ulduzun göydə dəqiq yerini müəyyən etmiş, onlardan gələn enerji selini ölçmüş və bu ulduzların kataloqunu – siyahısını tərtib etmişlər.

  1. Ulduzların görünən parlaqlığı və rəngi. Bircins olmayan hava mühitində Günəş işığının mavi şüaları daha çox səpildiyindən gündüz vaxtı göy mavi rəngdə görünür.

Yer atmosferinin hüdudlarından kənarda səma həmişə qara rəngdədir və səmada Günəş və digər ulduzları eyni zamanda görmək olur.

Ulduzların parlaqlığı və rəngi fərqli olur: ağ, sarı, qırmızı. Ulduz nə qədər qırmızıdırsa, bir o qədər də soyuqdur.

Qədim ərəblər parlaq ulduzlara xüsusi adlar vermişlər. Ağ ulduzlar: Lira bürcündə Veqa, Qartal bürcündə  Əltahir (yayda və payızda görünür), göyün ən parlaq ulduzu – Sirius (qışda görünür); qırmızı ulduzlar: Orion bürcündə Bətəlgeyze və Buğa bürcündə Əldəbaran (qışda görünür), Əqrəb bürcündə Antares (yayda görünür); sarı ulduz: Arabaçı bürcündə Kapella (qışda görünür).

Hələ qədim zamanlarda ən parlaq ulduzları 1-ci ölçülü ulduzlar, göz üçün görmə hüdudunda olan ən zəif ulduzları isə 6-cı ölçülü ulduzlar adlandırmışlar. Bu qədim terminologiya indi də saxlanılır. “Ulduz ölçüsü” termininin (m hərfi ilə işarə edilir) ulduzların həqiqi ölçüləri ilə əlaqəsi yoxdur; o, ulduzdan Yerə gələn işıq selini xarakterizə edir. Ulduz ölçüləri fərqi bir ulduz ölçüsü qədər olan ulduzların görünən parlaqlıqlarının 2,5 dəfə fərqləndiyi qəbul edilmişdir. Onda 5 ulduz ölçüsü qədər fərq, parlaqlığın 100 dəfə fərqlənməsinə uyğun olur. Belə ki, 1-ci ölçülü ulduzlar 6-cı ölçülü ulduzlardan 100 dəfə parlaqdır.

Dəqiq ölçmələr göstərir ki, ulduzlar həm kəsrli, həm də mənfi ulduz ölçülərinə malik olur, məsələn: Əldəbaran üçün ulduz ölçüsü m=1,06. Veqa üçün m=0,14. Sirius üçün m=-1,58. Günəş üçün m=-26,8

  1. Ulduzların görünən sutkalıq hərəkəti. Göy sferi. Yer öz oxu ətrafında fırlandığına görə bizə elə gəlir ki, ulduzlar göydə hərəkət edir. Əgər üzümüzü üfüqün cənubuna tərəf tutub dayansaq və Yerin şimal yarımkürəsinin orta enliklərində ulduzların sutkalıq hərəkətini müşahidə etsək, görərik ki, ulduzlar üfüqün şərq tərəfində doğur, üfüqün cənub tərəfi üzərində ən böyük yüksəkliyə qalxır və qərb tərəfində batır, yəni onlar soldan sağa – saat əqrəbinin hərəkəti istiqamətində hərəkət edir. Diqqətli müşahidələr nəticəsində görmək olar ki, Qütb ulduzu üfüqə nisbətən öz vəziyyətini demək olar ki, dəyişmir. Bütün başqa ulduzlar isə sutka ərzində mərkəzi Qütb ulduzu yaxınlığında olan tam çevrələr cızır. Aysız gecədə aşağıdakı təcrübəni aparmaqla buna asanlıqla əmin olmaq olar. “Sonsuzluğa” qurulmuş fotoaparatı Qütb ulduzuna tərəf yönəldək və bu vəziyyətdə aparatın çıxmağını yarım saat və ya bir saatmüddətində açıq qoyaq. Bu qayda ilə alınmış şəkli aşkarlasaq, şəkildə ulduzların yollarını konsentrik qövslər şəklində görərik.

Bu qövslərin ümumi mərkəzi olan nöqtə, ulduzların sutkalıq hərəkəti zamanı yerdəyişməz qalır və şərti olaraq dünyanın şimal qütbü adlanır. Qütb ulduzu ona çox yaxındır. Dünyanın şimal qütbünə diametral əks olan nöqtə dünyanın cənub qütbü adlanır. Yerin şimal yarımkürəsindəki müşahidəçi üçün bu nöqtə üfüqdən altda yerləşir.

Ulduzların sutkalıq hərəkəti hadisəsini göy sferası adlanan riyazi qurmadan istifadə etməklə öyrənmək əlverişlidir. Göy sferası dedikdə mərkəzi müşahidə nöqtəsində olmaqla ixtiyari radiuslu təsəvvür olunan sfera nəzərdə tutulur. Bütün göy cisimlərinin görünən vəziyyətlərini bu sferanın səthinə proyeksiyalayır və ölçmələrin asan olması üçün bir sıra nöqtə və xətt qururlar.

Şəkil 2

Belə ki, müşahidə nöqtəsindən keçən ZCZ´ şaquli xətti, göyü müşahidəçinin başı üzərində zenit Z nöqtəsində kəsir. Diametral əks nöqtə  Z´ nadir adlanır. ZZ´ şaquli xəttinə perpendikulyar olan  (NESW) müstəvisi – üfüq müstəvisidir. Bu müstəvi müşahidəçinin yerləşdiyi nöqtədə Yer kürəsinin səthinə toxunur (şəkil 2). Üfüq müstəvisi göy sferasının səthini iki yarımkürəyə bölür: bütün nöqtələri üfüqdən üstdə yerləşən görünən yarımkürə və nöqtələri üfüqdən altdan yerləşən görünməyən yarımkürə.

Dünyanın hər iki qütbünü (PP´) birləşdirən və müşahidə nöqtəsindən  (C) keçən, göy sferasının görünən fırlanma hərəkətinin oxunu dünyanın oxu adlandırırlar. İstənilən müşahidəçi üçün həmişə dünyanın oxu Yerin fırlanma oxuna paralel olacaqdır (şəkil 2). Dünyanın şimal qütbü altında üfüqdə N şimal nöqtəsi yerləşir, üfüqdə buna diametral əks olan nöqtə S cənub nöqtəsidir. NCS xəttinə günorta xətti deyilir, çünki günorta zamanı şaquli çubuğun kölgəsi üfüq müstəvisində, bu xəttin üzərinə düşür. Şərq E Qərb W nöqtələri üfüq xəttinin üzərində yerləşir. Bunlar şimal N və cənub S nöqtələrində 90˚ aralı yerləşir. Göy meridianı müstəvisi N nöqtəsindən, dünyanın qütblərindən, zenitdən Z və S nöqtəsindən keçir (şəkil 2). C nöqtəsində yerləşən müşahidəçi üçün bu müstəvi, onun coğrafi meridianı müstəvisi üzərinə düşür. Nəhayət, dünyanın oxuna perpendikulyar olmaqla, sferanın mərkəzindən (C nöqtəsi) keçən (QWQ´E) müstəvisi, göy ekvatoru müstəvisini əmələ gətirir. Bu, müstəvi yer ekvatoru  müstəvisinə paraleldir (şəkil 2). Göy ekvatoru göy sferasının səthini iki yarımkürəyə: təpəsi dünyanın şimal qütbündə yerləşən şimal yarımkürəsinə və təpəsi dünyanın cənub qütbündə yerləşən cənub yarımkürəsinə bölür.

  1. Ulduz xəritələri və göy koordinatları. Bürcləri müstəvi üzərində təsvir edən ulduz xəritəsi düzəltmək üçün ulduzların koordinatlarını bilmək lazımdır. Üfüqə nəzərən ulduzların koordinatları, məsələn, hündürlüyü əyani olsa da həmişə dəyişdiyinə görə xəritə ətrtib etmək üçün yararsızdır. Ulduzlu göy ilə birlikdə fırlanan koordinat sistemindən istifadə etmək lazımdır. Ekvatorial sistem bu cür koordinat sistemidir. Koordinatların hesablanması ekvator müstəvisi üzərində və ekvator müstəvisinə nisbətən aparıldığından bu koordinat sistemi ekvatorial sistem adlanır. Bu sistemdə koordinatlardan biri göy cisminin göy ekvatorundan bucaq məsafəsi olub meyl δ adlanır. Meyl ±90˚ intervalında dəyişir və ekvatordan şimala tərəf müsbət, cənuba tərəf isə mənfi hesab edilir. Meyl coğrafi enliyə oxşardır.

İkinci koordinat coğrafi uzunluğa oxşar olub düz doğuş α adlanır.

M göy cisminin düz doğuşu, böyük dairə müstəviləri arasında qalan bucaqla, başqa sözlə desək, dünyanın qütblərindən və verilmiş M göy cismindən keçən böyük dairə müstəvisi ilə dünyanın qütblərindən və ekvator üzərində yerləşən yaz bərabərliyi nöqtəsindən γ keçən böyük dairə müstəvisi arasında qalan bucaqla ölçülür. Bu nöqtə ona görə yaz bərabərliyi nöqtəsi adlanır ki, Günəş yazda martın 20—21-də gündüz gecəyə bərabər olduqda həmin nöqtədə (göy sferasında) yerləşir.

Düz doğuş, əgər dünyanın şimal qütbündən baxılarsa, ekvator qüvsü boyunca yaz bərabərliyi nöqtəsindən başlayaraq saat əqrəbi hərəkəti istiqamətinin əksinə ölçülür. Düz doğuş 0˚-dən 360˚-yə qədər dəyişilir. Bu nöqtə ona görə düz doğuş nöqtəsi adlanır ki, göy ekvatorunda yerləşən ulduzlar onların düz doğuşlarının artması ardıcıllığı üzrə doğur (və batır). Bu hadisə Yerin fırlanması ilə əlaqədar olduğundan, düz doğuşu bucaq ölçüləri ilə deyil, vaxt ölçüləri ilə ifadə etmək qəbul edilmişdir. Yer (amma bizə elə gəlir ki, ulduzlar) 24 saat müddətində bir tam dövr (360˚) edir. Deməli, 360˚ bucaq 24 saata uyğundur, 15˚ — 1 saata, 1˚ — 4 dəqiqəyə, 15´— 1 dəqiqəyə, 15˝ — 1 saniyəyə uyğundur. Məsələn, 90 ˚ bucaq ölçüsü 6 saata bərabərdir. 7 saat 18 dəqiqə isə 109˚30´-yə uyğundur.


Ədəbiyyat:

B.A.Vorontsov – Velyaminov — Astronomiya

Redaktə etdi: Şəfiqə Babayeva

 

 

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin