Hipnoz nədir? Hipnozun tarixi.

0

Hipnoz yunanca  “yatmaq “mənasına gəlir. Hipnoz olmuş adam şüursuz, tam bir yuxu vəziyyətində deyil. Şüurlu hipnoz əsnasında fərd həkimin söylədiyi hər şeyi edir; bir təlqin verilmədiyi təqdirdə xaricdən gələn digər səsləri də eşidir, öz düşüncələrinin fərqindədir və transdan (hipnoz halından) çıxdıqdan sonra da hər şeyi xatırlayar.

Hipnoterapiya sessiyasından sonra insanlar adətən rahatlıq hiss edir. Hipnoz, hiss edilmədən tamamilə ifadə edilə biləcək bir duyğu deyil.

Hipnoz ağılın təbii bir vəziyyətidir. Həyatımızın çox hissəsində hipnoz anlarını bilmədən hiss edirik. Məsələn; bir səfər əsnasında gedəcəyimiz nöqtəyə çatdığımız anda keçən uzun bir müddətə baxmayaraq “səfərin qısa sürdüyünü hiss etmək və yol boyunca oyanıq olmamıza baxmayaraq necə bir yoldan keçməyimiz, yol boyunca nələr olduğunu xatırlamamaq”,  ya da televiziyada bir film seyr edərkən özümüzü ona qapdırıb, real olmadığını bilməmizə baxmayaraq səhnələrdən duyğulanmamız və o əsnada otaqdakı danışmaları və ya bizə səslənəndə duymamamız kimi vəziyyətlər da hipnotik anlardır. Necə olur ki gözlərimizin açıq olmasına baxmayaraq gördüklərimizi xatırlamırıq və ya ssenari olduğunu bildiyimizə baxmayaraq duyğulanırıq? Çünki o əsnada zehinimiz başqa bir şeyə diqqətini verir. Şüurlu düşüncəmiz hipnozun təsiri altında olduğunda fikirlərin (təkliflərin) artan təsiri şüuraltına çatmaqla birbaşa hərəkət edir. Üstəlik, zehninizin şüuraltı mərhələsi əsl özünüzün yaxın bir müttəfiqidir. Çünki keçmiş həyatınızdakı təcrübələrinizin bütün xatirələri şüuraltınıza  basdırılır və şüurunuz nəyin gerçək olub olmadığını yaxşı seçə bilir… Məntiqsiz idarə olunduğu üçün gerçəkliyi gerçək olmayandan  ayırd edə bilməz. Amma instinktiv olaraq, bu həqiqəti çəkir. Hipnoz öz gücünü təlqinlərdən alır. “ Bir insana 40 gün dəlisən desən, dəli olar” deyimi də təlqinin gücünü vurğulayır.   Hipnoz və ona bənzər hadisələrlə insanlar cəmiyyətin inkişafının bütün tarixi mərhələlərində qarşılaşmışlar. Tarixi mənbələrdən bəlli olan məlumatlara görə, e.ə 2-ci əsrdə Yunanıstanda və Misirdə dərvişlər hipnozetmə qabiliyyətinə malik olmuşlar. Onlar öz bacarıqlarını nümayiş etdirmək məqsədilə meydanlarda, küçələrdə adamları bir yerə toplayaraq hipnoz seansları təşkil edərmişlər. E.ə yaşamış məşhur yunan həkimi Asklepiadin verdiyi məlumata görə, hipnoz və təlqin vasitəsilə xəstələrin müalicəsi geniş yayılmışdı. Bəzi din xadimlərinin hipnozdan istifadə etməsi faktları da bizə məlumdur. İsa peyğəmbərin həyatı və fəaliyyətini əks etdirən mənbələrdən və haqqında çəkilən filmlərdən məlum olur ki, o, hipnozdan və təlqindən müalicə məqsədilə istifadə etmişdir.

Orta əsrlərdə hipnoz və təlqin haqqında toplanmış təcrübə və biliklər xeyli unuduldu. Bəzi ölkələrdə din xadimlərinin  göstərişi ilə hipnoz etmək qabiliyyəti olan adamlar təqib olunurdu.

Uzun illər keçdikdən sonra, nəhayət, dirçəliş dövründə  yenidən hipnoza maraq oyanmağa başladı, “heyvani maqnetizm” anlayışı da elə həmin illərdə- 16-cı əsrin sonu, 17-ci əsrin əvvəllərində meydana çıxdı. Fantastika və mistikaya arxalanan bu baxışları həmin dövrün məşhur həkimi Parasels (ingiliscə tam adı Philippus Aureolus Theophrastus Bombast von Hohenheim)  də müdafiə edirdi. Bir qədər sonra Van-Helmont (ing. Jan Baptist van Helmont) və Flüid sübut etməyə çalışdılar ki, bir şəxs digərinin beyninə gözləri və əlləri vasitəsilə xüsusi “ həyat qüvvəsi” ötürmək və beləliklə həmin şəxsi öz təsiri altına salmaq qabiliyyətinə malikdir. Sonralar bu “qüvvə” Flüid adlandırıldı və onun tərkib hissəsinin maqnit olması fikri söylənildi. “ Canlı maqnetizm” , “ heyvani maqnetizm” anlayışı bu yolla meydana çıxdı, “ Heyvani maqnetizm” qüvvəsinə malik olan şəxsləri maqnetizyor adlandırmağa başladılar.

Öz təcrübələrində və müalicə işlərində maqnetizmdən geniş istifadə edən Frans Mesmer 1774-cü ildə Paris Elmlər Akademiyasına heç də elmi dillərə əsaslanmayan bir tezis təqdim etdi. Əvvəllər astrologiya–səma cisimlərinin insan orqanizminə təsirini öyrənməklə məşğul olan Mesmer xəstələri maqnetik qüvvə ilə müaqlicə etməyə başladı. Tərkibində maqnit olan metallardan hazırlanmış üzük, bilərzik, kəmər və s.  geniş istifadə edən Paraselsdən fərqli olaraq, Mesmer əlində tutduğu maqnit çubuqdan istifadə edirdi. Lakin sonralar maqnitsiz də: əlləri vasitəsilə təsir etməklə eyni effekt aldığını görən Mesmer ancaq bu üsulla, yəni Passlarla ( xəstənin başından ayağına doğru sığallayıcı hərəkətlər) xəstələri müalicə edirdi.

Tətbiq etdiyi müalicə üsulunun elmi əsaslara söykəndiyini sübuta yetirməyə çalışan Mesmer deyirdi ki, bütün aləm xüsusi flüidlə əhatə olunmuşdur. Efirəbənzər bu flüidlər hətta işıq şüalarından da zəifdir və ona görə insanlar onu əlləri, gözləri vasitəsilə digərlərinə ötürə bilir. Efirin hərəkəti işıq, havanın hərəkəti səs yaratdığı kimi, flüidlərin də hərəkəti canlı maqnit qüvvəsi yaradır. Bu isə, öz növbəsində, xəstələrə həyati qüvvə verir və beləliklə onlar müalicə olunurlar

.Related image

İnsanlara şəfa vermək təcrübəsi o qədər geniş yayılmışdı ki, Mesmer bütün arzu edənləri qəbul edə bilmirdi. Elə bu səbəbdən də o, müxtəlif əşyaları: ağacı, dəmiri, su çəlləklərini maqnitləşdirir və xəstələrə həmin əşyalardan istifadə etmək və ya toxunmaqla müalicə olunmalarını tövsiyyə edirdi. Müalicə seansı zamanı bir çox hallarda xəstələr çəngolmanı xatırladan tutma vəziyyətinə düşürdülər. Daha çox qadınlar arasında rast gəlinən belə hal müalicənin daha səmərəli olacağı əlaməti kimi qiymətləndirirdi.

Öz dövrünün məşhur həkimi,  qeyri-adi müalicə üsulunun aparıcı mütəxəssisi kimi tanınan Mesmerin biomaqnetizmi ( “ heyvani maqnetizm” , bəzən “ canlı maqnetizm” , “ müalicə maqnetizmi” , “ zoomaqnetizm” kimi də adlandırılırdı) alimlərin diqqətini cəlb etməyə başladı. Mesmerin müalicə üsulunu tədqiq edən elmi komissiyalar, o cümlədən Fransa Elmlər Akademiyası “ həyati maqnetizmin “ varlığını sübut edən heç bir dəlil tapa bilmədilər. Maqnetik passlara daha çox psixi təsir göstərmə və xəstələrdə özünütəlqin xülyaları yaratmaq xüsusiyyətinin olması barədə mülahizələr yürüdülməyə başlandı.

XIX əsrin 1-ci yarısı psixi təsir vasitələrinin öyrənilməsində mühüm mərhələ kimi qiymətləndirilməlidir. Hipnotizm termini də həmin illərdə ingilis həkimi Brid tərəfindən ədəbiyyata daxil edilmişdir. Bu dəfə maqnetizm seansında tamaşaçı kimi iştirak edən Brid bu təcrübələri elmi əsaslarla öyrənmək qərarına gəlir. İlk təcrübələrini ailə üzvləri, dostları arasında tətbiq edir. Bridin apardığı təcrübələrdən biri aşağıdakı kimi təsvir edilmişdir :

O, dostu Valekrə diqqətlə əlini  tutduğu butulkanın boğaz hissəsinə baxmağı təklif edir. 3 dəqiqədən sonra Valekrin gözləri yorularaq yumulur və O dərin yuxuya gedir. Sonra Brid həmin təcrübəni arvadı üzərində yoxlamaq istədiyini bildirir. Cavabında həyat yoldaşı Bridə kinayə ilə “ məni elə vəziyyətə sala bilməzsən” deyir və təcrübəni tətbiq etməyə razılıq verir. Brid arvadına stolun üstünə qoyulmuş qənd qabının parıldayan metal hissəsinə baxmağı təklif edir. 2 dəqiqədən sonra qadının sifətinin cizgiləri dəyişməyə, kiprikləri bir-birinə yapışmağa başlayır və o, dərin yuxuya gedir. Sonra Brid həmin qayda ilə hipnoz yuxusu haqqında heç bir təsəvvürü olmayan  xidmətçi qadını da yatızdırır. Apardığı təcrübələrin nəticələrini ümumiləşdirərək, Brid, hipnoz yuxusunun ancaq psixoloji təsir nəticəsində yarandığını qeyd edir və hər hansı bir flüidin varlığını inkar edir. Brid öz həkimlik təcrübəsində hipnozdan geniş istifadə etmiş , bir sıra xəstələri , məsələn, nevralgiyaları , baş ağrılarını, isteriya nəticəsində yaranan parezləri, mutizmi, çəngolma tutmalarını müvəffəqiyyətlə müalicə etmişdir. İxtisasca cərrah olan Brid hipnoz yuxusu altında yüzlərlə xəstələrdə cərrahi müdaxilə etmişdir.

Fransada elmi əsaslarla ilk dəfə hipnoz hadisəsini öyrənən həkim Azam olmuşdur. O, sinir sisteminə xüsusi təsir göstərməklə somnambulizm , yuxu, katalepsiya, ağrı hissiyatının itməsi kimi halları hipnozun psixo-fizioloji effektləri kimi qiymətləndirmiş və gələcəkdə bu təcrübələrin bioloji əsaslarının dərindən öyrənilməsini tövsiyyə etmişdir.

Azamdan sonra Dyuran-de-Qro hipnotizm mövzusunda mühazirələr oxumuş, bu sahədə toplanmış elmi mülahizələri genişləndirməyə çalışmışdır. O, hipnoz yuxusunu 2 mərhələyə bölürdü :

  1. Hazırlıq və ya katalepsiya
  2. Təlqinə həssaslığın güclənməsi ilə xarakterizə edilən fəallıq və ya ideoplastik mərhələ.

Məşhur Fransa həkimi Lebo hipnoz və təlqin imkanlarından elmi əsaslarla daha səmərəli istifadə etməyi tövsiyyə etmişdir. Lebo hələ Strazburq universitetinin tələbəsi ikən heyvanlarda hipnotizm məsələlərini öyrənməyə başlamış və bu sahədə böyük təcrübə toplamışdır.  Heyvanlar üzərində, sonra isə insanlarla apardığı təcrübələrdən Lebo belə qənaətə gəldi ki, maqnetik qüvvə adlanan “maddə” hipnoz və müalicə prosesində heçbir rol oynamır. Somnambulizm adlanan dərin hipnotik yuxu yalnız təlqin vasitəsilə yaradılır. Lebonun 1864-cü ildə çap etdirdiyi “Yuxu və ona bənzər hallar haqqında mülahizələr” əsəri ona Nansi hipnoz məktəbinn nümayəndəsi kimi böyük şöhrət qazandırdı .

XIX əsrinin 80-ci illərində sürətlə inkişaf edən Nansi hipnoz məktəbi ilə yanaşı daha bir hipnoz məktəbi də mövcud idi. Görkəmli fransız psixonevroloqu Şarkonun rəhbərlik etdiyi bu məktəb Salpetrier ( Paris yaxınlığındakı kiçik şəhər) adı ilə tanınır. İsteriya nevrozuna tutulmuş 12 xəstə üzərində apardığı təcrübələrə əsasən Şarko hipnozun 3 fazadan ibarət olduğunu göstərdi. 1) Letargik, 2) Kataleptik, 3) Somnambulik.

Amerika Psixiatriya Assosiasiyasının 1961-ci ildə çap edilmiş hesabatında deyilirdi : “ Hipnoz xüsusi psixoterapiya metodu olmaqla həkim-xəstə münasibətlərini tənzim edən vasitədir. Psixiatriya təcrübəsində hipnoz yaxşı müayinə, diaqnostika və müalicə üsuludur. O həmçinin təcrübi təbabətin digər sahələrində və tibbi müayinələrdə də faydalı ola bilər”.

Hipnologiya elminin inkişaf tarixinə yekun vurmazdan əvvəl onun ara-sıra tənqid hədəfinə çevrilməsinin bir cəhətini də bizcə obyektiv baxımdan təhlil etmək gərəkdir. İlk növbədə qeyd edək ki, hipnozun fizioloji mexanizmini bilən hər kəs praktikada onu tətbiq edə bilmir , ən usta hipnoloq isə hamını hipnoz edə bilmir.  Meydana çıxan münaqişələr, hipnoza bir müalicə vasitəsi kimi münasibətin qeyri-stabilliyi də bu faktlarla bağlıdır. Vaxtilə hipnoterapiya ilə məşğul olan Z. Freyd, İ. Şults kimi alimlərin hipnozdan əl çəkib yeni psixoterapiya üsulları axtarması da elə bu səbəblə bağlıdır. Mühazirələrinin birində Z. Freyd demişdir ki, “mən psixoanaliz müalicə üsulunu ona görə seçdim ki, bu zaman xəstənin fərdi təlqin həssaslığını yoxlama və sonra müalicələrə başlamağı qərara almaq tələb olunmur” Nə vaxta qədərki, hipnozun fizioloji mexanizmi tam dəqiqliyi ilə öyrənilməyib, bu elmə olan münasibət də qeyri-sabit olacaqdır. Burada məşhur hipnoloq alim, Fransa hipnoloqlar cəmiyyətinin prezidenti L. Şertokun sözləri yada düşür: “Bizim əlimizdə şəxsin hipnoz vəziyyətində olmasını sübut edən obyektib kriteriyamız belə yoxdur . Hipnoz dəyişkən, tezliklə nəzərdən yayınan, daha çox qeyri-müəyyənlik hissi doğuran bir fenomendir. Eyni zamanda o , real olaraq mövcuddur”.

1980-90-cı illərdə hipnoz vasitəsilə kütləvi psixoterapiya keçmiş SSRİ ərazisində geniş yayılmağa başladı. Hətta televiziya, radio və digər kütləvi informasiya vasitələri ilə hipnoz-təlqin müalicə seansları nümayiş etdirilir, geniş təbliğat kompaniyası aparılırdı. Bu hadisələri xüsusi təbliğat və ya kimin tərəfindənsə idarə olunan proses kimi qəbul etmək düzgün olmazdı. Bu kimi hadisələrin daha çox uzun illər qadağalar altında yaşamış SSRİ xalqlarında demokratiya, sərbəstlik bayrağı altında meydana çıxan bir hadisə olmasını qəbul etmək daha düzgün olardı. 1989-1991 ci illərdə Bakı şəhərində və Naxçıvanda prof. N.V İsmayılovun iştirakı ilə kütləvi hipnoz müalicə seansları təşkil olundu. Həmin müalicə seanslarının nəticələri və hansı xəstəliklərdə daha səmərəli olması haqqında bir sıra yazılarda,  o cümlədən kütləvi informasiya vasitələrində kifayət qədər məlumatlar verilmişdir.  Kütləvi hipnoz müalicəsi seanslarında 2 il müddətində 23600 nəfər iştirak etmişdir. Onların arasında sinir sisteminin funksional pozuntularından əziyyət çəkən ( nevrozlar, depressiyalar, stress nəticəsində yaranan pozuntular, psixosomatik xəstəliklər, mastopatiyalar, qan təzyiqinin artması, şəkər xəstəliyi, bəzi dəri xəstəlikləri və s.) 86%-dən çox adamın müalicə olunması faktı qeydə alınmışdır.

Əsası 110 il əvvəl akademik V.M Bexterev tərəfindən qoyulan kütləvi psixoterapiya bu gün də öz əhəmiyyətini itirməmişdir.

 

Mənbə:   http://www.psikologalpardic.com/?pnum=47&pt=Hipnoz%20Nedir

http://hipnozmerkezi.blogspot.com/2007/10/hipnoz-nedir.html?m=1

Tibbi psixologiya və psixoterapiya  ( N. İsmayılov)

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin