Mən sənin yerinə də ağlayacağam – Adonis (Ali Ahmad Said Asbar)

0

Bir çox insanların fikrincə, Mahmud Dərviş (Mahmoud Darwish) dünyasını dəyişdikdən sonra taxtı Adonis (Ali Ahmad Said Asbar) almış olur. Ərəblərin yaşayan ən böyük şairi məncə heç zaman Mahmud Dərvişin kölgəsində qalmamışdı. İki aydını müqayisə etmək o qədər də düzgün deyil, amma Adonis mənim düşüncəmə görə, ərəb poeziyasının bir zirvəsidir. Bəlkə də, heç zaman Mahmud Dərviş kimi mübarizə şairi olmamışdı. Heç solçu da deyildi, daima demokratiya yanğısı ilə izləyir ərəb dünyasını. Bu il də Nobel Ədəbiyyat mükafatını qazana bilməyən Adonisin özü və yaradıcılığı haqqında çox danışmaq istəmirəm, əsas məsələ şeirləridir.

Şeirlərindəki özünəməxsus estetik tərzi həmişə məni özünə cəlb edib. Fərqi bir estetik üslub seçib Adonis. Adonis kimi şairləri mütaliə etdikcə anlamaq olar ki, istedad özündə fərqliliyi gizlədir. Təkrarçılıq və imitasiya istedada mütləq ki, yaddır. Adonisin ən sevdiyim şeirlərdən 3-nü dilimizə tərcümə etmişəm. Buyurun

 

 

Mən sənin yerinə də ağlayacağam

Məni tərk edib getdiyin zaman,
Sanma ki, qal deyə yalvaracağam:
Mən sənin yerinə də ağlayacam

Eşqimizin sonsuz olması üçün
Adını dağlara hayqıracağam
Nəmli gözlərini görməmək üçün
Mən sənin yerinə də ağlayacağam

******

Sözün başlanğıcı

Bir zamanlar olduğum uşaq,
Özgə bir simayla baş çəkdi mənə.
Bir şey danışmadan gəzişməkdəyik,
Səssiz baxaraq qəribsəməkdə

Yer üzü meşəsi mövsümlərlə sulanır.
Havada uçuşan kağızlar…
Deyəsən indi ayrılıq çatır.
İndi addımlarımız yad axan bir çaydı
Bizi biryerə gətirən havada uçuşan elə bu kağızlardı

Nədir bizi birləşdirən şey,
Və biz nə deməliyik birbirimizə
Ey bir zamanlar olduğum uşaq?

******

Gecə səni gizləyir

Bu şüursuz bilinməzlik tükədib məni,
Gecələr bulaşır əllərimə pəncərədən
gündüzlərə acıq verirmiş kimi…
Pəncərədən seyr edirəm ətrafı:
Qaranlıq.
Qapqara bir qaranlıq qucaqlayıb şəhəri
Siqnalların vecsiz gulutuları
qorxudur məni.
Sürətli gedən bütün Ambulanslar səni daşıyırmış kimi narahatam;
Heç yerdə yoxsan, tapa bilmirəm səni

Ən sonuncu dəfə
o gecə gözlərinə baxmadan getdim,
çünki, bəlkə də baxsaydım gedə bilməzdim
Darıxdığımı söyləyəndə gülmüşdün.
Söyləyəndə darıxdığımı gülmüşdün.
Gülmüşdün darıxdığımı söyləyəndə.
Səni hər zaman “səni heç zaman tapa bilməyəcəm” dediyim anda sevdiyim kimi sevdim

Ambulanslar hələ də şütüyür…
Gecə davam eləyir…
Gecəni çəkirəm içimə
ciyərlərim qap-qara
Dəniz qudurub hücum edir gecəyə,
Bütün sahil hayqırır adını hey küləyə,
Qayalar önləmək istəyərkən gecəni
Külək şəhəri qatıb özünə dağlara dırmaşmaqda

Bütün bu gecəni qaldırıb altına baxıram,
buralarda da yoxsan, qaraqız.
Bilmirəm haralardasan
Gecəyi fırladıb atmaq istəyirəm,
olmur.
Pəncərələr qap-qara.
Qaranlıq bulaşmış şəhər
alnıma bulaşıb.
Əlimin tərsi ilə tərimi silirmiş kimi
gecəni silirəm əllərimlə.
Mən
eybəcər bir əlyazma kimi
durmuşam dünyanın üzərində,
kimsə silib yenidən başlamaq da istəmir,
halbuki mən elə həsrətəm ki dəfələrlə yenidən yazılmağa
Kağız olsam,
qələm olsam
cümlə olsam
nöqtə,vergül olsam
sən gəlsən
kilometrlərcə darıxmaqlıq dolu
şeirlər yazsan mənimlə
kitablarca dolsam
misralarca ağlasam əllərində…

Qəfil oyanıram bu poetik dünyadan…
Qaranlıq qucaqlamış şəhəri.
Şeirlər oxuyub qaranlığa
səni səsləyirəm
Bu gecəni cırıb at, başdan sona gəz şəhəri,
bütün küçə lampalarını yandır,
bütün qapıları döy ki hərkəs oyansın
içindəki birşeylərdən müjdə olsun şəhərə
ki, bu gecə şəhər də yatmasın
bu qaranlıq
bu şəhər
bu gecə
bu son olsun
Bu gecə bu qaranlığı üstələyən ağappaq hayqırış
səni mənə gətirən bir müjdə olsun
Bu son olsun,
İçində də “sən” olsun

Redaktə etdi: Ziya Mehdiyev

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin