Cins-rol stereotiplərinin formalaşması və möhkəmlənməsi

0

Yaşadığımız aləm çox sayda insanla, cürbəcür əşya və müxtəlif vəziyyətlərlə doludur. Yəqin ki, aldığımız informasiyanı istinasız şəkildə görsəydik və qəbul etsəydik, ağlımız çaşardı. Bu rəngarəng zahiri aləmi koqnitiv qəbul edilən şəklə salmaq üçün biz daxil olan informasiyanı ayrı-ayrı kateqoriyalar bölürük. Beləliklə, sxem adlandırılan xüsusi koqnitiv strukturlar yaranır. Həmin sxemlər daxil olan informasiyanın qəbulu, saxlanması və yenidən təkrarlanmasına təsir göstərir. Adətən biz bir çox sosial şərait üçün, bizə tanış olan insanlar üçün, gender, etnik mənsubiyyət və fəaliyyət növü əsasında eyniləşdirilən sosial qruplar üçün hazır koqnitiv kateqoriyalara malik oluruq. Bu kateqoriyalar insanlar və şərait barəsində daxil olan informasiya üzərində aparılan işi idarə edir.  Hazırda əksər sosial psixoloqlar stereotipləri sosial qrupların koqnitiv kateqoriyaları kimi nəzərdən keçirir. Stereotiplər –eyniləşdirilən qrup üzvlərinin bir-birinə bənzədiyi və həmin qrupların qavranması zamanı sxem kimi işləyən geniş yayılmış fikirlərdir. Stereotiplər həddindən artıq ümumiləşdirilmiş, qeyri-dəqiq və yeni informasiyaya davamlı ola bilər. Əksər tədqiqatların nəticəsi göstərir ki, bizdəki sxemlərə müvafiq gələn informasiya ona müvafiq olmayandan daha tez nəzərə çarpacaq və onu qəbul edərkən, yadda saxlayarkən və bizim stereotip təsəvvürlərlə şərh edərkən daha tez yadda qalacaqdır. İnformasiya üzərində hazır sxemlər vasitəsi ilə iş aparmaq ona görə daha cəlbedicidir ki, Qərb psixoloqları Markus və Zayonsun fikrincə, o, “qənaətedici” sayılır. Çünki “bütünlükdə çox mürəkkəb sosial ətrafı məna kateqoriyalarının nəzərdə saxlanan miqdarına bağlayır. Onlar informasiya azlığını əvəz etməyə və daxil olmuş informasiya çərçivəsindən kənara çıxmağa imkan yaradır; lakin insan kateqoriyaları barədə əldə olunmuş ümumi bilik şəxsiyyətin ayrılıqda unikallığı haqqında ədalətli mühakimə yürütməyə imkan vermir”

Gender qavrayışa təsir göstərən mühüm sosial və koqnitiv meyardır. Amerika psixoloqu L.Teylorun apardığı tədqiqatlar ( Teylor və Fiske ,1998) göstərdi ki, müəyyən şəraitdə insanlar, məsələn, sosial qrupda üzvlüyü daha nəzərəçarpacaq edən amil mövcuddursa, çox zaman genderə görə kateqoriyalaşma aparır. Belə ki, gender stereotipinə uyğun olan paltar yaxud xarici görünüş yəqin ki, insanla bağlı informasiya üzərində iş apararkən genderə böyük diqqət yetirilməsinə öz təsirini göstərir. Həmçinin gender o halda daha tez nəzərə çarpır ki, kişi yaxud qadın eyni bir işi yerinə yetirənlər arasında azlıq təşkil etsin. Hansısa bir işi icra edənlər arasında kişi yaxud qadın az sayda olarkən onların cinsi daha tez nəzərə çarpır. Bu isə onlara diqqəti daha çox cəlb edir və onların fəaliyyət nəticəsinin daha ciddi qiymətləndirilməsinə təsir göstərir. Əgər tədris müəssisəsində cəmi bir kişi varsa, onun cinsi ətrafındakıların diqqətindən heç zaman yayınmayacaq. Gender sxemləri öz təsirini və qarşı-qarşıya durmaq bacarığını ona görə saxlaya bilir ki, üç mənbədən güc alır. Birincisi, onlar sosial cəhətdən mükafatlandırılır və cəmiyyət bu sxemlərə riayət olunmasına məcbur etməklə əməlli-başlı təzyiq göstərir. İkincisi, adama elə gəlir ki, özünəhörməti gender eyniliyi əsasında qazanmaq olar. Üçüncüsü, bizim gender stereotiplərimiz sxem kimi hərəkət edir və informasiyanın qavranmasını elə idarə edir ki, müşahidə etdiyimiz davranış bizim gözlədiyimizə müvafiq olaraq şərh edilir. Lakin genderdən digər insanları qavrayarkən əhəmiyyətli bir informasiya “tikəsi” kimi istifadə olunmasında fərdi fərqlər də mövcuddur. Bemə görə insan, gender sxemindən o zaman istifadə edən sayılır ki, digər insanların fərqləndirici keyfiyyətlərini və onlar barəsindəki informasiyanı gender əsasında növlərə bölə bilsin; əks halda o gender sxemindən istifadə etməyən fərdlərə aid olacaqdır.  Bemin fikrincə, kişi yaxud qadın başlanğıcına tam şəkildə mənsub olan insanları daha böyük ehtimalla gender sxemindən istifadə edən fərdlərə aid etmək olar.

Cəmiyyətdə gender stereotiplərinin qaynaqlandığı bəzi amilləri qeyd edək.

  1. Öz cinsinin sxemi. Genderə müvafiq gələn davranış üçün lazım olan hərəkət ssenarisi və planlarından ibarət sxemdir. Uşaqlar öz cinsini eyniləşdirə bilən kimi onlarda öz qrupunun üzvlərinə oxşamaq motivi yaranır və onlar həmin qrupda qəbul olunmuş davranış modelini daha diqqətlə müşahidə etməyə başlayır.
  2. Davamlılıq effekti. Şəxsiyyətin sxemə zidd olan informasiyanı yadda saxlasa belə, öz stereotiplərini mütləq dəyişəcəyi demək olmadığından ibarət bir hadisədir. Sxemlərin təbiəti belədir ki, onları inkar edən dəlillə qarşılaşdığı vaxt da öz möhkəmliyini saxlayır. Çox vaxt insan onun sxemindən kənar olan fərd üçün cavab olaraq qaydadan istisna kateqoriyası yaradır
  3. İllüzor korrelyasiya – anlayışlar arasında əlaqə möhkəmliyinin həddindən yüksək qiymətləndirilməsi yaxud həmin əlaqəni onun ümumiyyətlə olmadığı bir yerdə müəyyən etmək cəhdidir. Genderlə bağlı uydurulmuş, yaxud şişirdilmiş əlaqə çox zaman gender və müəyyən keyfiyyətlər, vərdiş və davranış arasında görünür.
  4. Özlüyündə reallaşan peyğəmbərliklər- gözlənilənlərin onları təsdiq edən davranışı yaratması ilə ifadə olunan meyildir. Özlüyündə reallaşan peyğəmbərlik təhsil proqramları, yaxud gələcək ixtisas seçimi ilə bağlı olarsa, xüsusilə diqqəti cəlb edir. Tədqiqatlar göstərir ki, valideynlər müxtəlif cinsə aid olan insanları məktəbdə eyni qiymət alarkən və standartlaşmış test verəndə bərabər miqdarda bal toplayarkən belə uşaqların qabiliyyətini-gender fərqi şəkildə qavrayır. O cümlədən valideyn hesab edir ki, qızlar dil sahəsində, oğlanlar isə riyaziyyatdan daha güclü olmalıdır. Hətta uşaqların fiziki nəaliyyətləri statistik cəhətdən nəzarətdə saxlanıldıqda belə, ananın övladında riyazi bacarıq qavrayışı ilə uşağın özünün riyazi bacarığı arasında nəzərə çarpan korrelyasiya qeyd olunurdu. Nəhayət, sonradan “özünüdərkdəki və mənimsənmiş vərdişlərdəki vu fərq kişi və qadının axtardığı və bundan ötrü lazımi kvalifikasiyaya malik olduğu iş növünə təsir edir”

Qaynaq: Abbaszadə N.D –Gender problemlərinin psixolojiaspektləri

Ə.Əlizadə -Cinsi dimorfizm və şəxsi qarşılıqlı münasibətlərin formalaşmasının psixoloji problemləri.

Bern .Ş – Gender psixologiyası

Mayers .D – Sosial psixologiya

 

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin