Epistemologiya fəlsəfəsi və mövzusu

0

Epistemologiya sözü yunanca “epistemo” bilik, məlumat, “logos” təlim sözlərinin birləşməsiylə yaranmışdır. Adından da göründüyü kimi, bu fəlsəfə qolu biliyin nə olması ilə, onun necəliyi ilə maraqlanır. Epistemologiya fəlsəfəsi bizə elmi, dini, fəlsəfi, texniki, sənət biliklərinin fərqləndirilməsi baxımından da çox önəmlidir. Əsasən “bilik nədir və necə yaranır?”, “biliyin növləri və onların arasındakı bənzərliklər və fərqlər nələrdir?”, “biliyi əldə etməyin yolları nələrdir?”, “bilik fəaliyyətləri nələrdir?”, “biliyin qaynağı, problemi nədir?”, “biliyin doğruluğu və gerçəkliklə bağlılığı nələrdir?”, “doğruluğa, tam mütləq biliyə yetişə bilərikmi?”, “bilməyin məhdudluğu varmı?”, “insan nəyi tam və ya qismən bilə, anlaya, qavraya bilər?”, “biliyin dəyəri nədir?” kimi bilmək aktıyla bağlı sualları cavablamağa və bu kimi problemləri həll etməyə çalışır. Fəlsəfənin bu qolu antik dönəmdən günümüzə qədər filosofların beynini məşğul etmişdir.
Bilik nədir və necə yaranır? Bilik, biliyi anlaya bilən subyektin, yəni insanın bilinənə, yəni obyektə yönəlməsiylə ortaya çıxır. İnsan duyğu üzvləri ilə hiss etdiyi obyekti bilik fəaliyyətləriylə şərh edir və bağlantı qurur. Bilik fəaliyyətlərini qurmaq üçün duyğu orqanlarından gələn siqnallara və bu siqnalları emal edən beynə ehtiyac var. İnsan beyninə həyatı boyunca ətraf mühitdəki obyektlərdən görmə, eşitmə, qoxu bilmə, toxunma kimi duyğu orqanları vasitəsiylə siqnallar gəlir, bunları beynində bilik fəaliyyətləri ilə emal edir və bağlantı quraraq informasiya yaradır. Bir nümunə ilə məsələni aydınladaq: bir insan evə gəlir və çox sevdiyi yeməyin iyini (duyğu orqanı olan burnu ilə) hiss edir, bununla beynində yeni informasiya yaranır (onun sevdiyi yemək bişirilib). Demək ki, bilik subyekt və obyekt arasındakı bağlantının nəticəsidir və bu bağlantıdan yaranır. Qısacası, biliyi duyğularımızın və anlama, başa düşmə, düşünmə kimi beyində gerçəkləşən bilik fəaliyyətlərinin yardımı ilə əldə edirik.
Biliyin növləri nələrdir? Epistemologiya fəlsəfəsində bilik, istifadə sahələrinə və əldə edilmə yollarına görə gündəlik, elmi, fəlsəfi, dini, texniki və incəsənət bilikləri kimi fərqli şəkillərdə bölünür.
Gündəlik bilgi insanın şəxsi həyat təcrübəsinə dayanır. Bu növ bilik, ümumilikdə həyatı asanlaşdıran xarakterdə olur. İnsandan insana, nəsildən-nəslə ötürülə və toplana bilir. Əldə etməyin dəqiq bir forması yoxdur.
Elmi biliyin ayırd edici özəllikləri obyektiv və şübhəçi olması, bundan əlavə, elmi təcrübəyə, sınağa, müşahidəyə, yəni elmi metodlara dayanmasıdır. Elmi bilik şübhə üzərinə qurulduğundan zamanında elmə qəbul edilmiş yalnış biliklər üzə çıxdıqda daha doğru və düzgünləri ilə dəyişdirilə bilər. Yəni elmi bilik mütləqçi, qatı, mühakiməsi qadağan olan bilik növü deyil, tam tərsi, yalnışdırsa, yalnış doğrusuyla əvəzlənə bilər. Elmi bilik növündə elmi metodlarla yanaşı, düşünmə, anlama, məntiqi mühakimə fəaliyyətlərinə də önəm verilir.
Fəlsəfi bilik subyektivdir və məntiqi mühakimə etmək üzərinə qurulmuşdur. Qatı və dəyişməz olmadığından məntiqə önəm verdiyindən elmi biliklə bənzər yönü var. Amma subyektiv olduğundan elmlə fərqlilik göstərir. İnsan fəlsəfi düşünmə və biliklər ilə içində yaşadığı cəmiyyətin hüquq və əxlaq normalarını, iqtisadi, siyasi, sosial sistemini (ən yaxşı necə yaşamalı?), varlığın və həyatın məqsədini, anlamını, dəyərini, ətrafında yaşanan dini inancları və.s. sorğulayıb məntiq süzgəcindən keçirir. Bizə hüquq, siyasət, iqtisadiyyat fəlsəfə qolları ilə ideal qanunlar, iqtisadi və siyasi sistemlər verməyi hədəflədiyindən insanlıq yaşamında çox önəmi yerə sahibdir.
Texniki bilik də həyatı asanlaşdıran tibbi, nəqliyyat, informasiya kimi yararlı texnologiyaları verən çox vacib və lazımlı bilik növüdür. Mühəndislər və mucidlərin, həyatımızı asanlaşdırmaq, özümüzü təhlükələrdən qorumaq üçün, keçmişdən günümüzədək etdikləri bütün icadların üst-üstə, nəsillər boyu toplanması ilə ortaya çıxmışdır. Texniki bilik bacarıq və düşünmə fəaliyyətlərinə dayanır. İnsan texniki biliklərini istifadə edərək ətrafdakı təbii təhlükələrdən qorunsun deyə ev tikir, suda üzmək üçün gəmilər, daha sürətli hərəkəti üçün təyyarələr, avtomobillər və s. istehsal edir. Uzaq məsafədən bir-birimizə informasiya ötürmək üçün də texnoloji biliklərimizi işə salıb telefon, kompüter, televizor kimi texnologiyalar yaradırıq, hətta biz insanlığı kosmosu fəth edən canlı ünvanına qaldırdığına görə də bu bilikləri bizə verən beyinlərə şükr etməliyik.
Dini bilik inanc təməllidir və müqəddəs, dəyişməz, mütləq həqiqət və vəhy olduğu iddia edilən yazılara dayanır. Onu da bildirməkdə fayda var ki, bu bilgi növünün, çox zaman, mühakiməsinə imkan verilmir. Bu yazılar yaradıcı olduğuna inanılan hər hansı bir varlığın (və ya varlıqların) yaratdığıyla əlaqəsi, onun (və ya onların) yaratdıqlarına olan sözləri sayılır, ”Yaradıcı”nın “yaradıqlarında” görmək istədiyi ən yaxşı davranışları ehtiva etdiyi inananları tərəfindən iddia edilir. Dini bilgi ən çox tənqid olunan bilgi növlərindəndir. Çünki fövqəltəbii olan varlıqların mövcud olduğunu iddia edirlər ki, iddia edilən varlıqların mövcudluğu fizika qanunlarından kənar olduğunu üçün pozitiv elmi metodlarla isbatlana bilməz.
İncəsənət biliyi gözəllik haqqında olub subyekt və obyekt arasında bəyənmək fəaliyyəti ilə qurulan bağdan ortaya çıxır. Sənətçi bu biliklərlə hisslərini, duyğularını, fikirlərini maddiləşdirə bilir. Məsələn, bir rəssam ağlında olan düşüncələri çox gözəl bir əsərlə ifadə edib insanların bəyənməsinə təqdim edə bilər, eyniylə bir şair, musiqiçi və yazar kimi.
Biliyin qaynağı məsələsi bilgi fəlsəfəsinin əsas məsələlərindən biridir. Problem ümumi olaraq “zehin, ağıl, düşünmə bacarıqlarımız, yoxsa duyğu orqanlarımızla şahid olduğumuz təcrübələr biliyin əsas qaynağıdır?” sualı üzərində yaranmışdır. Bu suala ağıl və təcrübəyə nəzər yetirməklə cavablar verilir. Ümumi olaraq, bəzən filosoflar bu iki qavramlardan birini (ya ağlı, ya da təcrübəni) əsas qaynaq olaraq göstərərkən, bəziləri qaynaq olaraq ikisinə bərabər şəkildə önəm verir, yəni onlara görə ağıl ya da duyğularla şahid olduğumuz təcrübə bir arada olmasa, bilik yarana bilməz. Gəlin, biliyin qaynağına cavab verməyə çalışan fəlsəfi fikirlərdən bəziləri (rasionalizm empirizm və kritizmlə) ilə tanış olaq.
Rasionalizm biliyin qaynağının təcrübələr və duyğu orqanlarımız deyil, ağılın özü olduğunu, doğru biliyin yalnız ağılla qavrana biləcəyini vurğulayan fəlsəfi nəzəriyyədir. Rasionalizmə görə, ağıl hər cür təcrübədən öndədir. Buna görə də, rasionalizm emprizmin qarşılığıdır deyə bilərik. Antik yunan filosoflarından Parmanides bu fikrin ilk müdafiəçisi kimi sayıla bilər. Ona görə duyğular dəyişkən (aldadıcı) olduğundan biliyin təməli ola bilməzlər, buna görə biliyin təməli duyğu deyil ağlın dəyişməyən qanunlarıdır. Parmanidesin tələbəsi olan Zenon duyğularımıza güvənilməyəcəyini paradokslarla açıqlayır və ardında rasionalist fikrini təməlləndirir. Platon və Aristoteli də rasionalist saymaq olar. Dekart, Spinoza və Leibniz kimi məhşur filosoflar da bu fkrin müdafiəçiləri sırasındadır
Yaxşı, bəs, bu empirizm anlayışı nədir? Empirizmə görə, insan beynində doğuşdan gələn bilik yoxdur, insan biliyi həyatda yaşayaraq, duyğu və ya hisslərimizlə təcrübə edərək öyrənir. Yəni beynimizdəki biliyin qaynağı duyğu üzvlərimiz və təcrübələrimizdir. Doğru biliyə ancaq müşahidə və təcrübələrimizlə yetişə bilərik. İnsan beynində doğuşdan bilik yoxdur, boş bir lövhədir (tabula rasa’dır) insan yaşayır, duyğu orqanları və təcrübələrlə öyrənir. Empirist filosoflara Devid Yum, Con Lok, B. Rasl və.s. göstərmək olar. Empirizm pozitivizmə olduqca bənzərdir.
Kritisizm “tənqid etmək, ayırd etmək” kimi anlamlara gələn yunan sözü “kriteke”dən törədilmişdir, dahi alman filosofu İmanuel Kantın rasionalizmi və empirizmi uzlaşdırmasından ortaya çıxmışdır. İmanuel Kant “bilik təcrübə ilə başlayar, ancaq ondan doğmaz” deyə qısa açıqlama da gətirmişdir. Kanta görə, ağıl, duyğu orqanları və təcrübə ayrılıqda, tək-tək biliyin qaynağı sayıla bilməz. Rasionalistlərin doğuşdan gəldiyini söylədikləri ağılla, empiristlərin təcrübə dedikləri saf şeylərdir. Kritizm biliyin qaynağında hər iki ünsürün (ağıl və təcrübənin) önəmli rolu olduğunu bildirir. Yəni duyğu orqanlarımızla şahidlik etdiyimiz təcrübələr (aposteriori) ağıl vasitəsi ilə düşünülüb tam biliyə çevrilir.
Doğruluq və gerçəklik haqqında. Doğruluq insanın ağlında olan və obyektə uyğun düşüncədir, yəni obyektlə subyekt arasında qurulan bağın uyğunluğudur. Biliyin doğru olması üçün anlamlı və məntiqli olması şərtdir. Gerçəklik, başqa sözlə reallıq maddi aləmdə mövcud olan varlıqdır, bir sözlə bilinən obyektin özüdür
Doğru biliyə yetişə bilərik, ya yox? Ümumi olaraq filosoflar bu suala iki cür:  “xeyr, yetişə bilmərik” və “bəli, yetişə bilərik” şəklində cavab vermişlər. Doğru biliyə yetişməyin imkansızlığını müdafiə edən görüşlərə septizm və sofizmi örnək vermək olar. Septizm, başqa adı ilə skeptizm bütün hər növ fikrə şübhə ilə yanaşan, ağlın kəsin, mütləq bilgi əldə edə bilməyəcəyimizi müdafiə edən, həqiqətə çatsaq belə, daim şübhə içində olmalı olduğumuzu müdafiə edən fəlsəfi bir düşüncə tərzidir. Skeptizm mütləq doğru biliyin mümkünlüyünü bildirən doqmatizmə qarşı gəlib, mühakiməsi qadağan olan, qatı və dəyişməz fikirləri kökündən sarsdığından, fəlsəfi və elmi mühakiməyə zəmin yaratdığından düşüncə tarixində önəmli yer tutmuş fəlsəfi düşüncədir. Piron (e.ə. 365-275), Timon (e.ə. 320-230) ilk skeptik filosoflar olduğuna görə adlarını çəkmək önəmlidir. Sofizm insanın nisbi fikirli olduğunu vurğulayır. Doğruluqların insandan insana dəyişən, yəni nisbi olduğunu, buna görə də, hər kəsin bir bilgi üstündə ortaq fikrə gələ bilməyəcəyini iddia edən fəlsəfi baxış tərzidir. Ən tanınmış sofist filosoflara Protaqoras və Qorgiası misal çəkmək olar. Qorgias fikrini qısa olaraq belə ifadə edir “gerçəklik yoxdur, olsa da bilinə bilməz, bilinsə də, başqalarına çatdırıla bilməz”. Doğru biliyin mümkünlüyünü müdafiə edən əsas fəlsəfi görüşlər bunlardır: rasionalizm, empirizm, kritizm, pozitivizm, praqmatizmi və s.  Rasionalizm doğru biliyə ağılla, empirizm təcrübə ilə, kritizm ağıl və təcrübə ilə, pozitivizm elmi metodlarla, praqmatizm yarar və fayda ilə çata biləcəyimizi bildirir.
Biliyin dəyəri məsələsi. Biliyin dəyər özəlliyi bu problemin əsas mövzusudur. Subyekt və obyekt əlaqəsindən yaranan bilikdə yalnış və doğru anlayışlarına konsentrasiya olub bu haqda suallar verərək cavablar axtarır.
Bilməyin məhdudluğu varmı?, İnsan nəyi tam və ya qismən bilə, anlaya, qavraya bilər?”
Bu məsələ biliyin əldə edilməsi məsələsiylə də əlaqəlidir. Belə ki, biliyi əldə etməyin yolunun təcrübə olduğunu söyləyən bir fəlsəfəçi üçün biliyin hüdud xətti təcrübə və duyğu orqanları ilə, rasionalist fəlsəfəçilər üçün isə ağılın məhdudluğu ilə çəkilmişdir. Ümumən biliyin əldə edilməsi ağıl və duyğu orqanlarımızla məhdudlaşır.

Qaynaq: Britanika Ensklopediyası ( www.britannica.com/topic/rationalism www.britannica.com/topic/empiricism www.britannica.com/topic/epistemology#toc247960 )

 

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin