Gündəlik həyatda mifologiya

0

Tibb sahəsində mifologiya

Yunan və Latın mənbələrinə əsaslanan elmi terminologiyanın inkişafı qərbdə sənaye çevrilişinin və buna bağlı informasiya istehsalının artdığı dövrə təsadüf edir. Tibb sahəsində böyük inkişaflar baş verirdi, hər gün yeni diaqnoz və müalicə prinsipləri yaranırdı. Mikroskop və antibiotiklərin tapılması bir çevriliş xarakteri daşıyırdı. Bütün bu inkişaflar Amerika və Avropa kimi qərb cəmiyyətlərində baş verirdi. Təbii ki, elmi də onlar idarə edəcəkdilər. Onlar öz mədəniyyətlərinin kökünün yunan mədəniyyətinə əsaslandığını hesab etdiklərinə görə, o mədəniyyətdən diqqətlə seçdikləri adları illər ərzində düzəldərək günümüzə qədər çatdırmışlar.
Məsələn, tibb elmlərində bütün sahələrin simvollarında ilan fiquru var. Əgər bunu araşdırsaq, qarşımıza Asklepios (Asclepius) inancı çıxar. Ilan və əsa yunan mifologiyasında tibb tanrısı olan Asklepiosun simvoludur. Asklepios Apollonun (Apollo) oğludur. Təbiblik sənətini təbiətlə iç-içə yaşayan Sontordan ( Centaur-at adam) öyrənmişdir. At adam ona sənətin bütün incəliklərini öyrətmiş, şəfalı otları və suları göstərmişdir. Heykəllərində ilanlı əsa Asklepiosun bir əlində, şəfalı dərmanın olduğu müqəddəs tas isə o biri əlindədir. Uzun müddətdir ki, ilanın zəhəri şəfalı hesab edildiyindən simvola çevrilmişdir. Məbədlərə şəfa məqsədilə gələn xəstələrin bəziləri zəhəri alınmış bir ilan tərəfindən dişlənilirdi. Inanca görə, ilanın yaladığı yara sağalırdı. Asklepiosa görə, həkim ilan kimi səssiz olmalı, heç kimin sirrini başqasına deməməli, səbr və səssizliklə işini görməlidir. Ilan mövsümi olaraq dərisini dəyişdirdiyi üçün ölümsüz hesab olunur. Çünki, sonsuz şəkildə yenilənir. Bir çox mifologiyalarda həyat ağacını qoruyan ilanın, eyni zamanda, bu ağacdan yediyi qeyd olunur. Beləliklə, ilan həm həyatı, həm də ölümüm simvolizə edir. Yunan mifologiyasından başqa Gilqamışla (Gilgamesh) bağlı bir mif də vardır. Gilqamış ölümsüzlük bitkisini axtarır ama tapan kimi otu bir ilan ondan oğurlayır və udur. Ilanın bu hekayədə olduğu kimi ölümsüzlük otunu yeyən canlı olduğu hesab olunur. Buna görə, onun təsvirinin səhiyyə emblemi olması ehtimal olunur.

Psixiatriyada mifologiya
Psixiatriya termini yunanca “psykhe” və “iatros” sözlərinin birləşməsindən əmələ gəlmişdir. Terminin tərkibində “psykhe” sözü mifologiyadan yunan dilinə daxil olmuşdur. Psikenin (Psykhe) gözəlliyini qısqanan Afrodit (Aphrodite) oğlu Erosdan Psikeni dünyanın ən çirkin insanına aşiq etməyini xahiş edir. Amma Eros özü Psikeyə aşiq olur. Bundan sonra Psikenin ruhi vəziyyətini alt-üst edən bir çox hadisə baş verir.
Panik (vahimə)
Panik terminin atası Pandır. Pan mifologiyada sürülərin və çobanların tanrısı idi. Pan keçi ayaqları və quyruğu ilə doğulmuşdu. Alnında iki buynuz var idi. Çənəsində saqqal sallanırdı. Titanlar müharibəsində iştirak etmiş və xüsusilə Zevsin qələbəsinə yardım etmişdir. Spiral formasında olan nəfəs alətinin qorxunc səsiylə Titanlar arasına qorxu və vahimə salmışdır. Pandan bütün canlılar qorxur və ürkürdü. Əlavə oxu:Tanrı Pan
Beləliklə, “panik” Pandan gələn qorxu və dəhşətdir.
Fobiya
Fobiya termini yunanca “phobos” sözündən əmələ gəlmişdir. Fobos (Phobos) yunan mifologiyasında qorxu tanrısıdır. Fobos müharibə tanrısı olan Aresin (Ares) yanından heç vaxt ayrılmır, qorxu və dəhşəti simvolizə edirdi. Fobiya sözü, ümumiyyətlə, tibbdə psixiatriya sahəsində tez-tez istifadə olunan termindir. Bir çox sözün sonuna əlavə olunaraq yüzlərlə termin yaradılmışdır. Hətta Thanatofobiya (ölüm qorxusu), Araknofobiya (Hörümçək qorxusu) kimi söz birləşmələrində iki mifoloji söz birləşərək termin əmələ gətirmişdir. Fobiya sözü ilk dəfə romalılar tərəfindən istifadə edilmişdir.
Hipnoz
Hipnoz (Hypnos) Yunan mifologiyasında yuxu tanrısıdır. Erebus (Erebus-qaranlıq) ilə Niksin (Nyx-gecə) oğludur.
Yuxu tanrısının evinə əsla gün işığı girməzdi. Ətrafında yuxuların yaradıcısı oğulları var idi. Hipnoz bütün yorğunluqlarını atmaq üçün bütün canlı və cansızları yuxuya verərək sakitləşdirirdi. Adını mifologiyadan götürən hipnoz hadisəsi bugün tibb sahəsində hələ də istifadə olunur.
Elektra kompleksi
Elektra yunan mifologiyasında Aqamemnon (Agamemnon) ilə Klitemnestranın (Clytemnestra) qızıdır. Atası anası və onun sevgilisi tərəfindən öldürüləndə qardaşı Orestesi uzaqlaşdırıb onun həyatını qurtarır. Orestes (Orestes) qayıdanda anasıyla sevgilisinin öldürülməsində Elektraya kömək edir. Elektranın atasına görə anasını öldürməsi psixoanalizdə ataya həddən artıq bağlılığı göstərir. Bu termin hazırda tibbi terminlərin arasına daxil edilmişdir.
Letarji
Xüsusilə, nevropatoloq və psixiatorların daha çox istifadə etdikləri termin olub, şəxsin dərin keylikdə olduğu davamlı və patalojik yuxu vəziyyətini ifadə edir. Xəstənin əzələlərində də tam bir boşalma olur. Bu terminin əmələ gəlməsində iki mifoloji ilahənin nəvələrinin adlarından istifadə edilmişdir. Bu nəvənin adı Letedir.(Lethe) Lete ölülər ölkəsində çeşmə idi və onun suyundan içən hüzurla yuxuya gedirdi. Bu gün səbəbsiz yuxulara verilən addır.
Tibb sahəsində olan mifolojik adlar bununla bitmir. Bir çox orqanımızın (Iris, Aşil vətəri, Himen (Hymen)), xəstəlik və yaxud simptomların (Priapizm, Nimfomaniya və s.) və bakteriyaların (Stafilokok, Proteus və s.) adları mifologiyadan götürülmüşdür.
Astronomiyada mifologiya
Planetlər tanrılara bənzədilərək yaradılmışdır. Ən böyük planetə ən böyük tanrının adı Yupiter (Zevs), ən gözəl görünən planetə Venera (Afrodita), ən qızılı görünənə Mars (Ares) adı verilmişdir. Marsın peyklərindən birinin adı qorxu tanrısının adı Fobosdur. Dəniz tanrısı Neptun (Poseydon) da planet Neptunun mavi görünüşünə görə onunla uyğunlaşmışdır. Pluton (Hades) bilindiyi kimi yeraltı tanrısıdır. Bu tanrı əfsanələrdə yer üzünə çox az hallarda çıxar. Əvvəllər planet hesab edilən, lakin bugün planet olmadığı qəbul edilən Pluton günəş sistemimizin ən uzaq planetiydi. Adının Pluton olmasının səbəbi isə yeraltı tanrısının günəşi ən az görən tanrı olması idi.
Coğrafi terminlərdə mifologiya
Bu sahədə də mifologiyaya əsaslanan sözlər mövcuddur. Avropa qitəsinin adı Zevsin sevgililərindən biri Avropadan (Europe), “vulkan” termini isə ən qədim latın tanrılarından biri olan Vulkanusdan (Vulcanus) gəlir. Qayanın (Gaia) oğlu Okeanus (Oceanus) yer kürəsinin çevrəsindəki nəhəng çayın tanrısıdır. Eyni zamanda, Okeanus mifologiyada dünyanı əhatə edən dənizi ifadə edir. Buna görə də, yer kürəsindəki böyük dənizlərinə okean deyilir.
Kimyada mifologiya
Kimya elmində mifologiya ən çox elementlərin adlarında istifadə edilmişdir. Fosfor (Phosphoros) yunan mifologiyasında səhər günəşinin adıdır. Səhər günəşinin parlaqlığına görə adı fosfora verilmişdir. Selenium elementi yananda parlaq alov əmələ gətirir. Buna görə element adını mifologiyada Ayın simvolu sayılan Selenedən (Selene) götürmüşdür. Civə bir yerə töküləndə sağa-sola dağılacaqmış kimi hərəkət edir və toplamaq olduqca çətindir. Qərb dillərində civəyə “mercure” deyilir. Bu ad romalıların Merkirus (Mercirus) adını verdikləri Hermesdən (Hermes) götürülmüşdür. Hermes mifologiyada bəhs edildiyinə görə, doğulduğu günün ertəsindən etibarən əlyetməz hərəkətlər etməyə başlamışdır. Onun bu hərəkətləri civə ilə oxşardır.
Musiqidə mifologiya
Musiqiçilər də ən az rəssamlar qədər mifologiyadan ilham almışdır. Hətta elə musiqi sözü də mifologiyadan götürülmüşdür. Yunancadan tərcümədə musiqi mənasına gələn “mousikos” sözü mifologiyadakı Muzalarla (Mousa) bağlı olduğu, eyni zamanda, bu sözün şeir və digər sənətləri əhatə etdiyi irəli sürülür. Zevs və Mnemosinenin (Mnemosyne) hamısı bakirə olan doqquz qızı muzalar “ilham və incəsənət” pəriləri kimi xarakterizə olunurlar. Muzaların başı adlandırılan Kalliope (Calliope) lirik şeirin ilham pərisidir. Erato (Erato) isə xor şəklində oxunan məhəbbət şeirlərinə ilham mənbəyi olmuşdur. Musiqi tarixində bir çox əsərlər də mifoloji əfsanələrdən götürülmüşdür. Tarixdə ilk operalar Orfeus və Euridisenin (Orpheus and Eurydice) kədərli hekayəsindən götürülmüşdür. Bethoven (Beethoven) isə “Prometeyin varlıqları” (The creatures of Prometheus) balletini yazmışdır. Musiqi sahəsinə yalnız yunan mifologiyası ilham qaynağı olmamışdır. Məsələn, Vagner (Wilhelm Richard Wagner) qədim alman, Sibelius (Jean Sibelius) isə Fin mifologiyasından ilham almışdır.
Kompüter texnologiyasında mifologiya
Məsələn, kompüterdə təhlükəsizlik proqramı olan “Kerberos” (Cerberus) adı mifologiyada ölülər ölkəsinin qapısında gözətçilik edən 3 başlı köpək Kerberosdan götürülmüşdür.

Troyan proqramı isə hazırda dünyada ən geniş yayılmış komputer proqramıdır. Onun da adı “Troya atı”ndan götürülmüşdür. Troya atı, Odisseusun (Odysseus) Troya divarlarını aşmaq və şəhərə gizlicə girmək üçün istifadə etdiyi taxtadan hazırlanmış at maketidir.
Kinoda mifologiya
Bu filmlər içərisindən Herakl filmləri ilk sıraları tutur. Troya müharibəsi də dəfələrlə filmlərin mövzusu olmuşdur. Oudipus və Elektra mifləri həm kinoda, həm də teatrda tez-tez istifadə olunmuşdur.
Rəsm sənətində mifologiya
Orta əsrlərdən bəri bir çox rəssam əsərlərini mifoloji hadisələrdən ilhamlanaraq çəkmişdir. Bu mövzuda çəkilən əsərlərin sayı olduqca çoxdur. Bunlar içərisində, bəlkə də, ən məşhuru Bottiçelinin “Veneranın doğulması” adlı əsəridir.

Əlavə oxu: http://rezonanss.com/veneranin-dogulmasi/

Mənbə: http://www.dusunuyorumdergisi.com/gunluk-yasamda-mitoloji/

https://www.greekmythology.com/Myths/The_Myths/Trojan_War/trojan_war.html

http://www.mugla.pol.tr/fethiye/Sayfalar/Truva-At%C4%B1.aspx

Redaktə etdi: Lalə Yusifova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin