Dahiləri divanə edən qadın – Lou Salome

0

Tarix ona hər zaman XIX əsrdə yaşamış 10-a yaxın intelektual kişinin baş bəlası kimi yanaşıb. Necə deyərlər, XIX əsr intelektuallarının “Lilith”i kimi ona qarşı hər zaman bir aqressiya olub. Fridrix Nitsşenin (Friedrich Wilhelm Nietzsche) qadınlara nifrət etməsinin və Rayner Mariya Rilkenin (Rainer Maria Rilke) ən gözəl şeirlərinin yazılma səbəbi, Ziqmund Freydin (Sigmund Freud) onun haqqında “onun yanına yaxınlaşan hər kəs onun səmimiyyət və itaətkarlığından çox təsirlənərdi. O, qadınlara aid heç bir zəif cəhətə, insanın malik olduğu zəif cəhətlərin isə çoxuna malik deyildi” dediyi, hər zaman da rəğbət bəslədiyi ilk psixoanalitik, “qamçılı” qadın – Lu Salome (Lou Salomé).

“Dünya sənə hədiyyə verməz, inan mənə. Bir həyat istəyirsənsə, oğurla onu”

Hər zaman həyatını öz ideal hesab etdiyi vəziyyətdə yaşayan Lu Salome cəsarət və azadlığı öz beynində yaratdığı düşüncələrə uyğunlaşdırırdı. Ətrafındakı intellektual kütləyə bir az sarsıdıcı, bir az da ilhamverici təsirləri oldu. Qadın-kişi münasibətlərində qəbul edilən normaları darmadağın etdi. Onun fikrincə, sevgi bir qadına və ya kişiyə yönəlmiş ehtirasdan çox, insanın özünə yönəlməsidır. Yəni insan bir insanı sevərkən, əslində, öz içindəki “mən”i sevir. Bir insanı qucaqladığımız zaman, əslində, biz özümüzü qucaqlamış oluruq. Bu düşüncələri ilə dövrünün bütün tabularına meydan oxuyan bu qadın, bəlkə də, məhz bu cəsarəti ilə o dövrün bütün intellektual kütləsini özünə heyran buraxmışdı. Ən çox mübahisələrə səbəb olan fikirlərindən biri isə “qadının sədaqəti onun azadlığına qoyulan ən böyük əngəldir” tezisi olmuşdu. Onun özünəməxsus sevgi anlayışı, qadın-kişi münasibətinin düşüncə sevgisi üstündə qurulması fikirləri, bəlkə də, ona aşiq olan intellektualların sevgisinin qarşılıq tapmasına imkan verməmişdi. Həmişə fiziki yox, ruhi birgəliyin tərəfdarı olmuşdu.

Tarixin onun üstünə yüklədiyi ədalətsiz yüklərdən biri də heç vaxt feminist olmaması fikri idi. “Xatirələrə daim bağlı qalacağam, amma bir kişiyə əsla!” deyirdi. Təbii ki, bu məsələdə onu qadınlar mühakimə edirdilər. Lu Andreas Salome isə, bütün insan münasibətlərində özünü digərləri ilə bərabər görürdü. Heç zaman özünü bir filosof, alim kimi tanıtmağa, məşhurlaşmağa çalışmamışdır. Onun üçün yaşamaq “təbii hadisələrin dövr etməsinə bənzər təbii bir məcburiyyət”dir. Yəni yaşamaq onun düşüncəsində metafizik zərurilikdir. Lakin heç zaman sevgini varlıq mənbəyi kimi görməmiş, ona cinsi münasibətlər sferasından yanaşmamışdır. Onun fikrincə, sevgi məhz cinsi münasibət səviyyəsinə endiyi zaman yox olur. Evlilik isə, sevginin qatilidir. Bundandır ki, Paul Ri (Paul Ree) və Nitsşenin evlilik təklifini rədd edir. Fridrix Andreyasın intihar hədəsinə görə onunla evlənsə də, öz prinsiplərinə evlilik boyu sadiq qalır. Evli olmasına rəğmən, S. Freyd və Rilke ilə münasibətdə olmağa davam edir

“Tanrıyla dost olmaq, onu qucaqlamaq, hətta yanında uzanmaq da olar.”

17 yaşında düşüncələri ilə birlikdə qucaqlaya biləcəyi tanrısını tapdı. Kahin Henrix Gilot (Heinrich Gillot) sadəqəti olmayan bu qadının eşqlərinin kölgəsində qalan yaradıcılığının, düşüncələrinin formalaşmasında mühüm rol oynadı. Gilot onun üçün din tarixi, metafizika, fəlsəfə demək idi, Leybnizə (Leibniz), Kanta (I.Kant) açılan qapı idi. Belə deyə bilərik ki, Lu Gilotun şəxsiyyətinə vurulmamışdı, sadəcə onun şəxsiyyətinin təməlində duran bilgilərə qibtə edirdi. O, həmin dərin bilgilərə aşiq olmuşdu. Əslində, Gilotda gördüyü özünə vurulmuşdu. Ona öz fərqliliyi səbəbindən qəribsəməsinə icazə verməyən Gilotun müdrikliyi olmuşdur.

Nitsşe, Ri və Lu

Anası ilə birgə səhhətinin pisləşməsi ilə əlaqədar Romaya getmiş, anasının yaxın dostu, o dövrdə İtaliya inqilabçılarından olan Malvida von Meyzenburqun (Malwida von Meysenburg) evində qalmışdır. Meyzenburq həm Paul Rinin, həm də Nietsşenin dostu idi. Romadakı Via dela Polveriradakı (Via della Polveriera) Meyzenbuqun salonunda positivist filosof Paul Ri ilə görüşdü. Luya vurulan Ri Nitsşeyə onun haqqında yazdı. Nitsşe belə bir cavab məktubu verdi:

“Mənim əvəzimdən o rusu salamlayın. Bu ruh tipinin vurğunuyam. Gələcək on ildə ağlımda olan şeylərlə əlaqədar ona ehtiyacım olacaq. Tamamilə fərqli bir tipdə evlilik olacaqdır – ən çoxu iki illik evliliyi qəbul edə bilərəm…”

Salome və Nitsşe 1882-nin martında Romada Ri tərəfindən müqəddəs Pyotr bazilikasında (St. Peter Bazilica) görüşdürüldü. İkinci görüşündə evlilik təklifi edəndə Nitsşe 38, Lu 21 yaşındaydı. Ri isə 33 yaşında idi. Həm hər ikisinin evlilik təkliflərini rədd etdi, həm də üçünün də fəlsəfə, ədəbiyyat və incəsənət haqqında müzakirələr aparacaqları bir evdə birlikdə yaşaya biləcəkləri təklifini etdi. Volter Kofman (Walter Kaufmann) Salome, Ri ve Nitsşe arasındakı birgə yaşayışın planladıqları kimi yaxşı olmadığını, Nikosiyadakı bir binada, 1888-ci ilin payızında 3 həftə birlikdə qaldıqdan sonra ayrıldıqlarını qeyd edir. Bu 3 həftəlik qəribə birgə yaşayış Nitsşenin ailəsində böyük bir səs-soraq salmış və ona qarşı etirazlara səbəb olmuşdur. Ümumilikdə, 8 ay çəkən bu münasibət ona 1 kitab yazmağa bəs eləmişdi.

“Bir qadının elmə meyilliliyi varsa, mütləq onun cinsi quruluşunda azacıq da olsa bir problem var”

Bu sözləri Nitsşenin Salome ilə tanışlığından sonra onunla bağı dediyi düşünülür. 3 həftə birlikdə yaşadığı, qibtə etdiyi qadına sonralar nifrət etməyə, onun timsalında bütün qadınlara qarşı aqressivləşməyə başladı. Əsərlərində qadınlara qarşı bu aqressiyanı açıq şəkildə göstərmişdir.

Yeni ortaya çıxan bu yazı və cızma-qara Nitsşeyə aiddir. Salomeyə bənzədilməyə çalışılan bir qadın rəsmi və onun “qadınamı gedirsən? o zaman qamçını hazırla!” cümləsində işarə etdiyi qamçı. “Nutte”, “arschgesicht”, “viele schlampe” kimi sözlər isə həqarət və söyüş xarakterlidir.

Lu Salome və Z.Freyd

50 yaşına gəldiyində isə psixoanalitikaya maraq salan Lou Salome S.Freydə bir-birlərini tanımalı olduqları barədə məktublar yazmağa başlayır. Freydi öz bilgisi və təbiiliyi ilə özünə heyran qoyan Lu, Freydlə narsizm mövzusunda araşdırmalar etmək istəyir. 22 illik ixtisasları ilə əlqaqədar məktublaşmaları Lunun bir psixoanalitik kimi mükəmməlləşməsinə səbəb olmuşdur. Lu Salomenin ölümündən sonra: “Dəhşətli ağıl! Onun yanına yaxınlaşan hərkəs onun səmimiyyət və itaətkarlığından çox böyük təsirlənərdi. O, qadınlara aid heç bir zəif cəhətə, insanın malik olduğu zəif cəhətlərin isə çoxuna malik deyildi. Ona olan sevgi və rəğbətimi demiş olmaq istəyərdim” deyirdi.

Onu əldə edə bilən yeganə insan – Rayner Mariya Rilke 

Onları yazar və şair Yakob Vaserman (Jacob Wasserman) tanış eləmişdir. Bu zaman Rilke 21 yaşına təzəcə girmiş, Lu isə 30-lu yaşların sonuna gəlmişdi. Rilke Lou Salomedən 17 yaş kiçik idi. Dövrünün ədəbiyyat adamlarını və mütəfəkkirlərini özünə heyran edən, onları təsir altına alan Lu Salome`dən Rilkeyə də eyni təsiri göstərə bilməməsini gözləmək olmazdı, təbii ki. Rilke ilə tanış olması Nitsşe ilə tanışlığına çox bənzəyir. Biri ilə münasibətdə ola-ola başqa biri ilə tanış olmuş, Lu üçün “tək gerçəkliyim” deyən Rilke Lunun simasında bir gənc kimi ana qayğısı görmüş, özünə sığına biləcəyi bir yuva tapmışdır.

Onlar adi bir evli cütlükdən savayı daha yaxın idilər. Rilke üçün Lu, Tanrı səviyyəsində bir varlıq idi. Onun özünə olan özgüvəninə isə qibtə edirdi. Rilke ən gözəl şeirlərini məhz Luya yazmışdı. Lu onun yaradıcılığının ilham mənbəyi, təkanverici qüvvəsi olmuşdu. Eynilə də, Lu, ən gözəl şeirlərini Rilke`yə yazmışdır.

Lu Salome qəbul etdiyi ruhsal birgəliyi ilk dəfə Rilke ilə pozdu. Lakin 4 il çəkən münasibətləri dövründə sədaqəti, bağlılığı azadlığına əngəl kimi sayan Lu Salome üçün Rilke xoşagəlimli pranqadan başqa bir şey deyildi.

Bu isə Lu Salomedən tərcümə edilmiş “Sən get” şeiri:

Sən get,

Mən bir gecənin qaranlığında gizlədərəm saçlarını.

Qəlbim titrəyən əllərinin arasında döyünər,

Biraz nəmli, daha da qırmızılı.

Ümiddən mahnıları dilimə zümzümə edib,

Boş qalan tərəfimi üzdürəcəyəm dərin dənizlərimdə.

Son baxışın qalacaq əldən düşmüş, qəmgin gözlərimdə.

Sən get,

Mən bir üsyanın ətəyində gizlədərəm göz yaşımı.

Cümlələrdən dinləyərsən həsrətimi məktublarımda,

Qırılmış xatirələrimlə bəzəyərəm yatağımı.

Damla-damla axarkən gün gecəyə

Bir qurtum suya saflığını qataraq,

Məlhəm kimi sürtüb sağaldacağam yaralarımı.

Üstünə sərəcəyəm istiliyini qanayan yanlarımın.

Sən get,

Bilirsən sən,

Gəlməsən də gözləyərəm mən.

Haqqında yazılan əsərlər və çəkilən filmlər:

Kitablar:

• “Salomenin həyatı və əsərləri” – Angela Livinqston (Angela Livingstone)

• “Lu – Azad bir qadının hekayəsi” – Fransuez Yirou (Françoise Giroud)
• “Nitsşe ağlayanda” –  İrvinq Yalom (İrving Yalome)

• “Nitsşenin öpüşləri” – Lans Olsen (Lance Olsen)

Film – Nitsşe ağlayanda http://( http://www.imdb.com/title/tt0760188

 

Yaşadığı dövr ərzində 15-i roman olmaqla, 19 kitab yazdı. Bu qədər intellektualı özünə bağlayıb onların yaradıclığına, həyatına, düşüncələrinə dərindən təsir etmək üçün bir qadın Z.Freydin dediyi kimi “dəhşətli ağıl”a sahib olmalıdır. Bunu bacaran Luya ən böyük haqsızlıq məhz elə ona “femme fatale” kimi yanaşılmasıdır. Məsələn, o, “Nitsşe ağlayanda” adlı kitabda intellektual, kişiləri əvvəlcə özünə aşiq edən, sonra onlarla oyun oynayan, ruhi pozuntulara sahib olan qadın kimi göstərilmişdir. Ölmədən əvvəl isə, böyüklüyünü, dahiliyini bəyan edirmişcəsinə belə deyərək həyata gözlərini yumur:

“Düşüncələrimi sərbəst buraxsam, ağlım kimsəni tapmaz. Bütün bu olub bitənlərdən sonra yaxşısı ölməkdir.”

Mənbələr:

http://www.3ammagazine.com/3am/rapture-religion-and-madness-part-1-lou-andreas-salome-on-nietzsche/

http://www.psychomedia.it/jep/number14/mazin.htm

http://www.faena.com/aleph/articles/the-woman-who-charmed-nietzsche-freud-and-rilke/

http://dusunbil.com/nietzsche-rilke-ve-freudun-kalbini-calan-narsist-guzel-lou-salome/

https://www.brainpickings.org/2015/02/12/lou-andreas-salome-sigmund-freud-letters/

https://www.worldliteraturetoday.org/blog/cultural-cross-sections/love-lou

Redaktə etdi: Fatimə Əliyeva

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin