Eqoist və fədakar davranışlar

0

Riçard Dokinzin (Richard Dawkins) “Eqoist gen” kitabından müxtəlif heyvanların həyat tərzlərindəki eqoist və fədakar davranışları göz önünə qoyan bir hissəni tərcümə etdim.

Üzdə eqoist və üzdə fədakar davranışlara dair bəzi misallar gətirəcəyəm. Öz növümüzdən danışdığımız zaman subyektiv düşünmə vərdişlərimizi kənara qoymaq çətin olur, bu səbəbdən də, misalları digər heyvanların həyatından seçəcəyəm. Əvvəlcə, fərdiyyətçi həyat tərzi keçirən heyvanlardan başlayaq.

Qarabaş qağayılar böyük icmalar halında yuvalar qururlar və yuvalar bir-birlərinə 1m qədər yaxın olur. Balalar yumurtadan ilk çıxdıqları zaman kiçik və müdafiəsiz halda olurlar və onları asanlıqla uda bilərlər. Bu qağayılar üçün qonşusunun arxasını dönməsini və ya balıq ovlamağa getməsini gözləyib, sonra da həmin qonşunun balasının üzərinə atılıb onu bir həmlədə udmaq çox rast gəlinən haldır. Belə edərək balıq ovlamaq zəhmətinə girmədən və ya öz yuvasını müdafiəsiz buraxmadan gözəl bir qida əldə etmiş olurlar.

Daha yaxşı bilinən bir misal isə dişi dəvədəlləyinin dəhşətli barbarlığıdır. Dəvədəlləyi iri və ətyeyən böcəkdir. Normal halda özlərindən daha kiçik böcəkləri yeyirlər, məsələn, milçəkləri. Amma, demək olar ki, hərəkət edən hər şeyə də hücum edə bilirlər. Cütləşdikləri zaman erkək ehtiyatlı bir şəkildə dişinin üzərinə dırmaşır, təpəsinə çıxır və onunla əlaqəyə girir. Əgər dişi fürsət tapsa, istər erkək cütləşmə üçün yaxınlaşsın, istər üzərinə dırmaşsın, istərsə də cütləşdikdən sonra ayrılsın, fərqi yoxdur, erkəyi yeyir və buna da erkəyin başını dişləyərək başlayır. Dişi üçün ən məntiqlisi erkəyi yeməyə başlamaq üçün cütləşmənin bitməsini gözləməkdir. Ancaq başın itirilməsi erkəyin bədəninin cütləşmə hərəkətlərini dayandırmır. Əslində, böcəklərin başı bəzi məhdudlaşdırıcı sinir mərkəzlərini ehtiva etdiyinə görə dişinin erkəyin başını yeyərək onun cinsi qabiliyyətini daha da artırmış olması mümkündür. Əgər belədirsə, bu da əlavə bir faydadır. Əsas yarar isə dişinin yaxşı bir qida əldə etmiş olmasıdır.

Erkək böcəklərlə bağlı bu qəribə faktı bir əməkdaşımın caddis milçəkləri üzərində etdiyi araşdırma haqqında danışarkən öyrəndim. Caddisləri laboratoriyada cütləşdirmək istədiyini, amma nə qədər çalışsa da, onları cütləşməyə məcbur edə bilmədiyini deyirdi. O anda böcək elmləri professoru ön sıradan qışqıraraq, sanki, gözdən qaçırdığı və hamı tərəfindən bilinən bəsit bir şeyi dedi: “Başlarını qoparmağı yoxlamamışdınız ki?”

Bəlkə də, cənub qütbü pinqvinlərinin qeydə alınmış qorxaqca davranışlarını belə barbarlıqlardan çox simpatiya ilə qarşılayırıq. Pinqvinlərin suyun tam girəcəyində dəniz şirləri tərəfindən yeyilmək təhlükəsi olduğuna görə suya girmədən öncə tərəddüdlə dayanıb gözlədikləri görülüb. İçlərindən sadəcə biri suya girə bilsə, digərləri suda dəniz şirinin olub olmadığını öyrənə biləcək. Təbii ki, heç biri yem olmaq istəmir və hamısı birlikdə gözləyirlər və bəzən də bir-birlərini suya itələməyə belə çalışırlar.

Daha adi vəziyyətlərdə eqoist davranış qida, bölgə və ya cinsi partnyor kimi dəyərli bir mənbəni paylaşmamaq üçün olur. İndi isə açıqca fədakar olan davranışlara bir neçə misal gətirək.

İşçi arıların sancması bal oğrularına qarşı çox yaxşı müdafiədir. Ancaq sancan arılar kamikadze döyüşçüləridir. Sancma zamanı arının həyati önəm daşıyan iç orqanları da parçalanaraq bədən xaricinə çıxır və arı bir müddət sonra ölür. İntahar missiyası koloniyanın həyati qida depolarını qorumuş olur, ancaq intihar edən arı bu hərəkətinin faydalarını görə bilmək üçün orada olmayacaq.

Bir fərdin yoldaşı üçün həyatını ortaya qoyması açıq bir şəkildə fədakarlıqdır, ancaq yoldaşı üçün kiçik bir risk almaq belə eyni şəkildə fədakar davranışdır. Bir çox kiçik quşlar şahin kimi bir yırtıcı gördükləri zaman “xəbərdarlıq siqnalı” çalırlar və beləcə sürü həmin anda mümkün olan qaçma manevrini işə salır. Xəbərdarlıq siqnalını verən quşun yırtıcının diqqətini digərlərinin arasından özünə çəkdiyi üçün özünü normaldan daha böyük təhlükəyə atması ilə bağlı dolayı sübutlar tapmaq mümkündür. Bu, quşun içində olduğu təhlükəni sadəcə az bir miqdarda artırır, amma yenə də tərifə əsasən, fədakar bir davranış kimi adlanmağa layiq olduğu görünür.

Ən çox rast gəlinən fədakar davranışlar valideynlər tərəfindən (xüsusən, analar) balaları üçün edilir. Onlar kürt yatır və ya balalarını bədənlərində daşıyırlar, özlərinə böyük zərərlər verməsi bahasına da olsa, onları bəsləyir və ovçulardan qorumaq üçün böyük təhlükələrə atılırlar. Sadəcə bir misal versəm, yerə yaxın yuva quran quşların çoxu tülkü kimi bir ovçu yaxınlaşdığı zaman “diqqət yayındırma” deyilən bir hərəkətə baş vururlar. Valideyn olan quş yuvadan axsayaraq ayrılır və bu zaman da bir qanadını sanki qırıqmış kimi göstərir. Asan ovu sezən yırtıcı balaların olduğu yuvadan uzaqlaşır. Valideyn quş son anda yalanını ifşa edir və tülkünün dişlərindən qaçmaq üçün düz vaxtında ani hərəkətlə havaya qalxır və qaçır. Böyük ehtimalla yuvadakıların həyatını qurtarır, ancaq, eyni zamanda, öz həyatını da təhlükəyə atır.

Mənbə:

Richard Dawkins – “The Selfish Gene”

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin