Karen Horni – qadın psixologiyasının banisi

0

Klassik Freyd nəzəriyyəsi ilə əlaqədar narazılıq nəhayət ona gətirib çıxardı ki, 30-cu illərin ortalarında psixoanaliz nümayəndələri əsas diqqəti insan şəxsiyyətinin formalaşmasını, onun davranış və daxili münaqişələrini müəyyən edən mədəni və sosial şəraitdə cəmləyən yeni bir cərəyan yarandı. Bu cərəyan “neofreydizm” adını aldı və onun ən parlaq simalarından biri Freydin ən məşhur tənqidçisi və psixoanalizin gələcək inkişafına mühüm təsir göstərmiş orijinal bir nəzəriyyənin müəllifi olan Karen Horni idi. Horni öz əsərlərində şəxsiyyətin inkişafında sosial və mədəni amillərə xüsusi diqqət verir və qeyd edir ki, uyğunlaşma aspektləri nevrotik davranış üçün onun əsasını təşkil edən meyillərdən daha mühüm əhəmiyyətə malikdir. Horni birinci olaraq şəxsiyyətin əvvəllər diqqətdən qaçan emosional komponentlərinə müraciət etmişdi. Horninin fikrincə, bizim sivilizasiya maskulin sivilizasiyadır. Dövlət, qanunlar, mənəviyyat, din və elm – bütün bunlar kişilərin yaratdığıdır. “İncəsənət, vətənpərvərlik, mənəviyyat bütövlükdə və sosial ideyalar o cümlədən, praktiki mühakimənin düzgünlüyü və nəzəri biliklərin obyektivliyi, həyat enerjisi və dərinliyi –bütün bu kateqoriyalar öz formasına və iddiasına görə bütün bəşəriyyətə məxsusdur, lakin real tarixi konfiqurasiyasına görə -tamamilə kişilərə aiddir.  Tutaq ki, mütləq olaraq araşdırılan bütün bu şeyləri bir sözlə “obyektiv” adlandırırıq. Onda görərik ki, eyni bir sözlə adlandırılan “insan mahiyyəti “ “kişi” anlayışları sadəliklə eyniləşdirilir. Ən müxtəlif mədəniyyətlərdə aşağı səviyyəli uğurları həqarətlə “ qadın kimi “ , qadınların yüksək nailiyyətlərini isə rəğbətlə “kişi kimi” müəyyənləşdirirlər. Hər hansı elm və başqa dəyərlər kimi psixologiya da istisna olaraq kişi mövqeyindən araşdırılır. Psixoanaliz – kişi dühasının yaradıcılığıdır və onun ideyalarını inkişaf etdirənlərin demək olar ki, hamısı kişi olmuşdur. Horniyə görə, kişilər özünün üstün vəziyyətindən çıxış edərək obyektivliyi özünün qadına qarşı subyektiv, affektiv münasibətinin ayağına yazırdı, qadın psixologiyası isə indiyə qədər kişi arzuları və məyusluğunun əksi demək idi. Daha vacib amil o idi ki, qadınlar kişilərin arzusuna uyğunlaşaraq bu uyğunlaşmanı öz təbiəti olaraq qəbul etmişdir. Yəni qadın özünü kişinin onu görmək istədiyi kimi görərək, qeyri-ixtiyari özünü kişi ağlının təsiri altına salırdı. Əgər biz idrakımızı kişi təfəkkür tərzindən azad etməyə çalışsaq, qadın problemlərinin əksəriyyəti yeni tərəfdən işıqlanacaqdır. Freydin panseksuallığını rədd edərək, Horni mədəni və sosial şərtiliyi xüsusi qeyd edir və bu nəticəyə gəlir ki, Freydin bioloji , instinktiv, buna görə də, ümuminsani aşkarlıqla əlaqələndirdiyi hadisələr əslində müəyyən bir mədəniyyət, dövr, sinif və cins üçün səciyyəvidir. O hesab edib ki, psixikanın “o” , “mən” , “üstün mən” kimi struktur bölümü ilə və onların əsasında formalaşmış nəzəriyyələrdən imtina etmək lazımdır. Horni Freydin libido və təcavüzkar instinktiv cəhdləri əvəzində bir tərəfdən anadangəlmə , bir tərəfdən də sonradan alınma “ təhlükəsizliyə meyil” və “ məmnunluğa meyil” cəhdini irəli sürür. Özünün bəzi əsərlərində o bu cəhdləri “emosional” adlandırır.

Karen Horni psixoanaliz çərçivəsində və onun vasitəsilə klassik psixoanalizdəki qadın mahiyyəti “cinayət”inin rəngini bir qədər solğunlaşdırır. O nigah, qadın psixologiyası və ümumilikdə insan mədəniyyəti problemlərinin psixoanalitik tədqiqatlarının konkret problemlərin konkret həlli yolu olduğunu şübhə altına almır. Bizim reallığı dərk etməyimiz daha dərin-psixoanalitik-olduqca insan həyatını nəzarətdə saxlamaq və onu idarə etmək daha asan olur. Psixoanalitik terminizm anlayışı tətbiq eddərkən Horni ilkin məqsədi gizlətmir. Psixoanaliz insan psixikasının qeyri-şüuri sahələrinə baş vurmaq imkanı verdiyi üçün o  qadınlara həm şəxsi , həm də həyatdakı siyasi dəyişiklikləri daha yaxşı qavramaqda kömək edir. Feminizmin psixoanalitik feminizm adlandırılmış bu istiqaməti bizim təfəkkürümüzü emosiya və hərəkətlərimizi formalaşdıran qeyri-şüurunun dinamikasında, şəxsi, şəxslərarası və sosial münasibətlərin xarakterində iz buraxmış gizli psixodinamikada gizlənmişdir. Freydin orqanizmin biologiyasına, onda toplanmış həvəslərə aid etdiklərini neofreydistlər fərdin tarixən təşəkkül tapan mədəniyyətə uyğunlaşması ilə izah edir. Qız uşağına balacalığından kobud, ya da ki, ehtiyatla onun qeyri-mükəmməl olduğu fikrini aşılayırlar ki, bu da qızda müntəzəm olaraq maskulinlik kompleksini inkişaf etdirir.

Sivilizasiyamızın sırf kişi xarakteri ilə bağlı olaraq qadın onun təbiətini doğrudan da qane edəcək sublimasiyaya nail olmaqda çətinlik çəkir, çünki bütün adi peşələr kişilər üçün nəzərdə tutulmuşdur.Bu da qadının qeyri-mükəmməllik hissini dərinləşdirir, çünki təbii olaraq bu peşədə kişilərin əldə etdiyi nəticəyə nail ola bilmir; və belə çıxırki reallıq özünü onun qeyri-mükəmməlliyini bir daha sübut edir.  Həmin amillər kişinin inkişafına tam başqa cür təsir göstərir. Bir tərəfdən, qeyri-mükəmməllik damğası vurulmuş qadın arzularını daha güclü şəkildə sıxışdırıb çıxarır; digər tərəfdən isə kişi onları daha tez sublimasiya edə bilir. Horni yazır:  “Qadınlarda üstün “müvəffəqiyyətdən yan keçmək” motivi öz uğurunu adətən özünün qabiliyyətinə və hətta ağlına yox, xarici amillərə yazmaq vərdişinə əsasən asanlıqla tanınır.”  Uğursuzluğu şəxsiyyətdaxili keyfiyyətlərə “qadın ağlı”na yazmaq vərdişini yada salmamaq da olar – bu bir ənənəyə çevrilmişdir. Məhz özünü uğursuzluğa yönəldən insan belə edir. Müvəffəqiyyətə səmtlənmiş insan isə daha çox real özünəqiyməti ilə seçilir. Horniyə görə, qadın psixologiyasının bir çox xüsusiyyətləri cinslər arasındakı fizioloji fərqlə deyil, cəmiyyətdəki mədəni ənənələr, norma və ideoloji qaydaların yazdığı sosial rollarla bağlıdır. Klassik psixoanalizlə mübahisəyə girərək Karen Horni təsdiq edir ki, kişinin qadını əksiltmək cəhdi qadında həmin tələbatdan qat-qat güclü ifadə olunur; qadının qeyri-mükəmməlliyi barədə ehkam qeyri-şüuri kişi meylindən doğur. Müxtəlif mədəniyyətləri təhlil edərək Horni belə misal gətirir. Həvva özü Adəmin qabırğasından yaranmışdı və üstündə doğuş əzabına düçar olmaq qarğışı vardı,  Adəmin idrak ağacındakı barın dadına baxmaqla yoldan çıxarılması və şərin seksual şirnikləndirmə kimi şərh olunması qadını kişini bədbəxtliyə sürükləyən aludəçi kimi təqdim edir. Horni təsdiq edir ki, “ biri inciklikdən, digəri isə nigarançılıqdan doğan hər iki element qədim dövrlərdən başlayaraq indiyə kimi cinslər arasındakı münasibətə ziyan gətirir.” Qısaca olaraq, bunun üzərində dayanaq. Kişinin qadın qarşısındakı qorxusu seksuallıqda özünə kök salmışdır və kişinin yalnız cəlbedici qadınlardan qorxduğu buna sübutdur və belə qadını nə qədər şiddətlə arzu etsə də, kişi onu itaətdə saxlamağa cəhd göstərir. Yaşlı qadınlarda isə əksinə, hətta gənc qadınlardan qorxduqları və buna görə də, itaətdə saxladıqları mədəniyyətlərdə belə çox böyük hörmətlə yanaşılır. Bəzi ibtidai mədəniyyətlərdə hətta yaşlı qadın qəbilə işlərində həlledici səsə malikdir; Asiya xalqları arasında o hakimiyyətə və hörmətə malikdir. Digər tərəfdən, ibtidai qəbilələrdə qadın həddi-büluğ yaşı dövründə bir çox tabuların əhatəsində olur. Məsələn, Arunta qəbiləsində belə bir inam var ki, qadınlar kişi genitaliyalarına ovsunlu təsir edə bilir. Əgər qadın ot üzərində sehirli sözlər tələffüz edərək sonra onu kişinin üstünə atsa, yaxud onu kişiyə tərəf yönəltsə, kişi xəstələnər. Beləliklə, qadın onun üzərinə ölüm göndərə bilər. Şərqi Afrika qəbilələrinin birində ər və arvad yanaşı yata bilməz, çünki qadının nəfəsi kişini gücdən məhrum edir. Qərbi Afrika qəbilələrində hesab edirlər ki, əgər qadın yuxuda olan kişinin üstündən keçsə, o qaça bilməz; buradan da qayda yaranmışdı – ovdan, müharibədən yaxud balıq ovundan 2-5 gün əvvəl qadınla seksual yaxınlıqdan çəkinmək. Benqaliyada qadına pələng əti yeməyi qadağan edirlər ki, o çox güclü olmasın. Şərqi Afrikada vatavelalar alovun sirrini qadınlardan gizli saxlayır ki, onlar alova sahiblik edə bilməsin. Kaliforniya hindliləri qadını itaətdə saxlamaq üçün xüsusi mərasimlər yerinə yetirir; onları qorxutmaq üçün kişilər şeytan libası geyinir, Məkkədəki ərəblər qadını dini bayramlara yaxın buraxmırlar ki, onlar və hökmdarlar arasında yaxın münasibətləri istisna etsinlər. Buna bənzər adətləri orta əsrlərdə  –  qız kultu ilə yanaşı küpəgirənləri odda yandırmaqla tamamilə seksuallıqdan uzaq olan “təmiz” analığa sadə və seksual cəhətdən cəlbedici qadınların qəddarcasına məhv edilməsində aşkar edirik. Bunun əsasında da bir həyəcan, bir təşviş durur. Axı küpəgirənlər cinlərlə ünsiyyətdə olur. Təhlil prosesində qorxu olduqca aydın şəkildə qarşıya çıxır. Horni deyir ki, əslində bizim gördüyümüz  – “nifrətlə çox incə şəkildə maskalanmış qorxudur. Təkcə təşviş elə bir güclü motivdir ki, libidosu onu qadınla ittifaqa çəkən kişinin bu məqsədə meyildən saxlaya bilsin. Freydin qurduqları bu təşvişi izah etmir”.  Horni ehtimal edir ki, qadın qarşısında kişinin qorxusu daha dərin, daha əhəmiyyətlidir və kişi qarşısındakı qorxudan daha böyük enerji ilə sıxışdırılır. Çox vaxt həmin qorxu öz növbəsində kişinin qadına qarşı münasibətində dərin iz qoyur ki, bununla bağlı ayrı-ayrı dövrlərdə ən müxəlif xalqların həyatından çox sayda misallar məlumdur. Digər tərəfdən hissiyyata toxunan təşviş hər bir kişidə onun ümumilikdə qadına münasibətində xüsusi iz qoyur ki, bu – qadınların kişiyə münasibətində ya heç yoxdur, yada ki, ikinci dərəcəlidir.

 

 

Qaynaq :

  1. Abbaszadə N.D -Gender probleminin psixoloji aspektləri
  2. https://www.verywell.com/karen-horney-biography-2795539
  3. http://muskingum.edu/~psych/psycweb/history/horney.htm
  4. https://allpsych.com/personalitysynopsis/horney

 

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin