Dekart, Leybnist və Spinozada substansiya problemi

2

“Substansiya” (latınca “substantia”, ərəbcə “cövhər”, türkcə “töz”) problemi fəlsəfənin ən qədim problemlərindən biri olmasına baxmayaraq, bu məfhumla bağlı ən gözəçarpan müzakirələr 17-ci əsrdə olmuşdur. Məlumdur ki, 17-ci  əsr müasir fəlsəfənin başlanğıcı sayılması ilə yanaşı, həmçinin rasionalist fəlsəfənin də pik nöqtəyə çatdığı dövrdür. Dövrün üç dahi filosofunun –  Dekartın (René Descartes),  Leybnistin (Gottfried Wilhelm Leibniz) və  Spinozanın (Baruch Spinoza) düşüncələrinin rasionalist fəlsəfədə birləşməsinə rəğmən, “substansiya” məfhumunun tərifi mövzusunda ciddi fikir ayrılığı yaşanmışdı. Substansiya probleminin təməlində duran suallar bunlardır: Substansiyaya necə tərif vermək olar? Kainatda neçə növ substansiya var? Və bunlar hansılardır?
Bu suallara üç fərqli filosof üç fərqli cavab verib. Bu üç fərqli cavabı oxuyanda 17-ci əsr fəlsəfəsinin bir xülasəsi qarşımızda duracaqdır.
Əvvəlcə Dekartdan başlayaq, onun fəlsəfəsinin dualist bir fəlsəfə olaraq xatırlanmasının səbəbi tamamilə “substansiya” anlayışının nəticəsidir. “Meditationes De Prima Philosophia” adlı əsərində şübhəyə yer buraxmayacaq dəqiqliklə bir mülahizə axtarışıyla başlayan Dekart metodik şübhə üsulu ilə “Cogito, ergo sum!” (Düşünürəmsə, deməli varam!) mülahizəsini əldə edir və ilk substansiya olaraq “mən” və ya “şüur”u ortaya qoyur. Düşünən bir mən şübhə edilməyəcək bir növdən məntiqi nəticə və substansiyadır. Fəqət Dekart “Meditationes”i burada yarımçıq qoymur və ikinci substansiya olaraq “şey”ləri isbatlamağa çalışır. Əvvəla mükəmməl bir varlıq olaraq tanrını daha sonra da mükəmməl bir varlıq olaraq tanrının “mən”i yanıltmayacağı düşüncəsindən hərəkət edərək “şey”ləri isbatlayan Dekart beləliklə ikinci substansiya olaraq “maddə”ni və ya “bədən”i ortaya qoyur. Bundan qaynaqlanaraq da dualist bir fəlsəfə ortaya çıxmışdır, ruh-bədən ya da şüur-maddə dualizmi Dekartın dualist substansiya anlayışının xülasəsidir. Lakin buradakı əsas problem iki fərqli substansiyanın, yəni maddə ilə şüurun və ya ruh ilə bədənin necə əlaqə yaratması (qarşılıqlı əlaqəyə girməsi) məsələsidir. Dekart fəlsəfəsində bu suala verilən hər hansısa dolğun bir cavab yoxdur, hər nə qədər Dekart sonrakı dönəmlərində bu suala cavab olaraq “epifiz vəzi nəzəriyyəsi” və ya  “ara-səbəbiyyət” (okasionalizm) kimi arqumentləri gətirmişsə də, fəlsəfə tarixi cəhətdən bunların heç bir dəyəri yoxdur.
Leybnitsin substansiya anlayışının isə olduqca özünə məxsus anlayışları və sistemləri vardır. Ən məşhur əsəri olan “Monadologiya”da varlığın əsası olaraq “monad”ları göstərən Leybnistə görə monad həm də substansiyadır. Leybnits “Monadologiya”nın əvvəlində monadlara belə tərif verir:
“Burada danışacağımız Monad, birləşmələrə nüfuz edən bəsit substansiyadan başqa bir şey deyil; bəsitdir yəni mürəkkəb deyil” (Leibniz, Monadologiya, səh.39).
Monad, Leybnistə görə hissələri olmayan, tamamilə bəsit, varlığın təməlidir və bu monadlar sonsuz saydadır. Sonsuz saydakı bu monadlar bir-birlərindən tamamilə fərqlidirlər və xarici təsirə qarşı da qapalıdırlar. Bir-birindən fərqli sonsuz sayda monad eyni zamanda sonsuz sayda substansiya olması fikrini də doğurur. Dekartın ruh-bədən olaraq qurduğu bu dualist substansiya anlayışı Leybnistdə qarşımıza sonsuz substansiya olaraq çıxır. Sonsuz substansiya Dekart fəlsəfəsindəki iki fərqli substansiyanın əlaqəyə girməsi problemini də tamamilə aradan qaldırır, çünki monadlar onsuzda bir-birlərilə əlaqəyə girə bilməzlər.
Spinozanın isə substansiya anlayışı Dekart və Leybnistdən tamamilə fərqlidir. Spinoza “Ethica”nın elə əvvəlində substansiyaya tərif verərək işə başlayır. Spinozaya görə substansiya “var olmaq (vücuda gəlmək) üçün özündən başqa heç bir şeyə ehtiyac duymayan, varlığının yeganə səbəbi özü olan şey”dir. Bu tərifə uyğun hər şeyə biz substansiya deyə bilərik amma bu tərifə uyğun olan yeganə varlıq “tanrı”nın özüdür. Elə buna görə də Spinozaya görə tək bir substansiya vardır o da elə tanrıdır. Lakin burada bəhs olunan tanrı anlayışı sxolastik (kobud ifadə etsək yəni “dini”) tanrı anlayışlarından çox fərqlidir. Spinozanın tanrısı təbiətlə birgədir, ondan xaricdə təsəvvür oluna bilməz, necəki özü bunu qeyd edir, tanrı əgər mükəmməldirsə necə ola bilər ki, o təbiəti əhatə etməsin? Elə buna görə də yeganə substansiya olaraq tanrı, təbiəti də əhatə edən, təbiətlə birgə olan Təbiət-Tanrıdır (Natura-Deus).
Xülasələşdirsək əgər, 17-ci əsrin üç önəmli filosofu substansiya probleminə üç fərqli nəzəriyyə ilə yanaşırlar. Dekartda ruh-bədən olaraq dualist substansiya anlayışı varkən, Leybnitsdə sonsuz sayda monad dolayısı ilə də sonsuz sayda substansiya var, Spinozanın isə substansiyası təkdir və o da Təbiət-Tanrıdır. Bu üç növ substansiya anlayışı Aydınlanma (Maariflənmə dövrü) və Aydınlanma dövründən sonrakı fəlsəfələr üçün də müəyyənləşdirici rol oynayır. Dekart dualizminin aşa bilmədiyi problemlər, Spinozanın vahid substansiya anlayışının nə təsdiq, nə də inkar oluna bilmə xüsusiyyəti, Leybnitsin monad nəzəriyyəsinin spesifik bir nümunə olaraq qalmağı… Lakin bütün bu tənqidlərə rəğmən bu üç substansiya anlayışı dövrümüzdə hələ də öz təsirini göstərir.

Mənbələr:
DESCARTES, Rene, Meditasyonlar, Alfa Yayıncılık, 2015.
LEIBNIZ, Gottfried, Monadoloji, Bilge Kültür Sanat, 2014.
SPINOZA, Benedictus, Ethica, Kabalcı Yayınevi, 2011.
Müəllif: Ergin Aldemir
Tərcüməçi: Cavidan Rza

Redaktə: Ziya Mehdiyev

2 ŞƏRH

  1. I simply want to say I’m all new to blogging and absolutely savored you’re page. Likely I’m going to bookmark your site . You definitely have tremendous posts. Cheers for sharing your blog.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin