İqtisadiyyatın 10 Prinsipi – İqtisadiyyatın bütövlükdə fəaliyyəti

0

Biz əvvəlki 2 məqalədə (1-ci 2-ci hissələr) fərdlərin qərar qəbul etmək qaydasını və onların bir-biri ilə qarşılıqlı əlaqəsinin nəzərdən keçirilməsi haqqında danışdıq. İqtisadiyyat bu qərarlardan və qarşılıqlı əlaqələrdən ibarətdir. Sonrakı üç prinsip bütövlükdə iqtisadiyyatın fəaliyyətinə aiddir.

Prinsip 8. Əhalinin həyat səviyyəsi ölkənin əmtəə qabiliyyəti və xidmətləri istehsal etmək bacarığı ilə müəyyən olunur.

Dünya ölkələrində əhalinin həyat səviyyəsi fərqlidir. 1997-ci ildə orta statistik bir amerikalı ildə 29.000$ qazanırdı. Həmin ildə bir meksikalı 8.000 $, bir nigeriyalı isə 900$ qazanırdı. Təəccüblü deyil ki, orta gəlirdəki böyük fərqlər əhalinin həyat səviyyəsinin müxtəlif göstəricilərində əks olunur. Gəliri yüksək olan ölkələrin vətəndaşları aşağı gəliri olan ölkələrin əhalisindən fərqli olaraq, daha çox televizor, avtomobil, keyfiyyətli yemək və tibbi xidmətə malikdirlər.

Müxtəlif ölkələrdə əhalinin həyat səviyyəsindəki böyük fərqlər nə ilə izah olunur? Cavab olduqca sadədir. Bu məhsuldarlıq (səmərəlilik) 1 saatlıq iş vaxtı ərzində istehsal olunmuş əmtəə və xidmətlər arasındakı kəmiyyət səviyyələrində fərqlər yaradır. İşçilərin vaxt vahidi ərzində daha çox əmtəə və xidmətlər istehsal etdiyi ölkələrdə əhalinin əksəriyyəti yüksək həyat səviyyəsinə malikdir. Əhalisi daha az məhsuldarlıqla işləyən ölkələrdə isə insanların əksəriyyəti daha sadə şəraitdə yaşamaq məcburiyyətində qalırlar. Beləliklə, məhsuldarlığın artma sürəti ölkədəki orta gəlirin artma sürəti ilə müəyyən olunur.

Məhsuldarlıq və həyat səviyyəsi arasında güclü qarşılıqlı əlaqə vardır. Lakin burada dərin məna gizlənir. Əgər məhsuldarlıq həyat səviyyəsini müəyyən edən əsas amildirsə, bunun bütün digər izahları ikinci dərəcəlidir. Misal üçün, son 100 il ərzində amerikalıların həyat səviyyəsinin yüksəlməsi səbəblərini həmkarlar ittifaqlarının səyləri və əməyin minimum ödənişi barədə qanunun təsiri ilə əlaqələndirmək çox cəlbedicidir. Lakin Amerika fəhlələrinin maddi rifahının əsas səbəbi onların əməyinin yüksək məhsuldarlığı idi. Bəzi Amerika şərhçiləri son illərdə əhalinin gəlirinin artma sürətinin zəifləməsini Yaponiya və digər ölkələrlə rəqabətin artmasında görürlər.  Lakin, əslində, bunun səbəbi ABŞ-da əmək məhsuldarlığının artım tempinin zəifləməsidir.

Prinsip 9. Hökumət həddən artıq çox pul çap etdikdə qiymətlər artır.

1921-ci ilin yanvarında Almaniyada gündəlik qəzet 30 pfenqin idi. 2 ildən də az müddət keçdikdən sonra 1922-ci ilin noyabrında onun qiyməti 70 mln. marka oldu. Digər qiymətlər də uyğun nisbətlərdə artmışdı. Bu, dünya tarixində inflyasiyaya -iqtisadiyyatda qiymətlərin ümumi səviyyəsinin artmasına ən tipik misaldır.

ABŞ heç vaxt belə ağır dövrlər yaşamasa da, inflyasiya vaxtaşırı olaraq amerikalılar üçün ciddi iqtisadi problemə çevrilir. Məsələn, 1970-ci illər ərzində ABŞ iqtisadiyyatında qiymətlərin ümumi səviyyəsi 2 dəfədən çox artdı. Prezident Cerald Ford (Gerald Rudolph Fordinflyasiyanı «cəmiyyətin bir nömrəli düşməni» adlandırmışdı. 1990-cı illərdə inflyasiyanın sürəti ildə 3%-ə qədər təşkil edirdi və bunun saxlanılması şəraitində qiymətlərin ikiqat artması üçün 20 il tələb olunurdu. İnflyasiyanın yüksək səviyyəsi müxtəlif ictimai xərclərin artması ilə bağlı olduğu üçün qiymətlərin artım tempinin aşağı səviyyədə saxlanılması əksər dünya siyasətçisinin əsas məqsədlərindən biridir.

İnflyasiyanı nə əmələ gətirir? Əksər hallarda həm yüksək, həm də aşağı səviyyəli inflyasiyanın səbəbi eynidir -tədavüldə olan pulun miqdarının artması. Hökumət çoxlu sayda milli pul vahidi buraxırsa, pulun dəyəri azalır. 1920-ci illərin əvvəllərində Almaniyada qiymətlərin artım sürəti ayda 300% təşkil edirdi. Bu zaman hər ay tədavüldə olan pulların miqdarı 3 qat artırdı. ABŞ-ın iqtisadi tarixi daha az faciəlidir, lakin təhlil göstərir ki, 1970-ci illərdə yüksək inflyasiya milli iqtisadiyyatda pulların miqdarının artım sürətinin yüksəlməsi ilə, 1990-cı illərdə aşağı inflyasiya isə onun azalması ilə əlaqədardır.

Prinsip 10. Qısamüddətli perspektivdə cəmiyyət inflyasiya və işsizlik arasında seçim etməlidir.

Əgər inflyasiyanın səbəbi bu qədər aşkardırsa, onda nə üçün o, cəmiyyət və siyasətçilər üçün «baş ağrısına» çevrilir? Bunun səbəblərindən biri ondan ibarətdir ki, çox vaxt inflyasiyanın azaldılması işsizliyin müvəqqəti artmasının səbəbi kimi nəzərdən keçirilir. İnflyasiya və işsizlik arasındakı asılılığı bu qarşılıqlı əlaqəni kəşf edən iqtisadiyyatçının şərəfinə adlandırılan “Fillips əyrisi” təsvir edir.

Uilyam Fillips (William Phillips)

“Fillips əyrisi”nin düzgünlüyünə şübhə ilə yanaşılır, lakin iqtisadiyyatçıların əksəriyyəti qısamüddətli perspektivdə inflyasiya və işsizlik arasındakı asılılıq barədə müddəa ilə razılaşırlar. Başqa sözlə, 1-2 illik dövr ərzində dövlətin iqtisadi siyasəti inflyasiyanın və işsizliyin səviyyələrinin dəyişməsində tam əks meyillər üzə çıxara bilər. Adətən siyasət bu problemlə əvvəlcədən inflyasiya və işsizlik yüksək (1980–cı illərin əvvəllərində olduğu kimi), yaxud aşağı (1990-cı illərin sonunda olduğu kimi) ya da hər hansı digər göstəricilərə malik olduğundan asılı olmayaraq qarşılaşır.

Belə qısamüddətli asılılığın səbəbi nədən ibarətdir? Adətən onun meydana çıxmasını qiymətlərin bəzi əmtəələrə və xarici təsirlərə yavaş reaksiyası ilə izah edirlər. Misal üçün fərz edək ki, hökumət iqtisadiyyatda pulların miqdarını azaldır. Uzunmüddətli perspektivdə belə siyasətin yeganə nəticəsi qiymətlərin səviyyəsinin ümumi enməsidir. Lakin konkret əmtəələrin qiymətlərinin tədavüldə olan pulların miqdarının azalmasına reaksiyasının sürətini əvvəlcədən bilmək çətindir. Bütün kompaniyaların məhsullara qiymətləri azaltmasına, bütün həmkarlar ittifaqlarının əmək haqlarının azaldılması ilə razılaşmasına və bütün restoranların yeni menyular çap etdirməsinə bir neçə il tələb olunur. Buna görə də, belə deyirlər ki, qısamüddətli dövrdə qiymətlər qeyri-elastikdir.

Bu hal hökumət siyasətinin müxtəlif qısamüddətli və uzunmüddətli effektlərinə səbəb olur. Dövlət iqtisadiyyatda pulların miqdarını azaltdıqda əhalinin əmtəə və xidmətləri əldə etməsinə yönəldilmiş xərclər də azalır. Satışların aşağı həcmləri işçilərin işdən azad edilməsi zəruriyyətini yaradır. Beləliklə, pulların miqdarının azaldılması müvəqqəti olaraq qiymətlərin yeni şəraitə tam uyğunlaşmasına qədər işsizliyin artmasına gətirib çıxarır.

Lakin müvəqqəti artım nə deməkdir? İşsizlik bir neçə il müddətində arta bilər. Beləliklə, “Fillips əyrisi”nin təhlili iqtisadiyyatın inkişafının başa düşülməsi üçün həlledici əhəmiyyətə malikdir. Siyasətçilər dövlət xərclərinin həcmini, vergi dərəcələrini və tədavüldə olan pulların miqdarını dəyişdirməklə qısamüddətli perspektivdə inflyasiya və işsizliyin səviyyəsinə təsir etmək imkanını əldə edirlər. İqtisadiyyatın tənzimlənməsinin həyata keçirilməsi üçün pul və maliyyə-büdcə siyasətinin bu alətlərinin müstəsna əhəmiyyətə malik olması səbəbindən onların istifadəsi əvvəllər olduğu kimi indi də ictimaiyyətdə arası kəsilməyən mübahisələr yaradır.

Mənbə:

Q. Menkyu – Ekonomiksin Prinsipləri (ABŞ, 2001 səh. 33-36)

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin