Ekotoksikologiya.Ətraf mühitin zəhərlənməsi

0

XX əsrdən başlayaraq insan fəaliyyətinin bütün sahələrində, o cümlədən kənd təsərrüfatı da daxil olmaqla kimyəvi maddələrin geniş tətbiq olunması ilə əlaqədar olaraq toksiki maddələrin insan orqanizminə, digər canlılara və bütünlükdə ekosistemə təsirinin öyrənilməsi kimi mürəkkəb problemin həlli yollarının axtarılması zərurəti yarandı. Ümumdünya Sağlamlığın Qorunması Təşkilatının (ÜSOT) Proqramına əsasən XXI əsrin əsas məsələlərindən biri təhlükəli kimyəvi maddələrin insan orqanizminə zərərli təsirinin qarşısını alınması, kimyəvi təhlükəsizliyi təmin etməkdir.

Ətraf mühiti kimyəvi maddələrlə çirkləndirən əsas mənbələr: istilik elektrik mərkəzləri, kimya, neftkimya, metallurgiya, sellüloza-kağız və sənayenin digər sahələrinin tullantıları, meşə və kənd təsərrüfatında ziyanvericilərə qarşı işlədilən (funqisid, insektisid, herbisid) kimyəvi preparatlar, tullantı sularıdır.

Toksikologiya (yunanca toxikon-zəhər, logos-anlayış) – orqanizmin zərərli maddələrin (zəhərlərin) təsirindən xəstələnməsi, orqanizm və zəhərin qarşılıqlı təsirini öyrənən elmdir. Zəhər– orqanizmə kimyəvi təsir edərək onda patoloji dəyişikliklər yaradan maddədir; orqanizmin anadangəlmə və ya sonradan qazanılmış xassələrinə uyğun gəlməyən kimyəvi komponentdir, ona görə də zərərli təsir göstərir və ya onun həyatı ilə uyğunlaşmır. Zəhərin təhlükəliliyi dedikdə təbii şəraitdə zəhərin təsirindən intoksikasiyanın baş verməsi başa düşülür. Toksikologiyanın maddələrin təhlükəliliyi və toksikliyi anlayışlarını təhlil edən bölməsi toksikometriya adlanır. Toksikometriyanın vacib parametri kimyəvi maddənin toksikiliyidir(zəhərliliyi). Insan və digər canlı orqanizmlər üçün təhlükəli olan kimyəvi maddələr toksikantlar, ekotoksikantlar və ksenobiotiklər (əvvəllər biosferdə rast gəlinməyən, orqanizm üçün yad maddələrdir ki, ətraf mühitə düşən ən az miqdarı belə orqanizmlərin məhvinə səbəb olur), çirkləndiricilər, kontaminantlar (ətraf mühitdən qida maddələrinə təhlükəli miqdarda keçən ekoloji zərərli maddələr) adlanır. Toksikometriya-toksikologiyanın eksperimental bölməsidir. Ksenobiotiklərin təsirinin miqdari qiymətləndirilməsi üç tədqiqat mərhələsinin olmasını tələb edir: təcrübənin planlanması, onun keçirilməsi və nəticələrin alınması. Bu zaman hər şeydən əvvəl tədqiq olunan maddənin zəhərlilik göstəriciləri, onun potensial təhlükəliliyi, ətraf mühitdə onun zəhərliliyi, və ya dozası nəzərə alınmalıdır. Lakin toksiki effekt təkcə zəhərin miqdarı ilə deyil, onun təsir etmə müddəti ilə də təyin edilir.

Toksikologiyanın əsas məqsədi kimyəvi faktorların zəhərliliyini, toksiki proseslərin forma və təzahürlərini öyrənməkdir. Onun məsələlərinə aiddir:

  • Kimyəvi maddələrin zəhərliliyi və təhlükəliliyini müəyyən edən əsas xarakteristika və xassələrinin öyrənilməsi, toksikiliyə təsir edən faktorlar; toksikantların orqanizmə daxil olma yolları, onların paylanma qanunauyğunluğu, metabolizm və xaricolunma; kimyəvi maddələrin kəskin, az kəskin və xroniki təsirindən əmələ gələn toksiki proseslərin müxtəlif formaları, patoloji vəziyyətlərin formalaşmasının mexanizm və qanunauyğunluqlarının öyrənilməsi;
  • Insanın sağlamlığına, həyatına, professional iş qabiliyyətinə təhlükə yaradan toksikantların təsnifatı;
  • Toksikliyin qiymətləndirilməsi, toksiki proseslərin müxtəlif təzahür formalarının inkişafı və maddələrin təsiri arasında miqdarı xarakteristikaların qurulması; insanın zərərli maddələrlə təhlükəsiz qarşılıqlı əlaqəsini müəyyən edən normativlər;
  • Kimyəvi maddələrin toksiki təsirinin profilaktik metodlarının işlənməsi, müxtəlif mühitlərdə yüksək zəhərli maddələrin yaranması prinsipləri

Müxtəlif maddələrin insan orqanizminə zərərli təsirinin öyrənilməsi Hippokratın (b.e.ə. 370 il ) vaxtından başlayaraq Qalenin (130-200), Parasels (1493-1541), Ramaççininin (1633-1714) adı ilə bağlıdır ki onlar da öz tədqiqatlarında ağır metallar, karbon oksidi ilə zəhərlənmələri öyrənmişlər. Məlumdur ki, karbonoksid güclü zəhər olaraq təsir etdikdə qanda olan eritrositlərin hemoqlobini ağciyərlərdən hüceyrələrə O2 əvəzinə CO daşıyır. Ağır metallarla zəhərlənməyə misal olaraq: Qədim Roma əhalisinin kütləvi şəkildə qurğuşun birləşmələri ilə zəhərlənməsinə səbəb su borularında qurğuşun örtükdən istifadə edilməsi olmuşdu.

Toksikologiya bir elm kimi XIX əsrin axırlarında formalaşmışdır.Fransız fizioloqu Klod Bernar(1813-1878) ilk dəfə bu sahədə təcrübə apararaq canlı orqanizmlərə kurare zəhərinin təsirini öyrənmişdir. 22 aprel 1915-ci ildə Belçikada ilk dəfə almanlar zəhərli maddə (ZM) kimi xlordan istifadə etmişdilər. Birinci Dünya müharibəsində bu ZM-dən bir milyondan artıq insan məhv olmuşdu. Sonralar 1937-ci ildə Almaniyada tabun, daha sonra sinir sisteminin iflicinə səbəb olan güclü zəhərli qazlar zarin, zoman tapılmışdı. II dünya müharibəsi zamanı almanlar əsir düşərgələrindəki qaz kameralarında sianid turşusu və onun duzlarından istifadə etmişlər. Sianid turşusu (HCN)- güclü sintetik zəhərdir, rəngsizdir, acı badam iyli, şəffaf mayedir, insan üçün öldürücü dozası 0,06 qramdır. Sianid turşusu və onun duzları hüceyrələrin tənəffüsünün iflicinə səbəb olur. Toksikologiya xüsusən 1980-ci ildə Brüsseldə Beynəlxalq toksikoloqlar ittifaqı yaradıldıqdan sonra geniş inkişaf etməyə başladı.

Ekoloji toksikologiya və ya ekotoksikologiya elmi istiqamət olaraq ekosistemin tərkibində olan, o cümlədən insan və mikroorqanizmlər də daxil olmaqla bütün canlı orqanizmlərə, onların populyasiyalarına, ətraf mühitdə yerləşən zəhərli kimyəvi maddələrin təsirini öyrənən bir elmdir. Ekotoksikologiya müstəqil bir elmi istiqamət olaraq 1969-cu ildə ətraf mühit problemlərinə həsr olunmuş Beynəlxalq elmi komitəsinin işçi komissiyası tərəfindən yaradılmışdır.

Tibbi toksikologiyadan fərqli olaraq ekotoksikologiya zəhərli kimyəvi maddələrin tək orqanizmlərə deyil, həmçinin onların populyasiyalarına da təsirini öyrənir. Ekotoksikologiya toksikologiyanın klassik qaydaları ilə yanaşı özünün xüsusi metod və tədqiqat obyektlərinə malikdir. Ekotoksikologiyanın əsas istiqamətlərinə aiddir:

  • Ekotoksikantların daxilolma mənbəyindən başlayaraq onların torpaqda, suda, atmosferdə, bitkilərdə, heyvanlarda, bütünlükdə trofik zəncirdən başlayaraq insana kimi onların yayılması və çevrilməsinin tədqiqi; ekotoksikantların kimyəvi dəyişikliyə uğrayaraq modifikasiya olunmuş yeni zəhərli birləşmələrinin yaranması;
  • Zəhərli maddələrin müxtəlif növ orqanizmlərə təsirinin öyrənilməsi, insanlar, heyvanlar, bitkilər və bütünlükdə ekosistem üçün ətraf mühitin çirklənməsinin təhlükəliliyinin proqnoz edilməsi;
  • Orqanizmin zəhərin təsirinə cavab reaksiyasının hüceyrə, orqanizm, populyasiya, cəmiyyət səviyyəsində öyrənilməsi; ekotoksikantların zəhərli təsirinin meyarlarının qiymətləndirilməsi və zəhərlilik mexanizminin öyrənilməsi;
  • Ekotoksikantların ətraf mühitə düşməsinin gigiyenik əsaslarının tənzimlənməsinin işlənməsi

Redaktə etdi: Ziya MEHDİYEV

Mənbə: Ekotoksikoloji . H.Parlak , Ö.Ç.Arslan

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin