İradə azadlığı mövcuddurmu? Bu abstrakt fəlsəfi anlayışa olan inam insanların qərarlarına necə təsir edir?

0

İradə azadlığı  ( latınca liberum arbitrium) — insanın vəziyyətdən asılı olmadan seçim etmə imkanıdır. Əsrlər boyu iradə azadlığının mövcudluğu, təbiəti və mahiyyəti barədə mübahisələr gedir. Bu mövzuda 2 pozisiya var:

  1. Metafizik libertarianizm-  determinizmin doğru olmadığını  və azad iradənin mövcud olduğunu və ya heç olmasa mümkün olduğunu iddia edən mühakimə.
  2.  Sərt determinizm- determinizmin doğru olduğunu və azad iradənin mövcud olmadığını  iddia edən mühakimə.

İradə azadlığı anlayışı fəlsəfi anlayış olsa da, elmi əhəmiyyət kəsb edir. Belə ki, onun araşdırılması insanların davranışını proqnozlaşdırmağa yardım edə bilər.

İradə azadlığının mövcudluğunu araşdıran alimlərdən biri neyrofizioloq Benjamin Libetdir. Onun apardığı təcrübə yəqin ki, neyrobiologiyanın ən məşhur təcrübələrindən biridir. 1983-cü ildə Benjamin Libet azad iradənin bəlkə də yalan olduğunu göstərərək çox böyük müzakirələrə səbəb olmuşdur.

 

Benjamin Libetin təcrübəsi

Libetin təcrübəsi üç önəmli faktora malik idi: seçim, beyin aktivliyinin ölçülməsi və saat.

Seçim təcrübə iştirakçılarının sağ və ya sol biləklərini hərəkət etdirmələrindən ibarət idi. Təcrübənin sonrakı versiyalarında sağ və ya sol əlin barmağını hərəkət etdirmək lazım idi.  Libet təcrübə iştirakçılarına ”  əlinizi tərpətmə istəyi planlaşdırılmamalıdır, spontan olmalıdır” təlimatın vermişdi. Həmçinin onlar edəcəkləri hərəkəti və onun nə vaxt icra ediləcəyini də planlaşdırmamalı idilər. Biləyin hərəkətinin dəqiq anı ələ bərkidilmiş sensorlar vasitəsi ilə ölçülürdü. Sensorlar əzələlərin gərilməsinə həssas idi. Beyinin aktivliyi isə beyin qabığının hərəki nahiyəsində kəlləyə birləşdirilmiş  elektrodların köməyi ilə ölçülür. İnsan hərəkət etməyə qərar verərkən beyində elektrik siqnalları- hazırlıq potensialı yaranır. Siqnallar sağ və sol yarımkürədə fərqli şəkildə yaranır. Saat isə zamanı 36 millisaniyəyə qədər dəqiqliklə təyin etməyə imkan verirdi.

Libet təcrübəsinə başqa bir faktor da əlavə etmişdi. O, təcrübə iştirakçılarından qərar verdikləri anı təcrübə saatı ilə dəqiqliklə bildirməyi xahiş etmişdi.

Təcrübə iştirakçılarının beyninin aktivliyinin analizi göstərdi ki, biləyi tərpətmə qərarı onların hərəkət etdiklərini dərk etmələrindən əvvəl verilirdi. Fizioloqlar onsuz da bilirdilərki, hazırlıq potensialı hərəkətdən əvvəl meydana çıxır. Eyni nəticəni Libet də əldə etdi- hazırlıq potensialı bilək hərəkətindən daha əvvəl yaranır.

Lakin təcrübənin nəticəsi bununla bitmir. Əvvəldə də qeyd etmişdim ki, Libet tərcübə iştirakçılarından qərar verdikləri anı tam dəqiqliklə deməyi xahiş etmişdi.  Və nəticədə 6 dəfə hər birində 5 iştirakçı olmaqla aparılan təcrübənin iştirakçılarının dediyi zaman hazırlıq potensialından orta hesabla 200 millisaniyə gec idi.

Başqa sözlə desək, verilən qərarın subyektiv hiss olunması beyinin hazırlıq potensialı ilə hərəkətin icrası arasında idi.Hansısa mənada qərar bu qərarın dərk edilməsindən əvvəl verilmişdi.

Əgər Libetin təcrübəsi doğrudursa və iradə azadlığı yoxdursa, insanların iradə azadlığının olmadığını öyrənmələri nəyə səbəb olar? Bununla bağlı digər təcrübə var. İradə azadlığına olan inamın itməsi insan davranışına necə təsir edir?

2002-ci ildə 2 psixoloq- Kathleen Vohs və Jonathan Schooler sadə, amma çox yaxşı bir fikir irəli sürdülər: İradə azadlığına olan inamını itirən insanın necə davranacağını fərz etmək əvəzinə təcrübə yolu ilə bunu tapmağa qərar verdilər. Onlar bir qrup insana azad iradənin illüziya olduğunu iddia edən məqalə verdilər. Digər qrupa isə bu mövzuya neytral münasibətdə yazılmış məqalə verdilər. Sonra isə müxtəlif situasiyalar yaratmaqla bu qrupların üzvlərinin davranışını analiz etməyə başladılar.   Abstrakt fəlsəfi anlayışa olan inam insanların qərarlarına təsir edə bilərmi?

Bəli, edə bilirmiş. İlk öncə iştirakçılara riyazi test verildi. Testin özəlliyi onda idi ki, cavablara baxmağa şərait yaradılmışdı. Nəticədə azad iradənin illüziya olduğu haqqında məlumatlandırılan qrup daha çox  cavablara baxırdı. Sonra hər iki qrupa bir bağlı qutudan müəyyən miqdarda pul götürməyi dedikdə həmin qrupun üzvləri yenə də lazım olan miqdardan daha çox götürdü- yəni oğurluğa əl atdılar. Bu iki halı araşdırdıqdan sonra hər iki psixoloq belə nəticəyə gəldilər ki,  iradə azadlığının varlığına daha az inanan insanlar daha amoral davranmağa başlayırlar.

Belə görünür ki, insanlar  seçimlərinin azadlığına inanmadıqda , özlərinin davranışlarına görə məsuliyyət daşımadıqlarını düşünməyə başlayırlar. Ona görə də onlar daha az məsuliyyətlə davranaraq başlanğıc instinktlərinə önəm verirlər.

Digər bir araşdırmada Vohs və əməkdaşları müəyyən qrup gündəlik işləyən insanın iradə azadlığına hansı dərəcədə inandıqlarını öyrənirlər. Sonra  bu işçilərin vəzifə icrasını onların nəzarətçilərinin verdiyi qiymətlərlə müqayisə edirlər. Nəticədə seçimlərinin azad olduğuna və davranışlarını idarə etdiklərinə  daha çox inanan işçilər işdə daha tez-tez görünürdülər və nəzarətçilər tərəfindən daha yaxşı qiymətləndirilmişdilər. Faktiki olaraq iradə azadlığına olan inam əmək qabiliyyəti haqqında məlumat verən faktordur.

Digər bir araşdırmanı da qeyd etmək lazımdır. Roy Baumeister yuxarıda qeyd etdiyimiz təcrübələrin nəticələrini genişləndirib. Məsələn, o və əməkdaşları aşkar ediblər ki, iradə azadlığına daha az inanan tələbələr öz yoldaşlarına hər hansı bir mövzunu izah etməyə daha az razılaşırlar. Həmçinin “Elm isbat edib ki, iradə azadlığı illüziyadır” tipli sitatlar oxuyaraq determinist baxışlara malik olan insanlar dilənçilərə daha nadir hallarda pul verirlər və ümumiyyətlə daha az yardım edirlər.

Siyahını daha da uzatmaq olar: Azad iradənin yalan olduğunu düşünmək insanları daha az kreativ, səhvlərindən daha az nəticə çıxaran  və digərlərinə daha az mərhəmətli edir. Beləliklə demək olar ki, determinizmi qəbullanarkən insanlar qaranlıq tərəfə meyl edirlər.

Mənbə:

  1. http://www.bbc.com
  2. www.theatlantic.com
  3. Libet B.; Wright E.; W., Gleason (1983). “Readiness potentials preceding unrestricted spontaneous pre-planned voluntary acts”

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin