İnsanda mövcud olan 4 “mən”

0

MƏN obrazı mürəkkəb hadisədir. Gənc oğlan və qızlara belə bir tapşırıq verək : özünüzü 20 sözlə səciyyələndirin və ya ifadə edin.  Görəsən,  onlar bu adi tapşırığı asanlıqla icra edə biləcəklərmi?  Təcrübə göstərir ki, bu zaman gənc oğlan və qızların bir çoxu ciddi çətinliklə üzləşirlər. Onlar 7-12 sözdən sonra bilmirlər ki nə etsinlər. Bu o deməkdir ki, gənc oğlan və qızların özləri haqqındakı təsəvvürləri bir çox hallarda məhdud xarakter daşıyır. Hətta onlarda müəyyən ziddiyyətlər də özünü göstərir.

İnsanda eyni vaxtda 4 “Mən ”  mövcud olur.

1- Fiziki mən

2-Real mən

3-İdeal mən

4- Sosial mən

“Fiziki mən”  insanın fiziki məziyyətlərini əks etdirir, və sosial – psixoloji avtoportretin əks komponenti kimi əhəmiyyətlidir.  Fiziki mən cinsi identifikasiyanın əsasını təşkil edir. Onun formalaşması bilavasitə “bədənin sxemi”  haqqında təsəvvürlərin əmələ gəlməsi ilə bağlıdır.

“Real mən”. – İnsan indiki anda özünü necə təsəvvür edir?  Öz qabiliyyətlərini,  rollarını,  statusunu necə qavrayır?  O, əslində necə adamdır?  “Real mən” in məzmununu həmin suallar təşkil edir. Bu zaman insan özünə öz gözü ilə baxır. O,  özünün “real mən” i ilə fəxr edə bilər: insanın özü haqqındakı bu obrazı başqalarından gizlətməsi də mümkündür. Bəzi hallarda isə “real mən”  ətrafdakıların insana verdikləri xarakteristikaya uyğun gəlmir.

“İdeal-Mən”.  İnsan özünü necə görmək istəyir?  Hansı keyfiyyətlərə yiyələnməyə çalışır?  “İdeal mən”in məzmununu isə bu suallara əsasən səciyyələndirmək olar. Adından göründüyü kimi  “ideal mən”  insanın özü haqqınd arzuları ilə bağlıdır. Onun psixoloji baxımdan mənası da,  ilk növbədə,  bundan ibarətdir : insan öz ” ideal mən”  ini həyata keçirmək üçün yollar axtarır və bu sahədə böyük səy göstərir. İnsan özünütərbiyə ilə məşğul olarkən adətən özünün  “ideal mən”inə yaxınlaşmağa can atır.

İnsanın şəxsi keyfiyyətləri çoxdur. Görəsən, bunların hamısı onun”  ideal mən” ində əks olunurmu?

-Xeyr.

Hər bir insanın yüksək qiymətləndirdiyi müəyyən keyfiyyətlər vardır. “İdeal mən” də məhz bu keyfiyyətlər əks olunur. Təsadüfi deyildir ki, insan özünütərbiyə ilə məşğul olarkən özündə   məhz yüksək qiymətləndirdikləri keyfiyyətlərin formalaşmasına xüsusi diqqət yetirir.

“Sosial-Mən”.  İnsan həmişə özünə başqalarının gözü ilə baxır.  Başqa şəxslər onu necə görürlər?  O,  özünü başqa insanlara necə göstərmək istəyir?  Necə hərəkət etsə, digərləri onu yaxşı fərd və ya mütəxəssis kimi tanıyarlar?  Bu 3 sual yaşından asılı olmayaraq bütün insanlar üçün böyük əhəmiyyətə malikdir. Axı bizim hər birimiz cəmiyyətdə yaşayırıq və istər-istəməz özümüzə onların gözü ilə baxırıq. İnsanların qarşılıqlı sosial əlaqəsində “sosial mən” in əhəmiyyəti də məhz bundadır.

İnsan başqa adamlarla ünsiyyətə girərkən adətən özünün “sosial mən”i adından çıxış edir : O, həmişə özünü başqa adamlara yaxşı tərəfdən göstərməyə çalışır,  özünün “pis əməllərini” belə müxtəlif yollarla pərdələyir : psixoloji “maskalardan”  da bu məqsədlə istifadə edirlər.

İnsanın “real mən”i onu nə dərəcədə təmin edir?  Ətrafdakı insanlar onu nə dərəcədə təqdir edir və ya bəyənirlər?  O,  özünün hər hansı bir keyfiyyətini cəmiyyətdən nə dərəcədə gizlətməyə çalışır?  O,  özünü necə göstərmək istəyir?  Bu sualların cavabını tapmadan insanın “sosial mən” inin məzmununu aydınlaşdırmaq olmaz.

Psixoloji planda real, ideal, sosial “Mən”  birlikdə mövcuddur. Onlar bir-birini  tamamlayır və zənginləşdirirlər. Lakin bəzən real, ideal və sosial “Mən” lər arasında köklü ziddiyyətlər də müşahidə olunur. Əgər ” real mən”  “ideal mən”ə uyğun gəlmirsə və ya  ” sosial mən”  “real mən”i gizlətməyə xidmət edirsə, insanın özü haqqında təsəvvürlərində özünəməxsus çətinliklər meydana çıxır. Belə hallarda insan adətən refleksiya yolu ilə bu uyğunsuzluqları təhlil edir,  bir növ onların hamısı üçün” ümumi məxrəc”taparaq müvafiq ziddiyyətləri aradan qaldırır. Bəzən də bu cəhət ona müyəssər olmur.  Xalq ifadəsi ilə deyilsə,  ” öz həqiqi sifətini, simasını biruzə verir”. Yəni psixoloji maska insanın həqiqi sifətini heç də həmişə pərdələyə bilmir.

Mən-“obraz “ın formalaşması dialektik prosesdir. O,  müxtəlif amillərlə şərtlənir. İnsanda özü haqqında təsəvvürlərin formalaşmasında hərəkət və görmə duyğuları mühüm rol oynayır. İnsanın özünü qavramasının təsirli vasitəsi kimi güzgünün əhəmiyyətini qeyd etmə lazımdır. Lakin “mən-obraz” ın formalaşmasının əsas mənbəyini digər insanlar – yaşlılar,  həmyaşıd oğlan və qızlar təşkil edirlər.

İnsan digərləri vasitəsilə kişilik, qadınlıq,  mənəvi gözəllik və s.  haqqındakı etalon və stereotiplərə, cəmiyyəti və özünü qiymətləndirməyi öyrənir.

“Mən konsepsiyası” haqqında.

Fiziki, real, ideal, sosial “mən”lərin məzmununu insanın “MƏN- konsepsiyası” əks etdirir. Bu anlayış şəxsiyyət psixologiyasının əsas anlayışlarından biridir və sosial – psixoloji baxımdan da seçimlidir. E. Aronson, T. Uilson və R. Eykert  Q. Gellapın araşdırmalarını açıqlayanda qeyd edirlər ki, şimpanze və oranqutanlarda elementar formada “Mən-konsepsiyası”  mövcuddur.

Bu tədqiqatda bir cəhət diqqəti cəlb edir. Q. Gellap qorillalarla və digər meymunlarla da həmin üsul ilə tədqiqat aparanda məlum olmuşdur ki,  onlar güzgüdə özlərini tanıya bilmirlər. Şimpanze və oranqutanlar isə özlərini tanıyırlar. Müəlliflərin fikrincə, onlar başa düşürlər ki,  güzgüdəki obraz onların özüdür.  Tədqiqatın əsas nəticəsi belədir: görəsən, bu materiallar əsasında meymunlarda ” MƏN- konsepsiyası”nın  mövcud olduğunu iddia etmək olar?  Olsa da,  ən yaxşı halda onun filogenetik qaynaqlarından danışmaq olar.

İnsanın “mən  konsepsiyası”  kifayət qədər mürəkkəb fenomendir.  Necə deyərlər,  interpsixoloji fenomendir. Digər fərdlər insan üçün güzgüdür. O,  bu mürəkkəb ölçülü güzgü vasitəsilə özünü tanıyır.  “Sosial mən”  və bilavasitə onunla bağlı olan ” ideal mən”  insanın “mən konsepsiyası” nın kökünü təşkil edir. Onun sosial – psixoloji qaynaqları belədir.

D. Mayersin fikrincə, insanın yalnız  özünü deyil, ilk növbədə digər insanları qiymətləndirməsi bilavasitə “Mən konsepsiyası”ından asılıdır. O,  məşhur “Sosial psixologiya” kitabında ” Mən konsepsiyası”nı insanın sosial aləmi əsasında açıqlayır və onu vacib sosial psixoloji fenomen kimi dəyərləndirir.

Sosial – psixologiyada ( E. Aronson, T. Uilson,  R. Eykert)  ” Mən konsepsiyası”nın aşağıdakı funksiyalarını fərqləndirirlər.

İDARƏETMƏ funksiyası. ” Mən”  insana özünün fiziki və sosial aləmi ilə qarşılıqlı münasibətləri haqqında informasiya verir,  onun davranışını formalaşdırır və gələcək əməllərinin planlaşdırmasına zəmin yaradır.

TƏŞKİLATÇILIQ funksiyası. “Mən” in əsasında xüsusi mental struktur formalaşır.  Bu sxemin sayəsində insan özünü və sosial aləmi haqqında informasiyanı xatırlayır.

EMOSİONAL funksiya.  “Mən”  insana özünün emosional reaksiyalarını müəyyənləşdirməyə imkan verir. “Mən” in müəyyənləşdirilməsində bir tərəfdən mədəniyyət fərqləri, digər tərəfdən gender fərqləri özünü göstərir.

 

Mənbə: Sosial psixologiya (2003)

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin