Ara beyin (diensefalon) təkamülü, funksiyaları və önəmi

2

Ara beynin ümumi quruluşu

 

Beyin borusunun yuxarı nayihəsi hələ rüşeymin inkişafının ilk dövrlərində aşağılara nisbətən geniş olur. Bu genişlik sonralar girdə şəkli alıb, iki buğum vasitəsilə üç ilk beyin qovuqcuğunu verir. Bunlardan birincisi ön beyni (prosencephalon), ikincisi orta beyni (mesencephalon),üçüncüsü isə rombabənzər beyni (rhombencephalon) əmələ gətirir. Bir azdan sonra bu, ilkin beyin qovuqcuqlarından birinci və üçüncüsü yenidən, hərəsi iki yerə bölünərək ikinci dərəcəli beyin qovuqcuqları əmələ gətirir. Beləliklə, ön beyin qovuqcuğundan uc beyin (telencephalon) və ara beyin (diencephalon), rombaoxşar beyindən isə arxa beyin (metencephalon) və uzunsov beyin (myelencephalon) əmələ gəlir.

Ara beyin (diensefalon) orta beyinin oral hüdudları daxilində yerləşir: hüdudi səhifədən (lamina terminalis) başlayaraq III mədəcikdən hər iki tərəfə doğru yayılır və əzgiləbənzər vəziyə qədər davam edir. Ventral hissədə bazal sistema və orta beyinlə, dorsal-arxa tərəfdə III və yan mədəciklərin damar kələfinin əsası ilə, lateral olaraq daxili kapsulla hüdudlanır.
Ara beyin balaca formasına rəğmən bir çox alt vahiddən ibarətdir:
1.Orta-Ara Beyin Bölgəsi
1,1. Pretalamus (Ön talamus)
1,2. Zona Limitans Intrathalamica
1,3. Talamus
2. Hipotalamus
3. Epitalamus
4. Pretektum
5. Hipofiz Vəzi
6. Metatalamus
Lakin, bu vahidləri 4 əsas qrupda sinifləndirsək, bunlar:
1) Talamus
2) Hipotalamus
3) Hipofiz vəzi
4) Digər sturukturlar: Epitalamus, Subtalamus və Epifiz vəzi
olar.
Onurğa beyninin daxilində olan mərkəzi kanal, uzunsov beyində genişlənərək IV mədəciyi, orta beyində yenidən daralaraq “beyin-su” yolunu, ara beyində yenidən genişlənib, III mədəciyi və nəhayət, iki dəlik vasitəsilə beyin yarımkürələrinə keçərək yan mədəcikləri təşkil edir. III mədəciyin yan divarlarında iki böyük boz maddə yığını vardır. Boz maddədən – görmə qabarları və ya talamus (thalami optica), məməciyəbənzər cisim, hipotalamus və ya qabaraltı sahə əmələ gəlir. Görmə qabarları, vəziyyəti və inkişafı etibarilə onurğa beyninin arxa buynuzlarına müvafiq olub hissi vəzifə daşıyır. Görmə qabarları mürəkkəb quruluşa malikdir. Görmə qabarlarının arxa tərəfi yastıq adlanan törəməyə məxsusdur, onun altında daxili dizəbənzər cisim, üstündə isə xarici dizəbənzər cisim yerləşmişdir. III mədəciyin üzərində beyin çəpkəni, əsasında isə epifiz – epitalamus yerləşir.

 TALAMUS

talamus gif ile ilgili görsel sonucu

Beynimizin ən önəmli hissələrindən biridir. Bütün digər hissələr talamusa görə adlandırılır. Məsələn: “hipotalamus” “talamusun altı” deməkdir. Ara beynin 4/5 hissəsini tutur və yumurta şəkilli cüt qabardan təşkil olunmuşdur. III mədəciyin hər iki tərəfində yerləşir və boz maddədən ibarətdir. Uzununa və eninə ölçüsü 3×1.5 santimetrdir. Talamusda 40-a qədər müxtəlif nüvə aşkar edilmişdir. Onları funksional xassələrinə görə iki böyük qrupa ayırırlar. Birinci spesifik nüvələr qrupu: öz liflərini beyin qabığının hissi və assosiativ zonalarına göndərir və onların neyronları ilə spesifik əlaqələr əmələ gətirir. Bu liflərə spesifik talamik yollar deyilir. İkinci qrup nüvələr: öz liflərini qabığın ən müxtəlif zonalarının neyronları ilə əlaqələndirir, bunlara qeyri-spesifik talamik yollar deyilir. Elektrofizioloji tədqiqatlar əsasında Q.Casper belə nəticəyə gəlmişdir ki, talamusun qeyri-spesifik sistemi beyin qabığının tez və qısamüddətli fəallaşmasında iştirak edir. Bunun əksinə olaraq, qabığın zəif və uzunmüddətli fəallaşması isə beyin sütununun retikulyar formasiyasının iştirakı ilə həyata keçirilir. Bəzi tədqiqatçılar (Q.Hed və b.) belə hesab edirlərki, talamus ağrı hissinin ali mərkəzidir. Bu, bir sıra dəlillərlə isbat edilir. Əgər talamus qıcıqlanarsa, bu zaman kəskin ağrı və xoşagəlməz hisslər əmələ gəlir. Buna görə də talamusun bir sıra zədələnmələri zamanı ağrı hissi yaranır. Talamus pozulduqda, ən zəif qıcıqlanmalar (dəriyə toxunma, iynə batırma, səs və işıq qıcıqları) belə xəstələrdə dəhşətli ağrıya səbəb olur. Bəzən də talamusun pozulması zamanı ağrı hissi itir (analgeziya baş verir). Bütün bunlar göstərir ki, ağrı hissinin əmələ gəlməsində talamusun böyük rolu vardır. Talamusun vəzifəsi qoxu xaric bütün somatik, vizual və eşitmə xəbərdarlıqlarını serebruma, yəni iradə bölgələrə göndərmək, bəzilərinə müəyyən gecikmələr qoymaq, bəzilərini ləğv eləmək və oxşar tənzimləmələr etməkdir. Eyni zamanda bu vəzifələri yerinə yetirərkən şüur, yuxu və oyanıqlılığa nəzarət edir, serebrumdan gələn siqnalların beynin və bədənin müxtəlif yerlərinə yönləndirilməsindən də məsuldur. Bir növ mərkəzi stansiya vəzifəsini yerinə yetirir. Lakin təkcə yönləndirmə  deyil, eyni zamanda analiz də edir. Duyğu orqanlarından, reseptorlardan gələn siqnalları ilkin olaraq qiymətləndirir və bunu sayəsində hansı bölgəyə yönləndirilməsinə “qərar verir”.

Təkamülən ibtidai beyinlərdə də talamus quruluşunun inkişaf etdiyini görə bilərik. Lakin bu zaman ilkin beyinlərdə talamusa analiz vəzifəsi daha çox düşmüşdür. Təkamül irəlilədikcə və beyin inkişaf etdikcə bu vəzifə talamusdan serebruma keçmişdir. Təsadüfi deyildir ki, məməlilərdə və primatlarda daha çox siqnalların idarəedilməsi ön plana çıxmışdır.
Talamus icazə vermədən serebrum bir məlumatı analiz edə bilməz. Buna görə də diqqətimizi bir mövzuya verərkən digər mövzulara diqqət etmərik. Məsələn, yazı yazarkən fikrimiz yazıda olduğu üçün saatın səsini eşitmərik. Bunun səbəbi talamusun saatın səsi ilə bağlı xəbərləri serebruma göndərməməsidir.

Talamusun digər önəmli vəzifəsi retikulyar aktivator sistemin bir parçası olmasıdır. Bu sistem yuxu, oyanıqlıq, xəbərdarlıq halını və bənzər vəziyyətləri idarə edir. Talamus lazım olan zaman müəyyən xəbərdaredicilərlə bağlı məlumatları beyinə daha çox göndərərək oyanıqlılığı təmin edir. Yuxu halında isə bunun tam əksi baş verir: talamusun ifraz etdiyi hormonlar vasitəsilə xəbərdarlıq səviyyəsi aşağı düşür. Buna görə yuxuda çox şiddətli xəbərdaredicilər olmadığı müddətdə heç bir halda oyanmarıq və ətrafımızdakı kiçik xəbərdaredicilərin (yavaş səslər, işıqlar, toxunma) fərqinə varmarıq.

Talamusun qüsurları, xətaları, xəstəlikləri və problemləri.

Danışdığımız kimi talamus çox önəmli  bir quruluşdur və bu önəmli quruluşun problemləri çox çətin vəziyyətlər yarada bilər. Biraz da bu haqda danışaq.
Söylədiyimiz kimi talamus qoxu xaric bütün duyğu orqanlarından məlumatları alır və bunları beyin yarımkürələrinin qabığına, yəni iradəmizə tabe olan struktura göndərir. Bura şüurdan əlavə, beyinin xarici qatında olan və şüurlu hissimizin yaranmasına təkan verən birdən çox beyin bölgəsidir. Duyğularımızı bu formada qəbul edərik və talamusda meydana gələn irsi və ya sonradan yaranan xətalardan ötrü bu ötürmə axsaya bilər. Şüur şüuraltından gələn məlumatlar olmadan duyğuları qəbul edə bilməz. Bu nə deməkdir? Beynin üst bölgələrinə çatan hər bir duyğu əvvəlcə daha təməl quruluşlu alt bölgələrdən keçərək işlənməlidir. Yəni biz bir şeyi qəbul etmədən öncə beynimizin alt vahidləri o məlumatı çox işləyib, dəyişdirmiş və hətta dəyərləndirmiş olur. Şüurlu olaraq biz bu əməliyyatlardan keçmiş məlumatı qəbul edə bilirik.
Bunun ən gözəl nümunəsi  hemianopsiya (ing. hemianopsia) adlanan xəstəliklə özünü göstərir.  Bu problem çox zaman gözdəki və ya beynin serebrum bölgəsində olan görmə mərkəzindəki xətalardan qaynaqlansa da, bəzən talamusdakı bir hematomdan da meydana gələ bilər. Bu hematom məlumat axışına ziyan verir və nəticədə gözün bir hissəsindən gələn məlumatların şüurlu qəbul edən hissəsinə çatmasına maneə olur. Məsələn, sol gözün bir hissəsindən gələn məlumatları işləyən talamik bölgədə hemianopsiya meydana gəlsə, bir it belə qəbul ediləcək.

Bəzən isə bu problem gözlərin ikisinin də bir qismindən gələn məlumatlarda meydana gələ bilər. Məsələn, normalda Paris şəhərinin iki gözdən eyni anda gələn tam görüntüsü sağ və sol gözlərə bölünəndə bu cür görünür.


Gözdən və vizual sinirlərdən məlumatların əskiksiz gəlməsinə rəğmən talamusta yaranan bu problem səbəbilə hər iki gözdən yalnızca bir yarı beyinə çatar və nəticədə belə bir hal alar.

Gözlərdə və ya gözlərdən beyinə gələn sinirlərdə heç bir problem olmamasına rəğmən, hətta şüurda belə heç bir axsaqlıq olmamasına rəğmən talamusdakı bir axsaqlıq bizim məlumatları qəbul etməmizə təsir edir.
Bu xəstəliyin bənzəri hemianestizeya adlanır. Bu xəstəlik talamik nüvələrdəki xətalardan meydana gəlir və xəstə bədənin yarısından gələn hissləri qəbul etmir və bədənin bir yarısının keyləşməsi ilə nəticələnir.

Talamusun ən təhlükəli xəstəliklərindən biri ataksiya adlanır. Bu xəstəlik zamanı talamusta meydana gələn xətalar beyinə səhv siqnalların getməyinə səbəb olur və bu həm serebrumun, həm də beyinciyin işlədiyi məlumatların xətalı olmasına səbəb olur, yəni ətrafdan gələn məlumatlar beyinə tam olaraq çatdırılmır.
Bu halda əzələlərin koordinasiyasında axsaqlıqlar meydana gəlir. Serebrumdan siqnallar getsə də, talamus bu siqnalları səhv yönləndirir və bədənin biz istəmədən hərəkət etməsinə səbəb olur.
Burada əzələlərin qeyri-iradi şəkildə hərəkəti göstərilib.

Burada nə əzələ, nə də qəbul etmədə problem yoxdur. Problem talamusdan keçən siqnalların qarışmasındadır. Bu şəkildə isə düz xətt üzrə yerimək istəyən ataksiya xəstəsinin necə yeridiyi göstərilir.

Talamik qüsurlardan qaynaqlanan başqa bir problem hipokineziya adlanan xəstəlikdir. Bu zaman xəstənin hərəkətlərində azalmalar müşahidə olunur. Ağırlaşma halı akineziya olaraq bilinən tamamən hərəkətsizlik halıdır. Bu zaman serebrumdan qolu hərəkət etdirmək üçün siqnal göndərilsə də, qollar hərəkət etmir. Bu bir növ iflic vəziyyətidir və bütün bədənə yayıla bilər.

Digər bir qüsur isə atalamiya adlanan vəziyyətdir. Talamus normalda az “ölçülü”,yəni zəif qıcıqlandırıcı olan ağrıları beyinə göndərmir və biz bu ağrını hiss etmirik. Şiddətli ağrıları isə azaldaraq beyinə göndərir və beləcə biz ağrını olduğundan daha az hiss edirik. Lakin talamus zədələnərsə, həm normal ağrılar şiddətli dərəcədə beyinə göndərilər, həm də ortada ağrı mənbəyi yox ikən şiddətli ağrılar hiss edilər. Bu hala Dejenerine-Roussy Sindromu(ing. Thalamic Pain Syndrome) deyilir. Əvvəl bədənin hissizləşdiyinin fərqinə varılır, lakin daha sonralar bu hissizlik öz yerini ağrılara buraxır və bədən dayanılmaz ağrılara məruz qalır. Halbuki, buna səbəb olacaq heç bir qıcıq olmur.

Talamus problemlərinin ən qəribələrindən biri akinetik mutasiya adı verilən göz açıq olduğu halda koma halıdır. Şüur tamamən yerində olmasına rəğmən xəstə nə danışa, nə də hərəkət edə bilir. Demək olar ki, koma halındadır. Lakin xarici qıcıqları ala bilir. Bunun səbəbinin talamusdan keçən siqnallarda axsama və xəta olduğu düşünülür. Üstəlik, bu xəstələrdə əvvəl bəhs etdiyimiz atalamik ağrılar da olar bilir. Yəni xəstə hərəkət belə edə bilməməsinə rəğmən şiddətli acı və ağrılar hiss edə bilir.

 

Talamus qüsurları eyni zamanda yaddaş itmələrinə də səbəb ola bilir.

Hipotalamus

Hipotalamus orta beynin, yəni beyin sapının ən üst hissəsində olan mezensefalonun üst hissənin önündə, talamusun isə ön kənarının altında yerləşir. Yunancadan “otaq altı” mənasını verir. Hipotalamus beynimizin sadəcə 1 %-lik hissəsini tutur. Buna rəğmən beynimizin ən önəmli quruluşlarından biridir. Bu kiçik quruluşun qonşuları talamus və mezensefalon (orta beyin) arasında bağlar vardır. Hipotalamus duyğularımızın yaranma mərkəzi olan limbik sistemin ən önəmli hissələrindən biridir. Duyğularımız limbik sistemdə təyin olunduqdan sonra məlumatları üz və bədən əzələlərimizə ötürən hipotalamusdur. Bundan əlavə, limbik sistemdən çıxan duyğusal qərarları (nəticələri) hormonlar ifraz edərək idarə edən yenə hipotalamusdur. Hipotalamusun quruluşu da çox mürəkkəbdir. İndiyə qədər 16 fərqli nüvəsi aşkar olunmuşdur. Diametri təxminən 5 mm-ə çatan iki məməciyəbənzər cisimdən və onların arasında yerləşən boz qabardan ibarət bu törəmə ən mühüm vegetativ mərkəz sayılır. Boz qabarın aşağı hissəsi daralaraq qıf adlanan ucu kor törəmə əmələ gətirir. Qıf beyin artımı – hipofiz vəzisi ilə bitişmişdir. Boz qabarın önündə görmə sinirlərinin kəsişməsi yerləşmişdir. Məməli heyvanların hipotalamusunda isə 32 cüt nüvə aşkar edilmişdir. Hipotalamus nüvələri beynin ali vegetativ mərkəzləri sayılır. Onun supraoptik və mamilyar nüvələri hipofizin hormon ifrazı fəaliyyətinə güclü təsir göstərir. Bəzi hipotalamik nüvələr neyrohormonlar, xüsusilə hipofizin sektor hüceyrələrinə təsir göstərən rilizinq faktorlar adlanan neyropeptidlər hazırlayır. Bu maddələr sinir və humoral yollarla hipofizə daxil olur və onun fəaliyyətini tənzim edir. Hipotalamus nüvələrində orqanizmin ali vegetativ mərkəzləri yerləşmişdir və bunlar onun simpatik və parasimpatik şöbələrinin funksiyalarını tənzimləyir. Hipotalamusun ayrı-ayrı nüvələrini pozmaqla, onların funksiyaları haqqında daha dəqiq məlumatlar əldə edilir. Belə tədqiqatlarla aşkar edilmişdir:
1) hipotalamusun arxa və orta nüvələrinin qıcıqlandırılması daxili üzvlərin fəaliyyətində bir sıra dəyişikliklər əmələ gətirir. Bu zaman qan təzyiqi yüksəlir, ürəyin fəaliyyəti artır, mədə-bağırsaq yolunun perestaltik hərəkətləri güclənir.
2) Hipotalamusun ön və yan nüvələri qıcıqlandıqda bu dəyişikliklər əks xarakter daşıyır. İstiqanlı heyvanlarda bədən temperaturu nisbi sabitdir və bu sabitlik iki mexanizmlə: istilik əmələ gəlməistilikvermə ilə tənzimlənir. Bu mexanizmlər hipotalamusun fəaliyyəti ilə əlaqədardır. Müəyyən edilmişdir ki, temperaturun nizama salınması təkcə hipotalamusla deyil, digər qabıqaltı törəmələrin fəaliyyəti ilə də əlaqədardır. Aclıq və susuzluq reaksiyaları da hipotalamik törəmənin fəaliyyəti ilə sıx əlaqədardır. Hipotalamusun orta və yan nüvələrində ventrolateral nüvəsində «aclıq», ventromedial nüvəsində isə «toxluq» müvafiq mərkəzləri mövcuddur. Bu mərkəzlərin oyanması qidanın axtarılması, onun mənimsənilməsi və həzmi ilə əlaqədar olan bir sıra vegetativ və hərəki reaksiyalar baş verir. Hipotalamik nüvələr qandakı maddələrin kəmiyyət və keyfiyyət tərkibinin dəyişilməsinə qarşı da çox həssasdır. Hipotalamus neyronları, həmçinin osmoreseptorlara malikdir. Hipotalamusu qıcıqlandırmaq, yaxud pozmaqla aparılmış eksperimental və kliniki tədqiqatlar göstərir ki, burada cinsi çoxalmanın dövriliyini nizamlayan xüsusi mərkəz vardır. Uşaqlarda erkən cinsi yetkinlik halları bu mərkəzlərin fəaliyyəti ilə bağlıdır. Hipotalamusda cinsi davranışı nizama salan mərkəzin olması tədqiqatlarla sübut olunmuşdur. Müşahidələr göstərmişdir ki, arxa hipotalamik şöbədə xüsusi «həzz mərkəzi» vardır. Əgər, heyvana bu mərkəzi elektrik qıcığı ilə qıcıqlandırmaq öyrədilsə, o qıcıqlanmanı fasiləsiz və yüksək tezliklə etməyə başlayır. Öz-özünü qıcıqlandırma metodu ilə hipotalamusda bir sıra başqa mərkəzlərin (qorxu, hiddət, aclıq, susuzluq və s.) olduğu aşkar edilmişdir. Hipotalamusun mühüm funksiyalarından biri də onun yuxu və oyaq vəziyyətlərinin növbələşməsində iştirak etməsidir. Hipotalamusun müxtəlif nahiyələrinin qıcıqlandırılması ümumi somatovegetativ dəyişikliklərlə yanaşı, yuxu və oyaqlığın növbələşməsinin pozulmasına da səbəb olur.

 Hipotalamusun bəzi fəaliyyətləri.



1) İşıq: Suprakiazmatik Nüvə adı verilən və canlılarda bioloji ritmə nəzarət edən nüvədir. Bu nüvə dolayısıyla hipotalamus, gözdən və işıq reseptorlarından alınan məlumatları daim işləyir və sirkadyen (günlük), sirkadital (aylıq) və sirkanular (illik) dönəmlərə, yəni bioloji ritmə nəzarət edir. Bunun üçün, dönəmlərə uyğu hormonları ifraz edir. Məsələn, gecə olanda yuxumuzu gətirən bəzi hormonları ifraz edərkən bədəni yuxuya hazırlayır. Bunun səbəbi məməli heyvan olan insanın diurnal bir canlı olmasıdır (gündüz yaşayıb, gecə yatan).
2) Orqanizm daxili siqnallar: Ürəkdən, mədədən, böyrəklərdən gələn siqnalları daima analiz edir və vəziyyətə uyğun hormonlar ifraz edir.
3) Qan: Hipotalamus hormonal fəaliyyəti də tənzimlədiyi üçün hər hormonun miqdarına nəzarət etməlidir. Qan içindəki leptin, gerin,insulin,sitokin və başqa hormonlar ilə qandakı qlükoza miqdarı, plazma miqdarı və başqa xüsusiyyətlərə nəzarət edir.
4) Yad cisimlər: İnsanın orqanizminin qorunması heç zaman mükəmməl şəkildə olmur. O hər zaman çöldəki mikroblarla əlaqədədir. Buna görə də bədən bir çox müdafiə mexanizmləri inkişaf etdirir ki, bunlardan biri də bədən temperaturunun dəyişməsi nəticəsində yad cisimlərlə mübarizə aparmaqdır. Bu dəyişilməyə də hipotalamus nəzarət edir.

 Nüvələr

 

1) Orta ön optik nüvə (Medical Preoptic Nucleus): Cinsi aktı tənzimləyən hormonları ifraz edən nüvədir. Bu struktur embrioloji inkişaf baxımından da önəmlidir: insanın hələ ana bətnində olarkən genetik olaraq bilinən cinsiyyətinə aid cinsi orqanları əmələ gətirəcək hormonları ifraz edir.
2) Üst optik nüvə (Supraoptic Nucleus): Çox əhəmiyyətli olan oksitosin hormonunu ifraz edən bölgədir. Xüsusilə hamiləlik dönəmində süd əmmə, qidalanma və s. üçün önəmli bir hormondur. Bu əsas da vazopressin adlanan başqa bir hormonu stimulə edir. Bu hormon böyrəklərdəki suyun reabsorbsiyasını(qana geri sorulma) da təmin edir. Bu hormon sintez ediləndə nefronun(böyrək hüceyrəsi) içindəki suya (böyrəklərdə) kənardan su keçməsi artır və daha çox su absorbsiya(sorulur) edilir.
3) Ön hipotalamik nüvə (Anterior Hypothalamic Nucleus): Temperaturun tənzimlənməsi, tənəffüs sürəti, tərləməni təmin edən strukturdur. Eyni zamanda, tiroid vəzinin fəaliyyət göstərməsinə imkan verən hormonların ifrazını tənzimləyir.
4) Ventromedial nüvə: İnsanın xoşbəxt və gümrah hiss etməsini təmin edən bölgədir.
5) Dorsomedial nüvə: Qan təzyiqi, ürək ritmi və həzm sisteminə nəzarət edir. Pozğunluğu ölümcül ola bilər.
6) Arxa (posterior) nüvə: Qan təzyiqini artıran hormonlar ifraz edir, göz bəbəklərinin genəlib daralmasına nəzarət edir və titrəməni artırır. Həyat üçün zəruridir

 Hipotalamusun qüsurları, xətaları, xəstəlikləri və problemləri.



Hipotalamik xəstəliklərin başında hipopitüiterizm adlanan xəstəlik gəlir. Hipotalamus düzgün işləmədikdə hipofiz vəzinə düzgün komandalar göndərə bilmir və nəticədə hipofiz vəzi düzgün hormonları, düzgün miqdarda ifraz edə bilmir. Bədən temperaturunu tənzimləyən hormonlardan tutmuş, ürək ritmini tənzimləyən hormonlara qədər bütün hormonların işi pozulur. Xəstə böyük ehtimalla öləcək və ya ciddi şəkildə itki ilə üzləşəcək.
Digər xəstəlik üçüncü hipotiroidizm adı verilən tiroit xəstəlik tipidir. Tirotropin adlanan hormon ifraz oluna bilmədikdə metobolik fəaliyyət alt-üst olacaq və bu da xəstənin ölümü ilə nəticələnəcəkdir.
Sonuncu danışmaq istədiyim xəstəlik inkişaf problemləri adı altında embrioloji və doğuşdan sonrakı inkişafda meydana gələn axsamalardır. Məsələn, qonadotropin hormonu əgər ifraz olmasa, xəstə yetkinlik çağına ya girə bilməyəcək, ya da çıxa bilməyəcək. Bu da xəstənin çoxalma qabiliyyətinin itməsinə səbəb olacaqdır.

Talamusdan fərqli olaraq insanı şoka salan, fərqli xəstəliklər olmasa da, hipotalamusun riskli bölgə olmasına səbəb həyat üçün vacib bir çox prosesləri idarə edən bölgə olmasıdır.

 Hipofiz vəzi.



    Bu vəzin adı tarix ərzində fərqli formalarda olmuşdur, amma ən çox bilinən pituiter vəz (pituitary gland) və hipofiz vəzi (hypophysis) adlarıdır. Hipotalamusun ön alt hissəsinin təkamülən dəyişilməsiylə, sinir toxumalarını itirərək, ifrazat toxumasına çevrilmişdir, lakin buna baxmayaraq beynin tam ortasında yerləşdiyi üçün sinir sistemi ilə sıx əlaqəsi var.

Hipofiz vəzi 0.5 qram kütləyə malikdir və bu kütlə ilə beynin sadəcə  0.035 %-lik bir hissəsini tutur. Buna baxmayaraq bütün hormon ifrazı sisteminin əsasıdır.
Funksional olaraq hipotalamusa bağlıdır və hipotalamus tərəfindən yönləndirilməkdən başqa demək olar ki, funksiyası yoxdur.

Hipofiz vəzinin 3 əsas hissəsi vardır:
Ön Hipofiz payı və ya Adenohipofiz (Anterior Hypophysis və ya Adenohypophysis)
Arxa Hipofiz payı (Posterior Hypophysis və ya Neurohypophysis)
Orta Hipofiz payı(Intermediate Hypophysis)

Adenohipofiz adlanan hissəsi hipotalamusdan aldığı əmrlərə əsasən bu hormonları ifraz edir:

Böyümə hormonu (GH): Somatotropin olaraq da bilinir və canlının ömrü boyu böyüməsini təmin edir. Qüsurları cırtdanboyluluq, giqantizm və bənzər böyümə anormallıqları(akromeqaliya və s.) ilə nəticələnir.
Tiroid Stimulan Hormon (TSH): Yağ tərkibli hormondur və qalxanvari vəzin işləməsinə nəzarət edir. Bu nəzarət nəticəsində orqanizmin metobolizmi-maddələr mübadiləsinin fəaliyyəti təmin olunur. Qüsurları metobolizmin çökməsinə qədər gedib çıxa bilir.
Adrenokortikotropik Hormon (ACTH): Böyrəküstü vəzini xəbərdar edərək öz hormonlarını ifraz etməsinə şərait yaradır. Nəticədə kortikosteroidlər və adrenogenik steroidlər ifraz olunur və bədən daxilində balans təmin olunur.
Beta-Endorfin (Beta-Endorfin): İmpulsun ötürülməsini təmin edən hormondur.
Prolaktin Hormonu (PRL): Eyni zamanda Lüteotropik Hormon (LTH) olaraq da bilinir. Süd vəzilərində südün əmələ gəlməsində rol oynayır. Təkamülən balıqlara qədər hər canlıda süd əmələ gəlməsində rol oynasa da, məməlilər xaric digər heyvanlarda bədənin su və duz balansını təmin edir.
Luteinləşdirici Hormon (LH): Lutropin olaraq da adlanan bu hormon dişilərdə ovulyasiya hadisəsini və corpus luteumun (sarı cisim) aylıq prosedurunu tətikləyir. Kişilərdə isə testosteron istehsalını tətikləyir. Folikul Xəbərdaredici Hormon (FSH) ilə birlikdə çalışır.  • Folikül Xəbərdaredici Hormon (FSH): Bir çox heyvanlarda vardır. İki cinsiyyətdə də qamet yaranmasını tətikləyir. Qadınlarda çoxalma orqanlarında folikulların böyüməsini təmin edir.

Neyrohipofiz iki əsas hormonu ifraz edir:

Oksitosin: Əsasən hipotalamusun paravantekulyar nüvəsi tərəfindən ifraz olunan hormondur. Lakin hipofiz vəzi hələ də bu hormonu ifraz edir. Beyin üçün çox önəmli olan oksitosinin, eyni zamanda çoxalma və doğuş zamanı da önəmli təsirləri vardır.
Antidiuretik Hormon (ADH): Digər adı vazopressin olan bu hormon, suyun böyrəklərdən reabsorbsiyasını təmin edən hormondur. Eyni zamanda, qan təzyiqininin nizamlanmasında və daxili balansın qorunmasında rolu vardır.

   Orta hipofiz təkamülcə insanda qalıqlaşmış(rudimet orqan) bir digər sturukturdur, yəni getdikcə funksiyasını itirərək yox olmaqdadır. Üzərində aparılan sayısız təcrübələrə baxmayaraq sadəcə bir hormonun ifraz olunduğu aşkarlanıb.  Molekulyar olaraq araşdırıldıqda formasının kiçildiyinə də rast gəlinmişdir. Üstəlik  tək funksiyası da ön hipofiz tərəfindən də edilir və var olan tək funksiyasını itirməkdədir.

Melanosit (MSH): İntermed olaraq bilinən bu hormon hipofiz vəzinin orta bölgəsindən ifraz olunduğu üçün bu adı alıb. Dəridəki, gözlərdəki və saçlardakı rəng verici piqment olan melaninin ifrazını tətikləyir. Eyni zamanda iştah hissinin yaranmasında da rol oynayır.

Hipofiz vəzinin qüsurları, xətaları, xəstəlikləri və problemləri.

 

 

Hipofiz vəzinin ən önəmli hormonlarından olan GH-ın çox ifraz olunması akromeqaliya (nəhənglik) xəstəliyinə yol açır. Normalda GH hormonunun ifrazı yetkinlik çağının sonunda dayanır,lakin mutasiyalar, anadangəlmə genetik faktorların və s. təsirilə bu ifraz olunma dayanmaya bilər. Bəzən isə bədənimizdə yaranan şişlər, GH ifrazını artıra bilər. Bu vəziyyətdə dəri böyüməsi bədənin böyüməsinə çata bilmir və dəri yırtılmağa başlayır. Əllər və ayaqlar həddindən artıq uzanır, dəri qalınlaşır. Eyni zamanda daxili orqanlar da bu böyüməyə çata bilməyərək zəif qalır. Ürək əzələləri zəifləyir, kəllə skeleti genişlənir, ancaq beyin böyümür. Bu da beyin zədələnməsinə səbəb ola bilir. Alt çənə həddən artıq böyüyür və genişlənir.

 

Dil şişir və böyüyür. Alın çıxıntıları uzanır. Bunların nəticəsində şiddətli və uzunmüddətli baş ağrıları, artirit (oynaq şişməsi), ürək genişlənməsi və çatışmazlığı, hipertəzyiq, böyrəklərin sıradan çıxması və daha çox xoşagəlməz vəziyyətlər yaranır.

GH hormonu ilə əlaqəli başqa bir xəstəlik isə əksinə, GH hormonunun az ifraz olunmasıyla bağlıdır. Miqdarına və problemin başladığı yaşa görə müxtəlif təsirləri vardır. Məsələn, yeni doğulan uşaqlarda hipoqlisemiya, daha yuxarı yaşlarda isə cırtdanboyluluq ilə nəticələnə bilər. Böyüklərdə zəif bədən kütləsi ilə görülür. Akromeqaliyanın əksinə kənardan hormon alınaraq müalicə oluna bilir.
Hipofiz vəzinin adrenokortikotroik hormon (ACTH) ifrazında artım olduqda Kuşinq (ing.Cushing) Sindromu adlanan xəstəlik yaranır. Bu sindromdan əziyyət çəkən insanlar çox qısa vaxtda çoxlu kilolar alırlar və bu da ürək damarlarının tıxanmasına və infakta gedən problemlər yaradır. Üzdə yağlanmalar, depressiya və asosiallıq problemləri də yaranır.
Hipofizdə vazopressin (ADH) hormonunun çox ifrazıyla bağlı diabetes insipidus adlanan və həddindən artıq susama, böyrək fəaliyyətinin pozulmasıyla xarakterizə olunan xəstəlik yaranır.
Prolaktin hormonunda artım, digərlərində isə azalma olduqda Pickardt-Fahlbusch Sindromu yaranır və daxili balansda ciddi pozulmalara gətirib çıxarır.
Digər bir xəstəlik isə daha ümumidir və hər hansısa hormonun ifrazında yaranan pozulmalar Sheean Sindromu ve Hipopituiterizm adlanan iki xəstəliyə gətirib çıxara bilir. Sheean Sindromu doğuş sonrası ananın çoxlu qan itirməsindən qaynaqlanır. Çox zaman süd kəsilməsi, yorğunluq, soyuğa davamsızlıq, qəziblik, kökəlmə kimi təsirləri vardır. Hipopituiterizm isə “hormon azlığı” sindromudur və fərqli problemlər yarada bilir.

Epitalamus

Təkcə heç bir funksiyası olmayan sadəcə limbik sistem üçün önəmi olan ara beyindir. Melatonin ifraz edir və bu ifrazla müəyyən yaşam dönəmlərini(bioloji saat) idarə edir. Habelə limbik sistemdən gələn xəbərdarlıqları mezensefalona (orta beyin) aparan nüvə və yolları özündə birləşdirir və buna görə də epitalamusu əhəmiyyətli edir.

Epifiz vəzi

Yenə melatonin ifrazında iştirak edir və eyni zamanda çoxalma ilə bağlı fizioloji və hərəki ritmləri idarə edir.


Zolaqlı cisim

Mühüm qabıqaltı mərkəzlərdən biri də zolaqlı cisimdir. Zolaqlı afferent impulslar cismə talamusdan və beyin qabığından gəlir. O, öz efferent impulslarını solğun nüvəyə göndərir. Zolaqlı cisim funksiyasını nizamlayan mühüm effektor mərkəzdir. İnsanda zolaqlı cismin solğun nüvəyə ləngidici təsiri nəticəsində və ya zədələndikdə atetoz – ətrafların ritmik stereotip hərəkətləri və xoreya – güclü və düzgün olmayan hərəkətlər baş verir. Təcrübələrdən müəyyən olunmuşdur ki, burada həmçinin maddələr mübadiləsini, istilik və vazomotor reaksiyalarını tənzim edən ali vegetativ koordinasiya mərkəzləri də yerləşir. Zolaqlı cisim özünün hipotalamusla əlaqəsi sayəsində vegetativ sinir sistemi vasitsilə innervasiya olunan üzvlərə təsir göstərə bilir.

 Solğun nüvə

Aralıq beynə bitişik nüvələrdən biri solğun nüvə yaxud palliumdur. Solğun nüvə hərəki funksiyaları yerinə yetirir. Onun qıcıqlandırılması boyun, ətraf və gövdə əzələlələrinin əks tərəfə yığılmasına səbəb olur. Bu nüvə afferent impulsları talamusdan alır, efferent liflərini orta və arxa beyinə göndərir. Onun mühüm funksiyalarından biri də özündən aşağıda yerləşən nüvələri, xüsusilə orta beynin qırmızı nüvəsini tormozlandırmasıdır. Solğun nüvə qırmızı nüvəyə öz tormozlayıcı təsirini göstərə bildikdə skelet əzələlərinin tonusunu həddən artıq yüksəldir. Solğun nüvənin qıcıqlandırılması, skelet əzələlərinin yığılmasını ləngidir. Bu isə onun orta beynin qırmızı nüvəsi ilə əlaqədar olduğunu göstərir. Solğun nüvəsi zədələnmiş xəstələrdə bir sıra mürəkkəb aktlar itir, onlarda qəfildən verilən səsə, yaxud işıq qıcığına qarşı müdafiə reaksiyası müşahidə olunmur.

İstifadə edilmiş mənbələr:
1) http://evrimagaci.org/article/tr/sinirbilim-ve-beyin-8-diensefalon-ara-beyin-talamus
2) http://evrimagaci.org/article/tr/sinirbilim-ve-beyin-9-diensefalon-ara-beyin-hipotalamus
3) http://evrimagaci.org/article/tr/sinirbilim-ve-beyin-10-diensefalon-ara-beyin-hipofiz-bezi-ve-diger-diensefalik-yapilar
4) R.K. Şirəliyeva – “Sinir Sistemi Xəstəlikləri”
5) Ə.H.Əliyev, F.Ə.Əliyeva, V.M. Mədətova – ” İnsan və Heyvan Fiziologiyası

Tərcüməçi: Aysu İslamlı

Redaktə etdi: Ziya Mehdiyev

 

 

2 ŞƏRH

  1. I just want to tell you that I’m beginner to blogging and honestly enjoyed your web blog. Most likely I’m planning to bookmark your site . You definitely come with really good writings. Regards for sharing with us your website page.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin