Fəlsəfə Tarixi #4 – Mifologiya

0

 

Salam. İşimiz çoxdur, ona görə də yubanmadan başlamalıyıq. Fəlsəfə deyəndə biz eramızdan altı yüz il əvvəl Yunanıstanda meydana gəlmiş yeni düşüncə tərzini nəzərdə tuturuq. O vaxta qədər insanlar bütün suallarına cürbəcür dinlərdə cavab tapırdılar. Bu dini izahlar miflər şəklində nəsildən-nəslə keçirdi. Mif – həyatın nədən bu cür olmasını izah etmək üçün fərz olunan tanrılar haqda rəvayətlərdir.  Fəlsəfi sualların mifik izahları min il boyu bütün dünyaya yayılmışdı. Yunan filosofları bu izahların dürüst olmadığını sübut etməkdən ötrü qollarını çırmaladılar. İlkin filosofların necə fikir yürütdüyünü bilmək üçün biz dünyanın o zamankı mifoloji mənzərəsinin necə olduğunu bilməliyik. Uzağa getməyə ehtiyac yoxdur, bir neçə Skandinaviya mifini götürək. Norveçdə Xristianlıqdan əvvəl insanlar inanırdılar ki, Tor iki keçinin qoşulduğu arabayla səmadan keçir. O öz çəkicini havada yellədəndə ildırım çaxır. İldırım sözü Norveç dilində “thordon” – Torun yolu mənasını verir. İsveç dilində ildırımı ifadə edən söz “aska”dır, bu sözün orijinalı belədir: “as – aka”, mənası isə səmalarda “tanrının səyahəti”dir. İldırım çaxanda, havada şimşəklər oynayanda yağış da yağır. Yağış vikinq fermerləri üçün olduqca vacib idi. Bununla da Tora bərəkət tanrısı kimi ibadət edir, tapınırdılar. Beləliklə, yağışın mifoloji izahı Torun öz çəkicini havada yellətməsi idi. Yağış  yağanda taxıl yetişirdi, tarlalar çiçəklənirdi. Tarlada bitkilər necə yetişə, məhsul verə bilər, – məlum deyildi. Buna görə də hamı inanırdı ki, yağışla Torun əlaqəsi var, o, tanrıların ən hörmətlilərindən idi. Torun hörmətli olmasının bir səbəbi də var, bu səbəb dünya düzəni ilə bağlıdır. Vikinqlər inanırdılar ki, insanların yaşadığı dünya daimi kənar təhlükələr altında olan bir adadır. Onlar dünyanın bu hissəsinə Midqard adı vermişdilər, bu, mərkəzdə krallıq deməkdir. Midqardın içində tanrıların malikanəsi olan Asqard yerləşir. Midqardın kənarında dünyanı dağıtmaq üçün hər cür hiyləgərliyə qadir olan xain divlər diyarı – Utqard krallığı var. Belə şər divlərinə “xaos qüvvələri” də deyirlər. Təkcə Norveç mifologiyasında deyil, demək olar ki, bütün mədəniyyətlərdə şər və xeyir qüvvələr arasında qeyri-müəyyən tarazlığa inam var. Şər divlərin Midqardı dağıtmaq üsullarından biri bərəkət ilahəsi Freyjanı oğurlamaqdır. Amma onlar bunu edə bilsələr, tarlalar məhsul, qadınlar uşaq verə bilməz. Ona görə  də bədheybət divləri nəzarətdə saxlamaq həyati önəm daşıyır. Tor divlərlə bu döyüşdə mərkəzi fiqur sayılır. Onun çəkici təkcə yağış yağdırmır, həm də xaosun təhlükəli qüvvələrinə qarşı mübarizədə əsas silahdır. Həmin çəkic ona sonsuz güc verir. Məsələn, çəkici qorxunc divlərin başı üstündə fırlatmaqla onları qanlarına qəltan edə bilər. Çəkicin itməsindən isə heç vaxt narahat olmamalıdır, çünki çəkic həmişə sahibi olan Toraya qayıdır. Bu, təbiətdə tarazlığın necə saxlanması və niyə daim xeyir və şər arasında mübarizə getməsinə dair mifoloji izah idi. Filosoflar məhz belə izahları rədd edirdilər. Lakin təkcə izahlarla məsələ bitmir. İnsanlar quraqlıq, vəba kimi fəlakətlərdə əllərini əllərinin üstünə qoyub tanrıların müdaxilə etməsini gözləyə bilməzdilər. Onlar şərlə mübarizədə özləri də iştirak etməliydilər. Bunu isə onlar cürbəcür dini mərasimlər və ayinlərlə etməyə çalışırdılar. Norveçdə ən vacib dini mərasim qurbanvermə idi. İnanırdılar ki, tanrıya  qurban verilməsi həmin tanrının gücünün artmasına təsir göstərir. Tanrılara qurban verirdilər ki, şər qüvvələrlə savaşda daha güclü olsunlar. Qurban adətən hər hansı heyvan olurdu. Tor tanrıya adətən keçi, Odin tanrıya isə bəzən insan da qurban verilirdi. Bu mif haqda Skandinaviya ölkələrində geniş yayılmış “Srim şərqisi” poemasında söz açılır. Orada deyilir ki, bir dəfə Tor yuxudan oyanıb çəkicini yerində görmür. Elə hirslənir ki, əlləri əsir, saqqallı çənəsi titrəyir. Köməkçisi Loki ilə birlikdə yollanır Freyjanın yanına. Loki Freyjadan soruşur ki, qanadlarını ona borc verə bilərmi. Həmin qanadlarla o, bədheybət divlərin Jotunheym diyarına uçmalı və Torun çəkicini onların oğurlayıb-oğurlamadığını üzə çıxarmalıdır. Jotunheym vilayətində Loki divlər kralı Srimlə tanış olur. Srim qürrələnir ki, o, çəkici yerin yeddi qat dərinliyində gizlədib. Əgər tanrılar çəkici geri almaq istəyirlərsə, Freyja ona ərə getməlidir. Təsəvvür edirsənmi? Yaxşı tanrılar birdən-birə özlərini mürəkkəb bir hadisənin ortasında görürlər. Divlər tanrıların həyat  əhəmiyyətli silahını ələ keçiriblər. Bu qəti qəbulolunmaz bir vəziyyətdir. Nə qədər ki, Torun çəkici divlərdədir, tanrılar və insanlar üzərində nəzarət onların əlindədir. Çəkicin əvəzinə Freyjanı tələb edirlər. Amma bu da qəbulolunmazdır. Tanrılar həyatı qoruyan bərəkət ilahələrini güzəştə getsələr, çöllərdə yaşıl otlar quruyacaq, tanrılar və insanlar öləcək. Vəziyyət çıxılmazdır. Loki Asqarda qayıdır. Mif davam edir və deyilir: Freyja əfsuslar olsun ki, divlər kralına ərə getmək üçün gəlinlik paltarını geyinməli olur. Freyja hiddətlənib, fikirləşir ki, divə ərə getsə, camaat onun xəriflədiyini düşünəcək. Bu vaxt Heimdal tanrının ağlına bir fikir gəlir. Təklif edir ki, gəlinlik paltarını Tor geyinsin. Saç qoysun. Köynəyinin yaxasından görünən daş-qaşla o, əsl qadına oxşayacaq. Əlbəttə, Torun bu ideyadan xoşu gəlmir, amma axırda razılaşır ki, çəkicini geri almaqdan ötrü bundan yaxşı yol yoxdur.  Beləcə, Tora gəlin paltarı geyindirirlər, Loki isə onun sağdışı olur. İndiki sözlərlə desək, Tor və Loki anti-terror birliyidir. Qadın cildinə girmiş bu tanrıların missiyası divlərin qalasına daxil olmaq və Torun çəkicini ələ keçirməkdir. Tanrılar Jotunheymə çatanda divlər toy ziyafətinə hazırlıq görməyə başlamışdılar. Lakin toyda gəlin – Tor bütöv bir öküzü və səkkiz qızıl balığı aşırdı, üstündən də üç barrel pivə içdi; bu, Srimi heyrətə saldı. Az qalmışdı ki, “komandanların” kimliyi üzə çıxsın. Lakin Loki tez araya girdi, bunu belə izah etdi ki, Freyja Jotunheymə gəlməyi elə həsrətlə gözləyirmiş ki, bir həftə yemək yeməyib. Bununla da sirlərinin açılması təhlükəsinin qarşısını aldı. Srim gəlini öpmək üçün fatanı qaldıranda Torun ona dikilmiş od-alov saçan hirsli gözlərini gördü və yenə çaşıb qaldı. Loki bu dəfə də vəziyyətdən çıxış yolu tapdı. Dedi ki, gəlin toyun həsrətilə bir həftədir yatmır və budur, indi gözləri qızdırma verir. Bundan sonra Srim əmr etdi ki, çəkici gətirsinlər.  Onu gəlinin ətəyinin altına qoydu ki, toy boyunca orada qalsın. Tor çəkici əlinə alıb şaqqanaq çəkdi. Əvvəlcə çəkiclə Srimi öldürdü, sonra o biri divlərin və bütün qohum-əqrəbalarının axırına çıxdı. Bununla da qorxunc məsələ xoşbəxt sonluqla tamamlanmış oldu. Çox dolanbac mif oldu. Bunun arxasında duran əsas məna nədir? Bu, sadəcə əylənmək üçün düşünülmüş bir rəvayət deyil. Bu mif həm də nəyisə izah etməyə çalışır. Yozumlardan biri belə ola bilər: Quraqlıq olanda insanlar yağışın yağmamasına səbəb axtarıblar. Ola bilərmi ki, Torun çəkicinin başında bir iş var, şər qüvvələr onu oğurlayıblar? Bəlkə də bu mif ilin fəsillərinin dəyişməsinə bir izahdır: qışda təbiət ona görə ölür ki, Torun çəkici şər qüvvələrin diyarında olur. Yazda isə o, nəhayət, qələbə çalıb çəkicini geri alır. Beləcə, miflər insanlara anlaya bilmədikləri şeyləri anlamaqdan ötrü izah verirlər. Lakin mif sadəcə izah deyil. İnsanlar miflərlə bağlı ayinlər də həyata keçirirdlər. Onların  quraqlığa və ya məhsul qıtlığına cavabının mifdəki hadisələri canlandıran bir tamaşa oyununa çevrildiyini təsəvvürümüzdə canlandıra bilərik. Bəlkə də bir kəndli çəkici divlərdən geri almaq üçün sinəsindən daş-qaş asılmış paltar geyinirdi. Belə etməklə insanlar tarlalara məhsul bəxş edən yağışı yağdırmağa çalışırdılar. Dünyanın başqa hissələrindən də çoxlu nümunələr gətirmək olar, həmin nümunələrdə adamlar təbiət proseslərini sürətləndirməkdən ötrü öz miflərini dramatikləşdiriblər. İndiyədək biz yalnız Skandinav mifologiyasına qısaca göz atdıq. Tor və Odin, Freyrvə Freja, Hodervə Balder, həmçinin başqa tanrılar haqda saysız miflər mövcuddur. Bu cür mifoloji anlayışlar fiilosoflar onlara qarşı çıxana qədər bütün dünyanı bürümüşdü. Mifoloji dünya mənzərəsi ilk fəlsəfənin meydana gəldiyi Yunanıstanda da mövcud idi. Yunan tanrılarının hekayətləri əsrlərlə nəsildən-nəslə keçirdi. Yunanıstanda tanrıların bir neçəsinin adlarını sadalasaq,  bunlar idi: Zevs və Apollon, Hera və Afina, Dionis və Asklepios, Herakl və Hefastas. Eramızdan əvvəl -cü ildə yunan mifologiyasının böyük bir hissəsi Homer və Hesiod tərəfindən qələmə alındı. Bu, tamamilə yeni vəziyyət yaratdı. Artıq miflər yazılı şəkildə mövcud idi, onları müzakirə etmək mümkün idi. Erkən yunan filosofları Homerin mifologiyasını tanrılar həddən artıq insanları xatırlatdığına, insanlar kimi eqoist və etibarsız olduğuna görə, tənqid edirdilər. İlk dəfə idi ki, miflərin insan düşüncəsinin məhsulu olduğu deyilirdi. Bu baxışı dilə gətirənlərdən biri eramızdan əvvəl təxminən -ci ildə doğulmuş filosof Ksenofan idi. O deyirdi ki, tanrıları insanlar uydurublar, inanıblar ki, onlar da özləri kimi doğulur, bədənləri olur, paltar geyinirlər, danışırlar. Misirlilər tanrıların qara və yastıburun olduqlarına inanıblar, Frakiyalılar tanrıları mavi gözlü, düz saçlı təsəvvür ediblər. Öküzlər, atlar, şirlər  təsəvvür edə bilsəydilər, onlar öz tanrılarını öküz, at, şir şəklində təsvir edərdilər! Həmin dövrdə yunanlar çoxlu şəhər-dövlətlər yaratdılar. Bu şəhər-dövlətlər bütün əl işlərini qulların gördüyü, vətəndaşlarınsa bütün vaxtlarını siyasətə və mədəniyyətə həsr etdiyi Yunanıstanda, Cənubi İtaliyada və Kiçik Asiyada olan yunan müstəmləkələrində meydana gəlirdi. Bu şəhər mühitlərində insanlar tamamilə yeni cür düşünməyə başladılar. Hər bir vətəndaş cəmiyyətin necə qurulmasına dair məsələ qaldıra, şübhəsini dilə gətirə, eləcə də vətəndaşlar qədim miflərlə razılaşmadan fəlsəfi suallar qaldıra bilərdilər. Biz bunu mifoloji düşüncə tərzindən təcrübə və məntiqə əsaslanan düşüncə tərzinə inkişaf keçidi hesab edirik. Erkən yunan filosofların məqsədi təbii proseslərin izahında fövqəltəbii deyil, təbii izahlar tapmaq idi”.

*Jostein Gaarder. Sofinin Dünyası- Kitabı buradan oxuya bilərsiniz

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin