Ekzistensial psixologiya

0

Birinci və ikinci dünya müharibələrinin acınacaqlı nəticələri , ağır iqtisadi vəziyyət , cəmiyyətin humanizm dehumanizasiyası , eləcə də , insan psixologiyasını bioloji mövqedən izah etmək cəhdlərinin iflasa uğraması psixologiyada fenomenologiya cərəyanının ekzistensial cərəyana transformasiyasına təkan verdi.  Ekzistensializm cərəyanının əsasını ekzistensiya – “insanın özü –özündə mövcudluğu” , eləcə də onun azadlığı və daxili aləminin formalaşması üçün məsuliyyət daşınması təşkil edir. Ekzistensialistlər üçün insan cəmiyyəti və insanların həyatı başdan-başa “anlaşılmazlıq” və qəti absurddan ibarətdir. İnsanlar arasında sevgi və bağlılıq yoxdur, ancaq seks var, adamlar arasında bütün insani münasibətlər qırılıb. Kişilər və qadınlar prinsipial şəkildə özlərinə qapanıblar, qarşılıqlı başadüşməməzliyə məhkumdurlar. Hər bir insan bir dünyadır. Ancaq bu dünyalar bir-biri ilə əlaqə saxlamırlar. İnsanların ünsiyyəti ancaq səthidir və qəlbin dərinliklərinə toxunmur. Dünya insanının ekzistensialist modeli belədir.

Ekzistensializm nümayəndələri L.Binsvanker , B.Haydaqqer, S.Kyerkkoqor və Kuntsa görə insan varlıq, şüur və mənəviyyatı özündə birləşdirən, digər canlılardan fərqlənən yeganə məxluqdur.  İnsan nəinki yaşayır və duyur , həmçinin yaşadığını və duyduğunu bilir. Bu bilik onun subyektiv kateqoriyaları obyektivlərdən fərqləndirmək qabiliyyətindən irəli gəlir. Öz varlığının dərk olunması subyektiv kateqoriyadır. Ekzistensialistlərin fikrincə, hər bir şəxs zaman və məkan sərhədləri ilə məhdudlaşmışdır. O, həmçinin, keçmişlə əlaqədar olan ,eyni zamanda, gələcəkdə davam edəcək səbəb – əlaqə anlayışları və dəyərlər aləmində bu hüdudlardan kənarda qalan hər bir şeyi dərkolunmaz sayır. Eyni zamanda dərk olunmayan hər bir şey dərketmənin vacib stimulu, azadlığın mənbəyidir.

Cərəyanın bədii konsepsiyası haqqında tam təsəvvürü E.Munkun “Haray” şəkli verir. Abstrakt-urbanist məkanda qorxu ekstazında, dəhşətli qışqırıqla ağzını açmış insan təsvir olunub. Uçuruma bənzəyən nəhəng qışqıran ağız şəklin kompozision mərkəzidir. Niyə, hansı səbəbə görə bu insan qışqırır? Rəssam onun üçün heç bir təhlükə göstərmir. Kişi və ya qadın olmasına baxmayaraq, insanın əzabının böyük səbəbini tamaşaçı özü hiss etməlidir. Aləm bütövlükdə cinsindən və keyfiyyətindən asılı olmayaraq, şəxsiyyətə düşməndir. Bizim qarşımızda “cinssiz insan” durur, onun dünya ilə yeganə əlaqəsi dünyanın qeyri-mükəmməlliyi, disharmoniyası, insana düşmənliyi qarşısındakı dəhşətli qorxudur. Bağıran ağız ətrafındakı boşluq elə verilib ki, tamaşaçı qəlb parçalayan haraya elə bil ki, konsentrik dalğalarla bütün dünyaya yayılmasını və doldurmasını hiss edir. Lakin dünya kar və laldır; o dəlicəsinə harayı sezmir, qorxulu həqiqət qarşısında aciz qalan şəxsiyyətin ağrısına qarşı biganədir. Munk öz şəkli ilə demək istəyir ki, insana bu qərib dünyada ancaq öz ağrısından bağırmaq, can verən canlı orqanizmin instinktiv qışqırığı kimi, yardıma ümid bəsləməyən qışqırıq qalır.

Image result for ekzistensializm E munk haray rəsmi

Eksiztensializm baxımından, azadlıq digərlərinin iradəsindən asılı olmayaraq qərar qəbul etmək imkanı ilə əlaqədardır. İnsan həmişə seçim qarşısında durur və seçimini etdikdə, onu özü olmaq imkanına yaxınlaşdıran şərtsiz qərar qəbul etmiş olur. Ekzistensializm insanın təkmilləşməsi yolunda duran çoxlu maneələri müəyyən etmişdir :

  1. İndividual və kollektiv iradənin konfliktlərdən irəli gələn özü ilə ətraf arasındakı ontoqonizmi dəf etmək məcburiyyəti
  2. İnsanın qeyri-kamilliyi – insan həmişə etdiyindən daha artıqdır və ətrafına bərabər deyil.
  3. Ətraf mühitlə qənaətlənməmək hissi yaradan varlığın sonlu olmasının dərk olunması.

Ekzistensial təlimə görə, insan daima və müvəffəqiyyətsizliklə varlığın və əbədiyyətin fundamental vəhdətinə nail olmağa çalışır və yalnız bu səylər onu bir qədər qənaətləndirə bilər. İnsanın anlaşılmaz və münaqişəli aləmdə yaşaması və labüd ölüm qarşısında qorxusu fiziki və psixi xəstəliklər şəklində təzahür edən iztirabların mənbəyi olur. Bu təlimin tərəfdarları psixoterapevtik müalicə metodu kimi psixoanalizdən köklü şəkildə fərqlənən ekzistensial analiz təklif edirlər. Bu psixoterapevtik üsulun əsas məqsədi insanın öz aləmində varlığının strukturunu dərk etməsidir.

Ekzistensial cərəyan bütün orijinallığına və insanı universal şəkildə dərk etmək cəhdinə baxmayaraq ,tibbi təhsilli olan hər bir mütəxəssis tərəfindən ciddi iradlara məruz qalır. Birincisi – burada sağlamlıqla əlaqədar problemlərə münasibətdə təbiət elmlərindən uzaqlaşaraq fəlsəfi yanaşmaya üstünlük verilir. İkincisi – ekzistensial eqosentrik mövqe tutur. İnsanı ətraf mühitə qarşı qoyur, onun öz sosial və mədəni əhatəsi ilə ünsiyyət saxlamaq təlabatının üstündən isə sükutla keçir. Təsadüfi deyil ki, ekzistensializmdə ən uğurlu təsvirlər şəxsi və sosial əlaqələri kobud pozulmuş şizofreniyalı xəstələrin təsvirləridir. Bu barədə psixiatr Kempinskinin dedikləri ilə razılaşmaq olar : Ekzistensialistlər psixoloji dərinlik baxımından digər psixoloji cərəyanları ona görə üstləyirlər ki, onların öz fəlsəfi görüşləri çox vaxt patalogiyaya yaxın olur . Deməli, ekzistensial yönümlü psixiatrların bəzi baxışları açıq-aydın qüsurlu ola bilər .

Jan Pol Sartr :  “Mənim məqsədim ekzistensializmin ünvanına söylənən bəzi iradlardan onu müdafiə etməkdir.”

Hər şeydən öncə, ekzistensializm onda günahlandırılır ki o, ümidsizliyə çağırış edir- yəni, heç bir problem həll olunmazdırsa, onda dünyada edilən heç  bir hərəkətin də mənası (mümkünatı) yoxdur və guya, ekzistensializm müşahidəçi fəlsəfədir, bu isə burjua fəlsəfəsinə aid israfçılıq kimi çıxış edir. Bunlar əsasən kommunistlər tərəfindən irəli sürülənlərdir.

Bir tərəfdən də bizi onda günahlandırırlar ki, biz insanın alçaqlığını(səfilliyini) bildirirməklə hər yerdə çirkin, qaranlıq, yapışqan şeyləri qabardaraq, xoş şeylərdən – gözəlliklərdən və insan təbiətinin parlaq tərəflərindən üz döndəririk. Məsəl üçün,  katolik mövqeyindən olan xanım Mercier bizi körpənin təbəssümünü unutduğumuz üçün təqsirləndirir. Digərləri də bizə irad tuturlar ki biz, insanların həmrəyliyini unutmuşuq, insana təcrid olunmuş varlıq kimi baxırıq və  kommunistlər özəlliklə səbəbli şəkildə deyirlər ki,  guya, ekzistensialistlər subyektivlikdən çıxış edirlər və Dekartın “düşünürəmsə,varam” düsturunu rəhbər tuturlar, yəni insan özünü yalnızlıqda dərk edir. Kommunistlərin fikrincə bu bizi həmrəylik ideyasından uzaqlaşdırır. 

O biri tərəfdən xristianlar bizi onda günahlandırır ki, gerçəkliyi və insan hərəkətlərinin mənasını inkar edirik, ilahi əmrlərə və əbədi dəyərlərə önəm verməyərək özbaşınalıqdan başqa heç nəyə yer qoymuruq, yəni hər kəs  istədiyini edə bilər və heç kəs başqasının baxışlarına və hərəkətlərinə qiymət verməli deyil. Bütün bu ittihamlara burda cavab verməyə çalışacam və ona görə də bu balaca mətni “Ekzistensializm-humanizmdir” adlandırdım. Çoxları yəqin ki, burda humanizmdən danışıldığına təəccüblənir. Amma  bu sözün mənasını anlayaq. İstənilən halda, başdan razılaşaq ki, ekzistensializm insan həyatını mümkün (var) edən bir təlimdir və bundan əlavə ekzistensializmə görə, hər bir həqiqət və hər bir hərəkət müəyyən mühitlə  və insan subyektivliyi ilə bağlıdır. Əsas günahlandırma ondan ibarətdir ki, biz həyatın pis üzünü əks etdirməyə meylliyik. Mənə bir xanım haqqında danışırdılar ki, bu yaxınlarda o kobud ifadə işlədəndən sonra, üzr istəyərək deyib: “deyəsən, mən  ekzistensialist oluram.”

Deməli, ekzistensializmi ədəbsiz bir şey sayırlar, ekzistensialistləri isə  “naturalist” hesab edirlər və beləliklə ekzistensializmlə eyniləşdirilən eybəcərlik meydana çıxır. Buna görə də, bəzi insanlar bizə naturalist deyir, amma biz əgər elə olsaq, belə təsəvvür edirəm ki, nə qədər onları qorxuya sala bilərik. Zolanın «La Terre»sini sıxma-boğmaya salanlar özləri qorxurlar ki, tezliklə ekzistensialist romanlar oxuyacaqlar.

“Və eyni zamanda “bayquş xarabalığı gülüstana dəyişməz” və ya “üz verdik dəliyə, palçıqlı çıxdı xalıya” barəsində ayıq başla mühakimə yürüdürlər. Eyni bir şey haqqında danışılan bir çox digər yerlər də vardır : qurulmuş hakim güclə mübarizə aparmaq lazım deyil, gücə qarşı çıxıla bilməz, boyundan yuxarı tullana bilməzsən, ənənə ilə möhkəmlənməmiş istənilən fəaliyyət romantikadır, təcrübəyə söykənməyən hər bir cəhd uğursuzluğa məhkumdur, təcrübə isə insanların daima dibə yuvarlandığını göstərir. Onları saxlamaq üçün nə isə möhkəm, dayanıqlı bir şey lazımdır, əks təqdirdə özbaşınalıq qalib gələcəkdir. Bununla belə, az-çox iyrənc olan hərəkətlərin şahidi olduqda, bu bədbin kəlamları çeynəyərək hər dəfəsində bəyanatla – “Bəli, insan belədir!” – çıxış edən, “realistik nəğmə”lərlə bəslənən insanlar ekzistensializmi aşırı tutqunluqda elə təqsirləndirirlər ki, hərdən özündən soruşmalı olursan: bu insanlar ekzistensializmdən, əksinə olaraq, onun həddən ziyadə optimistik olduğuna görəmi narazıdırlar? Əslində, nədir bu təlimdə qorxuducu olan? İnsana seçim azadlığı verməsidir, bəlkə? Bunu aydınlaşdırmaq üçün suala ciddi fəlsəfi tərəfdən yanaşmaq lazımdır. Beləliklə, nədir ekzistensializm?”

Bu sözü işlədənlərin çoxundan onun mənasını tələb etsək, dolaşığa  düşəcək. Bu söz məşhur olduqdan bəri insanlar musiqiçi və rəssamlara belə ekzistensialist deyir. “Clartes”in köşə yazarı da özünü ekzistentialist kimi qələmə verir . Bu söz indi çox geniş anlam qazanıb, buna baxmayaraq, mahiyyət etibarilə daha heç bir məna daşımır. İndiki sürrealizm kimi yeni avanqard bir cərəyan olmadığı vaxtda, sensasiyaya aludə olan kəslər ekzistensializm fəlsəfəsinə üz tutur. Ancaq bu mənada ekzistesializm onlara  heç cür faydalı bir mövqe ola bilməz.

Ekzistensializm ciddi təlimdir və hay-küylə məşhur olmaq məqsədi deyil. O, daha çox mütəxəssis və filosoflar üçün gərəklidir. Buna baxmayaraq, onun tərifini  də vermək mümkündür. İşin bir çətinliyi  odur ki, ekzistensializmin iki növü var :

Birinci növ xristian ekzistensialistləridir ki, bunlara mən Yaspersi(Karl Jaspers) və katoliklərdən saydığım Qabriel Marseli aid edirəm. İkinci növ  ateist ekzistensialistlərdir ki, bunlara nümunə olaraq Haydeqqer və fransız ekzistensialistləri, o cümlədən mən özümü sadalayıram. Onları (ikisini də) birləşdirən yalnız bir fikir var ki, mövcudluq mahiyyətdən əvvəl gəlir. Belə dedikdə nə başa düşmək olar: İnsan tərəfindən yaradılmış hər hansı əşyanı, məsələn. kitabı ya kağız bıçağını götürsək, bunları düzəldən usta əvvəl-əvvəl bu əşyaları hazırlanma konsepsiyasına uyğun hazırlayır. Beləliklə, kitab ya kağız bıçaq müəyyən üsulla istehsal olunmuş maddə və müəyyən məqsədə xidmət edən əşyalardır, faktiki olaraq. Yəni onların nəyə xidmət etdiyini bilməyən adamın bıçaq(kağız) hazırlamasını təsəvvür etmək olmaz.

Biz Allahı yaradıcı kimi təsəvvür etdikdə, onu ilahi səviyyəli peşəkar usta kimi düşünürük. İstənilən fəlsəfi doktrinanı və mütəfəkkirləri götürsəniz , – Dekartı, Leybnisi, hamısı nəzərdə tutur ki, iradə əlin dalınca gedir, yəni əvvəl fikirdə yaranan şey sonra əmələ keçir. Allah da yaradanda nəyi ya kimi yaratdığını dəqiq bilirmiş. Yəni Allahın şüurunda “İnsan” konsepsiyası peşəkarın şüurunda “bıçaq”(kağız) anlayışının analogiyasıdır. Allah da, peşəkar usta  bıçaq-kağız yaradan kimi insanı yaradarkən niyyətinə, qayda və vasitələrə arxalanır. Belə ki, hər insan ilahi dərketmə  konsepsiyasına uyğun yaradılır.

XVIII əsrdə isə  filosofların ateizmi Allah anlayışını aradan götürdü, amma onlar belə insan mahiyyətinin onun tarixi varlığından əvvəl olduğunu inkar edə bilmədilər. Bu ideyanı biz Didrodan, Volterdən başlayaraq, bütün mütəfəkkirlərdə gördük. Hətta Kantda.

İnsan özlüyündə ona xas təbiətə malikdir.  Bu isə o deməkdir ki, hər bir  fərd ümumi “insan” anlayışının özəl təzahürüdür. Bu ümumilikdən Kantın çıxardığı nəticə belədir ki, meşələrdə yaşayan ibtidai insan da, burjua da eyni ümumi xüsusiyyətlərə malikdir. Deməli burda da insan mahiyyəti onun təbiətdə müşahidə etdiyimiz tarixi varlığından daha əzəldir.. Kant “insan təbiəti” anlayışının, hansı səviyyədən hansı sinifdən olduğu fərq etmədən bütün insanlara qarşılıq gəldiyini düşünür. Ona görə, universal bir insan anlayışı tək-tək bütün insan fərdləri üçün etibarlıdır.

Təmsil etdiyim ateist ekzistensializm daha dəqiq olub deyir ki, əgər hətta Allah yoxdursa belə, yenə də varlığı özündən əvvəl gələn, hər anlayışıyla mahiyyət qazanmasından əvvəl var olan bir canlı var. Bu varlıq insandır ya da Heideggerin dediyi kimi insan həqiqətidir.. Elə isə varlıq özdən əvvəl gəlir deyərək, əslində nə söyləmək istəyirik? İnsan əvvəlcə var olur, özüylə qarşılaşır, dünyaya axın edir və sonrasında özünü tapar.

Ekzistensialistlərin gördüyü kimi insanın öncədən  mahiyyəti müəyyən deyil, çünki başlanğıcda o heç bir şeydir, bir müddət daha heç bir şey olmayacaq və sonrasında özünü nə etmişsə, o olacaqdır. Buna görə, insan təbiəti yoxdur, çünki bunun anlayışına sahib olan bir Tanrı da yoxdur. İnsan -yalnız insan vardır.

İnsan özünü nə etmişsə, odur. Bu varoluşun ilk qaydasıdır. Bu başqalarının bizi qınamaq üçün istifadə edərək “subyektivlik” adı verdikləri şeydir. Yaxşı, biz bununla nə demək istəyirik, insan, bir masa və ya daşdan daha  çox şərəf sahibidirmi?  Demək istədiyimiz, insan əvvəlcə yaranır, sonra  özünü bir gələcəyə doğru sürükələyir və bunun da fərqindədir. İnsan əslində, bir növ yosun və ya tərəvəz olmaq yerinə, subyektiv bir həyata sahib bir yaradılışdır.

İnsan bu fəaliyyətdən əvvəl, ağıl üçün belə bir şey deyil mahiyyət etibarilə: insan yalnız olmağı məqsəd qoyduğu şey olduğu zaman varlıq qazanır. Olmağı dilədiyi şey olunca deyil. İstəmək və arzu etməkdən ibarət vəzifəmizin mahiyyətin ümumiyyətlə, özümüzü nə olmağı qarşıya qoymuşuqsa, o olduqdan sonra  anlayırıq. Bir partiyaya üzv olmağı, bir kitab yazmağı və ya evlənməyi istəyə bilərəm, amma belə bir vəziyyətdə arzu deyilən şey daha əvvəl və təkbaşına verdiyim bir qərarın təzahürüdür. Ancaq varlıq həqiqətən də mahiyyətdən əvvəl gəlirsə, insan olduğu şeydən məsuldur deməli. Buna görə ekzistensializmin ilk təsiri, hər insanı olduğu şəkildə öz əlinə buraxması və yaranmanın bütün yükünü öz çiyinlərinə yükləməsidir.

İnsanın özündən məsul olduğunu söylədiyimizdə bu yalnız insanın öz fərdiliyindən məsul olduğu demək deyil, bütün insanlıqdan məsul olduğunu mənasını verir. “Subyektivlik” sözü iki şəkildə başa düşülməlidir, ancaq müxaliflərimiz bunun yalnız tək mənasıyla məşğul olurlar. Subyektivlik bir tərəfdən fərdiliyin azadlığı, digər tərəfdən insanın insan  bu subyektivliyindən kənarına keçə bilməyəcəyi mənasını verir.Ekzistensializm baxımından, daha dərin anlama sahib olan bunlardan ikincisidir.

İnsan özünü seçir dediyimizdə hər kəsin özünü seçməsi lazım olduğunu söyləmirik; söyləmək istədiyimiz eyni zamanda insanın özü üçün seçim etdiyində, əslində,  bütün insanlıq üçün seçim edir olmasıdır.

Çünki, əslində, insanın özünü arzu etdiyi şəkildə yaratması üçün etdiyi hər hərəkətdə, insanın olması lazım olduğu şəkildə olması kimi bir vəziyyət yoxdur. Bunun və ya bunun arasında seçim etmək, eyni zamanda, seçilənin dəyərini gücləndirməkdir: çünki daha pisini heç bir zaman seçə bilmərik.

Həmişə ən yaxşısını seçirik və bütün insanlar üçün daha yaxşı olmayan bizim üçün də olmaz. Hətta varlıq mahiyyətdən də əvvəl gəlirsə və biz də obrazımıza uyğun olaraq mövcuduqsa, deməli, bu obraz hər kəs və özümüzü tapdığımız hər çağ üçün etibarlıdır. Buna görə, məsuliyyətimiz düşündüyümüzdən daha da çoxdur, çünki insanlığın bütününü maraqlandırır. Bir işçiyəm məsələn, kommunist yönümlü yerinə xristian bir  sindikata qatılmağı seçə bilərəm. Ya da daha fərdi bir mövzunu ələ alsaq, evlənib uşaq sahibi olmağa qərar versəm, bu qərar öz vəziyyətimdən, ehtiras və arzumdan əvvəl gəlsə də, burada yalnız özümü deyil, birarvadlılığın tətbiq olunmasına bütün insanlığı aid etmiş oluram. Mən buna görə özümdən və bütün insanlıqdan məsulam və insanın olmasını istədiyim şəkildə bir insan obrazı yaradıram. Özümə şəkil verərək insanlığa şəkil verirəm.

Bu vəziyyət, iztirab, tərk edilmişlik və ümidsizlik terminlərinin nə mənanı verdiyini dərk etməmizə köməkçi ola bilər. Necə?  Bir azdan da görəcəyiniz kimi əslində çox sadə. Əvvəlcə, iztirabla nə demək istəyirik? Ekzistensialistlər dürüstcə insanın iztirab içində olduğunu söyləyir. Mənası bu şəkildədir: insan nə olacağını seçə bilmədiyinin fərqində olaraq,  özünü hər hansı bir şeyə həsr etdiyində, eyni zamanda bütün insanlığın nə olacağını təyin edən bir qanun təəssübkeşi kimi çıxış edir, belə bir anda insan bu cür böyük və ağır məsuliyyət duyğusundan qaça bilməz. Əslində, belə narahatlıq sərgiləməyənlər də vardır. Ancaq onların iztirab və ya qorxularını yalnız gizlətdiklərini və ya bunlardan qaçdıqlarını bilirik. Bir çox insan etdiklərinə özlərindən başqa heç kimi aid etmədiklərini düşünür: “Hər kəs belə etsə, nə olar?” deyə onlara soruşsanız, çiyin çəkər və belə cavab verərlər: “Hər kəs elə etmir.” Amma reallıqda insan özünə, əgər hər kəs onun etdiyini etsə, nə olar deyə sual verməlidir; adam özünü aldatmaq xaricində belə narahat edici bir düşüncədən də qaça bilməz. “Hər kəs elə etmir” deyərək özünə bəhanə tapmaq üçün yalan danışan insanın vicdanı xəstədir, çünki adam yalan danışaraq, əslində, inkar etdiyi universal dəyərlərə eyham vurur. Belə aldatmaqla onun  iztirabı özünü biruzə verər. Məhz bu, Kierkergaard’ın “İbrahimin iztirabı” dediyi iztirabdır. Hekayəni hamınız bilərsiniz: Bir mələk Hz. İbrahimə oğlunu qurban etməsini söyləyir: əgər “Sən İbrahim, oğlunu qurban edəcəksən” deyən həqiqətən də bir mələk olubsa, Hz. İbrahimin ona itaət etməsi lazım idi. Ancaq bu vəziyyətdə olan hər kəs əvvəlcə onun həqiqətən də bir mələk olub olmadığını, ikinci olaraq, mən həqiqətən də İbrahiməmmi deyə maraqlanar. Haradadır sübutlar?

Hallüsinasiyalar görən dəli bir qadın insanların ona telefonla zəng vurub ona əmrlər verdiyini söyləyir: Həkim – “Yaxşı səninlə danışan kim idi?” Qadın cavab verir: “O,Tanrı olduğunu söyləyir.”

Elə isə bu qadına ona zəng vuranın Tanrı olduğunu sübut edən nədir? Mənə bir mələk görünsə, onun həqiqətən də mələk olduğunu haradan biləcəyəm? Səslər eşidirəmsə, mələklərin cəhənnəmdən deyil də, cənnətdən gəldiyini, ya da bunun mənim şüuraltımdan və ya bəzi patoloji vəziyyətlərdən qaynaqlanmadığını mənə nə sübut edəcək? Səsləndikləri adamın həqiqətən mən olduğumu haradan biləcəyəm?.

Belə bir dəlili əsla tapa bilməyəcəyəm; mən bu mövzuda razı salacaq heç bir işarə yoxdur. Bir səs mənimlə danışsa, bu səsin bir mələyin olub-olmadığına qərar verəcək yenə də mənəm. Müəyyən bir hərəkəti yaxşı olaraq xarakterizə etsəm, o hərəkətin pis deyil də, yaxşı olduğunu ifadə edən də tək mənəm. Mənim İbrahim olduğumu göstərən heç bir şey yoxdur: yenə də hər an nümunə təşkil edəcək davranışlarda olmaq zərurətindəyəm. Hər şey, hər insana sanki bütün insan irqinin gözləri o insanın nə etdiyini izləyirmiş kimi gəlir, insan işini də  məhz buna görə dəyişdirir. Buna görə, hər kəsin “Mən həqiqətən də insanlığın mənim etdiklərimin ətrafında hərəkət edəcəyi şəkildə hərəkət etmə haqqına sahib olan  insanam” deməsi lazımdır.  Əgər adam bunu deməzsə iztirabını gizləyir deməkdir. Burada sözü keçən iztirab, əlbəttə ki dinclik və ya avaralığa səbəb olmaz. Bu, məsuliyyət yüklənmiş hər kəsin çox yaxşı bildiyi şəkildə saf, sadə iztirabdır. Məsələn hərbi komandir  hücum məsuliyyətini boynuna götürmüş və  belə hesab edin ki, çox insanı ölümə göndərir, komandir belə etməyi seçmişdir, doğrudur, əlbəttə ki onun daha yüksək bir əmr altında olduğu də bir gerçəklikdir, ancaq o lider verdiyi əmrlər daha ümumidir və komandir tərəfindən şərh olunmalıdır; on, on dörd və ya iyirmi insanın həyatı bu şərhə bağlıdır. Bu qərarı verərkən komandir müəyyən bir iztirab duyur. Bu iztirabı bütün komandirlər bilir. Amma bu, hərəkətdə olmalarına maneə törətməz, hətta hərəkəti reallaşdıran bir şərtdir, çünki hərəkət bir çox ehtimalın mövcud olduğunu fərz edir.

Məhz  ekzistentializmin müəyyən etdiyi iztirab budur, o bizi hərəkətdən ayıran bir pərdə olmaq yerinə, hərəkətin bir şərtidir.

“Tərk edilmişlik”dən bəhs etsək, yalnız Tanrının var olmadığını və onun yoxluğunun nəticələrini sonuna qədər ifadə etmək lazım olduğunu söyləmək istəyirik. Ekzistensialistlər mümkün dərəcədə az şəkildə Tanrını basdırmaq istəyən bir növ dünyəvi əxlaqçılığa qarşı çıxır. Fransız professorlar dünyəvi əxlaqçılıq üçün bir düstur çıxarmağa çalışdıqları 1880-lərdə belə bir şey söyləmişdi: Tanrı gərəksiz və məsrəfli bir fərziyyədir, buna görə o olmadan davam edəcəyik. Ancaq əxlaqçıyıqsa, bir cəmiyyətimiz və hüquq qaydalarına bağlı bir dünyamız varsa, bir sıra dəyərlərin ciddiyə alınması lazımdır; bu özlərinə bağlanan bir apriori yaranması tələb edir. Dürüstlük, yalan danışmamaq, insanın arvadını döyməməsi, uşaq yetişdirmək və dahası zəruri bir apriori olaraq düşünülməlidir: bu mövzuda bir az işləyəcək və  beləcə bu dəyərlərin düşünülə bilər dünyada yenə də var olmasına baxmayaraq, Tanrının olmadığını göstərə biləcəyik. Digər bir deyimlə, sanıram bu, Fransada radikalizm deyilən hər şeyə verilən mənadır; Tanrı yoxdursa, dəyişən bir şey olmaz, dürüstlük, irəliləmə və insanlıq anlayışlarının mahiyyətini təkrar kəşf edərik və bu modası keçmiş Tanrı fərziyyəsindən də xilas olmuş olarıq, onsuz da özbaşına tez unudulub gedəcək. Ekzistensialist bir kimsə kənardan Tanrının var olmamasını çox utanc verici sayır, çünki onunla birlikdə düşünülə bilən dünyəvi dəyərləri tapma ehtimalı da yox olur. Onu düşünəcək mükəmməl və sonsuz şüur olmadığı üçün heç bir yaxşı a priori də qalmaz. Heç bir yerdə, “‘yaxşı’ vardır, insan dürüst olmalıdır, yalan danışmamalıdır” yazılmaz, çünki yalnız insanın var olduğu bir ölçüdəyik.  F.Dostoyevski bir zaman  deyirdi, “əgər Allah yoxsa, deməli hər şey etmək olar”. Bu ekzistensializmin də istinad nöqtəsidir.

Ona görə ki insan tərk edilib, nə öz içində, nə də özündən kənarda heç bir dayağı yoxdur, o bəraətdən də yoxsundur.. O biri tərəfdən, Allah yoxdursa, deməli heç bir əxlaqi dəyərimiz də yoxdur və hərəkətlərimizi idarə edəcək ilahi əmrlər də mövcud deyil. Beləliklə, biz tənhayıq və bağışlanmazıq. Bax, məhz bunu mən: “İnsan azad olmağa məhkumdur” sözləriylə ifadə etmişəm. İnsan məhkumdur, çünki özü özünü doğmayıb, azaddır, ona görə ki, bu dünyaya “atılandan” burda tərk ediləndən sonra hər bir hərəkətinə cavabdehdir..

Dekart deyib: Dünyaya qalib gəlməkdən əvvəl özünə qalib  gəlməyi bacar. Özünü öz sənət əsərində ifadə etməkdən kənar heç bir dahi yoxdur. Marsel Prustun dahiliyi — onun əsərləridir.

İnsan öz həyatını yaşayır, öz obrazını yaradır və bu obrazdan başqa heç nəyi yoxdur. Əlbəttə həyatda uğur qazana bilməyənlər üçün bu çox amansız hökmdür, amma insanlar onu başa düşməlidirlər ki, ancaq varlıq var, arzular, ümidlər insanı yalnız  mücərrəd kabusların əsiri edər. Pikassonun şəkillərini müzakirə edərək demirikmi ki, bu nədir? Yaxşı başa düşürük ki, şəkil çəkərkən o, özünü yaradır, özü necədirsə, elə yaradır .Əxlaq məsələsi də belədir. Sənətlə əxlaq arasında ümumi ortaqlıq var ki, bu da hər ikisində yaradıcılığın və kəşfin olduğudur.

Biz əvvəldən nə etməli olduğumuzu müəyyən edə bilmərik. Yenə təkrar edirəm ki, insan özü özünü yaradar, bu ya digər əxlaq ülgüsünü seçərkən o, özünü müəyyənləşdirər, necə olacağını, nəyə yarayacağını özü seçər. İnsan mövcudluqdan əvvəl təyin oluna bilməz, çünki mövcudluqdan əvvəl heç bir şey deyildir o. Ancaq var olduqdan sonra bir şey olacaq, həm də özünü necə edibsə elə olacaq. Yəni insan insanlığını özü var edər. Başqaları, insanın həm mövcudluğu, həm də özünü bilməsi üçün lazımlıdır. Halbuki, yenə də özünü var edən yalnız insanın özüdür. Başqalarının içindən keçməsi var etdiyini qiymətləndirmək üçündür.

Deyirlər ki, biz başqasının barəsində mühakimə verə bilmərik. Bu həm doğrudur, həm də deyil. Doğrudur və ondan ötrü ki, bir insan səmimi olaraq və şüurlu şəkildə öz istiqamətini seçəndə ona başqa istiqaməti təklif etmək olmaz. Unutmayaq ki, bir baxıma  sənin bu seçimə münasibətin sənin özünün də varlığını müəyyən edir axı.? Mənə məsələnin qoyuluşuna görə də irad tutdular: Doğrudanmı ekzistensializmi humanizm sayırsınız? “Humanizm” sözünü iki ayrı və  müxtəlif mənada başa düşmək olar.

Humanizm təlimi insanı son məqsəd və ən böyük dəyər kimi qiymətləndirir. Amma humanizmi başqa cür də izah edə bilərəm. İnsan daimi dəyər deyil,  ancaq o, yalnız daima özünü yarada-yarada və itirə-itirə yekunda insan olacaq. Ekzistensializm də bax, bu anlamda humanizmdir. Bu mülahizələrdən aydın olur ki, bizə qarşı haqsız iradlar olub. Ekzistensializm davamlı ateizmdən nəticələr çıxarma cəhdidir. O, deyildiyi kimi, insanı ümidsizlik içinə atmır. Amma xristianlar etdiyi kimi hər bir bidəti ümidsizlik sayacaqlarsa, onda ilkin ümidsizlik təbiətin özündən doğur.

Ekzistensializm “Allahın yoxluğunu” isbat etməyə cəhd etmir, özünü buna sübut etmək üçün xərcləmir. O ayrı şey deyir: Əgər o varsa da, bu heç nəyi dəyişmir, İnsan bu halda da özü özünü yaradır. Bu bizim istinad nöqtəmizdir və bu o demək deyil ki, biz ona inanırıq.  İnsan özü-özünü tanımalı və əmin olmalıdır ki, əgər Allahın varlığı sübut olursa, daha kimsə insanın özünü ondan xilas edə bilməz. Bu mənada  ekzistensializm — nikbinlikdir, hərəkətə, əmələ təhrik edən təlimdir. Xristianlar isə öz ümidsizliklərini bizə aid edərək, bizi ümidsizlər adlandıra bilər.

 

Mənbəə https://www.marxists.org/reference/archive/sartre/works/exist/sartre.htm

Tibbi psixologiya və psixoterapiya ( N.V.İsmayılov , F.N.İsmayılov)

Redaktə etdi: Şəfiqə Babayeva

Ekzistensializm – humanizmdir // Jan-Pol Sartr

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin