Buz dağının iki tərəfi: şüur və şüuraltı

0

Psixologiya – insanı və onun psixi həyatını dərk etmək zərurətindən doğur. İnsan isə ruhi mövcudluqdur, ona görə də, onun hər hansı bir əqli istehsalı «yeni şüurun» formalaşmasına səbəbdir. «Yeni şüur» – dünyaya və özünə yeni münasibət modeli hazırlamaq hər bir cəmiyyətin ümdə vəzifəsidir. Ona görə də, böyük psixoloq L.S.Viqotski yazırdı: «Gələcək cəmiyyətdə psixologiya, həqiqətən, yeni insan haqqında elm olmalıdır».

Psixika gerçəkliyin beyində inikası kimi müxtəlif səviyyələrlə xarakterizə olunur. Psixikanın insanlara xas olan ali səviyyəsi isə şüurdur. Şüur geniş məzmuna və dərin mənaya malik anlayışdır, yalnız insana xasdır. Mücərrədləşdirmə və refleksiya qabiliyyətinə malikdir.

K.Marks «Kapital» əsərində şüurun ən başlıca xüsusiyyətini obrazlı şəkildə belə səciyyələndirdi: Hörümçək toxucunun əməliyyatını xatırladan bir əməliyyat icra edir, bal arısı da mumdan şam qayırması ilə bəzi memar adamlarını utandırır. Lakin ən pis memar da ən yaxşı bal arısından başlıca olaraq onunla fərqlənir ki, memar hələ mumdan şam qayırmazdan əvvəl bunu öz beynində hazırlamış olur. Yəni, əmək prosesinin sonunda alınan nəticə artıq bu prosesin əvvəlində insan təsəvvüründə mövcud olur.
Bildiyimiz kimi, şüur insana məxsusdur. Şüurun təbiəti isə öz-özlüyündə verilən mahiyyət deyildir. Əslində isə o insan mahiyyətindən ayrılmazdır. Ona görə də, şüurun mövcudluğundan o zaman danışmaq olar ki, insan cinsini, öz mahiyyətini tanıya bilsin, özü haqqında mükəmməl təsəvvürlərə malik olsun. Çünki əgər insan şüurun qanunlarını daha yaxşı dərk edərsə, o, eyni zamanda, özünü dərk etmiş olur. Şüurun mövcudluq və mahiyyətini bilmədən onun tərbiyəsi, saflaşması və kamilləşməsi haqqında danışmaq əbəsdir. Bunsuz isə insan heç vaxt xoşbəxt ola bilməz. Mütəfəkkirlərin şüur haqqındakı baxışında mühüm cəhət o hesab edilir ki, şüur – introspeksiya və ya özünüdərkdir.

Şüur probleminə bir neçə yanaşma mövcuddur:
1) solipsizm – şüurun mahiyyətinə ifrat idealist yanaşma olub, fərdi şüurun yeganə səhih gerçəklik, maddi dünyanı isə onun törəməsi hesab edir. (Berkli, Yum, Fixte və s.)
2) obyektiv idealizm – həm şüurun, həm də materiyanın varlığını qəbul edir, lakin birincilik şüura verilir, fərdi şüur dünya şüurunun bir hissəsidir.
3) mötədil materializm – şüur materiyanın xüsusi xassəsidir, yüksək inkişaf etmiş materiyanın (insan beyninin) öz-özünü əks etdirmə qabiliyyətidir.
4) fizikalizm – şüurun mahiyyətinə ifrat materialist yanaşma olub, şüurun müstəqil substansiya olduğunu inkar edir, şüur materiyanın törəməsidir və yalnız fizika və digər təbiət elmlərinin köməyi ilə izah oluna bilər.
Şüurdan danışdığımızdan daha çox şüuraltımız haqqında danışa bilərik. Çünki şüur nəticəsində üzə çıxan sözlərimiz, davranışlarımız, emosiyalarımızın iki, bəlkə də, üç qatı qədər şüur “süzgəc”imizdən keçə bilməyib şüuraltımızda qalanlar da var. Tanıdığımız məkanlar qaranlıq olanda qorxulu olur. Amma işıqlandıqda qorxu yox olur. Şüuraltı qaranlıq, şüur isə aydınlıqdır. Qaranlıq olduğu üçün bütün şüuraltı hallar qorxuludur. Şüuraltıya şüur toxunduqda aydınlanır və qorxu aradan gedir. Qorxu şüuraltı olduğu üçün qorxu yaradır, həyəcan şüuraltı olduğu üçün həyəcana səbəb olur. Bütün bunlar şüur olduqda yox olur.
Şüuraltını idarəetmənin yolu basdırmaq deyil, rahat bir ortamda onu dinləməkdir. Əgər qorxursuzsa, şüuraltıya baş vurub qorxunun səbəblərini üzə çıxarın, qorxu ilə danışın, ona yaxın olun. Qorxu qorxudan qorxmaqdır.

Şüuraltı haqqında isə 3 görüş vardır: Onlardan ən məşhuru freydizmdə iddia olunan görüşdür. Bu görüşə görə, şüuraltı tamamilə neqativdir və davranışlarımızı yönləndirir. İnsan şəxsiyyəti tamamilə şüuraltıdan ibarətdir. Şüur sosial, şüuraltı isə insanın əsl istəklərini əks etdirir. Şüur, şüuraltının cəmiyyətə zidd olan istəklərini normallaşdırma, sosial qaydalara uyğunlaşdırma prosesidir. İnsan bu prosesi çox zaman hiss etmədən yaşayır. Yalnız bu sahədə mütəxəssis olan psixiatrlar hipnoz və ya çox səmimi ortamda pasienti danışdırmaqla şüuraltının niyyətlərini üzə çıxara bilərlər. Məsələn, şüuraltı öldürməkdən həzz almaq istəyir, lakin bu istəyin şüur tərəfindən normal qarşılanmayacağını bildiyi üçün növbəti mərhələdə qəssab və ya hərbçi olmaq istədiyini hiss etdirir. Freydizmə görə insanın elə bir davranışı yoxdur ki, alt niyyəti olmasın. Heç kim öz şüuraltısı ilə qarşılaşmaq istəməz.

Karl Qustav Yunq, “şüur ruhun qaçılmaz, lazımlı bir şərtidir, hətta ruhun özüdür” demişdi, “İnsanın ruhuna yönəliş” əsərində. “Özümüzə təzyiq etdiyimizdə, şüuraltının təhlükəsi ilə daha çox qarşılaşırıq. Şüuraltınız şüura çevrilənə qədər , o sizin həyatınızı yönəldəcək və siz onu tale, qismət adlandıracaqsınız. İnsan həyatının şüurlu mərhələləri bir araya toplansa ümumi vaxtın ancaq yarısına ya da 3-də 2-nə çatar: geridə qalanları isə şüuraltını əmələ gətirir”.

Şüuraltı hadisələr şüur hadisələri kimi asan öyrənilən olmadığı üçün Yunq bu hadisələri 3 sinifə bölmüşdür:
1. anlaşılan şüuraltı hadisələr
2. dolaylı anlaşılan şüuraltı hadisələr
3. anlaşılmayan şüuraltı hadisələr

ANLAŞILAN ŞÜURALTI HADİSƏLƏR

Önəmi olmasa da fərqinə vardığımız elementlərdən ibarət olur. Həyatımızda unutulmuş əşyalar və hadisələr vardır. Bunların fərqində deyilik amma diqqətimizi yönəltdiyimiz hansısa bir anda yada sala bilərik. Zaman içində irəliləmə şüuraltının davamlılığı prinsipini sübut edir.

DOLAYLI ANLAŞILAN ŞÜURALTI HADISƏLƏR

Şübhəsiz, hamımızın başına gəlib: bildiyimiz bir adı bir anda tapıb ortaya çıxarmaq çətinləşir və “dilimin ucundadı” deyərik amma bir yol tapıb deyə bilmərik, kiçik yaddaş zorlamaları ilə adı yenidən xatırlaya bilərik. Ya da bir şeyin unudulmaması üçün barmağımızın üstünə bir işarə qoyarıq ki, bu da dolaylı anlaşılan şüuraltı hadisələrə aiddir. Çəmənlikdə dolaşan bir psixoloq ahırın qabağından keçərkən özü də fərqində olmadan uşaqlıq xatirələrinə sürüklənir. Psixoloq bunun səbəbini aydınlaşdırmaq üçün yenidən gəldiyi yolu bir də gəlir. Yolu təkrar gedərkən burnuna qaz qəfəsinin qoxusu gəlir. Onu həmin xatirələrə aparan elə bu qoxu idi. Qoxu şüuraltını xəbərdar eləmişdi və şüuraltı köhnə anları su üzünə çıxarmışdı.

ANLAŞILMAZ ŞÜURALTI HADİSƏLƏR

Şüuraltımızın hansı ölçülərdə olduğunu və hansı tutuma malik olduğunu bilmədiyimiz üçün bu hadisələr sonsuz ola bilər. 5-6 bəzən də 10-15 yaşına qədər olan uşaqlıq illəri qaranlıqla örtülüdür. Zamanda geriyə dönməklə ortaya çıxarılan uşaqlıq xatirələri dalğalar arasında tək -tək görülən yarımadalara bənzəyir.

SON OLARAQ..
Biz, qısacası, ruhun özüyük lakin bədənimizin qaydalarına görə oynayarıq. Şüuraltı, şüurdan başqa zehnin 3 təbəqəsi: eqo, supereqo və id zehnimizə və şüurumuza istiqamət verər. Şüur əsasən ruha aid olsa da bütün bu təbəqə və proseslərdən təsirlənir. Bizim məqsədimiz eqonu cilovlamaq və zehnə önəm verdiyimiz qədər müxtəlif ruhsal praktikalarla ruhun səsinə də qulaq asmaqdır, beləliklə, ruhun təsirlərini dinlər və daxili hüzura, mənliyimizin və varlığımızın əsl sirlərinə səyahət edərik.

Mənbə:
1) K.Q.Yunq – “İnsanın ruhuna yönəliş”
yükləmə linki: https://turuz.com/book/title/Insan+Ruhuna+Yonelish-Bilinc+Alti+Ishlevsel+Yapisi-Carl+Gustav+Jung-Engin+Buyukinal-1962-254s
2) http://psixologiya.net/maraqli/155-psixologiyada-351252ur-anlay305351305.html
3) https://az.wikipedia.org/wiki/%C5%9E%C3%BCur

Maraqlı:
http://elmas-efe.blogspot.com/2013/09/bilinc-ruh-zihin-ve-ego.html

 

Müəllif: Aysu İslamlı

Redaktə: Aytac Şirinova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin