Kinoterapiya

0

Həyatınızı kökündən dəyişdirəcək bir film izlədinizmi? Ya da günlərlə təsirindən çıxa bilmədiyiniz bir kino səhnəsi varmı? Heç kino sitatlarından hazırladığınız bir gündəliyiniz olubmu, məsələn?  “Tam da ürəyimdən keçənlər tökülür kinodakı qəhrəmanın ağzından” deyə keçirdinizmi içinizdən? Ssenaridəki boşluqları öz cümlələriniz ilə doldurmağa çalışdınızmı? Bundan əlavə,  “Mən olsaydım…” ifadəsi ilə başlayan alternativ səhnələr çəkdinizmi rejissorun yerinə? Heç kimin anlamadığı, hətta özünüzün belə fərqində olmadığı yanlarınızla bir film səhnəsində tanış oldunuzmu? Bəyaz pərdə mənlik güzgünüz ola bildimi, bircə dəfə də olsa?
Əslində, bütün bu sualların cavabı kinoya “yeddinci sənət” deyilməsinin hikmətində gizlidir. Kino bütün incəsənət sahələrinin təməl təsir gücünü içində saxlayır. Kino görünən və eşidilən ünsürləri aydın və başa düşülən formada istifadə etdiyi üçün insanı yazıçının və rejissorun təxəyyülündən daha çox irəliyə apara bilir. Çünki aktyorluğun əksik qaldığı, eyni zamanda məkan, işıq, dialoqların azaldığı yerdə musiqidən istifadə edərək zehndə bir anlıq boşluq yaranmasına belə icazə verilmir. Kinonun bu təsir gücü və mesajını rahat verməsi psixologiyada da aktiv şəkildə istifadə edilir. Bəzi psixiatr və psixoloqlar xəstələrinə tətbiq etdikləri terapiya üsullarının təsirini artıra bilmək üçün filmlərdən istifadə  edirlər. Bu metod “Kinoterapiya” yaxud “Sinema terapiya” adlanır.

“Kinoterapiya”(Cinema therapy or movie therapy) termininin  adı ilk dəfə psixologiya professoru Gary Solomon’un “The Motion Picture Prescription” adlı əsərində  çəkilir. Terapiya seanslarında istifadəsini isə amerikalı David Cambronne və Jan Hasley cütlüyü həyata keçirir.

Kinoterapiya terapevtin yönləndirməsi ilə terapiya məqsədilə pasientə film izlədilməsidir. Filmdəki tematik mövzular, yəni musiqi, dialoqlar, işıq effektləri və ya görüntülər izləyən şəxsdə dərin hisslərin oyanmasına səbəb olur və fərdi bir reaksiya yaradaraq pasientin ətrafdakı hadisələri yeni bir baxış bucağından baxmasını təmin edir.
Filmlər fərdi, qrup, ailə və cütlük müalicəsində terapiyanın bir parçası olaraq istifadə edilir.
Terapevtlər tez-tez terapiyalarında metaforalara, simvolizmə və xəyal gücünə yer verərək pasientin  duyğularına, düşüncələrinə və ya narahatçılıq duyduğu bəzi nöqtələrə çatmağı hədəfləyirlər. Bəzi terapevtlər bunun üçün yuxu yozmağı, xəyal etdirməyi müalicə vasitələri kimi istifadə edirlər. Filmlərin və digər növ təsvirlərin də bu məqsəd ilə istifadə olunmasının müalicədə irəliləyişə səbəb olduğu müəyyən olunmuşdur.
Sadəcə filmlərdə yer alan bəlli tip simvolların təsiri deyil, şəxsin filmi izləyərək özünü filmdəki  obrazın yerinə qoya bilməsi, ünsiyyət bacarıqlarını inkişaf etdirə bilməsi və özünün də daha öncə bilmədiyi duyğular, hisslərin oyanması müalicənin faydaları olaraq görülür.
Terapiyada ilk olaraq terapevt və pasient, pasientin filmi diqqətlə izləməsi və filmdəki hansı nüanslara fikrini yönəltməsinin lazım olduğu barədə danışırlar. Daha sonrakı seanslarda isə terapevt terapiyanın gedişatına uyğun olaraq, filmdəki bəzi nüanslarda pasientin necə reaksiya verdiyini, özü ilə necə əlaqələr qurduğunu soruşur. Əgər bu bir cütlük terapiyasıdırsa, gələn cütlüyə daha sonra qarşılıqlı müzakirə etmələri üçün bir list sual verilə bilər.
Filmlər terapiyaya asanlıqla əlavə oluna bilir, çünki həm bu filmləri əldə etmək asandır, həm də kino bir mənada həyatın və şəxsin yaşadığı daxili prosesin bəyaz pərdədə əks olunmasıdır. Eyni zamanda film izləməyi bir çox insan daha əyləncəli hesab edir və digər terapiya üsullarına nisbətən buna daha çox üstünlük verirlər.
Kino terapiyası necə sağaldır?
Bir film  fərqli şəxslərdə fərqli  (qorxu, kədər, ruhlandırmaq kimi) duyğuların oyanmasına səbəb olur. Pasientlərə öz həyatlarına başqa bir insanın gözündən baxma şansı verərək öz həyatlarında da yeni həll yollarını tapa bilmələri və çətinliklərin öhdəsindən gələ bilmələri gözlənilir. Eyni zamanda filmdəki xarakterlər pasientlərə ümid verə bilər və şəxsi həyatlarında tez-tez örnək ala biləcəkləri bir ikonaya çevrilə bilərlər. Məsələn, filmdə pasient kimi alkoqolik problemləri olan bir xarakterin sağalma prosesi ilə həyatda əldə etdiyi uğurlardan bəhs edirsə, pasientin bundan təsirlənməsi və ilham alması, ruhlandırması cəhətdən pasientə faydası olması gözlənilir.
Terapevtlərin bəzən birbaşa soruşduğu suallar hisslərini açıq şəkildə paylaşmaqda əziyyət çəkən pasientlər üçün narahatçılıq yarada bilir. Terapiyada filmlərdən istifadə etməklə pasientlər filmlərdəki xarakterləri və ya vəziyyətləri nümunə göstərərək özlərini daha yaxşı ifadə edə bilirlər. Digər tərəfdən, pasientlər öz münasibətlərində görmədikləri problemləri, filmlərdə uydurma belə olsa, emosinal formada görərək öz reallıqlarına uyğunlaşdıra bilirlər.
Kinoterapiyanın istifadə sahəsi hər nə qədər geniş olsa da bəzi hallarda ona baş vurmaq mənasız olur. Məsələn, sahib olduğu ruhi narahatçılıq səbəbi ilə zehni qabiliyyətini düzgün istifadə edə bilməyən, əqli cəhətdən zəif inkişaf etmiş şəxslərdə, ağır şizofreniya hadisələrində bu üsul istifadə edilmir. Bunlardan başqa, əksər psixiatrik xəstə qrupu və ya psixoloji söhbətə ehtiyacı olan şəxslər kinoterapiyanın təsirindən faydalana bilirlər. Lakin kinoterapiya təkbaşına bir terapiya üsulu olaraq qəbul edilmir. Terapiyanın təsirini artırmaq üçün müalicə dövründə istifadə edilən dəstək ünsürü hesab edilir. Ona görə də bu köməkçi metodda 100 %-lik nəticə ya da möcüzəvi təsir mümkün deyil.
Psixiatr Mustada Ulusoyun xəstələrinə tövsiyə etdiyi filmlərdən iki nümunə verək:
Venesiyalı tacir (Merchant of Venice) Şekspirin (Shekaspeare) eyniadlı tamaşasından götürülən və Al Paçinonun(Al Pacino) oynadığı filmlərdəndir. Bu film ailədən birinə, özəlliklə atalara qarşı ağır qəzəb və nifrət duyan şəxslərə tövsiyə edilir. Tövsiyə edilmə səbəbi isə bu filmdə nifrət və qəzəbin bu duyğunu bəsləyən şəxsə nə qədər zərər verə biləcəyini göstərməkdir. Zəhərli bal kimi nifrət və qəzəb adama əvvəlcə bir dad və həzz verir, amma ən çox nifrət duyan adama ziyan verir və bu işdən ən ziyanlı o çıxır. Film bunun çox möhtəşəm bir örnəyidir.

 

Dönüş (rusca: Возвращение, Vozvrashcheniye) rus filmidir. Filmdə ata-uşaq münasibəti tərəfindən olduqca öyrədici səhnələr mövcuddur. Çox sərt, uşaqlarla dialoq qurmaqda çətinlik çəkən ataların izləməsinin lazımlı olduğu və yararlana biləcəkləri filmlərdəndir.

Mənbə: http://www.psikologankara.net/sinema-terapi-ne-ise-yarar.html

https://kisiselbasari.com/sinematerapi-nedir-terapide-ne-tur-islevleri-vardir.html

 

Hazırladı: Lalə Yusifova

Redaktə etdi: Şəfiqə Babayeva

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin