Göbəklitəpə: Dünyanın ən qədim məbədi

0

 

Göbəklitəpə məbədi Türkiyə ərazisində yerləşən Şanlı Urfaya 15 km yaxınlıqda aparılan arxeoloji qazıntılar nəticəsində aşkar edilmişdir. Günümüzdən 12 min il öncəyə aid olan bu kəşf tədqiqatçıları heyrətə salmış və bu günə qədər insanlıq tarixinin mədəni (kultural) təkamülü haqqında irəli sürülən bəzi fikirləri yenidən gözdən keçirməyə səbəb olmuşdur.

Arxeoloji olaraq Neolitik A dövrünə (e.ə. 9600-7300) aid olan Göbəklitəpə, bir təpə üzərində inşa edilmiş çox sayda dairəvi şəkildə olan daş tikililərə sahibdir. 1995-ci ildə alman arxeoloqu Prof. Klaus Şmit (Klaus Schmidt) tərəfindən Alman Arxeologiya İnstitutunun dəstəyi ilə aparılan qazıntılar nəticəsində əldə edilən məlumatlara görə, bu tikililərdən məskən (yaşamaq) kimi istifadə edilməmişdir. Göbəklitəpədə üstü açıq olan bu daş tikililərin sadəcə 6-sı aşkarlanmışdır, ancaq bunların sayının 20 ədəd olduğu müəyyənləşdirilmişdir. Bütün bu tikililərin  sadəcə dini ayinlərin keçirilməsi məqsədi ilə inşa edildiyi artıq bilinir və bunlar dünyanın ilk məbədləridir. Daş dövrünə aid olan bu məbədlərin konstruksiyasında ortaq bir xüsusiyyət diqqəti cəlb edir: T formasında sütunlar ilə əhatə edilmiş məbədlərin mərkəzində iki böyük formasında sütun qarşılıqlı şəkildə yerləşdirilmişdir.

Arxeoloqlar hündürlüyü 3-6 metr aralığında olan bu T formasındakı sütunların insan simvolları (heykəl) olduğunu düşünürlər. Bunun səbəbi T formalı sütunların üzərində görülən qol və əl təsvirləridir. Prof. Şmit bu sütunların insan simvolları olduğu üçün insanları bir yerə toplama (ictimailəşdirmə) funksiyasını yerinə yetirdiyini düşünür[1]. Ayrıca ətrafda yerləşən sütunların üzərində oyulmuş heyvan təsvirləri və mücərrəd simvollar da vardır.

Öküz, vəhşi donuz, tülkü, ilan, durna, ördəklər ən çox görülən heyvan təsvirləridir. Daşlar üzərində oyulmuş bu heyvan təsvirlərinin yanında başqa heyvan qabartmalarına da rəst gəlinir. Bunlardan biri  T formalı sütunun yan tərəfindən aşağı enən şəkildə təsvir edilən aslan qabartmasıdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Göbəklitəpənin əsas simvolu olan T formalı sütunların ağırlığı 40-60 ton arasında dəyişir. İbtidai daş alətlərin istifadə edildiyi bu dövrdə belə ağır sütunların necə daşındığı hələ ki, dəqiq cavablandırılmayıb. İnsanların hələ ovçuluq-yığıcılıq icmasında yaşadığı, daimi məskənləşmə və əkinçiliyin inkişaf etmədiyi 12 min il öncəki dövrdə bu sütunların mükəmməl konstruksiyası və bunların daşınması çoxlu insanın bir yerdə çalışmasına və əməkdaşlığına işarə edir. Göbəklitəpə, məbədin inşa edildiyi tarixdən təxminən 1000 il sonra torpaq və daşlarla tamamilə örtülmüşdür və bu tikililərin hansı səbəblə gömüldüyünün də cavabı hələ tapılmamışdır.

Göbəklitəpənin kimlər tərəfindən inşa edildiyi hələ ki, dəqiq bilinmir. Bəzi arxeoloqlar bu insanların şaman bir liderə tabe olduğunu və buradakı sosial quruluşun şamanizmdən qaynaqlandığı fikrini irəli sürürlər. Cavab nə olursa, olsun, Göbəklitəpənin bu zamanda inşa edilməsi insanların indiyə qədər təxmin olunandan daha öncə ictimailəşdiyini (cəmiyyət halında yaşamalarını) açıq şəkildə göstərir.[2]

Göbəklitəpənin tarixə gətirdiyi yenilik nədir?

I Göbəklitəpə Sempozyumunda (2012) Neolitik dövrü arxeologiyası sahəsində mütəxəssis olan Prof. Trevor Vatkins (Trevor Watkins) bunları qeyd etmişdir:

“İndiyə qədər arxeoloqlar neolitik inqilabın əkinçiliyin başlanğıcı və insanların daimi məskənləşmə keçməsi ilə başlandığını təxmin edirdilər. Bu 19-cu əsrdə baş verən sənaye inqilabına bərabər sayılırdı. Yəni iqtisadi dəyişiklik, cəmiyyətin sosial-mədəni transformasiyana səbəb olmuşdu. Bunun kimi mədəni-dini inkişafın əkinçilik və daimi məskənləşməyə keçməkdən sonra inkişaf etdiyi düşünülürdü. Amma Göbəklitəpə bunun belə olmadığını göstərmişdir. Artıq bu fikri dəyişdirməmiz lazımdır” [3]

Qısaca olaraq, daha öncə sosial-mədəni təkamülün iqtisadi dəyişmələrin nəticəsində yarandığı düşünülürdü. Lakin Göbəklitəpə məbədi göstərmişdir ki, insanlar daha əkinçiliyə və daimi məskənləşməyə keçməzdən çox əvvəl iyerarxik cəmiyyət halında təşkilatlanmış, dini fikirlərə sahib olmuş və özlərinə dini məqsədlə tikililər inşa etmişlər.

Prof. Klaus Şmit Göbəklitəpə simvolizmini izah edərkən qeyd edir ki, T formalı (insana işarə edən) sütunların mərkəzdə yerləşdirilməsi “getdikcə təbiətdə insanın üstünlüyünü və digər canlılar arasında hakim duruma gəldiyini” göstərir.[4] Yəni bu bir insan kultunun (insanın ucaldılması) başlanğıcıdır.

Sapiens” kitabının müəllifi N.Y. Harrari Göbəklitəpənin çox mühüm dini-sosial nəticələrinin olduğunu irəli sürür:

“Göbəklitəpənin ovçu və yığıcılar tərəfindən inşa edildiyinə şübhə yoxdur… Beləliklə, bu insanların bacarıq və mədəniyyətlərinin təxmin ediləndən çox daha mürəkkəb və mütərəqqi olduğu fikri ortaya çıxdı… Göbəklitəpə sütunlarının inşa edilməsinin tək yolu fərqli qruplara və qəbilələrə mənsub olan minlərlə ovçu-yığıcının uzun zaman əməkdaşlıq etməsidir. Sadəcə inkişaf etmiş dini ve ideoloji sistem bu cür bir çalışmanı mümkün hala gətirə bilərdi.”[5]

Buradan ortaya çıxan nəticə odur ki, fərqli qruplar və qəbilələr ortaq dini inamlar-ayinlər vasitəsilə birləşməyə və daha çox əməkdaşlıq etməyə başlamışlar. İnsanların böyük cəmiyyətlər halına gəlməsi dini inancların inteqrasiya edici funksiyası nəticəsində baş vermişdir.

Göbəklitəpəni inşa edənlər nəyə inanırdılar?

Göbəklitəpədə ortaya çıxan simvollar Prehistorik dövrün dini inanışları və dini həyatın ibtidai şəkilləri haqqında bizə nə öyrədir? T formalı sütunlar tanrılara yoxsa insanlara işarə edir? Prof. Şmit bunların insanın simvollaşdırılmış təsəvvürü olduğunu vurğulayır. Bəlkə də, Göbəklitəpədə tanrı ideyası belə hələ yaranmamışdı. Belə ki, ən qədim ibtidai dinlərdən hesab edilən animizm və totemizmdə hər hansı bir tanrı ideyası yoxdur. Göbəklitəpədə müəyyən bir simvollar sistemi mövcuddur amma bunu hələ ki, təyin etmək çox çətindir.

Amma inamlardan fərqli olaraq, Göbəklitəpədə yerinə yetirilən dini ayinlər haqqında nisbətən bəzi şeylər artıq məlumdur. Göbəklitəpə bir ölü dəfn etmə mərasiminin yerinə yetirildiyi məbəddir!

Harran Universitetinin dosenti, Göbəklitəpə qazıntılarında iştirak edən arxeoloq Yrd. Doç. Cahit Kürçüoğlu Göbəklitəpədə ölüləri məzarda dəfn etmək adətinin hələ yaranmadığını, ölülərin günəşə basdırılması (qoyulması) və vəhşi quşlar tərəfindən yeyildiyinin məlum olduğunu bildirir. Bu şəkildə ölü ruhlarının səmaya yüksəldiyinə inanıldığı təxmin olunur. Sütunların üzərində vəhşi quşların ölüləri yemələrinin təsvir olunması bu fikri dəstəkləyir. C. Kürkçüoğlu digər bir arxeoloji məkan olan Çatalhöyükdə (Türkiyədə aşkar edilmiş, 9 min il öncəyə aid olan Neolitik yaşayış məskəni) “ölüləri günəşə basdırmaq” ayininin mövcud olduğunu qeyd edir.[6]

(Şəkildə quşların arxasında başsız insan qabartması görünür)

Göbəklitəpə Misir ehramlarından tam 7 min il öncəyə aiddir. Bu fakt belə Göbəklitəpənin dünyanın ən böyük tarixi abidələrindən biri olduğunu göstərir. Sadəcə çaxmaqdaşlarının istifadə edilməsi ilə düzəldilən böyük sütunlar və onların daşınması-yerləşdirilməsi, sütunlar üzərindəki mükəmməl heyvan qabartmaları, həmçinin məbədin memarlıq quruluşu bu insanların memarlıq və incəsət bacarıqlarının üstünlüyünü göstərir və tədqiqatçıları heyrətə salmağa davam edir. Şübhə yoxdur ki, Göbəklitəpə qazıntıları davam etdikcə daha yeni tapıntılar ortaya çıxacaq və bu mükəmməl ustaların dini inamları və sosial həyatları haqqında daha aydın biliklər ortaya qoyulacaqdır.

 

Müəllif: s.ü.f.d. Asəf Qənbərov

Tarix: 09.10. 2017

Mənbələr

 

[1] Cradle of Gods Documentary, (2012)

[2] www.gobeklitepe.info (03.10.2017).

[3]http://gobeklitepe.com/birinci-gobeklitepe-sempozyumu.html (03.10.2017)

[4] Cradle of Gods Documentary, (2012)

[5] Yuval Noar Harari, Hayvanlardan Tanrılara Sapiens, Kolektif Yayınları, İstanbul, 2015, s. 102.

[6]http://www.cumhuriyet.com.tr/haber/diger/339166/_Gobeklitepe_de_oluler_gunese_gomuluyordu_.html(03.10.2017)

 

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin