Gender və liderlik problemi. Sosial – psixologiya

0

Cəmiyyət həyatında qadının rolu günü-gündən artır. XX əsrin əsas istiqamətlərindən biri belədir. İctimai – siyasi hadisələrdə, xüsusilə qadın təhsilinin sürətli inkişaf axarında gender problemi əmələ gəlib və sürətlə inkişaf edir.

XIX əsrin ənənəvi kişi və qadın peşə stereotipləri və etalonları vardı. Güman edirdilər ki, qadından mühəndis,  kosmonavt, rejissor olmaz : XX əsrdə bu stereotip və etalonlar öz – özünə sadəcə köhnəldi. Qadın nəinki özünü sadəcə olaraq mühəndis və ya rejissor rolunda təsdiq etdi, həm də lider kimi cəmiyyət həyatında önəmli rol oynamağa başladı.

Xüsusilə 2-ci dünya müharibəsindən sonra sosiologiyada yeni  bir problem – gender problemi əmələ gəldi. Bu kökdə də onun sosial – psixoloji konteksti formalaşdı.  Azərbaycan psixologiyasında da gender problemi 60-70 – ci illərdə cinsi fərqlərin formalaşması axarında öyrənilməyə başlamışdır.

Psixologiyada gender probleminin araşdırılmasında öz-özünə müəyyən istiqamət əmələ gəlib : qadın psixologiyasının xüsusiyyətləri kişi psixologiyası fonunda təhlil edilir. Müəlliflər ( E. Aronson,  T. Uilson,  R. Eykert)  bu məsələnin həllində F. Fidlerin liderliyin situasiya nəzəriyyəsinə söykənirlər.  Onların fikrincə, kişi və qadınların liderlik üslubu stereotipləri geniş yayılıb.  Bu stereotiplərə görə kişi liderlər insan münasibətlərinə nisbətən daha çox işin keyfiyyətli olmasına qayğı göstərirlər,  qadın liderlər isə daha çox iş prosesində insan münasibətlərinə xüsusi diqqət yetirirlər. Görəsən bu stereotiplər əsaslıdır?   Beləki,  Elis İqli və onun əməkdaşları bu məsələni çoxsaylı tədqiqatlarla araşdıranda müəyyən etdilər ki,  qadınlar kişilərdən fərqli olaraq daha çox demokratik rəhbərlik üslubuna söykənirlər, onları daha çox insan münasibətləri maraqlandırır.

Müəlliflər bu cəhəti qadın psixologiyasının xüsusiyyətləri ilə izah edirlər.  Qadının həyatı emosional həyatdır. Onlar insan münasibətlərinə son dərəcə həssasdırlar. Bundan başqa özlərinin ünsiyyət vərdişləri ilə seçilir və elə buna görə də qərar qəbul edəndə insan münasibətlərini nəzərə alırlar. “Yox”  deyəndə də onu, qadın səmimiyyəti ilə deyirlər və işçiləri narazı salmırlar. Onların liderlik üslubunun psixoloji konsepsiyası belədir.

E. Aronson,  T. Uilson və R. Eykertin qeyd etdikləri kimi,  görəsən,  müəyyən edilmiş eksperimental faktlar kişilərə nisbətən qadınların daha yaxşı rəhbər olduğunu göstərir?  Müəlliflər liderliyin situasiya nəzəriyyəsinə söykənərək qeyd edirlər ki,  kişinin və ya qadının daha yaxşı rəhbər olub-olmaması onların fəaliyyət göstərdikləri situasiyanın xarakterindən asılıdır. Onlar məsələnin mahiyyətini açıqlamaq üçün diqqəti Elis İqli, Stiven Karay və Mona Makardcanın tədqiqatlarına cəlb edirlər. Müəyyən edilmişdir ki,  qadınlar ( həm onların işinin obyektiv göstəricilərinə həm də, iş yoldaşlarının qiymətlərinə görə)  ünsiyyət vərdişləri xüsusilə vacib olan sahələrdə,  məsələn,  təhsil sferasında adətən daha yaxşı lider olurlar. Kişilər isə qətiyyətlə əmr vermək və nəzarət etmək qabiliyyətinin tələb olduğu sahələrdə,  məsələn,  orduda adətən daha uğurlu liderlik edirlər.

Müəlliflərin fikrincə,  bu faktlardan birtərəfli nəticə çıxarmamaq üçün bəzi əlavə amilləri nəzərə almaq lazımdır.  Əvvəla,  müəyyən edilmiş fərqlər bir oqədər də böyük deyil. Kişi rəhbərlik üslubunu mənimsəməyə qabil olan o qədər qadın var ki…  Kişilərin də bir çoxu səmərəli ünsiyyət vərdişləri ilə seçilirlər. Bundan başqa,  liderliyin səmərəliliyi problemini araşdıranda istər – istəməz sual yaranır : görəsən,  müəyyən edilmiş faktlar həqiqətən mövcud olan fərqləri əks etdirir,  yoxsa onlar liderlik haqqında geniş yayılmış stereotiplərin təsiri ilə əmələ gəlmişdir?  Bu suala ancaq sistemli tədqiqatlar əsasında köklü cavab vermək olar.

Mənbəə : Sosial – psixologiya ( 2003)

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin