Çin rəsm sənəti

0

Çin rəsm sənəti 3000 ildir öz mədəniyyət və fəlsəfəsi ilə yoğrulmuş Kalliqrafiya (Xəttatlıq) və Poeziya ilə bütünləşmiş bir incəsənət növüdür. Çin rəssamlığını anlaya bilmək üçün bəzi sənətlərlə əlaqədar bilgi sahibi olmalıyıq.

“Ay işığında şamın fısıltıları”  ÇENQ YAN.

 

Çin rəssamlığını Qərb rəssamlığından ayıran ən böyük xüsusiyyət rəsmin rəssamın düşüncəsi və təxəyyülü ilə təsvir edilməsidir. Qərbli bir rəssam bir mənzərə gördüyü zaman onu necə görürsə, elə də rəsm edir. Çinli sənətkar isə gördüyü mənzərədə gəzişərək, zehnində quraşdırdığı yerlərdə duraraq izləyənə fərqli bir baxış prizması təqdim edir. Dövrümüzün kamerasından elə də fərqi yoxdur. Durduğu yerlərdə də gördüyü mənzərə qarşısında keçirdiyi hissləri kiçik bir şeir, ya da atalar sözünü kalliqrafiya sənətini istifadə edərək rəsminə əlavə edirlər. Bu rəsmlərdə adətən sizi xəyali bir səyahətə getməyinizi təmin edəcək bir giriş olur. Bəzən bu giriş kiçik bir cığırla olurdağlar və su gölməçələrinin yanından keçir və sizi yönləndirir. Buna görə də, uzunluğu bir neçə metrə qədər uzanan və rulonlar formasında olan Çin rəsmləri vardır. Bu rəsmlər xüsusi kağız və ya ipək üzərində xüsusi fırçalar və Çin mürəkkəbi ilə çəkilirdi.

“Çay və Dağ” VANQ XİMENQ  12-ci əsr.

 

E.ə. 3-cü yüzillikdə Xan sülaləsi dövründə ziyalılar tərəfindən inkişaf etdirilən kalliqrafiya bu tarixdən sonra rəssamlıqda istifadə edilməyə başlanmış və 7-ci yüzillikdə isə şair Wan Wei (Van Vei) ilə bəzən rəssamlıqdan belə daha çox önə çəkilmişdir. Kalliqrafiya Sonq sülaləsi dövründə (10-13-cü əsrlərdə) ən parlaq dövrünü yaşamışdır. Amma əsrlər ərzində eyni mövzuların bezmədən sənətkarlar tərəfindən təkrarlanmasına köhnə ustaların mirasına hörmət və mifik mədəniyyətə bağlılıq olaraq da şərh verə bilərik. Bu dövr ərzində Çin rəssamlığına insan fiquru, quş və bitki motivləri də mənzərəyə əlavə olumuşdur.

“Qızıl və jade peyzaj” JİNBİ ŞANŞUİ.

 

Çin mifologiyasında zamanın müdrikləri gələcək nəsillərə, insan üzərindən təbiətə diqqət yetirmələrini və baxış prizmalarını genişlətmələrini tövsiyə etmişlər. Böyük dağlar və uzun çaylar qərbdən şərqə Sakit okeana qədər bəşəriyyət tarixinin beşiyidir. “Beş dağ və dörd çay” olaraq xülasələşdirilən bu torpaqlar da Tanrıya çatmağın yolu olan yüksək dağlardan keçir.

 

“Qılınc qapısı mənzərəsi” 1609-1673.

 

Çin rəssamlığında dağlardan sonra ən çox istifadə olunan motiv sudur. Dağ və su, Yinq və Yanq kimi bir-birini tamamlayan ünsürlərdir. Qədim Çin fəlsəfəsində bundan belə bəhs olunur: qayalar sərtdir, su yumşaqdır. Amma su vaxt keçdikcə dağları aşındıra bilir. Bəlkə də yumşaq olmaq sərt olmaqdan daha güclüdür. Su həyatdır və canlıdır. Buna görə də, rəssamların ən sevdiyi mövzulardan hesab olunurdu. Çinlilər üçün dağ uzunömürlülüyün, su isə zənginliyin simvolu idi.

“Yağış mənzərəsi” YU QUİ 1846.

 

Çin rəsm sənəti ənənəvi olaraq iki hissəyə ayrılır: Qonqbi və Ksieyi. Qonqbidə, aydın və çox ətraflı naxışlarla işlənir. Həm dekorativ,  həm də akademik formalardan təşkil olunur. Ksieyi isə daha müstəqil və öz-özündən yaranan bir rəsm növüdür. Hər iki üslubda da cizgilərdən əmin olaraq işləmək lazımdır. Rəsmlər çox az rəngləndirilir. Amma 7-ci və 8-ci əsrlərdə “yaşıl və mavi” deyə adlandırılan tablolar həqiqətən möhtəşəmdir. Adətən ipək üzərinə işlənən bu cür rəsmlərdə rənglər, jad, azurite və malaxit kimi minerallardan əldə olunub, qızılla çəkilən cizgilərlə tabloya isti atmosfer qazandırırdı.

Bu rəsmlərdə çinlilərin təbiət sevgisi bitki və heyvan fiqurlarını aşmış, hətta cansız dağ-daş və qaya motivləri ilə  həyat dərsi verilməyə çalışılmışdır.

“Yaşıl və mavi böyük peyzaj” LİU DU 18-ci əsr.

Rəssamlar adətən ağac fiquru təsvir edərkən şam ağacını nümunə götürmüş, bununla şamın uzunömürlü olması və təbiətə dayanıqlı olmasını vurğulamaq istəmişlər. Təbii ki, burada izləyənlərə verilmək istənən bir həyat dərsi də vardır. Hətta istifadə etdikləri heyvan fiqurlarında insani cizgilər olur. Məsələn, bir quş fiquruna baxdığınız zaman kədərli, fikirli və əsəbi kimi insani duyğu hallarını hiss edə bilərsiniz.

“Şam ağacı” Lİ DONQXU.

 

Mövzularda çatdırılmaq istənilən şey Çin mədəniyyət və fəlsəfəsilə ifadə edildiyi üçün bəzən qərbliləri təəccübləndirə bilər. Böyük balıq kiçik bir balığı udarkən rəsm edilmişsə, bizim düşündüyümüzün əksinə, varlıların kasıblara qayğı göstərilməsi düşünülməlidir. Tovuz quşu xoşbəxtliyin simvoludur. Uçan vəhşi qazlar çox vaxt uzaqda olan dəyərli birini təmsil edirlər. Qədim Çində dağlıq yaşayış yerlərində kəl, bir ailə üzvü kimidir. Ona görə də, rəsmlərdə çox istifadə olunmuş bir motivdir. Söyüd ağacı yerə əyilən budaqları ilə təvazökarlığın rəmzidir.

“Kəl və uşaq” FU VEN 1744-1765.

 

Rəssamların əsərlərində ən çox xoşlarına gələn, “4 şahzadə” deyə adlandırılan bambuk, səhləb çiçəyi, payızgülü və alça ağacı çiçəyi motivləridir. Bambuk görünən və görünməyən aləmi ifadə edir. Çində 280 növdə yetişən bambuk müxtəlif çalarlarda, formalarda və ölçülərdə mövcuddur. Hər növ torpaqda bitir. Hər yerdə də istifadə olunur. Çinlilər bambukun zərif cizgilərinə heyran olduqları qədər külək qarşısında dik durmağını, güclü istilərə tab gətirməsini,soyuqların onlara təsir edəbilməməsi kimi xüsusiyyətlərini insan həyatına bənzədirlər. Bambuk buğumları insan həyatının davamlılığını ifadə edir.

“Bambuk”  SİU VEİ.

 

Səhləb çiçəyi nadir bir bitki olub, bir qayanın arxasında və ya bir göl kənarı kimi gözdən iraq yerlərdə bitir. Gözəlliyi, saflığı və ətrinə görə “mədəniyyət pərisi” hesab olunurdu. Bəzi rəsmlərdə səhləb çiçəyi göldə saçlarını yuyan utancaq bir gənc qız kimi təsvir olunur.

“Sarı səhləblər” CAİ XİAOLİ

 

Payızgülü motivinin çox istifadə olunması da payızda belə vəcdə gələrək gül açmağı gələcək sərt qışdan qorxmazlığın rəmzidir. İnsanın hər cür pis vəziyyətə qarşı dözümlü ola biləcəyini ifadə edir.

Alça ağacı çiçəkləri də bambuk və şam kimi Minq sülaləsi (14-cü əsr) dövründə rəssamların məharətlərini göstərmə mövzularından biri olmuşdur. Alça ağacı yabanı bir bitki olub dağa və təpə ətəklərində 100 ildən artıq yaşayan bir ağacdır. Sonralar isə evlərin bağçalarında qış bitməmiş və hələ yarpaqları çıxmadan möhtəşəm çiçəklər açdığı üçün əkilmişdir. Əbədi eşqin rəmzidir.

“Alça ağacı çiçəkləri” 1896-1962.

 

Çin rəssamlığında heyvan motivlərinə də çox fərqli mənalar verilmişdir. Məsələn, xalq sənətində xoruz mübarizə, bağlılığı və pipiyi ilə də müdrikliyi təmsil edir. Sərçələr həssaslığı və nəşəni, qaranquşlar baharın gəlişini və ümidi təmsil edirlər, bərəkət simvoludurlar.

“Peyzaj ” XİE ZHİLİU 1947.

 

“Yolçular” FAN KUAN 990-1030.

 

Müəllif: Kader Elveren

Tərcümə etdi: Cavidan Rza

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin