Cəhalət nədir?

0

Cəhalət sözününün nə mənaya gəldiyi və bu anlayışın özündə nəyi ehtiva etdiyi haqqında çoxumuzun ümumən bilgisi var, baxmayaraq ki, bəziləri bu anlayışı öz subyektiv həqiqətlərinə uyğunlaşdıraraq izah verməyə çalışırlar. Bəs ümumilikdə hansı durum üçün bu sözü işlətmək olar? Cəhalət özünü hansı formada göstərir? Başqa cür desək, hansı təzahür formaları var? Səbəbləri nələrdir?

Cahalət sizin də təxmin edə biləcəyiniz kimi bir bilgisizlik durumudur. Bu bilgisizlik durumu vacib məlumat və informasiyalardan müəyyən səbəblərə görə xəbərsiz olmaq mənasına gəlir. Cahilin isə tam olaraq kim olduğunu anlamaq üçün Azərbaycan dilinin izahlı lüğətinə baxaq: “Oxumamış, savadsız, avam, nadan, anlamaz, qanmaz, heç nədən xəbəri olmayan”. Əslində bu ifadələri uğurlu hesab etmək olar, amma “oxumamış, savadsız birisi cahildirmi?” sualına izahlı lüğətin dediyi anlayışla yanaşsaq qeyd-şərtsiz “bəli, cahildir” deyə bilərik. Lakin cahillik sırf oxumağı, yazmağı bacarmayan, müəyyən həqiqətlərdən xəbəri olmayan şəxslərdan çox, bir həqiqəti görmə şansı olub da görmək istəməyən, müəyyən mühafizəkar dəyərlərini itirmə qorxusu altında həqiqətləri inkar edən şəxslərə daha layiq olan bir sifətdir. Çünki bilgisizlik doldurula bilən boşluqdur, amma o boşluqları siz ilahiləşdirib toxunulması qeyri-mümkün bir boşluğa çevirirsinizsə bu o deməkdir ki, siz cahilliyin qara qanadları altında yuxuya dalmış şəxslərdən birisiniz. Alvin Tofflerin dediyi kimi: “21-ci əsrin cahilləri, oxuma-yazma bilməyənlər deyil, yalnış öyrəndiklərini unuda bilməyən, yenidən öyrənməyə, dəyişməyə və tərəqqiyə açıq olmayanlar olacaqdır.”

Sokrat insanları 3 qrupa bölürdü. Birinci növ qrup şəxslərə “bilmədiyini bilməyənlər” deyirdi. Hansı ki, bu insanlar bütün pəncərələri öz əlləri ilə örtüb dərin yuxuya dalmış insanlardır. Yatan şəxs heç zaman nəsə yeni bir şey öyrənə bilməz, öyrənməsi üçün mütləq sərt, şok effekti yaşadan bir hadisə baş veməlidir. Düzdür, bu arqumeti mistik kəsimdən bəziləri istifadə etməyə çalışırlar. Deyirlər ki, bizim ilahi səciyyə daşıdığını iddia etdiyimiz hadisə və cisimlər sizə mistika kimi gəlir,  çünki siz görə bilmirsiniz və sizi ani şok effektinə salan hadisələr olsa, hansı ki möcüzə olsa həyatınızda, siz bu “yuxu”dan ayılar və görə bilmədiyiniz o həqiqəti (!) görəbilmə şansı qazanarsınız. Sokratın bölgüsünün bununla əlaqəsi olmadığı məntiqən fərz edərək ikinci növ insanları necə böldüyünə baxaq: “Bilmədiyini bilənlər”. Bu şəxslər isə öz iradələrinin altında olmadan və ya tam əks səbəblə dalmış olduqları yuxudan ayılan, subyektiv həqiqətlərin həqiqət anlayışına uyğun gəlmədiyini görə bilən və ən əsası yuxarıda dediyimiz o bilgisizlik boşluğunu doldurulması üçün elmin və məntiqi düşüncənin ixtiyarında taybatay açmağa hazır olan şəxsdir. Üçüncü növ insanlar isə “bildiyini bilən”, bizim kamil insan deyə adlandırdığımız özünə və arzularına hakim olan şəxslərdir. Yunanca “enkrateia” öz istək və arzularına qalib gələ bilmək və onları idarə edə bilməkdir. Bildiyini bilən şəxs məhz “enkrates”dir. Antik yunan fəlsəfəsində müzakirə olunan bu iki başlıq – “akrasia” və “enkrateia” mövzusu haqqında çox uzatmadan bu təsnifatın yanlızca birincisini biz cahil statusuna aid edə bilərik (akrasia və enkrateia haqqında aşağıdakı linklərdə qısa məlumat ala bilərsiniz). Ümumilikdə, cahil məhz o şəxsdir ki, obyektiv həqiqəti görmə qabiliyyəti qazanmaqda həvəsli olmur və mövcud durumu onun üçün daha ürəkaçan və rahatdır. Nəsiminin “güclü və gücsüz insan yoxdur, kamil və cahil insan vardır” sözünə bənzər bir fikri e.ə 5-ci əsrdə Sokrat belə səsləndirmişdi: “bir “yaxşı” vardır – bilgəlik, bir “pis” vardır – cahillik”.

Cəhalət, daha da dəqiqləşdirsək bilgisizlik müəyyən kateqoriyalaşdırılmış şəkildə başqa-başqa araşdırmalarda tədqiq edilsə də, cəhalət çox geniş bir anlayışdır, elə buna görə də, onu təsnifləndirmək biraz müşkül bir işdir. Çünki cəhalətin sərhədlərini müəyyənləşdirməyin özü çox çətindir. Dediyimiz kimi, cəhalət özü-özülüyündə müəyyən subyektiv həqiqətlərə uyğunlaşdırılmağa çalışılır və bəzi insanların təsəvvüründəki cəhalət anlayışı  obyektiv həqiqətlərdən bir xeyli uzaqdır.

Cahiliyyət

 

Məsələn, İslam dinində “Cahiliyyət” anlayışı vardır ( جاهلية‎ ǧāhiliyyah/jāhilīyah ). Cahiliyyət dövrü Ərəbistan yarımadasında İslamın təşəkkül tapdığı dövrdən əvvəlki zamanları ifadə edir. Bu dövrün haradan, hansı hadisə ilə başlanğıc götürməsi barədə fikir ayrılığı var. Kiminə görə bu İsa Məsihdən, kiminə görə Nuhun zamanından başlayır, amma əsas fikir birliyi bu dövrün sırf bütpərəstlik dövrü ilə başlaması üzərindədir. Quranda göstərilən Cahiliyyətdə də bir bilgisizlik durumu var, amma buradakı bilgisizlik durumu cahələtin əsl mahiyyətindən kifayət qədər uzaq olmaqla özüdə əxlaqi düşüncə kifayətsizliyi və çatışmazlığı, dinin əxlaq qaydalarından, daha doğrusu yaradanın qoyduğu əxlaq və davranış qaydalarından bixəbərlik vəziyyətini göstərir. Məsələn, Əhzəb surəsi 33-cü ayədə Məhəmməd peyğəmbərin zövcələrinə “cahilliyət qadınları kimi açılıb, burcutmayın” (ayədə istifadə edilmiş söz: تَبَرَّجْنَ . Mənası “açılıb burcutmaq”dır) deyilir. İslamda cahil deyilən şəxs Haqqı (Yaradanı) inkar edən küfür əhlidir, Cəhalət isə Haqqı tanımayıb yalana və inkara xidmət etməkdir. Məsələn, İslamın formalaşmasına əngəl olmaq istəyən Məkkə lideri Amr bin Hişam bir zamanlar Əbu-Hakem (bilgəliyin atası) adlandırılırdı(Qüreyş qəbiləsi daxilində). İslamın inkişaf etməsindən sonra ona onun dinə qarşı aqressiv və inkar mövqeyindən ötrü Əbu-Cəhil (cəhalətin atası) adlandırmağa başladılar.

Yəni cəhalət sizin inandığınız inanc və miflərinizə uyğun olaraq dəyişdirilə bilən narın və qırılan bir məfhumdur. Başqa bir misal kimi Hinduizmdəki “Avidya” məhfumunu göstərə bilərik

Dediyimiz kimi, cəhaləti təsnifləndirmək çətin olsa da, sosial psixologiyada və fəlsəfədə cəhalət tədqiq edildikcə onu müəyyən  bölgülərə bölməyə çalışılır. Nikolaj Nottelman “The Epistemic Dimensions of Ignorance” (Cəhalətin Epistemik Ölçüləri) araşdırma işində cəhalətin 3 təzahür formasını göstərir:

  • Faktiki cəhalət. Bu durumda müəyyən hadisələrin və faktların varlığı, necəliyi haqqında, ümumi desək, faktın özü haqqında bilgi yoxluğudur.
  • Obyektiv cəhalət. Bu durumda müəyyən cisimlərin varlığı, necəliyi haqqında, ümumi desək, faktın özü haqqında bilgi yoxluğudur.
  • Teorik cəhalət. Edilə biləcək şeylərin necə edilə biləcəyi haqqında bilgi yoxluğudur

Dunning-Kruger effekti

1 – Cahilin təcrübə bilik səviyyəsinin aşağı olduğu halda özgüvən və əminlik, cəsarət dərəcəsi 2- Mövzu barəsində mütəxəsis birinin özgüvən və əminlik, cəsarət dərəcəsi

 

Bu effektə istəlinən sahədə rast gəlmək olar. Bu effekti qısa olaraq təsvir etsək, bilgisiz insanın müəyyən hadisə və cisimlər barəsində cəsarətindən doğan qətiyyətini, inanc və doqmasını misal çəkə bilərik.

Darvin XIX əsrdə Dunning-Kruger effektinin nə olduğunu bilməsə də, bu məsələylə bağlı demişdi

“Cahillik, məlumat deyil, özünə inam doğurur; israrla hansısa problemin elmlə həll edilə bilməz olduğunu iddia edənlər, çox bilənlər deyil, az bilənlərdir.”

Bununla belə, bu təsirin tam təsviri və ekspertlər tərəfindən adlandırması 1999-cu ilə qədər davam edəcəkdi.

Dunning-Kruger Təsiri  müəyyən bir mövzuda bacarıqsız və ya məlumatsız insanlarda görülən, “xəyali üstünlük hissi” nə verilən addır. Bu insanlar adətən öz bilik və bacarıqları barədə soruşulduqda olduqca yüksək olduğunu iddia edirlər. Yəni bu kəslər, cəhalətlərindən doğan cəsarət səbəbindən özlərini əslində məlumatsız olduqları bir mövzunun mütəxəssisi elan edə bilərlər.

Bu təsirin əsas səbəbinin müəyyən bir mövzudakı cəhalətindən ötrü şəxsin o mövzu barəsində həqiqətən məlumatlı olmasına və ya kifayət edən bilgi səviyyəsinə dair etibarlı və tərəfsiz bir etalonun var olmaması hesab edilir. Yəni bu kəslər, özlərini müəyyən bir mövzuda həqiqətən kifayət qədər saymaq üçün nə qədər məlumata sahib olmalarını lazım olduğunu bilmədikləri üçün, məhdud məlumatlarına baxmayaraq özlərini o mövzuda mütəxəssis hesab edə bilərlər. Bu təsirə indiki vaxtda fizika / astronomiya haqqında dərin bir cəhalətə sahib olan və kosmos mövzusunda özlərini mütəxəssis sayan astroloqlarda, təkamül / biologiya haqqında dərin bir cəhalətə sahib olmalarına baxmayaraq özlərini bu sahədə mütəxəsis sayan anti-təkamülçülərdə, kreatsionistlərdə rast gəlirik.

Araşdırmalar göstərir ki, bu təsir iki tərəflidir: bir mövzuda həqiqətən bilikli olanlar və ya bir mövzuda həqiqətən mütəxəssis olanlar bildiklərini az və kiçik görməyə daha çox meyilli olurlar. Bu insanlarda, təvazökar davranışlara çox sıx rast gəlinir və həmin şəxs mövzuyla əlaqədar sahib olduğu bilgi səviyyəsinə çox önəm vermir və o bilgilərin həqiqətən doğruluq payı böyük olsa da, bu barədə müəyyən şübhələrə düşürlər.

Bu təsirin adı 1999-cu ildə bu mövzuda keçirtdikləri təcrübələrdən sonra Cornell Universitetinin akademiklərindən David Dunning və Justin Krugerin adı ilə adlanmağa başlandı

Üstəlik bu təsirin kəşfi də maraqlı bir hadisədən sonra reallaşmışdır: 1995-ci ildə 44 yaşındakı McArthur Wheeler adlı şəxs, limon suyunun “qəribə” tərkibi ilə əlaqədar çox dərin məlumatlara sahib olduğu iddiasıyla, üzünü limon suyuna buladı və 2 bankı üst-üstə soymağa qalxdı. İddiasına görə, limon suyunun görünməz yazılar yazmaqda istifadə edilə təmin edən “sirli” tərkibi sayəsində, özünü də görünməz edəcək və bankdakı kameralar onu çəkə bilməyəcəkdi. Bank soymağı bacardı, ancaq təbii ki kameralar problemsiz bir şəkildə qeydə aldı və eyni gün içərisində polis Wheeleri asanlıqla tutdu. Bu maraqlı cəhdin səbəbi Wheelerin cahilliyində idi. Kimya barəsində dərin bir cəhalətə sahib olmasına baxmayaraq, cahil olduğunun fərqində deyildi və özünü mütəxəssis kimi görürdü. Nəticədə, yanılmışdı.

Cəhalətin Səbəbləri

Cəhaləti tək fərdiyyət aspektindən ələ almaq məntiq xətasıdır, çünki cəhalət ictimai qavramdır. Cəhalət kütləvidir, bu yoluxucu xəstəlikdən çox, səbəblərin dövrü nəticəliliyidir. Məsələn, bir dövlət elm üzərinə çoxlu investisiya qoymursa, həmin dövlətlərin iqtisadiyyatı bir müddətdavam gətirəcək (neft sayəsində ayaqda qalan ölkələr kimi), lakin ölkənin iqtisadiyyatı (nəticə olaraq da insanların maddi rifahı) zəifləyəcək, bu özündə təhsilsizliyi, daha da dəqiqləşdirsək cəhaləti gətirəcək.

Əslində cəhalətin tək səbəbi yoxdur. Cəhalətin təməl səbəbi oxuma-yazma bilməmək, insanların maddi durumunun yaxşı olmaması və təhsilsizlikdir. Lakin müasir dövr cahillərin cəhalətləri haqqında bunu demək mümkün olmur. Azərbaycan oxuma-yazmada 99%-lə dünya üzrə ilk sıralarda olması əslində çox şeyi açıqlayır. İnternetin olduğu bir dövrdə istənilən təhsil və bilgi dağarcığı əlçatandır, istədiyimiz anda özümüzü böyük bir informasiya toplusunun içinə ata bilər, öz bilgisizlik boşluğumuzu doldura bilərik. Bəs bu varianta nə səbəbə əl atmaq istəmirik?

Ən önəmli səbəblərdən biri stressli həyat tərzi yaşamaqdır. İnsanın düşünə bilməsi üçün rahat şərait və həyat lazımdır, necə ki Qədim Yunanistanda qulların əksər fiziki əmək zərurəti doğuran işləri yerinə yetirməsi azad əhali arasında aydınların çıxma mümkünlülüyünü artırırdı. Maddi durumun aşağı düşməsi ən böyük səbəblərindən biridir cəhalətin. İnsanların rifahı yaxşılaşdıqca, mütləq ki, onların dünyagörüş və bilgi səviyyəsi də yüksələcəkdir.

Başqa bir təsir, xoşbəxtliyi itirmə qorxusudur. Bilgisizlik özündə xoşbəxtliyi də doğurur, insan yeni bilgilərin ağuşuna düşdüyü zaman öyrəşdiyi tabu və doqmalarının yoxluğu onları narahat edən bir şəraitə salır. Yatmış insanı oyatmaq asan işdir, özünü yuxululuğa vuran şəxsi oyatmaq isə müşkül işdir.

Cəhalətin səbəblərindən biri rədd etmədir. Bu rədd etmə bilginin inkarıdır, daha doğrusu insana yeridilmiş ” yad olanlardan qaçmalısan ” süni instinktidir. Məsələn, bəzi şəxslər sırf yanlışlığına ehtimal verdikləri üçün yox, yeni bilgini sırf rədd edilməlidir deyə qəbul etməkdə çətinlik çəkirlər. Misal olaraq Amerikanın Pensilvaniya və ətraf vilayətlərində məskunlaşmış mühafizəkar Amishləri göstərə bilərik. Amishlər heç bir texnoloji imkanlardan yararlanmırlar və “elmi inqilab öncəsi dünyada” yaşayırlar.

Ən əsas səbəblərdən biri inancdır. İnanc istər dini, istər siyasi olsun insanın dəlil gətirmədən qəbullandığı və düzgünlüyünü sual altına qoymadığı subyektiv, bəzən isə inter-subyektiv həqiqətdir. Milyardlarla insan heç bir rasional dəlil gətirmədən fövqəlgücə və onun mistik idarəetmə sisteminə inanır və bu onlar üçün olduqca təbiidir. Ya da milyonlarla insan bir siyasi idelogiyanın mütləq çıxış yolu olduğuna inanır. ” Bu düzdür çünki müqəddəs kitabda belə yazılıb”,  “Bu düzdür çünki respublikaçılar partiyasının rəhbəri belə deyir”,  ” Demokratiya ən gözəl siyasi sistemdir, çünki John Dewey kimi biri belə deyirdi”.

Cəhalət uçuruma aparan yoldur, bəlkə də, elə uçurumun özüdür. Cəhalətin tək çıxış yolu və düşməni var: Elm. Unutmamaq gərək, bizim cəhalətimiz, onların gücüdür.

 

Mənbələr:

(enkrateia və akrasiya üçün:  “Nicomachean Ethics” kitabı
https://philosophynow.org/issues/112/Akrasia_Why_Do_We_Act_Against_Our_Better_Judgement
http://www.john-uebersax.com/plato/words/enkrateia.htm )

https://philpapers.org/rec/VOGBAT

https://www.cambridge.org/core/books/the-epistemic-dimensions-of-ignorance/EE6569549CB7E59291EB4304E25E13DE#fndtn-references

https://nypost.com/2010/05/23/why-losers-have-delusions-of-grandeur/

http://findresearcher.sdu.dk/portal/en/publications/the-varieties-of-ignorance(73c7236e-d1da-45d6-87db-1ac6af9157c9).html

https://www.islamiyet.gen.tr/islam-tarihi/ cahiliye-donemi.html

Müəllif: Etibar Qara

Redaktə etdi: Ziya Mehdiyev

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin