Dieqo Rivera – “Kainatın hakimi olan adam”

0

Dieqo Rivera (Diego Rivera) (9 dekabr, 1886 – 24 noyabr, 1957), xüsusilə, divar rəsmləri ilə məşhur olan meksikalı rəssamdır. Eyni zamanda, Frida Kahlonun (Frida Kahlo) həyat yoldaşıdır.


Rivera ana tərəfdən katolik kilsəsindən dönmə yəhudi, ata tərəfdən isə ispaniyalıdır. Meksika şəhərindəki (Mexico City) San Karlos Akademiyasında (San Carlos Academy) təhsil almışdır. Rivera Latın Amerikası və ABŞ-da freska sənətini yenidən canlandırmışdır. Divar rəsmləri çəkməyə gənc yaşda başlayan Rivera Meksikada San Karlos İncəsənət Akademiyasında (San Carlos Academy of Fine Arts) təhsil alarkən bir tələbə hərəkatında iştirak etdiyi üçün akademiyadan atılmışdır. Təhsilini davam etdirmək üçün İspaniyaya gedən Rivera daha sonra Parisə köçdü. Orada Pablo Pikasso (Pablo Picasso) və Amado Modiqliani (Amadeo Modigliani) kimi sənətkarlarla dostlaşdı. 1920-ci ildə renessans dövrü freskalarını təhlil etmək məqsədilə İtaliyaya səyahət etdi. İtaliyada gördüklərindən çox təsirlənən Rivera onları ölkəsində tətbiq etmək üçün eskizlərini çəkdi.
1921-ci ildə islahatçı Alvero Obreqonun (Alvero Obregon) dövlət başçısı seçilməsindən sonra Meksikaya geri qayıtdı. Yaxın keçmişdəki Meksika çevrilişinin ümidlərini və fəaliyyətlərini dilə gətirən siyasi və ictimai tərkibli bir sıra divar rəsmləri çəkdi. ABŞ-da Detroit İncəsənət İnstitutu və New York şəhərindəki Rokfeller Mərkəzi (The Rockefeller Center) üçün divar rəsmləri çəkən Riveranın rəsmləri o dövrlərdə siyasi tərkibinə görə ciddi mübahisələrlə qarşılaşdı. Freskaların sarsıdıcı, cəsur, yalın və monumental üslubu ABŞ-da və Latın Amerikasında freska sənətinin yenidən canlanmasına səbəb oldu.
Riveranın mübahisələrə yol açan əsərlərinin ən diqqətəlayiq olanı “Yolayırıcındakı adam” (Man at the Crossroads) əsəridir. Bu əsər Leninin (Lenin) rəsmini və Sovet Rusiyasındakı “May Günü” paradını (May Day parade) əks etdirdiyi üçün mübahisəli əsərlərdən hesab olunur.

Rəssamların etirazına baxmayaraq, Rokfeller (Rockefeller) əsər tamamlanmadan dağıtmaq əmri verdi. Çünki Rokfeller bir kapitalist idi, yəni kommunizmə qarşı idi. Riveradan o fiqurları çıxarmasını istədi, Rivera rədd etdi. Nəticədə isə, divar rəsmi divarla birlikdə yox edildi. Riveraya pulu ödənildi, razılaşması sonlandırıldı. Bundan sonra Riveranın eyni rəsmi Meksikada yenidən çəkmək şansı oldu. Əsərin original adı “Yolayırıcındakı adam”dır. Meksikadakı yeni versiyasının adı isə “Kainatın hakimi olan adam” oldu. Yeni versiyaya əlavələr də edilmişdi. Sağda Karl Marks (Karl Marx) və Fridrix Engels (Friedrich Engels), eyni zamanda, Çarlz Darvin (Charles Darwin) və solda Nelson Rokfellerin (Nelson Rockefeller) atası Con D. Rokfellerin (John Davison Rockefeller Jr) təsvir olunduğu Trostskinin (Trotsky) portreti var idi.

Riveranın tamamlamaq üçün can atdığı yarım qalmış orijinal divar rəsmi yalnız ağ-qara şəkillərdən ibarət idi. Rivera şəkillərdən istifadə edərək Meksikada kompozisiyanı “Kainatın nəzarətçisi (hakimi) olan adam” (Controller of the Universe) başlığı altında yenidən boyadı.

Rokfeller “Rokfeller Mərkəzi”nin zəmin qatının divarına bir divar rəsmi yerləşdirmək istəyirdi. Nelson Rokfeller onların müasir tərzinə xitab etdiyi üçün bunu Anri Matiss (Henri Émile Benoît Matisse) və ya Pikassonun etməsini istəyirdi, lakin onların heç biri əlverişli deyildi. Dieqo Rivera Nelson Rokfellerin anasının ən sevdiyi sənətkar idi və buna görə, məhz ona böyük divar rəsmini yaratmaq tapşırıldı. Ona bir mövzu verildi: “Yolayırıcındakı insan yeni və daha yaxşı gələcək üçün ümid və yüksək dünyagörüşlə görüşür”. Rokfeller insanların ayaq saxlamasını və düşünməsini istəyirdi. Riveraya bu iş üçün 21.000$ ödənildi. Ona rəsmi şəkildə Todd-Robertson-Todd tərəfindən tapşırıq verildi. Yolayırıcındakı adam mərkəzdə olmalı idi. Əsərin əsas kompozisiyası kapitalizm və sosializmin müqayisəsini əks etdirməli idi. Bu əsas kompozisiya ideyası Rokfeller tərəfindən təsdiqlənmişdi.
Riveranın kompozisiyası müasir sosial və elmi mədəniyyətin bir çox aspektlərini əks etdirir. Əvvəla, mərkəzdə təsvir olunan adam nəhəng bir mexanizmi idarə edir və kainatın hakimi kimi görünür. Bura bir kəsişmə və ya yolayırıcıdır. Rəsmin çəkildiyi dövrdə hələ tamamilə dəqiqləşməsə də, bu yolayırıcının dünyanın gedəcəyi yönə istinad etdiyini söyləmək mümkündür.

1930-cu illər, son dərəcə, əziyyətli zamanlar idi. Avropada yüksələn faşizm, bütün dünyaya təsir edən iqtisadi böhran, işsizlik, ehtiyacların ödənə bilməməsi insanların vəziyyətini ağırlaşdıran faktorlardan idi. İnsanlar bütün bunlara kapitalizmin səbəb olduğunu düşünürdü. “Wall Street” də işlər qarışmış, bazar iqtisadiyyatı çökmüşdü və insanlar aclıqla mübarizə aparmağa çalışırdılar. Rivera bütün bu hadisələri nəzərə almışdı.

Mərkəzdə kainatın hakimi olan adam təsvir olunub. Adam kəsişmənin tam mərkəzində durur. Kəsişmə işarəsi uzanan ellipsislərdən (oval) meydana gəlir. Birində dünya, digərində isə mikrodünya, yəni gözlə görülə bilməyəcək qədər xırda canlıların dünyası var. Fiquru iki tərəfdən çərçivəyə alan iki ədəd obyektiv nəzərə çarpır. Rəsmə görə, bu adam kainatın ən dərin künclərindən mikroskopik canlıların dünyasına qədər hər şeyi görə bilir. Bu elmin bizə qazandırdığı şeylərdən biridir. Yəni ulduzları, planetləri təhlil edərək kainatdakı yerimizi daha yaxşı anlaya bilməyimiz, mikroskopik canlıları təhlil edərək xəstəliklərə çarə tapa bilməyimiz elmi inkişafın nəticəsidir. XX əsrin əvvəlləri texniki və elmi çevrilişin ilk meyvələrini aldığımız zamandır.

Sol üst tərəfdə müharibə gedir. Qaz əleyhinə maska taxan əsgərlər, təyyarələrlə dolu göy üzü, zorakılıq və güllələr təsvir olunub. Uzaqlarda da tanklar gözə çarpır.

Sağ tərəfdə Moskva təsvir olunub. Dünyadakı bütün kommunist işçilər “Qızıl Meydan”da birləşib.

Sağda və soldakı klassik heykəllər də diqqəti cəlb edən bir digər nöqtələrdəndir.
Solda zərər görmüş bir heykəl var. Bu əlindəki şimşək tutan bir Zevs heykəli ola bilər. Boynundakı xaç, yəqin ki, xristianlığın da qədim paqan dinləri kimi yanlış olduğunu ifadə etmək üçün istifadə olunub. Sağ tərəfdəki zərər görmüş heykəlin üzərində isə nazi simvolu var. Bütün bunlar qədim sistemin ya da o dövrə qədər qərbdəki həyata təsir edən klassik sistemin yox olduğu mesajını verir.

Əsərdə, eyni zamanda, nəzərə çarpan bir neçə portret var. Sağda Lenin, Trotski, solda isə Darvin və onun yanında varlı kimi görünən və əzab çəkən kasıblardan xəbərsiz ya da bütün bu əzablara fikir vermədikləri bəlli olan bir qrup insan var.

Əgər biraz daha yaxından baxsaq, Con D. Rokfellerin də bu qrupun içində təsvir olunduğunu görə bilərik. Əsərini məhv etdiyi üçün qəzəbini əsərdə əks etdirmək istəyən Dieqo Rivera onu da ora yerləşdirmişdir. Hətta bəzi incəsənət tarixçiləri Con D.Rokfellerin başının misroskopik cismlərin olduğu qismin altında olduğunu və tam başının üzərindəki rəsmin də sifilizə uyğun gəldiyini deyirlər.

Əsərdə hər iki tərəfdə fərqli etnik köklərə mənsub insanların bir yerə yığışması fikri olduqca qəribədir. Sol alt tərəfdə fərqli etnik köklərə sahib olan insanlar birlikdə təhsil alır. Sağ tərəfdə isə Lenini fərqli etnik köklərə mənsub insanların əlləri tutarkən görürük.

Bu rəsmə baxdıqda müasir dünyanın xaosunu, inkişafını, yaxşı və pis tərəflərini, yəni böyük rəsmi görə bilən bir sənətkar görürük. O, bütün bunları sistemli hala gətirmək istəyir. Hər şeyi anlayıb nəzarətdən çıxmaq üzrə olan dünyanı insanlara izah etməyin bir yolunu axtarır. Kim bilir, bəlkə, bu gün də həmin yolayrıcındayıq. Fiqurlar bir az dəyişmiş ola bilər, amma ana xətt hələ də eynidir. Texnologiya hər gün önəmli hala gəlir. Bəs texnologiya bizə nə bəxş edəcək? Daha bərabər bir dünya yoxsa daha çox bərabərsizlik? Bunlar bu gün hələ də mübahisəli mövzulardandır. Hələ də istehsal etdiyimiz şeylərin və texnologiyanın bizə verdiyi gücə ayaq uydurmağa çalışırıq. Bizə verilən bu güc ilə edəcəyimiz seçimlər isə hələ də böyük bir sualdır.

 

Mənbələr:

https://www.diegorivera.org/

https://en.m.wikipedia.org/wiki/Diego_Rivera

https://www.khanacademy.org/humanities/art-1010/art-between-wars/latin-american-modernism1/a/diego-rivera-man-at-the-crossroads

https://www.youtube.com/user/KhanAcademyTurkce

Hazırladı: Lalə Yusifova

Redaktə etdi: Fatimə Əliyeva

 

 

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin