“Mən” in kəşfi. Q.Gellapın təcrübəsi

0

Mənlik şüuru yeniyetməlik yaşlarında formalaşmağa başlayır, lakin onun ilkin mənbəyi uşaqlıq yaş dövrünə təsadüf edir. Psixologiyada mənlik şüurunun formalaşmasının köklərini araşdırarkən “körpə uşaqların özlərini güzgüdə tanıması” məsələsinə xüsusi diqqət yetirirlər. Bəs, görəsən, körpə uşaq özünü güzgüdə və ya şəkildə nə zaman tanımağa başlayır? Bu sualın cavabı heç də konkret deyil. Müşahidələr göstərir ki, uşaqlar özlərini hələ körpəlik yaşından güzgüdə ayırd edirlər. Ancaq özləri barədə təəssüratı sözlə ifadə edə bilmirlər.

Bəs körpənin güzgüdə özünü tanımasını verbal yolla yox, qeyri-verbal yolla necə müəyyən etmək olar?

Q. Gellap zoopsixologiya sahəsində bu mövzuda maraqlı metodikalar işlətmişdir. Bu metodikalardan biri uşaq psixologiyasında xüsusi əhəmiyyət kəsb edir.
Gellap iki şimpanze qrupunu müxtəlif şəraitdə: bir qismi bir-biri ilə ünsiyyət şəraitində, digərləri isə “sosial-təcrid” şəraitində böyümüşdür. O, müəyyən vaxtdan sonra hər iki qrupdan olan şimpanzeləri  güzgü asılmış bokslarda 9 gün yerləşdirmişdir. 10-cu gün şimpanzeləri anesteziyanın köməyi ilə yatırmış və onların qaşlarını, qulaqlarını dərini qıcıqlandırmayan və iy verməyən qırmızı rənglə boyamışdır. Q. Gellap şimpanzeləri bundan sonra yenidən güzgüləri qabaqcadan çıxarılmış bokslarda yerləşdirmişdir. O, bu zaman meymunlar üzərində müşahidə apararaq onların sifətlərinin rəngli yerlərinə spontan surətdə nə qədər toxunduqlarını hesabladı. Məlum oldu ki, özlərinin rənglənmiş qaş və qulaqlarına həm təklikdə, həm də başqa meymunlarla birlikdə “tərbiyə” olunmuş, Gellapın termini ilə desək, “sosiallaşmış” şimpanzelər eyni dərəcədə və çox az hallarda toxunmuşlar.
Q. Gellap bu cəhəti müəyyən etdikdən sonra güzgüləri yenidən bokslarda öz yerlərinə taxdı, meymunları həmin şəraitdə özlərinin rənglənmiş qaşları və qulaqlarına neçə dəfə toxunduqlarını hesabladı. Bu zaman vəziyyət tamamilə dəyişdi. Təklikdə böyümüş meymunlar özlərinin rənglənmiş qaşlarına və qulaqlarına əvvəlki qədər toxunduqları halda, sosiallaşmış meymunlar daha çox toxunmuşlar. Beləliklə, aydın olmuşdur ki, “sosiallaşmış” şimpanze özünü güzgüdə tanımağı bacarır, təklikdə böüyən şimpanze isə əksinə.
Gellapın bu təcrübəsindən sonra buna bəznər eksperimentlər 16-22 aylıq uşaqlarla aparılmışdır.

Ana uşağın üzünü silərkən barmağı ilə onun burnuna qırmızı rəng vurur. Əgər uşaq əlini güzgüdəki şəkilə deyil, öz burnuna vurdusa, psixoloqlar bunu uşağın özünü tanıması hesab edirlər. 16 aylıq uşaqlardan heç biri əlini burnuna toxundurmur, lakin 22 aylıq uşaqların hamısı əlini burnuna toxundurur.Bu faktlar eyni zamanda başqa tədqiqatlarda da təsdiqini tapmşdır və məlum olmuşdur ki, uşaqlar ilk dəfə özlərini 18 aylıq olanda tanıyırlar.

Aytac Hüseyn

Redaktə: Zumrud Karimova

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin