Frans Kafka – Cəza Koloniyası // Xülasə

0

Frans Kafka – 3 iyul 1883-cü ildə yəhudi bir tacirin oğlu kimi Praqada dünyay gəlib. 1901-1906-cı illər ərzində öncə qısa bir alman dili, sonra isə hüquq təhsili almışdır. Təhsilini bitirdikdən sonra bir il təcrübə keçir və “Assicurazioni Generali” şəxsi sığorta şirkətində qısa müddət işlədikdən sonra Kafka 1908-1912-ci illərdə Böhmen şahlığı üçün “İşçi-Qəza sığortası” şirkətində işləyir. Öz işini o sadəcə olaraq “Çörək peşəsi” adlandırır. 1922-ci ilə kimi bu işi icra etdi.1917-ci ilin avqustunda Kafka gecə bir qanaxmaya məruz qalır. Həkimlər ona vərəm diaqnozu qoyur. Kafka, 1924-cü il 3 iyun tarixində vərəmdən vəfat etdi. Yaxın dostu və vəsiyyətini icra edəcək olan şəxs Maks Brod onun arzusunu icra etmir. Çünki Kafka əsərlərini yandırmağı vəsiyyət etmiş və o əsərlər kül olmaq əvəzinə 20-ci əsrin ən önəmli əsərləri arasında öz yerini tutur. Bu məqalədə sizə onun “Cəza Koloniyası” hekayəsinin xülasəsini, içindən seçilən aforizmləri təqdim edirik.

 

“– Xüsusi aparatdır, – zabit səyyaha dedi və yaxşı tanıdığı aparatı müəyyən mənada məftun nəzərlərlə hərtərəfli gözdən keçirdi. Səyyah, deyəsən, komendatın dəvətini nəzakət xatirinə qəbul etmişdi; komendant onu çağırmışdı ki, komandirinin sözündən çıxmış və vəzifəcə özündən böyüyü təhqir etmiş əsgərin cəza mərasimində iştirak etsin. Bu mərasimə maraq, görünür, cəza koloniyasında o qədər də böyük deyildi. Ən azı burada, çılpaq yamacların arasındakı bu dərin, qumlu, kiçik dərədə zabit və səyyahdan başqa, kütbeyin, cırımağız, saçlarından və üz-gözündən səliqəsizlik yağan müttəhim, bir də onun ayaqlarına və əllərinə, eləcə də boynuna vurulmuş və öz aralarında digər zəncirlərlə bir-birinə bərkidilmiş ağır kotan zəncirini əlində saxlayan digər əsgər iştirak edirdi. Əslində, müttəhimin elə itsayağı məzlum görkəmi vardı ki, düşünürdün, bu dəqiqə onu yamaclarla üzüaşağı qaçırtmaq və mərasim başlayan kimi fışqırıqlayıb geri qaytarmaq olardı.

Səyyah aparata o qədər də maraq göstərmirdi və müttəhimin arxasında, az qala, aşkar laqeydliklə var-gəl edirdi, bu arada isə zabit son hazırlıqları görürdü, gah sürünüb torpağa basdırılmış aparatın altına girir, gah da yuxarı hissələri yoxlamaq üçün nərdivana qalxırdı. Bu, elə iş idi ki, onu mexanikə də tapşırmaq olardı, amma zabit xüsusi can-fəşanlıqla özü icra edirdi, görünür, ya bu aparatın vurğunlarından biri idi, ya da hansı səbəbdənsə bu işi başqalarına etibar etmirdilər.”

“– Bilmirəm, – zabit dedi, – komendant aparat barədə sizə danışıb, ya yox. – Səyyah qeyri-müəyyən bir əl hərəkəti etdi, zabit əslində, yaxşı heç nə gözləmirdi, çünki aparatın işini özü də izah edə bilərdi. – Bu aparat, – deyib dəmir dirəkdən yapışdı və ona söykəndi, – keçmiş komendantımızın ixtisarıdır. Mən özüm lap ilk məqamlardan onunla birgə çalışmışam və tamamlama işlərinin hamısında iştirak etmişəm. Fəqət ixtira yalnız onun adı ilə bağlıdır. Keçmiş komendantımız barədə məlumatınız var? Yox? Həə, desəm ki, cəza koloniyasının yaradılması onun xidmətidir, az şey demiş olaram. Onun məsləkdaşları olan bizlər komendatın ölümündən sonra artıq başa düşmüşdür ki, koloniyanın düzəni özünə elə qapanıb ki, xələfinin min cür yeni planı olsa belə, ən azı uzun illər qocanın işlərində heç nəyi dəyişdirə bilməyəcək. Ehtimallarımız düz çıxdı; təzə komendant bunu özü də dərk edəsi oldu. Heyif ki, keçmiş komendantı tanımamısınız! Amma, – zabit sözünə ara verdi, – dil-dil ötürəm, onun da aparatı durub gözümüzün qabağında. Bildiyiniz kimi, aparat üç hissədən ibarətdir. Zaman keçdikcə bu hissələrdən hər biri müəyyən mənada xəlqi adlar qazanıb. Alt hissənin adı çarpayıdır, üst hissə cizgiçi adlanır və buradakı titrəyən orta hissəyə vəl deyirik.

– Vəl? – deyə səyyah soruşdu. Tam diqqətlə qulaq asmamışdı, kölgəsiz dərədə günəş yandırırdı, adam diqqətini toplamaqda çətinlik çəkirdi.

– Elədir, vəl, – zabit dedi, – ad uyğun gəlir. İynələr vəlin dəmirləri kimi düzülüb və bərabər, özü də yüksək məharətlə işləsə də, bütövlükdə vəl kimi işləyir. Əslində, indicə sizə aydın olar. Müttəhim buraya, çarpayının üstünə uzadılır. Əvvəlcə aparatı təsvir etmək, sonra da cəzanı icra etdirmək istəyirəm. Belə olanda yaxşı baxa biləcəksiniz. Cizgiçinin içindəki dişli çarx möhkəm cilalanıb; işə düşəndə səs-küyündən qulaq tutulur, bu zaman yanındakını eşitmək də olmur. Əfsuslar ki, ehtiyat hissələr burada çətin tapılır. Hə, dediyim kimi, bu da çarpayı. Ora başdan-ayağa pambıq döşənib, bunun nə məqsədlə edildiyini də biləcəksiniz. Bu pambığın üstünə müttəhim ağzı üstə uzadılır, təbii ki, çılpaq. Bu qayış əllər üçündür, bu qayış ayaqlar üçün, bu da boyun üçün ki, müttəhim çapalamasın. Burada, çarpayının baş tərəfində, dediyim kimi, adamın üzü üstə uzandığı yerdə asanlıqla tənzimlənən keçə qırığı qoyulur ki, müttəhimin ağzına tıxasınlar. Onun vəzifəsi qışqırmağın və dilini dişləməyin qarşısını almaqdır. Təbii ki, adam keçədən imtina edə bilməz, yoxsa boyun qayışı onun boynunu sındırar.”

 

“Səyyah çox şey soruşmaq istəyirdi, ancaq müttəhimin gözü qarşısında təkcə bunu soruşdu:

– Hökmdən xəbəri var?

– Yox, – deyib zabit tələsik izahatını davam etdirmək istədi.

– Hökmdən xəbəri yoxdur?

– Xeyr, – zabit yenidən cavab verdi; sonra biranlığa donub qaldı, elə bil, səyyahdan sualının dəqiqləşdirilməsini tələb edirdi və sonra əlavə etdi: – Bu xəbəri ona deməyin xeyri yoxdur. Onsuz da, bunu canında hiss edəcək.

Səyyah susmaq istədi, amma bu vaxt gördü ki, müttəhimin gözünü ondan çəkmir, sanki, soruşmaq istəyir ki, deyilən əməliyyatı bəyənirmi? Ona görə də arxaya söykənən səyyah qabağa əyilib bir də soruşdu:

– Heç olmasa, ittiham olunduğunu bilirmi?

– Onu da yox, – deyib zabit səyyahın üzünə irişdi, sanki, ondan yenə qəribə-qəribə sözlər gözləyirdi.

– Yoox, – səyyah dillənib əlini alnına çəkdi, – onda ən azı müdafiəsinin necə təşkil olunduğundan xəbəri olar?

– Özünü müdafiə etməyə imkan tapmayıb, – deyib zabit kənara baxdı, elə bil, öz-özü ilə danışırdı və özünə gün kimi aydın olan şeyləri səyyaha danışmaqla onu utandırmaq istəmirdi.

– Axı özünü müdafiə üçün ona imkan verilməliydi, – deyib səyyah oturduğu yerdən qalxdı.

Zabit anladı ki, aparatın şərhində çox dayanmağı ilə təhlükə yaradıb, odur ki, səyyahın yanına gedib onun qoluna girdi. Diqqət açıq-aşkar ona yönəldiyi üçün farağat dayanan – bir tərəfdən də əsgər zənciri bərk-bərk çəkmişdi – müttəhimi əli ilə göstərib dedi:

– Məsələ belədir: cavanlığıma baxmayaraq, məni cəza koloniyasında hakim təyin ediblər. Çünki bütün cəza məsələlərində həmişə keçmiş komendatın tərəfini saxlamışam, aparata da ən yaxşı bələd olan mənəm. Çıxardığım qərarların əsası bu olur: suça şübhə ilə yanaşmazlar. Digər məhkəmələr bu baş prinsipə əməl etmir, çünki onlar bir neçə nəfərdən ibarət olur və başlarının üstündə daha yüksək məhkəmələr dayanır. Burada isə belə deyil, ən azı keçmiş komendantın vaxtında belə deyildi. Təzəsi, hər halda, mənim məhkəməmə qarışmağa səy göstərdi, lakin bu günə qədər onu yaxın buraxmamaq mənə müyəssər olub və gələcəkdə də olacaq. İstəyərdiniz, bu iş sizə izah edilsin; başqaları kimi o da çox adidir. Kapitanlardan biri bu gün səhər tezdən şifahi raportla bildirib ki, ona xidmətçi kimi verilmiş və qapısının ağzında durmalı olan bu adam postda yatıb. Əslində, onun borcudur ki, hər saatdan bir ayağa qalxıb kapitanın qapısına hərbi salam versin. Təbii ki, çətin tapşırıq deyil, həm də vacibdir, çünki xidmətçi həm keşik üçün, həm də xidmət üçün gümrah qalmalıdır. Kapitan dünən gecə yoxlamaq istəyib ki, xidmətçisi vəzifəsini necə yerinə yetirir. Düz saat ikidə qapını açıb və onun büzüşüb yatdığını görüb. Matrası götürüb onun üzünə vurub. Əsgər ayağa durub üzr istəmək əvəzinə, ağasının qıçlarından yapışıb, onu bərk-bərk silkələyib və deyib: “Matrası at, yoxsa səni diri-diri yeyəcəm”. Məsələnin canı budur. Kapitan bir saat qabaq yanıma gəldi, dediyi məlumatları yazıb götürdüm, ardınca da hökmü yazdım. Sonra adamı zəncirlətdirdim. Hər şey çox sadə alindı. Onu əvvəlcə çağırıb sorğu-suala tutsaydım, yanlış təsəvvür yaranardı. Yalan danışardı, yalanları açmaq mənə müyəssər olsaydı belə, təkzib edərdi, onu yeniləri ilə əvəzləyərdi və sairə. İndi isə əlimdədir və buraxan deyiləm. Hər şey aydın oldu? Vaxt keçir, edam çoxdan başlamalıydı, mənsə hələ aparatın şərhini başa çatdırmamışam. – Səyyahı kürsüdə oturmağa məcbur edib aparata yaxınlaşdı və başladı: – Gördüyünüz kimi, vəl insanın boyuna uyğun gəlir. Vəlin bu hissəsi bədənin yuxarısı üçündür, qalan hissəsi isə qıçlar üçün. Baş üçün yalnız bu balaca sancaq nəzərdə tutulub. Burası sizə aydın oldu?”

 

“– Proses sizə aydındır? Vəl yazmağa başlayır; adamın kürəyində ilk yazını başa çatdırdımı, pambıq qat hərəkətə gəlib bədəni asta-asta qırağa sıxışdırır ki, vələ yeni məkan yaratsın. Bu arada yazılmış yaralı yerlər xüsusi qurğular vasitəsilə qanı o saat dayandıran və yazıların yeni dərinləşməsini hazırlayan pambığın üstünə uzanır. Sonra burada vəlin qırağındakı dişciklər bədənin növbəti fırlanması zamanı pambığı yaralardan dartıb qoparır, onu çalaya tullayır və vəl işini təzədən davam etdirir. Beləcə o, altı saat ərzində daha dərindən yazmağında olur. İlk altı saatda müttəhim, demək olar, əvvəlki kimi yaşayır, yalnız ağrıları hiss edir. İki saatdan sonra keçəni götürürük, çünki adamın qışqırmağa gücü qalmır. Burada, baş tərəfdə elektriklə qızdırılan alaçiy isti düyü sıyığı qoyulur, əgər adamın həvəsi qalıbsa, dilinin çatdığı yerdən onu yalayıb yeyə bilər. Bu imkanı heç bir müttəhim qaçırmır. Mən beləsini görməmişəm və təcrübəm də kifayət qədərdir. Yalnız altıncı saata çatanda o, yemək həvəsini itirir. Onda mən, adətən, burada diz çöküb mənzərəni müşahidə edirəm. Adam axırıncı qisməti nadir hallarda udur, yeməyi ağzında hərləyib çalaya tüpürür. Onda mən də əyilməli oluram, yoxsa birbaşa sifətimə sıçrayar. Altıncı saatın içində adam necə də kirimişləşir! Ağıl öz yerini dəliliyə verir. Bu, gözlərin qırağından başlayır. Gözün qıraqları genişlənir. Səni yoldan çıxarıb onunla bərabər vəlin altına uzanmağa təhrik edən bir mənzərə. Daha heç nə baş vermir, sadəcə olaraq, adam öz yazısını oxumağa başlayır, dodağını büzüb irəli uzadır, sanki, nəyisə dinşəyir. Özünüz görmürsünüz, yazını adi gözlə oxumaq asan deyil; bizimki isə onu yaraları ilə oxuyur. Hər halda, bu da xeyli işdir; onu başa çatdırmağa müttəhimə altı saat vaxt lazım olur. Sonra isə vəl onu büsbütün deşik-deşik edib çalaya tullayır ki, adam da şappıltı ilə qanlı suyun və pambığın içinə düşür. Sonra edam başa çatır və biz, əsgərlə mən, onun üstünü torpaqlayırıq.”

 

“Səyyah fikrə getdi: yad münasibətlərə köklü müdaxilə etmək həmişə ürək tələb edir. O nə koloniyanın sakini idi, nə də onun yerləşdiyi dövlətin vətəndaşı. Əgər bu edam barədə mühakimə yürüdüb onu ləğv etdirmək istəsəydi, deyəcəkdilər: “Qəribsən, otur qərib yerində, dilini də qoy qarnına”. Buna da heç cür cavab qaytara bilməzdi, yalnız onu əlavə edərdi ki, bu məsələni heç özü də düz-əməlli qavraya bilmir, çünki ona baxmaq məqsədiylə buraya gəlib, heç də yad ölkənin cinayət məcəlləsini dəyişməyə yox. Hər halda, buradakı işlər xeyli tovlayıcı idi. Məhkəmənin ədalətsizliyi, edamın vəhşiliyi şübhə doğurmurdu. Səyyahın mərhəmətini heç kəs qəbul etməzdi, çünki müttəhim ona yad idi, yerlisi deyildi, onu mərhəmətə layiq adam da hesab etmək olmazdı. Səyyah özü isə yüksək dairələrin məsləhətiylə gəlmiş, burada böyük ehtiramla qarşılanmışdı və bu edama dəvət olunması hətta o demək idi ki, bu məhkəmə haqqında onun fikrini gözləyirlər. Bunu bir də ona görə güman etmək olardı ki, apaydın eşitdiyi kimi, komendant belə məhkəmənin tərəfdən deyildi və zabitdən fərqli olaraq buna düşmən münasibəti bəsləyirdi.”

 

“Məftun olmağa imkan tapdığınız bu məhkəmə prosesinin və edamın hal-hazırda koloniyamızda açıq tərəfdarları qalmayıb. Onların, həm də keçmiş komendantın qoyub-getdiyi irsin yeganə davamçısı mənəm. Bu cür məhkəmə prosesinin aradan qaldırılmasını heç ağlıma da gətirmirəm, indiyə qədər olanı saxlamaq üçün var gücümü əsirgəməyəcəm. Keçmiş komendant sağ olanda koloniya onun pərəstişkarları ilə doluydu; onun inandırma gücündən məndə qismən qalıb, lakin hökmüm yoxdur, heç yoxdur; bunun da nəticəsində pərəstişkarlar öz qınlarına çəkiliblər, hələ çoxları durur, amma heç biri boynuna almır. Siz bu gün, yəni edam günü çayxanaya gedib diqqətlə qulaq assanız, ikili fikir eşidəcəksiniz. Onların hamısı bu işin pərəstişkarıdır, lakin hazırki komendantın rəhbərliyi altında və onun indiki baxışında mənim üçün tam yararsızdırlar. İndi sizdən soruşuram: həmin komendanta və ona təsir göstərən arvadlarına görə belə bir həyat əsəri – maşını göstərdi – məhv olmalıdırmı? Buna yol vermək olarmı? Hətta bir qərib kimi bir neçə günlüyə bizim adada olsanız belə? Amma vaxt itirməyə dəyməz, mənim məhkəmə işlərimə qarşı nəsə hazırlayırlar; komendantlıqda artıq mənim iştirakım olunmadan məşvərətlər keçirirlər; hətta sizin gəlişiniz də, məncə, bunun əlamətidir; qorxaqlıq edib sizi, əcnəbini göndərirlər. Qabaqlar edam başqa bir mənzərəydi! Edama hələ bir gün qalmış dərə adamla dolardı; hamı tamaşaya axışardı; səhər tezdən komendant özü xanımları ilə gələrdi; şeypurlar düşərgə meydançasını büsbütün oyadardı; mən raport verərdim ki, hər şey hazırdır; məclis, yüksək məmurlardan heç kim qıraqda qalmazdı, maşının ətrafına yığışardı; bu dəmir kürsü yığını da həmin dövrün miskin qalığıdır. Təzəlikcə təmizlənmiş maşın par-par parıldayardı, demək olar, hər edama yeni ehtiyat hissələri alardım. Yüzlərlə adamın gözü önündə, bütün tamaşaçılar düz o yamaclara qədər ayaqlarının ucunda dayanardı, müttəhimi komendantın özü vəlin altına uzadardı. Bu gün adi əsgərin gördüyü işi o vaxt mən, baş həkim, yerinə yetirərdim, bu, mənim üçün bir şərəf işiydi. Edam başlayardı, nə başlayardı! Bir dənə də yersiz səs maşının işinə mane olmazdı. Bəziləri hətta tamaşa da etmirdi, sadəcə, gözlərini yumub qumda uzanırdılar; hamı bir şeyi dəqiq bilirdi: indi ədalət öz yerini tutacaq. Sakitlikdə yalnız müttəhimin keçə ilə boğulan zarıltısı eşidilirdi. Bu gün müttəhimi bərkdən zarıldatmağa maşının gücü çatmır, hətta onu boğan keçədən də zəifdir; amma o vaxt yazan iynələr istənilən qədər qan çıxarırdı, bu gün isə onu tətbiq etmək olmur. Hə, sonra altıncı saat gələrdi! Hamının yaxından baxmaq xahişini yerinə yetirmək mümkün olmurdu. Komendant özü bildiyi kimi sərəncam vermişdi ki, ilk növbədə, uşaqlar nəzərə alınsın; hər halda, mən vəzifəmə görə yaxında olurdum; çox vaxt sağ və sol qolumda iki uşaq tutub orada otururdum. Əzablı sifətin ifadəsinə necə baxırdıq, axır ki, başa çatan və keçib-gedən bu ədalətin işığında sifətimiz necə də nurlanırdı! Nə cür zamanlar vardı, dostum!”

 

“– Dünən komendant sizi dəvət edəndə uzaqda deyildim. Dəvəti eşitdim. Komendantı yaxşı tanıyıram. Bu dəvətlə nə məqsəd güddüyünü o saat başa düşdüm. Mənə qarşı addım atmaqda ixtiyarının hədd-hüdudu olmasa da, buna ürək eləmir, görünür, məni sizin, hörmətli bir əcnəbinin öhdəsinə baxır. Pis fikirləşməyib. Siz ikinci gündür ki, bu adadasınız, keçmiş komendantdan və onun düşüncələrindən xəbərsizsiniz, Avropa baxışlarının təsiri altındasınız, bəlkə də, ümumən ölüm hökmünün, xüsusilə də maşınla edamın əleyhinəsiniz, üstəlik, onun şahidisiniz ki, kütləvi iştirak olmadan edam çoxdan xarab olmuş maşında necə də kədərli icra olunur. Bütün bunlardan sonra hamısını bir yerə yığdıqda komendant belə düşünür, lap asanlıqla mümkündür ki, mənim məhkəmə prosesimi düzgün saymayasınız. Düzgün saymasanız, onda bu barədə mən hələ də komendantın düşündüklərini deyirəm, yəqin ki, susmayacaqsınız, çünki siz, çox güman ki, təkrar-təkrar sınanmış fikirlərinizə üstünlük verəcəksiniz. Hər halda, bir çox xalqların saysız özəlliklərini görüb onlara hörmətlə yanaşmağa öyrəşmisiniz, ona görə də, yəqin, bu məhkəmə prosesinin əleyhinə var gücünüzlə çıxmazsınız, hərçəndi ki öz vətəninizdə mütləq belə edərdiniz. Amma komendant heç onu da vecinə alan deyil. Ötəri, ehtiyatsız bir kəlmə bəsidir. Onun istəyi ilə ayaqlaşırsa, sizin qənaətinizə uyğun gəlməyə də bilər. Bütün hiylələrini işə salıb lazımi sözü sizdən qoparacağına tam əminəm. Xanımları da dörd yanında oturub qulaqlarını şəkləyəcək; təqribən, belə deyəcəklər: “Bizdə məhkəmə prosesi tam başqa cür olur”, ya da: “Bizdə müttəhim hökmlə tanış olur”, yaxud: “Bizdə ölüm hökmündən başqa ayrı cəzalar da var”, yaxud da: “Bizdə işgəncələr orta əsrlərdə olub”. Hamısı sizə təbii göründüyündən də doğru iraddır, mənim məhkəmə prosesimə aidiyyati olmayan məsum iradlar. Bəs komendant onları necə qarşılayacaq? Mən gözəl komendantımızın kətili kənara çəkib balkona tələsdiyini, xanımlarının onun dalınca getdiyini indidən görürəm, onun səsini, xanımları buna “göy gurultusu” deyir, eşidirəm: “Qərbin bu işə səlahiyyətli böyük tədqiqatçısı bildirir ki, bizim köhnə adətimizlə apardığımız məhkəmə işi qeyri-insanidir. Belə bir şəxsiyyətin həmin qənaətindən sonra bu məhkəmə işinə dözmək mənə mümkünsüz görünür. Bugünkü gündən sərəncam verirəm və sairə”. Yadınızda saxlayın, onun dediklərini siz dilinizə də gətirməmisiniz, mənim məhkəmə prosesimə qeyri-insani deməmisiniz, əksinə, sizin möhkəm əminliyinizə görə bunu ən humanist və ən insanalayiq sayırsınız, bu maşın məsələsinə də aludə olmusunuz, amma çox gecdir, siz qadınlarla dolu balkona da çıxmırsınız; istəyirsiniz, sizi də saysınlar; qışqırmaq istəyirsiniz; ancaq qadın əllərindən biri sizin ağzınızı yumur və mən də, keçmiş komendantın əməyi də məhv oluruq.

Səyyah təbəssümünü birtəhər boğdu; həddən artıq çətin saydığı iş, deməli, belə asanmış. Boyun qaçıran adamlar kimi dilləndi:

– Mənim təsir gücümü çox şişirdirsiniz; komendant mənə verilmiş zəmanət məktubunu oxuyub, bilir ki, məhkəmə işlərinin bilicisi deyiləm. Fikir söyləyəsi olsam, bu, fərdin fikri olar, istənilən adamın fikri kimi heç bir məna kəsb etməz, az-maz bildiyim kimi, bu cəza koloniyasında geniş səlahiyyətlərə malik komendantın fikrinin yanında isə çox əhəmiyyətsiz görünər. Sizin düşündüyünüz kimi, bu məhkəmə prosesi barədə onun fikri məlumdursa, qorxuram ki, mənim cüzi yardımım olmadan da bu işin sonu çatmış olsun.

Zabit bunu anladımı? Xeyr, hələ ki anlamadı. Bərk-bərk başını silkələdi, onun baxışından diksinib sıyıqdan əl çəkən müttəhimə və əsgərə gözucu nəzər saldı, səyyaha daha da yaxın gəldi, bu dəfə onun üzünə yox, haradasa pencəyinə baxdı və bayaqkindan xeyli asta səslə dilləndi:

– Komendantı yaxşı tanımırsınız; ona və bizim hamımıza baxanda siz, ifadəmə görə üzr istəyirəm, müəyyən mənada məsumsunuz; inanın mənə, təsiriniz o qədər də yüksək dəyərləndirilə bilməz. Eşidəndə ki yalnız edamda iştirak etmək fikriniz var, özümü çox xoşbəxt saydım. Komendantın bu sərəncamı mənə aid olmalıydı, indi isə ondan mən öz xeyrimə istifadə edəcəyəm. Fikriniz yalançı pıçapıçlardan və ikrahlı baxışlardan yayınmadan, edamdakı iştirakçıların sayı çox olanda bundan qaça bilməzdiniz, izahlarımı dinlədiniz, maşını gördünüz, indi də edama baxmaq fikrindəsiniz. Yəqin, müəyyən qənaətə gəlmisiniz; xırda əyər-əskik olsa, edam vaxtı aradan qaldırılacaq. İndi isə sizdən bir xahişim var: komendantın yanında mənə dəstək verin!

Səyyah onun sözünü kəsdi.

– Necə edə bilərəm axı, – az qala, qışqıra-qışqıra dedi, – heç cür mümkün deyil. Sizə ziyanım dəyəcək qədər də xeyrim dəyə bilər.

– Edə bilərsiniz, – zabit cavab verdi. Səyyah qorxa-qorxa gördü ki, zabit yumruğunu düyünləyib. – Edə bilərsiniz, – zabit daha da israrla təkrarladı. – Başımda bir plan var, alınmalıdır. Fikirləşirsiniz ki, təsiriniz yetərli olmaz. Mənsə bilirəm ki, olar. Amma etiraf edim ki, haqlısınız. Fəqət bu məhkəmə prosesinin saxlanması üçün hətta mümkünsüz işə də cəhd etmək lazım gəlmirmi? Ona görə də planımı dinləyin. Onun baş tutması üçün gərək, hər şeydən əvvəl, məhkəmə barədə fikrinizi koloniyada bacardıqca dilə gətirməyəsiniz. Əgər sizdən birbaşa soruşmasalar, fikir söyləməyə ixtiyarınız yoxdur; cavabınız da qısa və qeyri-müəyyən olmalıdır; qoy elə bilsinlər ki, bu barədə danışmaq sizə ağırdır, kefiniz yoxdur, ağzınızı açıb danışmalı olsanız, ən ədəbsiz söyüşlər deməli olacaqsınız. Sizdən tələb etmirəm ki, yalan danışasınız; heç vəchlə; yalnız qısa cavab verəsiniz, təxminən: “Hə, edamı gördüm”, ya da, “Hə, bütün izahları dinlədim”. Yalnız bunu, daha bir kəlmə də. Lap komendantın düşündükləri olmasa da, kefinizin pozulduğunu görmələrinə istənilən qədər səbəb var. Təbii ki, o, hər şeyi tam tərsinə başa düşəcək və özü bildiyi kimi yozacaq. Mənim planım da elə buna hesablanıb. Sabah komendantın sədrliyi altında idarənin ən yüksək məmurlarının iştirakiylə böyük bir iclas keçiriləcək. Bu cür iclaslardan tamaşa düzəltməyə komendant çoxdan öyrəşib. Həmişə tamaşaçılarla dolu olan bir qalereya tikilib. Müşavirələrdə iştirak etməyə mən də məcburam, amma qəti ürəyimcə olmadığına görə, az qala, əsim-əsim əsirəm. Siz bu iclasa mütləq dəvət olunacaqsınız; bu gün özünüzü mənim planıma görə aparsanız, dəvət dönüb israrlı xahiş olacaq. Amma hansısa naməlum səbəbdən dəvət olunmasanız, onda gərək dəvətnaməni özünüz istəyəsiniz. Onu alacağınıza şübhə ola bilməz. Hə, deməli, sabah xanımlarla bərabər komendantın lojasında əyləşirsiniz. Nəzərlərini yuxarıya salanda komendant sizin orada oturduğunuza əmin olur. Bir neçə darıxdırıcı, məzəli, yalnız tamaşaçılara hesablanan müzakirə obyektindən – çox vaxt liman tikintisindən, yalnız liman tikintisindən danışırlar və nəhayət, məhkəmə prosesi də dilə gətirilir. Bunu komendant yetərincə tez etməsə, çalışacam ki, müzakirəyə çıxarılsın. Ayağa durub bugünkü edam haqqında məlumat verəcəm. Belə bir məlumat, əslində, orada verilmir, amma mən mütləq verəcəm. Komendant həmişə olduğu kimi, səmimi təbəssümlə mənə təşəkkür edəcək və özünü saxlaya bilməyəcək, ələ düşən gözəl fürsətdən istifadə edəcək.

“İndicə”, – bunu və ya buna bənzər nəsə deyəcək, – edam barədə məlumat verildi. Bu məlumata yalnız onu əlavə etmək istərdim ki, orada bildiyiniz kimi, koloniyamızın ən hörmətli qonağı, böyük tədqiqatçı iştirak edib. Elə bugünkü iclasımız da onun iştirakı ilə böyük əhəmiyyət kəsb edir. Edamın və ondan əvvəlki mərhələnin köhnə qaydada aparılması barədə bu böyük tədqiqatçıya sual versək, necə olardı?” Təbii ki, hər tərəfdən sürəkli alqışlar, ümumi dəstək, ən fəalı da mən. Komendant sizə təzim edib deyəcək: “Onda hamının adından sual verirəm”. Bu vaxt məhəccərin üstünə əyilirsiniz. Əllərinizi də, hamı görsün deyə, onun üstünə qoyursunuz, yoxsa xanımlar əllərinizdən yapışıb barmaqlarınızla oynayar. Nəhayət, söz sizə çatır. O vaxta qədərki saatların gərginliyinə necə dözəcəyimi bilmirəm. Nitqinizə heç bir məhdudiyyət qoymamalısınız, həqiqəti deyib səs-küy qaldırın, məhəccərin üstünə əyilin, fikrinizi – təkzib olunmaz fikrinizi səsiniz gəldikcə bağırıb, bəli, bağırıb komendanta bildirin. Bəlkə, bunu istəməyəcəksiniz, bu, sizin xarakterinizə uyğun gəlmir, bəlkə də, sizin ata yurdunuzda belə vəziyyətlərdə ayrı cür hərəkət edirlər, əslində, o da düzdür, elə bu da yetərlidir, qəti ayağa qalxmayın, yalnız bir-iki kəlmə deyin, pıçıltı ilə deyin ki, sizdən aşağıda oturan məmurlar eşitsin, bu bəs edər, gərək iştirakçıların kimliyindən, xırçıldayan çarxdan, qırılmış qayışdan, murdar keçədən bir kəlmə də deməyəsiniz, qəti, yerdə qalanlar mənim işimdir, inanın mənə, nitqim komendantı zaldan qovub çıxarmasa da, onu diz çökdürəcək və etiraf etməli olacaq: “Ey keçmiş komendant, qarşında baş əyirəm”. Budur mənim planım; onun yerinə yetirilməsində mənə kömək etmək istəyirsinizmi? Əlbəttə, istəyirsiniz, hələ daha çox istəməlisiniz!

Zabit səyyahın hər iki qolundan tutub tövşüyə-tövşüyə onun üzünə baxdı. Sonuncu cümləni qışqıra-qışqıra elə bərkdən dedi ki, hətta əsgərlə müttəhimin də diqqətini özünə çəkdi; onlar heç nə başa düşməsələr də, yeməklərinə ara verib gövşəyə-gövşəyə səyyaha baxdılar.

Səyyahın verməli olduğu cavab onun özünə lap əvvəldən bəlliydi; həyatında o qədər şey görmüşdü ki, burada qəti tərəddüd edə bilməzdi; dərindən yanaşdıqda doğru-dürüst adam idi və heç nədən qorxusu yox idi. Bununla belə, əsgər və müttəhimin baxışı altında yalnız biranlığa tərəddüd etdi. Necə deməliydisə, axırda elə də dedi:

– Yox. – Zabitin gözləri bir neçə dəfə böyükdü, amma baxışını ondan çəkmədi. – İzahat istəyirsiniz? – soruşdu. Zabit dinməyib başını tərpətdi. – Mən bu cür məhkəmə işinin əleyhinəyəm, siz məni inam və etibara çağıranda onlardan heç vaxt sui-istifadə etməyəcəyəm, öz-özümə fikirləşdim ki, bu məhkəmənin əleyhinə çıxmağa haqqım çatırmı və mənim etirazımın, azca da olsa, uğura imkanı varmı? Bu vaxt kimə müraciət etməli olduğum mənə əvvəlcədən aydın idi: təbii ki, komendanta. Bunu mənə daha da aydın etdiniz, sizin vicdanlı inamınız məni azdıra bilməsə də, ürəyimə yatır.
Zabit yerində lal-dinməz qurudu, üzünü maşına çevirib azca dala əyildi, başını qaldırıb cizgiçiyə baxdı, sanki, hər şeyin yerli-yerində olmasını yoxlayırdı. Əsgərlə müttəhim də dostlaşana oxşayırdılar; qayışla bərk-bərk bağlanan adamın hansı çətinliklərlə üzləşməsinə baxmayaraq, müttəhim əsgərə işarə etdi; əsgər ona doğru əyildi; müttəhim ona nəsə pıçıldadı, əsgər başı ilə razılıq bildirdi. Səyyah zabitin yanına gedib dedi:

– Mənim nə etmək istədiyimi hələ bilmirsiniz. Doğrudur, məhkəmə prosesi haqqında fikrimi komendanta deyəcəm, ancaq iclasda yox, təklikdə; özü də burada çox qalmayacam ki, məni iclasa çağırsınlar; sabah tezdən ya maşınla, ya da gəmi ilə yola düşürəm.

Duruşundan bəlli olurdu ki, zabit ona qulaq asmayıb.

– Deməli, proses sizi qane etməyib, – sanki, öz-özünə deyib gülümsədi, sinli kişi uşağın ağılsızlığına gülümsəyib təbəssümünün arxasında gerçək düşüncəsini gizlətdiyi kimi. – Deməli, onda vaxtı çatıb, – deyib birdən canlanan gözlərini səyyaha tuşladı, həmin gözlərdə müştərəkliyə hansısa bir tələb, hansısa bir çağırış vardı.

– Nəyin vaxtı çatıb, – səyyah narahatlıqla soruşdu, lakin cavab almadı.

– Sən azadsan, – zabit müttəhimə onun ana dilində dedi. Müttəhim əvvəlcə ona inanmadı. – Hə, hə, azadsan, – zabit təkrarladı. Müttəhimin sifətinə ilk dəfə əsl həyat qayıtdı. Gerçək idimi? Zabitin tezliklə keçib-gedəcək kef əyləncəsiydimi? Onun könlünə bu mərhəməyi əcnəbi səyyahmı salmışdı? Nə olan şeydi? Müttəhimin üz-gözündən bu suallar yağırdı. Amma bu, uzun çəkmədi. Hər nə olsa da, azad olmağa ixtiyarı vardısa, vəlin imkan verdiyi qədər qımıldanmağa başladı.”

“Əsgərlə müttəhim çayxanada tanışlarına rast gəldilər, həmin tanışlar onları xeyli ləngitdi. Amma tezliklə onların əlindən çıxa bildilər, çünki hər ikisi səyyahın dalınca qaçanda o artıq qayıqlara aparan uzun pilləkəni yarı eləmişdi. Çox güman ki, səyyahı son anda məcbur etmək istəyirdilər ki, onları da aparsın. Səyyah onu buxar gəmisinə aparması üçün aşağıdakı qayıqçı ilə sövdələşəndə əsgərlə müttəhim qışqırmağa cürət etməyib lal-dinməz tələsə-tələsə pilləkəni aşağı endilər. Amma onlar gəlib çatana kimi səyyah artıq qayıqdaydı və qayıqçı sahildən aralanırdı. Onlar qayığa hoppana bilərdilər, lakin səyyah düyünlü ağır vəli əlinə götürüb hədələdi və bununla onları qayığa hoppanmaqdan çəkindirdi.”

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin