FƏLSƏFƏ NƏDİR? #2

0

Fəlsəfə nədir?

Adamların çoxunun hobbisi olur. Bəziləri qədimi sikkə, bəziləri marka yığır, kimi tikiş tikir, kimi də asudə vaxtının çoxunu hansısa idmana ayırır. Çox adam oxumaqdan zövq alır. Amma oxu zövqləri də bir-birindən çox fərqlənir. Bəziləri yalnız qəzet, bəziləri gülməcə oxuyur, biri roman xoşlayır, biriləri isə astronomiya, vəhşi təbiət və ya texniki ixtiralar haqda kitabları üstün tuturlar. Əgər mən atlar, yaxud da qiymətli daşlar haqda oxumağı xoşlayıramsa, heç də hamı mənim bu həvəsimlə şərik olmalı deyil. Mən televiziyadakı hər cür idman verilişlərinə böyük həvəslə baxıramsa, başqalarının idmanı darıxdırıcı saymasıyla da razılaşmalıyam. Bəs bizim hamımızı maraqlandıran eyni bir şey yoxdurmu? Kim olmasından və dünyanın harasında yaşamasından asılı olmayaraq, biz insanların hamısına aid olan bir şey varmı? Var, əzizim, var. Elə suallar var ki, hər bir insanı maraqlandırır. Bu kurs da məhz o suallar haqqındadır. Həyatda ən başlıca şey nədir? Aclıq həddində yaşayan hər hansı adamdan bu sualı soruşsaq, cavab verər ki, yemək. Soyuqdan ölməkdə olan adam deyər – istilik. Bu sualı təcrid olunmuş bir yerdə tənha ömür sürən birisindən soruşsaq, yəqin ki, cavab insanlar arasında, başqalarıyla birgə yaşamaq olacaq. Bəs bu zəruri ehtiyaclar ödəndikdən sonra, elə bir şey olacaqmı ki, ona hər kəsin, hamının ehtiyacı var? Filosofların fikrincə, hə! Onlar inanır ki, insan təkcə çörəklə yaşaya bilməz. Əlbəttə, qida hamıya lazımdır. Sevgi və şəfqət də. Lakin burada başqa bir şey də var, elə bir şey ki, onu anlamağa hamının ehtiyacı var: biz kimik və niyə buradayıq. Bu suallarla maraqlanmaq marka yığmaq kimi ötəri maraq deyil. Belə suallar verən adam bu planetdə insan mövcud olandan bu yana gedən bir dartışmaya qoşulur. “Kainat, Yer kürəsi, həyat necə yaranıb” sualı “Olimpiya oyunlarında kim daha çox qızıl medal uddu” sualından daha böyük və əhəmiyyətli sualdır. Fəlsəfəyə yaxınlaşmağın ən yaxşı yolu bir neçə fəlsəfi sual verməkdir: Dünya necə yaranıb? Baş verənlərin arxasında hər hansı bir iradə və ya məna varmı? Ölümdən sonra həyat mövcuddurmu? Biz necə yaşamalıyıq? İnsanlar minillər boyu bu sualları veriblər. Elə bir mədəniyyət yoxdur ki, “insan nədir və dünya necə yaranıb” suallarıyla maraqlanmasın. Əslində fəlsəfi sualların sayı elə də çox deyil. Biz artıq bir neçə vacibini yazdıq. Lakin tarix bu sualların hər birinə görə, bizə cürbəcür cavablar təqdim edir. Beləliklə, fəlsəfi suallar vermək onlara cavab verməkdən asandır. Bu gün hər bir insan bu suallara öz cavabını verməli olur. Tanrının və ya ölümdən sonra həyatın olub-olmadığını ensiklopediyaya baxmaqla bilə bilməzsən. Ensiklopediya bizə necə yaşamalı olduğumuzu da demir. Buna baxmayaraq, başqa insanların bu haqda fakirlərini oxumaq həyata öz baxışımızı formalaşdırmaqda kömək ola bilər. Filosofların həqiqəti axtarması detektiv hekayələri xatırladır. Bəziləri hesab edirlər ki, qatil Andersendir, bəziləri isə düşünürlər ki, bu, Nelsen və ya Censendir. Polislər bəzən cinayət işini həll edə bilirlər. Elə də olur ki, cinayətin kökünə gedib çıxa bilmirlər, bunun həlli olsa da, onlar çözüb üzə çıxarmaqda aciz qalırlar. Beləliklə, suala cavab verməyin çətinliyinə baxmayaraq, o cavab – bir və tək bir doğru cavab mövcud olur. Ölümdən sonra həyat ya var, ya da yoxdur. İndi çoxdankı müəmmaların bir çoxunu elm izah edib. Ayın qaranlıq tərəfinin nə olması nə vaxtsa mübhəm, sirlərlə örtülü idi. Bu, müzakirəylə həll olunası məsələlərdən deyildi, insan Ayın nə olması barədə xəyallara dalırdı. Lakin bu gün biz dəqiq bilirik ki, Ay nədir, daha heç kəs Ayda yaşayan adama, yaxud Ayın təzə pendirdən düzəldildiyinə “inana” bilməz. Günümüzdən iki min ildən daha uzaq bir vaxtda yaşamış yunan filosofu hesab edirdi ki, fəlsəfə öz mənşəyini insanın təəccüblənmək hissindən götürür. İnsan düşünüb ki, yaşamaq necə də qəribədir və fəlsəfi suallar beləcə, öz-özünə yaranıb. Sehrbaz nömrəsi kimi. Başa düşə bilmirik ki, sehrbaz nəyi necə edir, axı necə olur ki, bir neçə ağ ipək şarfı canlı bir dovşana çevirir! Sehrbaz indicə içinin boş olduğunu göstərdiyi silindr şlyapadan qəfildən dovşanı çıxaranda tamaşaçılar necə şübhəylə baxırlarsa, bəzi insanlar da dünyaya elə baxırlar. Dovşan məsələsində biz bilirik ki, sehrbaz nömrə göstərir. Biz onun yalnız bunu necə etdiyini bilmək istəyirik. Dünya məsələsində isə bu, bir qədər fərqlidir. Biz bilirik ki, dünya aldatmaca, fokus deyil, çünki özümüz də onun içindəyik, onun bir hissəsiyik. Əslində biz şlyapadan çıxarılan ağ dovşanıq. Onunla bizim aramızda yeganə fərq odur ki, dovşan bunun bir sehrbazlıq nömrəsində baş verdiyini başa düşmür. Bizsə əksinə. Nəsə sirli-sehrli bir işin bir parçası olduğumuzu hiss edirik və bütün bunların necə baş verdiyini bilmək istəyirik. P.S. Əslində dovşanı kainatla müqayisə etmək daha yaxşı olardı. Biz dovşanın kürkündə tüklərin arasında yaşayan mikroskopik varlıqlarıq. Filosoflar isə daim çalışırlar ki, bu tüklərin yuxarısına dırmaşsınlar və sehrbazın düz gözlərinin içinə baxsınlar. Davamı olacaq…

*Jostein Gaarder. Sofinin Dünyası

 

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin