Fəlsəfə Tarixi #5 – Qədim Yunan filosofları

2

Əvvəlcə 3 sual haqqında düşün:

Bütün hər şeyin ondan yaradıldığı ilkin bir substansiya varmı?

Su şəraba dönə bilərmi?

Torpaq və sudan qurbağa necə əmələ gələ bilər?

Yenə xoş gördük!

Ağ dovşan və bu kimi şeylərlə başını çox qatmadan birbaşa bugünkü dərsimizə keçid alaq. Qədim yunanlardan bugünədək insanların fəlsəfə haqda düşüncə tərzlərini ümumi şəkildə təsvir edəcəyəm. Lakin sırayla. Bəzi filosoflar müxtəlif dövrlərdə və bizimkindən tam fərqli mədəniyyətlərdə yaşadıqlarından yaxşı olardı ki, hər bir filosofun layihəsinin nə olduğuna diqqət yetirək. Layihə deyərkən mən hər bir filosofun xüsusi olaraq, nəyi araşdırmağa meyilli olduğunu nəzərdə tuturam. Bəzi filosoflar bitkilərin və heyvanların necə əmələ gəlməsini bilmək istəyirdilər. Digərləri “Tanrı və ya ölməz ruh varmı” sualı ilə məşğul idilər. Heç bir filosof özünü bütün fəlsəfəyə həsr etməyib, ona görə də hər bir filosofun konkret layihəsinin nə olduğunu müəyyənləşdirsək, o kişilərin fikir yolunu izləmək asan olacaq. Kişilərin fikir yolu – dedim, çünki keçmişdə qadınlar həm qadın, həm də düşünən varlıq kimi boyun əyməyə məruz qalmışdılar, bu çox kədərlidir, axı nəticə etibarilə, çoxlu önəmli təcrübələr, fikirlər əlimizdən çıxıb, itib. Əsrimizə qədər qadının fəlsəfə tarixində iz qoyması mümkün deyildi.

Təbiət filosofları

Erkən yunan filosoflarına bəzən təbiət filosofları da deyirlər, çünki onlar əsasən təbiət və onda gedən proseslərlə məşğul idilər. Artıq özümüzə sual vermişik ki, aləm necə əmələ gəlib? Günümüzdə bir çox insanlar fərz edirlər ki, nə vaxtsa “nə isə” heçlikdən əmələ gəlib. Yunanlar arasında bu fikir o qədər də yayılmış deyildi. Bu və ya digər səbəbdən onlar hesab edirdilər ki, “nə isə” həmişə mövcud olub. Heçlikdən “nə isə” necə yarana bilərdi – bu, mühüm sual deyildi. Yunanlar bu məsələnin digər tərəfilə maraqlanırdılar; balıq sudan, nəhəng ağaclar və rəngarəng təravətli çiçəklər qara torpaqdan necə əmələ gələ bilər? Hələ heç “uşaq insandan necə əmələ gələ bilər” məsələsini demirik. Filosoflar öz gözlərilə müşahidə edirdilər ki, təbiət daimi dəyişmədədir. Bəs bu dəyişiklik necə olur ki, baş verə bilir? Məsələn, hər hansı bir şey substansiya olduğu halda canlı bir varlığa necə çevrilir? İlk filosofların hamısı bütün dəyişikliklərin kökündə ilkin bir substansiya olmasında həmfikir idilər. Bu qərara necə gəlmişdilər, bax, bunu demək çətindir. Biz yalnız onu bilirik ki, təbiətdəki bütün dəyişikliklərin gizli səbəbi olan ilkin substansiya haqda anlayış tədricən dolğunlaşıb. Onların fikrincə, elə bir şey mövcuddur ki, hər şey ondan yaranıb və ona da geri dönür. Bizcə, əsas məsələ bu erkən filosofların hansı nəticələrə varmaları deyil, əslində nə kimi suallar qaldırmaları, nə kimi cavablar axtarmalarıdır. Bizə onların nə düşünməsindən daha çox necə düşünmələri maraqlıdır. Bildiyimiz kimi, onlar fiziki aləmdə müşahidə etdikləri dəyişikliklərlə bağlı suallar qaldırıblar. Onlar təbiətin arxasında duran qanunları axtarıblar. Onlar qədim miflərə üz tutmadan ətraflarında nə baş verdiyini anlamaq istəyiblər. Ən önəmlisi, təbiəti öyrənməklə əsl prosesləri başa düşməyə çalışıblar. Bu, ildırımı, şimşəyi, qışı, yazı tanrılar haqda rəvayətlər danışmaqla izah etməkdən tamamilə fərqlənirdi. Beləliklə, fəlsəfə tədricən özünü dindən ayırdı. Təbiət filosofları demək olar ki, elmi təfəkkür istiqamətində ilk addımı atdılar, elmin əcdadları oldular. Təbiət filosoflarının dedikləri və yazdıqlarından əlimizə yalnız fraqmentlər gəlib çatıb. Bildiyimiz cüzi məlumatlar iki əsr onlardan sonra yaşamış Aristotelin  əsərlərində tapılıb. O, yalnız həmin filosofların gəldikləri nəticələrə istinad edir. Odur ki, onların hansı yolla bu nəticələrə çatdıqlarını biz heç də həmişə bilmirik. Lakin əlimizdə olan məlumatlar deməyə əsas verir ki, erkən yunan filosoflarının layihələri ilkin yaradıcı substansiya və təbiətdəki dəyişikliklər məsələsinə həsr olunmuşdu.

                                          Miletli üç filosof

ilk filozoflar ile ilgili görsel sonucu

Yunanıstanın Kiçik Asiyadakı müstəmləkəsi Miletdə anadan olmuş Fales tanıdığımız birinci filosofdur. O, çox ölkələr gəzmişdi. Gəzdiyi ölkələrdən biri Misir idi. Deyirlər, Misirdə olanda piramidanın hündürlüyünü ölçübmüş. Bunun üçün öz kölgəsinin uzunluğu ilə öz boyunun ölçüsü bir-birinə tam bərabər olan vaxt piramidanın kölgəsini ölçüb. Belə bir məlumat da var ki, o, eramızdan əvvəl -ci ildə qabaqcadan gün tutulmasını dəqiqliklə xəbər verib. Falesə görə, hər şey sudan yaranıb. Biz bilmirik ki, o, bununla dəqiq nəyi nəzərdə tutub, ola bilsin, onu nəzərdə tutub ki, həyat sudan əmələ gəlir və yenidən əriyərək suya dönür. Çox güman ki, Misirə səfərləri vaxtı Nil çayının daşqınları Nil Deltasındakı ərazilərdən çəkilən kimi məhsulun necə yetişməsini müşahidə etmişdi. Ehtimal ki, yağışdan dərhal sonra qurdların və qurbağaların da peyda olmasını görmüşdü. Görünür, Fales suyun buza, yaxud buxara – və yenidən suya dönməsi səpkisində fikir yürüdürdü. Belə bir fikrin də Falesə məxsus olduğu güman edilir: “Şeylər tanrılarla doludur”. Bununla nəyi nəzərdə tutduğunu yalnız güman edə bilərik. Çox güman ki, qara torpağın çiçəklərdən, meyvələrdən həşəratlara qədər hər şeyin mənbəyi olduğunu görərkən Fales təsəvvür edib ki, torpaq xırda gözəgörünməz “həyat mikroblarıyla” doludur. Bir şey dəqiqdir ki, o, bu fikrində qətiyyən Flomerin tanrılarını nəzərdə tutmayıb. Haqqında məlumat aldığımız növbəti filosofun adı Anaksimander olub. O da Miletdə, Faleslə təxminən eyni vaxtda yaşayıb. O düşünürdü ki, bizim yaşadığımız dünya əngin bir şeyin içərisində yaranan və məhv olan çoxlu dünyalardan yalnız biridir. “Əngin” deyərkən nəyi nəzərdə tutduğunu izah etmək asan deyil, amma aydın görünür ki, o, Falesin ehtimal etdiyi üsulla məlum bir substansiya haqda düşünmürdü. Bəlkə də o, fikirləşirdi ki, bütün şeylərin mənbəyi olan substansiya yaradılmışlardan nə isə fərqli bir şey olmalıdır. Bütün yaradılmış şeylər sonlu, məhdud olduğundan, onlardan əvvəl və sonra gələn şey “ənginlik” olmalıdır. Buradan isə aydın olur ki, o ilkin maddə su kimi adi bir şey ola bilməz. Miletdən olan üçüncü filosof Anaksimen (e.ə. – ) idi. O, bütün şeylərin mənbəyini hava və ya buxar hesab edirdi. Anaksimen, əlbəttə ki, Falesin su nəzəriyyəsi ilə tanış idi. Bəs su özü nədən yaranıb? Anaksimenə görə, su sıxılmış havadır. Biz müşahidə edirik ki, yağış yağanda hava sıxılaraq suya çevrilir. Onun fikrincə, su bir qədər də sıxılsa torpağa dönər. Yəqin ki, o, əriyən buzdan torpaq və qum çıxdığını görmüşdü. O, həmçinin bu fikirdəydi ki, od – seyrəlmiş havadır. Beləcə, Anaksimenə görə, hava – torpağın, suyun və odun mənbəyidir. Bununla da su ilə torpağın bəhəri arasında elə də böyük fərq qalmırdı. Ehtimal ki, Anaksimen torpaq, hava, od və suyun həyatın yaradılışında zəruri olduğunu, lakin bütün şeylərin mənbəyinin hava, yaxud buxar olduğunu düşünürdü. Beləliklə, Fales kimi o da təbiətdəki dəyişikliyin mənbəyi, hər şeyin əsası olan bir substansiyanın varlığını qəbul edirdi. Heçlikdən heçlik törəyər Bu üç Miletli filosof hər şeyin əsası kimi vahid ilkin substansiyanın mövcudluğuna inanıb. Amma bir substansiya birdən-birə necə başqa bir şeyə çevrilə bilər? Gəl, bunu “çevrilmə problemi” adlandıraq. Eramızdan əvvəl -cü ildən başlayaraq, yunanların Cənubi İtaliyadakı Eley müstəmləkəsində bir qrup filosof yaşayırdı. Həmin Eleylilər məhz, bu məsələylə çox maraqlanırdılar.  Bu filosofların ən önəmlisi Parmenid (e.ə. -) sayılırdı. Parmenid hesab edirdi ki, indi mövcud olan hər şey elə həmişə mövcud olub. Bu ideya yunanlara yad deyildi. Onlar qəbul edirdilər ki, dünyada mövcud olan hər şey əbədi olub. Heçlikdən heç nə törəyə bilməz. Lakin Parmenid bu ideyanı daha irəli apardı. O, belə bir fikir yürütdü ki, faktiki dəyişiklik yoxdur. Heç bir şey olduğundan fərqli bir şeyə çevrilə bilməz. Əlbəttə, Parmenid bilirdi ki, təbiət daimi hərəkətdədir. O, şeylərin dəyişməsini hislərilə qavrayırdı. Lakin bunu ağlının ona dediyi ilə uzlaşdıra bilmirdi. Hisslərinə, yoxsa ağlına güvənmək arasında seçim etməli olarkən ağlına üstünlük verirdi. Belə bir deyim var: “Görməsəm, inanmaram”. Parmenid isə hətta görəndə də inanmırdı. O, hesab edirdi ki, hisslərimiz bizə dünyanın yanlış mənzərəsini verir, o mənzərə bizim ağlımızın süzgəcindən keçmir, əqli məlumatlara uyğun gəlmir. Hər cür duyğu, qavrayış  yanılmalarını ortaya çıxarmağı bir filosof kimi öz vəzifəsi hesab edirdi. İnsan ağlına belə möhkəm inam rasionalizm adlanır. Rasionalist elə bir adamdır ki, dünya haqda biliyimizin başlıca mənbəyinin insan ağlı olduğuna inanır.

 

Hər şey hərəkətdədir

 

Heraklit (e.ə. -) Parmenidin çağdaşı idi. O, Kiçik Asiyadakı Efesdə dünyaya gəlmişdi. Hesab edirdi ki, daimi dəyişiklik, yaxud hərəkət, axın əslində təbiətin ən əsas xüsusiyyətidir. Bu yerdə biz deyə bilərik ki, Parmeniddən fərqli olaraq, Heraklit duyduqlarına daha çox inanırdı. Heraklit deyirdi: “Hər şey hərəkətdədir”. Hər şey daimi axındadır, heç nə yerində durmur. Buna görə də “biz axar suya iki dəfə girə bilmərik”. Mən çaya ayağımı ikinci dəfə salanda nə mən, nə də çay həminki deyil. Heraklit dünyanı əksini göstərmək yoluyla tanıdırdı. Əgər heç vaxt xəstələnməsək, sağlam olmağın ləzzətini bilmərik. Ac qalmasaq, toxluğun zövqü olmaz. Heç vaxt heç bir müharibə olmasaydı, sülhü  qiymətləndirə bilməzdik. Və əgər qış olmasaydı, heç vaxt baharı görəzdik. Heraklit inanırdı ki, həm pisin, həm də yaxşının dünyadakı nizamda mühüm yeri var. Əksliklərin bu daimi yerdəyişməsi olmasaydı, dünyanın mövcudluğuna son qoyulardı. O, deyirdi: “Tanrı gündüz və gecə, qış və yay, müharibə və sülh, aclıq və toxluqdur”. O, “tanrı” sözünü işlətsə də, bunu sözün mifologiyadakı mənasında demirdi. Heraklitə görə, Tanrı – elə bir şeydir ki, bütün dünya onun ağuşundadır. Əslində, Tanrı təbiətin daimi çevrilmələri, dəyişiklikləri və təzadlarında daha aydın şəkildə görünür. “Tanrı” termininin yerinə Heraktlit daha çox yunan sözü olan və səbəb mənasını verən “Loqos”dan istifadə edirdi. Heraklitə görə, biz insanlar heç də həmişə bənzər düşünməsək, yaxud zəka dərəcələrimiz üst-üstə düşməsə də, təbiətdə bütün baş verənləri idarə edən bir növ “universal zəka” olmalıdır. Bu “universal zəka”, yaxud “universal qanun” bizim hamımız üçün ümumi olan bir şeydir, hamımızı o idarə edir.  Amma hər halda bir çox insanlar öz fərdi zəkalarıyla yaşayırlar. Ümumilikdə, o, insanların rolunu kiçik sayırdı. “Bir çoxlarının mövqeyi uşaq oyuncağı kimidir”, – deyirdi. Beləliklə, Heraklit təbiətdəki daimi hərəkətin və əksliklərin mərkəzində vahid varlıq görürdü. Hər şeyin əsası olan bu mənbəni o, Tanrı və ya Loqos adlandırırdı.

Dörd ünsür

Bir tərəfdən baxanda, Parmenid və Heraklit bir-birlərinə tam müxalif olublar. Parmenidin ağlı ona deyirdi ki, heç nə dəyişə bilməz. Heraklitin duyğu üzvləri ona eyni dərəcədə deyirdilər ki, təbiət daimi dəyişiklik vəziyyətindədir. Hansı haqlı idi? Biz ağlımıza, ya duyğularımıza güvənməliyik? Parmenid və Heraklit bir məsələ haqda fərqli cür düşünürdülər: Parmenid deyirdi: heç nə dəyişə bilməz və buradan çıxır ki, bizim hiss üzvlərimizə etibar etmək olmaz. Heraklit isə deyirdi: hər şey dəyişir (“hər şey axır”) və bizim hiss üzvlərimiz etibarlıdır.  Bir-birilə qətiyyən razı olmayan iki filosof! Görəsən, kim haqlıdır?

Filosofların özlərini saldığı bu çıxmazdan çıxış yolu göstərmək Siciliyadan olan Empedoklun (e.-e.ə.) üzərinə düşdü. Onun fikrincə, Heraklit və Parmenid hər ikisi öz mühakimələrinin birində haqlıdırlar, o birində yanılırlar. Empedokl bildirdi ki, onların fikir ayrılığının əsas səbəbi odur ki, hər iki filosof yalnız bir elementin varlığını fərz edib. Əgər belə olsaydı, ağlımızın bizə dediyi ilə “gözümüzlə gördüyümüz” arasında körpüsüz uçurum olardı. Aydındır ki, su balığa və ya kəpənəyə çevrilə bilməz. Əslində su dəyişilə bilməz. Saf su elə su olaraq da qalır. Ona görə də Parmenid “heç nə dəyişmir” mühakiməsində haqlı idi. Lakin eyni zamanda Empedokl Heraklitlə razı idi ki, biz hisslərimizin şahidliyinə inanmalıyıq. Biz gördüyümüzə inanmalıyıq, gördüyümüzsə odur ki, təbiət dəyişəndir. Empedokl bunları yekunlaşdıraraq deyirdi ki, rədd edilməli olan, vahid ilkin substansiya ideyasıdır. Ayrılıqda nə su, nə də hava  qızılgül koluna və ya kəpənəyə çevrilə bilməz. Təbiətin əsası bir ünsür ola bilməz. Empedokl təbiətin bütünlüklə dörd ünsürdən ibarət olduğuna inanırdı və o ünsürləri “köklər” adlandırırdı. Bütün təbii proseslər bu dörd ünsürün birləşməsi və ayrılması nəticəsində əmələ gəlir. Bütün şeylər torpağın, havanın, odun və suyun müxtəlif nisbətlərdə birləşməsidir. Hər hansı bir çiçək solub quruyanda, yaxud heyvan öləndə dörd ünsür yenidən ayrılır. Biz adi gözlə də bu dəyişikliyi görə bilərik. Lakin torpaq, hava, od və su hissəsi olduqları, birləşib əmələ gətirdikləri tərkiblər tərəfindən korlanmadan əbədi qalırlar. Ona görə də “hər şey dəyişir” demək düzgün deyil. Əslində, heç nə dəyişmir, sadəcə dörd ünsür birləşir və yalnız yenidən birləşmək üçün ayrılır. Bunu rəsm çəkməklə müqayisə etmək olar. Əgər rəssamın yalnız bir – qırmızı rəngi olsa, o, məsələn, yaşıl ağacları çəkə bilməz. Amma onun sarı, qırmızı, mavi və qara rəngləri olsa, onları müxtəlif nisbətlərdə qarışdırmaqla yüzlərlə cürbəcür rəng yarada bilər. Eyni şeyi mətbəxdə də görə bilərik. Yalnız unum varsa, sehrbaz olmalıyam ki, şirinçörək bişirə bilim. Amma yumurta, un, süd və şəkər tozu varımdırsa, onda cürbəcür peçenyelər, çörəklər, tortlar bişirə bilərəm. Empedoklun məhz torpaq, hava, od və suyu təbiətin “kökləri” qismində seçməsi təsadüfi deyil. Ona qədər başqa filosoflar göstərməyə çalışıblar ki, ilkin substansiya ya sudur, ya havadır, ya da oddur. Fales və Anaksimen fiziki dünyanın əsası kimi suyu və havanı vurğulayırdılar. Yunanlar odun da əhəmiyyətli olduğuna inanırdılar. Onlar məsələn, Günəşin bütün canlı aləm üçün vacib olduğunu müşahidə etmişdilər, onlar bilirdilər ki, heyvanların da, insanların da bədənində istilik var. Empedokl yanmaqda olan bir parça oduna baxmış ola bilərdi. Yandıqca ondan nələrsə ayrılır. Biz odunun cızıldadığını və çaqqıldadığını eşidirik ki, bu, “su”dur. Nə isə tüstülənir ki, bu, “hava”dır. “Od”u alova baxarkən aydın görürük. Odun yanıb qurtarandan sonra yerdə nə isə qalır ki, bu da kül və ya “torpaq”dır. Empedokl təbiətdəki dəyişiklikləri dörd “kök”ün birləşib ayrılması kimi izah edib aydınlaşdırandan sonra yenə də nə isə izah olunmamış qalırdı. Necə olur ki, bu dörd ünsür birləşir, yeni həyat ortaya çıxır. Və bu “qarışığı”, tutalım, bir gülü yenidən parçalanmağa nə vadar edir? Empedokla görə, təbiətdə “sevgi və ixtilaf adlandırırdığı iki fərqli fəal qüvvə var. O, “substansiya” ilə bu qüvvələr arasına fərq qoyurdu. Bu diqqətəlayiq məsələdir. Hətta bu gün də alimlər ünsürlərlə təbiət qüvvələrini bir-birindən fərqləndirirlər. Müasir elm bəyan edir ki, bütün təbii proseslər müxtəlif ünsürlər və müxtəlif təbiət qüvvələri arasında qarşılıqlı əlaqə kimi izah oluna bilər. Bundan başqa, Empedokl duyğu prosesinin necə baş verməsinə dair məsələ qaldırırdı. Məsələn, mən necə olur ki, hər hansı bir gülü “görə” bilirəm? Bu zaman nə baş verir? Heç bu barədə fikirləşmisən?  Empedokl inanırdı ki, gözlər də təbiətdəki hər şey kimi torpaq, hava, od və sudan ibarətdir. Beləcə, gözümdəki “torpaq” ətrafımda torpaqdan olan nə varsa, onları sezir, gözümdəki “hava” ətrafımda içərisində hava olan nə varsa onları, gözümdəki “od” oddan olanları və gözümdəki “su” sudan şəkillənmiş nə varsa, onları qavrayır. Gözlərimdə dörd ünsürün hər hansı biri olmasaydı, təbiəti tam görə bilməzdim.

Hər şeydə hərşeydən nəsə var

Anaksaqor (e.ə. – ) xüsusi bir ilkin substansiyanın – suyun dünyada gördüyümüz hər şeyə çevrilə bilməsini rədd edən növbəti filosofdur. Anaksaqor torpaq, hava, od və suyun qana və sümüyə çevilə bilməsini də qəbul etmirdi. Anaksaqor bu fikirdə idi ki, təbiət gözlə görünməyən saysız xırda zərrəciklərdən ibarətdir. Hər şey özündən kiçik zərrəciklərə bölünə bilər, lakin hətta ən kiçik zərrəcikdə də bütün başqa şeylərin parçaları vardır. Əgər dəri və sümük başqa bir şeyin çevrilməsi deyillərsə, Anaksaqorun  fikrincə, içdiyimiz süddə və yediyimiz yeməkdə də dəri və sümük var. Bir neçə müasir nümunə var ki, onlar müəyyən qədər Anaksaqorun fikir xəttini təsvir edə bilər. Müasir lazer texnologiyası holoqramlar göstərə bilir. Bu holoqramlardan biri, məsələn, maşın təsvir edirsə və holoqram hissələrə ayrılsa, biz maşının bütöv şəklini holoqramın ayrı-ayrı fraqmentlərində görə bilirik. Bütöv subyekt hər bir xırda hissədə əks olunur. Müəyyən mənada bizim bədənimiz də eyni cürdür. Barmağımdakı dəri hüceyrəsini çözsəm, görərəm ki, həmin hüceyrənin nüvəsi təkcə dərimin səciyyəvi xüsusiyyətlərini ehtiva etmir; həmin hüceyrə həmçinin gözlərimin necə olduğunu, saçlarımın rəngini, barmaqlarımın sayını, formasını və s. üzə çıxarmağa qadirdir. İnsan bədəninin hər bir hüceyrəsi onun bütün digər hüceyrələrinin necə qurulduğunun təsvirini verə bilər. Beləliklə, hər bir hüceyrədə “hər şeydən nəsə” var və tam hissədə mövcuddur.  . Anaksaqor hər şey haqda məlumatlı olan bu xırda zərrəcikləri toxumlar adlandırır. Yadına gəlirsə, Empedokl ünsürləri bütöv bədənlərdə birləşdirən şeyin “sevgi” olduğunu demişdi. Anaksaqor da heyvanları, bitkiləri yaradan qüvvə kimi “düzüm” haqda fərziyyə yürütmüşdü. O, bu qüvvəni “ağıl” və ya “zəka” (nous) adlandırırdı. Anaksaqor bizim üçün həm də ona görə maraqlıdır ki, haqqında məlumat aldığımız – Afinada yaşamış ilk filosofdur. O, Kiçik Asiyada dünyaya gəlmişdi, qırx yaşında Afinaya köçmüşdü. Sonradan o, ateistlikdə təqsirləndirilmiş və şəhərdən qovulmuşdu. Digər məsələlərlə yanaşı, Anaksaqor belə bir fikrilə də tarixdə qalıb: o deyib ki, Günəş Tanrı deyil, qırmızı isti bir daşdır və bütün Peloneziya yarımadasından böyükdür. Anaksaqor astronomiya ilə çox maraqlanırdı. Bütün səma cisimlərinin Yerlə eyni bir substansiyadan düzəldildiyinə inanırdı. Meteoritlər haqda eşidəndən sonra bu fikrə gəlmişdi. Ondan belə bir nəticə çıxarmışdı ki, ola bilsin, özgə planetlərdə də insan həyatı var. Deyirdi ki, Ayın öz işığı yoxdur – işıq onun üstünə Yerdən düşür. O, həmçinin gün tutulmasının da izahını düşünüb tapmışdı.

Diqqətinə görə çox sağ ol. Ola bilsin ki, bu fəsli dərindən başa düşmək üçün iki-üç dəfə oxuyacaqsan

 

*Jostein Gaarder. Sofinin Dünyası- Kitabı buradan oxuya bilərsiniz

2 ŞƏRH

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin