Yeni “homoseksuallıq genləri” tapıldı

0

Cinsi meyilliliyin, ən azından qismən, bioloji yolla təyin olunduğuna dair dəlillərə əlavə olaraq, iki gen variantının homoseksual (öz cinsinə cinsi istək duyan) kişilərdə daha çox rastlandığı kəşf edildi. Bu, artıq bildiklərimizi necə dəyişdirir?

Homoseksual genlərin var olduğunu hələ bilmirdik ki?

Bəzi üzvlərinin homoseksual, bəzilərinin heteroseksual (əks cinsə cinsi istək duyan) olduğu ailələr üzərində edilmiş araşdırmalara görə, homoseksuallığın kişilərdə qismən irsi olduğunu onillərdir bilirdik. 1993-cü ildə, kişilərdəki X xromosomu üzərində olan bir bölgədəki fərqliliyin insanların homoseksual ya da heteroseksual olub-olmaması ilə bağlı olduğu sayılırdı və 1995-ci ildə 8-ci xromosom üzərində belə bir sahə aşkarlandı. Hər iki kəşf 2014-cü ildə homoseksual və heteroseksual qardaşlar üzərində edilmiş araşdırmada təsdiqləndi. Lakin bu araşdırmalar həmin xromosomlar üzərindəki hansısa spesifik genlər üzərində olmadı.

Bəs ən son araşdırmada yenilik nədir?

İlk olaraq onu deyək ki, oğlanlarda və yetkin kişilərdə həm ana bətnində, həm də onların yetkin cinsi meyilliliklərinin nə yöndə inkişaf edəcəyinə təsir edən genlər tapıldı. “North Shore” Universitetindən Alan Senders, Illinois və onun komandası bunu 1077 homoseksual və 1231 heteroseksual kişilərin DNT-sini müqayisə edərək, insanların DNT düzülüşündəki tək hərfli fərqlilikləri axtara-axtara bütün genləri gözdən keçirdilər. Nəticədə dəyişməsinin cinsi orientasiya ilə bağlı olduğu görünən iki gen üzərində qərarlaşdılar.

Onlar hansı genləri kəşf etdilər və nə etdilər?

13-cü xromosom üzərində olan genlərdən biri beynin diensefalon (ara beyin) adlanan strukturunda fəaldır. Maraqlısı odur ki, bu beyin strukturuna (diensefalon), 1991-ci ildə homoseksual və heteroseksuallar arasında ölçü fərqliliyi müəyyən edilmiş hipotalamus da aiddir. Bu genetik kəşfi edən nevroloq Simon Levey olduqca təəccübləndiyini dilə gətirmişdi. Başqa araşdırmalar göstərir ki, SLITRK6 adlanan bu genlər erkək siçan döllərinin hipotalamusunda doğuşdan bir neçə gün öncə fəallaşır. Simon Levey bunun beynin həmin hissəsində cinsi dəyişkənlik üçün kritik bir zaman olduğunu dedi.

Simon Levey- “Yəni bu özəl tapıntı neyroanatomiya və cinsi orientasiyanın molekulyar genetikası arasında potensial bir bağlantıdır.”

Yaxşı, bəs o biri gen nədir?

Bu gen 14-cü xromosomda kəşf edildi və əsasən, qalxanabənzər vəzidə, amma həm də beyində aktivdir. TSHR adlanan bu gen troidi stimulə edəcək hormonları tanıyan və ona bağlanan bir zülali reseptor sintez edir. Bu yolla da gen troidin funksionallığının idarə edilməsində önəmli bir rol oynayır.

TSHR-nin seksual meyilliliklə bağlı görünməsi faktı qalxanabənzər vəzin fəaliyyətinin cinsəlliklə bağlı olması ilə də uyğundur. Məsələn, TSHR-nin funksiyası qalxanabənzər vəzin daha artıq çalışmasına, maddələr mübadiləsinin sürətlənməsinə və çəki itkisinə yol açan Bazedov adlanan xəstəlik zamanı pozulur. Bazedov xəstəliyi homoseksuallarda heteroseksuallardan daha çox yayılmışdır. Homoseksuallar daha arıq olmağa meyillidir ki, bəzi araşdırmalar bunu qalxanabənzər vəzin daha çox işləməsinin nəticəsi ola biləcəyini göstərir.

Bu genə sahib olan bütün kişilər homoseksualdırmı?

Senders “Yox” deyir. Çünki ətraf mühit daxil olmaqla bir çox başqa faktorlar rol oynayır. “Ehtimal olunur ki, hər biri olduqca aşağı səviyyədə təsirə sahib olan genlər də var.”-o deyir-“Bu genlərə sahib insanlar ola bilər, bu onların homoseksual olma ehtimallarını yüksəldir, amma olmaya da bilərlər”.

Çünki bir çox gen və faktorların cinsi orientasiyada rol oynaması mümkün görünür ki, bu da bəzi insanların niyə biseksual olduğunu və cinsi orientasiyanı spektr kimi gördüyünü açıqlaya bilər. (Göz rəngləri kimi düşünün. Daha açıq rəngli gözlər də var, daha tünd rəngli gözlər də var. Həmçinin bunlar arasında sonsuz sayda göz rəngi var).

Homoseksual qadınlardan nə xəbər? “Lezbiyan genləri varmı?

Qadınların homoseksuallığı haqqındakı biloloji biliklərimiz, anlayışlarımız hələ geridə qalır. Bəzi araşdırmaçılar bunun nisbi olduğunu bildirir. Çünki qadınlarla cinsi əlaqəyə girən qadınlar öz cinsi meyillərində daha dəyişkəndirlər.

Senders deyir ki, “Qadınlardakı homoseksual meyillilikdə genetik ünsürləri göstərən çalışmalar var, amma daha çox araşdırma kişilər üzərində aparılmışdır.”

Niyə homoseksuallığın genetik olduğu bizim üçün önəmlidir?

“Son kəşflər hər iki- həm homoseksual, həm də heteroseksual meyildə iştirak edən genlərin bütün yollarını müəyyənləşdirmək imkanını yaradır”- 1993-cü ildə X xromosomu ilə bağlı araşdırmaya rəhbərlik etmiş, ABŞ Milli Sağlamlıq İnstitutundan( US National Institutes of Health) Din Hamer deyir- “Bu kəşf bizə cinsi orientasiyanın bir seçim olmadığı ilə bağlı bir çox dəlil verir. Lakin əsl önəmli olan, bizi insanlığın ən heyrətamiz və önəmli xüsusiyyətlərindən birininin kökünü anlamağa bir addım daha da yaxınlaşdırır.”

İstinad: Nature Scientific Reports, DOI: 10.1038/s41598-017-15736-4

Tərcümə etdi: Sübhan Qulu

Redaktə etdi: Ziya Mehdiyev

Mətn newscientist.com-un bu məqaləsinin  Rezonans üçün edilmiş  tərcüməsidir.

 

Əlavə oxu:

Homoseksuallıq və Təkamül: Təbiətdə homoseksuallıq

Freyd və homoseksuallıq// Məktub

Homoseksuallıq xəstəlik deyildir

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin