Düzgün irqi təsnifat aparmaq üçün münasib kriteriya yoxdur

0

Bu düşüncəyə əsaslanaraq irq anlayışını rədd edən antropoloqlar və bioloqların dediklərinin ümumi məzmunu budur ki, insanları ayrı-ayrı irqlərdə qruplaşdırmağa imkan verən kəskin fərqləndirici xüsusiyyətlər yoxdur. Yəni, məsələn bütün qruplaşdırmalarda fərqli irqlər olan Afrika Tutsiləri(Afrika Böyük Gölləri regionunda yaşayan insan qrupları) də, Skandinaviya mənşəli etnik qruplar da hündür boylu insanlardan təşkil olunub. Lakin, ən böyük qruplaşma (Ağ, Sarı, Qara, Qırmızı) başda olmaqla bütün təsnifatlarda onlar arasında heç bir yaxınlıq göstərilmir.

Və yaxud, tünd dəri rənginə sahib insanlar arasında həm düz, həm dalğalı, həm də qıvrım saçlı insanlar, açıq dərili insanlar arasında isə, tünd dərili insanlara aid xüsusiyyət kimi göstərilən geniş burun və qalın dodaqlı insanlar var. Bundan başqa başda dəri rəngi olmaqla irqlərin təsnifatında istifadə olunan göstəricilər irqlərin daxilində çox böyük müxtəlifliyə sahibdir. Yəni, məsələn, qarışma olmadıqda belə Avropoid irqinə aid edilən insan qruplarında bir Çinlinin və yaxud da Afrikalının dəri rənginə oxşar rəngdə dəri müşahidə etmək olar. Buna görə də bu mövqedə dayanan tədqiqatçıların fikrincə dəri rəngi irqləri ayırmaqda istifadə oluna bilməz.

Çünki, belə təsnifat böyük problemlər yaradır. Buna daha bir neçə nümunə versək, məsələn, Afrikada Böyük Səhranın cənubunda yaşayan, Neqroid irqinin təmsilçiləri kimi göstərilən Afrikalılarla Hindistanda yaşayan Avropoid irqinə aid hesab edilən insan qruplarının dəri rəngləri çox yaxındır. Şimali Afrikada yaşayan insan qruplarında isə, İspanlardan və ya Livanlılardan daha açıq rəngli dəri müşahidə etmək mümkündür.

Belədə məntiqi olaraq bu qənaətə gəlirik ki, irqləri ayırmaq üçün istifadə olunan xüsusiyyətlərin kəskin sərhədləri yoxdur. Yəni, hansı fərqə və yaxud fərqlərə baxaraq bir qrupun təmsilçiləri bu irqdəndir deyə bilərik sualının konrket cavabı yoxdur. Bu düşüncəni müdafiə edənlərin təsnifat üçün istifadə olunan digər əsas göstəricilərə də münasibətinin necə olduğuna nəzər yetirək.

Boy da insanları qruplaşdırmaqda istifadə olunan əsas göstəricilərdən biridir. Bu məqamda qeyd etmək lazımdır ki, eyni irqə aid edilə insan qruplarının boyları arasında həddən artıq böyük fərqlər var. Məsələn, Neqroid irqinə aid edilən insanlarda orta göstəricisi 150 sm olan qruplarla (Piqmeylər) yanaşı, 180 sm olan qruplar (Watusilər) da var. Digər tərəfdən Monqoloid irqinin əsas göstəricilərindən biri kimi gözlərinin buruna yaxın hissəsində dəri qıvrılması (Epikantus) olması göstərilir. Lakin, Monqoloid irqinə aid hesab edilən Amerika yerlilərində isə bu cəhətin görülmə faizi çox aşağıdır. Belə olan halda Amerika yerlilərinin məsələn, 85% epikantusun müşahidə olunduğu Çinlilərlə eyni qrupda göstərilməsi düzgündürmü sualı yaranır.

Bu möqveni müdafiə edənlər qeyd edirlər ki, dəri rəngi, göz rəngi, forması, boy kimi istifadə olunan xüsusiyyətlər əgər bunu etməyə uyğun cəhətlərdirsə, eyni şəkildə qan qrupları, hormonal quruluş, laktoz dözümsüzlüyü, hətta, qulaq çirkinin quru və yaxud yaş olması da istifadə olunmalıdır. Ya da heç biri istifadə olunmamalıdır. Belə olan halda da, laktoz dözümsüzlüyü, yəni, süd şəkərinə qarşı insan orqanizminin həssaslığı baxımından qruplaşdırma apardıqda, Norveçlilər, Ərəblər, Hindistanlılar və Afrikalı insan qruplarının bir hissəsi həmin cəhətin eyniliyi ilə əlaqədar olaraq, eyni irqə aid edilməlidirlər. Dəri rənginin eyniliyinə görə bir qrupda qruplaşdırılan Afrikalı və Okeaniyalı insanları genotipik xüsusiyyətlərinə görə qruplaşdırmaq istəsək, Afrikalı insan bir Fransıza daha yaxın olar, nəinki, Okeaniyalıya. Əslində qruplaşdırmaq üçün istifadə olunan təyinedicilərin sayı artırıldıqca, həmin xüsusiyyətlərə uyğun gələn insanların sayı da getdikcə azalır. Bu da mühm məqamdır.

Bu fikri müdafiə edənlərin verdiyi suallar cavabsız qalıb demək mümkündür. Bu suallardan ən əsası budur ki, dəri rəngi, baş quruluşu, qaş-göz-burun quruluşuna görə, yoxsa, genetik yaxınlığa və yaxud başqa bir cəhətə əsaslanaraq irqlər qruplaşdırılacaq? Və məsələn, genetik oxşarlığı əsas götürsək, onda neçə gen, hansı genlər irqləri təsnif etmək üçün əsas istinad nöqtəsi olacaq?

Ramil Babayev

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin