Çöl eksperimentləri

0

Eksperimentin özünəməxsus bir forması çöl eksperimenti sayılır. Çöl eksperimentində laboratoriya eksperimentlərindən fərqli olaraq insanların davranışı təbii şəraitdə, yəni tərcübəçinin idarə etmədiyi şəraitdə öyrənilir. Çöl eksperimentinin əsas vəzifəsi sosial – psixoloji eksperimentin xarici validliyini yüksəltməkdir.

Sosial psixologiyada müxtəlif çöl eksperimentləri aparılmışdır. Bunlara sosial tənbəlliyi təyin edən təcrübələri misal göstərmək olar. Eksperimentlər Con Darli və Bibb Latan tərəfindən həyata keçirilib. Latanı və Darlini bir məsələ maraqlandırırdı: görəsən, insanların bir-birinə yardım etməsi bilavasitə onların sayından asılıdır?  Latan və Darli bu fərziyyəni çöl eksperimentləri vasitəsilə yoxlamışlar. E. Aronson, T. Uilson və R. Eykert onların çöl eksperimentini bu cür təsvir edir:  Eksperiment Nyu-Yorkun ətrafında münasib mağazalardan birində təşkil olunmuşdur. ( Satıcının və administrasiyanın razılığı ilə). Belə ki,  2 oğru mağazaya daxil olur və piştaxtanın və kassanın yanında bir-iki alıcı qalana qədər gözləyir. Məqam çatanda satıcıya yaxınlaşıb ondan mağazada olan ən bahalı pivəni gətirməsini xahiş edirlər. Satıcı mağazada nə qədər bahalı pivə olduğunu yoxlamaq üçün anbara gedir.  “Oğrular”  satıcının olmamasından istifadə edərək adamların gözü qarşısında piştaxtanın yanında olan pivə yeşiyini götürürlər və onu maşına qoyub aradan çıxdılar.

“Oğrular” təhlükəli gənclər idilər. Heç kəs onlara maneə olmadı. Psixoloqları bir məsələ maraqlandırırdı : görəsən,  satıcı anbardan qayıdıb gələndən sonra neçə nəfər “oğruların” pivə yeşiyini apardığını deyəcək?  Ən başlıcası neçə nəfər ona kömək etmək istəyəcək?  Mağazada olan alıcıların böyük əksəriyyəti satıcıya kömək etmədi. Ancaq bir neçə adam satıcıya hadisəni danışaraq yardım əlini uzatdı.

Başqa bir çöl eksperimenti də maraqlıdır. Mağazada böyük bir növbə əmələ gəlmişdi. Adamlar,  necə deyərlər, bir-birini “qırırdılar”. Bu zaman bir nəfər “oğru”  ( o aktyor idi)  kobud, yöndəmsiz hərəkətlərlə növbəni yardı və irəli keçdi.

Növbədə  olan, növbəsi çatmaqda olan yaşlı adamlardan biri onun qarşısını kəsdi və “zəhmət çəkib növbə tutmasını”  tələb etdi ( bu yaşlı adam da aktyor idi “). “Oğru ” onun yaxasından tutub yerə yıxdı. Qoca  qəsdən hay-küy salmağa başladı. Digər insanlar təəccüblə qalmışdı. Sonda ” oğru” heç nəyə məhəl qoymadan mağazanın qarşısında dayanmış maşına minib aradan çıxdı…  Polis gəldi və növbədə olan adamlardan “oğrunun”  əlamətlərini təsvir etməyi xahiş etdi.  Məlum oldu ki,  növbədə dayanmış adamlar onun sifətini aydın yada sala bilmirlər,  geyimini və boyunu yaxşı xatırlayırlar.  Bu eksperiment hüquq psixologiyası konteksində təşkil olunmuşdur . Psixoloqları eksperimental şəraitdə şahid ifadələrinin xüsusiyyətlərinin öyrənilməsi maraqlandırırdı.

Eksperiment hüquq psixologiyası sahəsində aparılsa da,  mahiyyət etibarilə sosial – psixoloji eksperiment idi. Onun nəticələri insanların bir-birini qavramasını öyrənmək üçün xüsusi əhəmiyyətə malik idi.  Təcrübə aydın şəkildə göstərir ki,  eksperimental şəraitdə insanların bir-birini qavramasında vəziyyətdən asılı olan amillərlə şərtlənən xüsusiyyətlər əmələ gəlir.

Gəlin yenə də Latan və Darlinin eksperimentlərini xatırlayaq. Onlar eyni məsələni –  sosial tənbəllik fenomenini həm laborator, həm də çöl eksperimentləri ilə öyrənmişlər. Hər iki eksperimentin nəticəsi təxminən eyni olmuşdur. Öz – özünə sual əmələ gəlir : əgər çöl eksperimentləri tədqiqatın xarici validliyini təmin etmək üçün əlverişlidirsə, o zaman laborator eksperimentlərə nə dərəcədə ehtiyac var?  Olmaz ki,  laborator eksperimentləri aparılmasın, elə çöl eksperimentləri təşkil olunsun? Çöl eksperimentlərində situasiyaya, ilk növbədə,  xarici faktorlara lazımi qədər nəzarət etmək olmur. Bu baxımdan laborator eksperimentlər həvəssizdir. Ancaq laborator eksperimentlərindən fərqli olaraq çöl eksperimentində onun iştirakçıları eksperiment aparıldığını hiss etmirlər, təcrübələri təbii hadisələr kimi qavrayırlar. Real həyatı çöl eksperimenti vasitəsilə daha yaxşı dərk etmək olur. Bu baxımdan laboratoriya və çöl eksperimentlərindən hər birinin öz xüsusiyyətləri var. Onlar bir-birlərini  inkar etmirlər, əksinə, yeni materiallarla bir-birlərini tamamlayırlar. Latan və Darlinin təcrübəsi bunu aydın şəkildə sübut edir.

  1. Mənbə: Ə. S. Bayramov,  Ə. Ə. Əlizadə –  “Sosial – psixologiya”

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin