Mifik təfəkkür və söz yaradıcılığı

0

 

Dil təfəkkürün ifadəçisidir və təfəkkürlə dil eyni anda, bir – birinə bağlı şəkildə ortaya çıxmışdır. Belə hesab olunur ki, mifoloji təfəkkür insan şüurunun formalaşması prosesinin ilkin mərhələsində təşəkkül tapmışdır. Əgər bu həqiqətən də belədirsə, deməli, ilkin nostratik dil vahidləri mütləq mifik təfəkkürlə bağlı olmuşdur. Maraqlıdır ki, Türk dilində mövcud olan təkhecalı omonim və paronim sözlər arasındakı semantik bağlılıq, məhz mifoloji platformadan izah oluna bilər. Məlum olduğu kimi, ən qədim insanların kosmoqonik görüşlərinə əsasən dünya üç qatdan ibarətdir:

  1. Yuxarı dünya;
  2. Orta dünya;
  3. Aşağı dünya.

Bu, türklərdə də belə olmuşdur. Məsələn, Orxon-Yenisey kitabələrində Göy ata (yuxarı dünya) ilə Yer ananın (aşağı dünya) izdivacından İnsan övladının (orta dünya) doğulması qeyd edilir. Əski hunlar da xaqanları Metenin oğlunun Yer və Göydən doğulduğuna inanmışlar. İranşünas Rayevski bu bölgünün qədim iranlıların (farsların) dünyagörüşünə də hakim olduğunu qeyd etmişdir. Lakin o bu fikrini əsaslandırmaq üçün bütünlüklə irandilli hesab etdiyi iskit türklərinin mifologiyasına əsaslanmışdır. Folklorşünas Propp isə, eyni dünyagörüşün Amerika hindularından tutmuş Afrika zəncilərinə qədər bütün xalqların mifologiyasında bu və ya digər şəkildə öz əksini tapdığını bildirir.

Maraqlıdır ki, prototürk – Şumer mətnlərində Göy, Yer və İnsan, yəni yuxarı, orta və aşağı dünyaların adı VS(r) sxemi üzrə qurulmuş təkhecalı paronim sözlərlə ifadə olunmuşdur:

Ur (göy, yuxarı dünya, dağ);

Ar (ər, kişi, insan, orta dünya);

Or (er – yer, aşağı dünya).

Şübhəsiz ki, bu uyğunluq təsadüfi uyğunluq da ola bilərdi. Fəqət başqa faktlar da mövcuddur ki, həmin faktlar sözügedən uyğunluğun sistem təşkil etdiyini göstərir və hər cür təsadüfi istisna edir.

VS (ç) sxemi üzrə qurulmuş başqa paronim üçlüyü nəzərdən keçirək;

Uç (uçmaq, uş-quş, yuxarı dünya);

Aç (qaç-ağac, orta dünya);

Oç (qoç, aşağı dünya).

Quş, ağac və qoç arasındakı mifik bağlılıq Oğuz xan əsatirində öz əksini aşağıdakı kimi tapmışdır:

“…Oğuz Kağan böyük düşərgəsində… sağ yanda qırx qulac uzunluqda ağac ucaltdırdı. Onun başına bir qızıl toyuq (quş) qoydurdu. Ayağına bir ağ qoyun bağlatdı. Sol yanda qırx qulaclıq ağac ucaltdırdı. Onun da başına bir gümüş toyuq qoydurdu. Ayağına da bir qoyun bağlatdı.”

İndi isə VS (z) sxemi ilə eyni qaydada qurulmuş digər paronim üçlüyü gözdən keçirək:

Uz (quz-öküz);

Az (xalq);

Oz (su).

Burada çox qədim “Az” etnonimi ilə yanaşı, yuxarı dünyanı təmsil edən “Uz” (öküz) və aşağı dünyaya aid Oz (su) komponenti nəzəri cəlb edir. Öküz və su arasında mifik bağlılığı sübut edən çox sayda məlumat vardır. Məsələn, prototürk –  Şumer ikonoqrafiyasında çayı içindəki balıqlarla birlikdə içib qurudan öküz başı təsvirinə tez-tez rast gəlmək mümkündür. “Bilqamıs” dasanından bir mifik süjetin illüstrasiyası olan bu təsvirlərin yaşı 4-5 min ilə bərabərdir. “Öküz” sözünün türk sözü olduğunu qeyd edən Mahmud Kaşğari (IX əsr) yazırdı:

“Öküz – Ceyhun və Fərat kimi olan hər çaya verilən addır…Türk ölkəsində olan bir çox sular, dərələr öküz adı ilə adlanır.”

Məşhur rus tədqiqatçısı S. Tolstov “oğuz” etnonimini “öküz” sözü ilə bağlayır və bu etnonimdə çaya, dənizə məxsus adların axtarılmasının lazım olduğunu bildirirdi. Görkəmli Azərbaycan alimi, mifoloq Mirəli Seyidov isə özünün “Azərbaycan mifik təfəkkürünün qaynaqları” kitabında bildirir:

“Bizcə, çaya, böyük suya “öküz” deyilməsi təsadüfi deyildir. Çay, böyük su ilə öküz (heyvan mənasında) adi sinonim ola bilməz. Burada maraqlı əlaqə vardır… Bir çox türkdilli xalqlarda, o cümlədən qırğızlarda öküzlə – inəklə bağlı əfsanələr vardır ki, bunlar çayın öküz adlanması səbəbinin izahına kömək edir. Qırğız əfsanələrinin birində deyilir ki, inək (öküz) sudan yaranmışdır.  Digər  qırğız  əfsanəsində isə deyilir ki, əski zamanlarda yer üzündə su yox idi. Böyük göy öküzü (koq-oquz) iki nəfər otarırdı. Onlar susuzluqdan yanırdılar. Göy öküzü dedi ki, mən su taparam və buynuzları ilə yeri qazmağa başladı. Su fışqırdı, axdı-daşdı və iki böyük su hovuzu yarandı. Bunlardan biri Zeysan gölü və Tenqiz (Dəniz) idi.”

Göründüyü kimi, “Uz” və “Oz” komponentləri arasında mifik bağ olmuşdur və bu bağın tarixi minillərlə ölçülməkdədir.

İndi isə VS (t) sxemi üzrə yaranmış “ut” (ud, günəş – yuxarı dünya), “at” (orta dünya) və “ot” (od – aşağı dünya) kəlmələri arasındakı mifik əlaqəyə nəzər salaq. İlk öncə “ut” (günəş) və “ot” (od) bağlılığına aid faktlardan söhbət açaq. Mirəli Seyidov yuxarıda adı çəkilən əsərində yazırdı:

“İndi isə Günəş və odun mifoloji səciyyələrinin bəzilərini açaq: Günəş, xaqanlıq – hakimlik verir, insanları pis ruhlardan, pis niyyətlərdən qoruyur, təmizləyir, yüksək od tanrısı oymaq – oru hər şeyi biləndir, odun sahibi od – əzi (ot-ezzi) pak, təmiz, xeyirli, nicatverici ruhdur, od gələcəkdən xəbər verir. Günəşin, odun; eləcə də hər ikisi ilə bağlı tam biçimlənmiş tanrı, ilahə və hər ikisi ilə bağlı onqon, tanrı kimi formalaşmış inamlar lap əski türk qəbilələrinin, qəbilə birləşmələrinin təfəkkürünün zənginliyini və soypsixologiyasını nümayiş etdirir. Günəşlə, odla bağlı inamlar, anlayışlar, həyata yanaşma və onu dərketmə türkdilli xalqların, eləcə də azərbaycanlıların mifik – fəlsəfi, mifik – bədii təfəkküründə rol oynamışdır.”

Bu deyilənlərə onu da əlavə edək ki, irandillilərin qədim dini kitabı “Avesta”da od Günəş tanrısı Mitranın oğlu kimi təqdim edilir.

“Ut – at – ot” üçlüyündə orta dünyanı təmsil edən atla bağlı da maraqlı məlumatlar vardır. Görkəmli folklorşünas P. Propp atın hər üç dünya (yuxarı, orta, aşağı) arasında vasitəçisi olması ilə bağlı süjetlərə dünyanın hər bir yerində rast gəlindiyini və bu süjetin vahid mifoloji qaynaqdan qaynaqlandığını qeyd etmişdir. Eyni mifik süjetin Altay türkləri arasında geniş yayıldığı haqqında Potapov və ümumiyyətlə, türk-monqol xalqları arasında çox yayğın olduğu haqda Lipets kimi tədqiqatçılar məlumat vermişlər. D. Rayevski isə eyni halın iskit mifologiyasına da xas olduğunu yazır. Deyilənlərə Oğuz xanın zülmət dünyasına atın belində gedib – gəlməsini, yəni “Oğuznamə”də atın mediator xüsusiyyətinin qabardılmasını da əlavə etmək lazımdır.

VS (l) sxemi ilə qurulmuş, yuxarı dünyanı bildirən “ul” (ulduz), orta dünyanı bildirən “al” (əl) və aşağı dünyanı bildirən “ol” (öl-göl) nostratik vahidləri arasında da maraqlı bir mifik əlaqə mövcud olub. “Ul” (ulduz) – “al” (əl), “ul”-“ol” (göl) bağlılığını nəzərdən keçirək. Bəri başdan qeyd edək ki, “Avesta”da Tiştra adlı ulduz su (göl) məbudu kimi təqdim edilir. Qədim Şumer ikonoqrafiyasında aypara və ulduza doğru yönəlmiş əl təsvirinin geniş yayılmış təsvirlərdəndir, eyni təsvirlər bu gün Azərbaycanın müsəlman qəbiristanlıqlarındakı başdaşları üzərində də istənilən qədərdir. Bunu da xüsusi qeyd etmək lazımdır ki, bu gün Azərbaycanda belə bir inam mövcuddur ki, ulduzu əllə göstərmək olmaz, ulduzu əllə göstərən adam ölməlidir. Yeri gəlmişkən, diqqəti “ölmək” felinin kökündə qərar tutmuş “öl” vahidinin “ol” (öl-göl) komponenti ilə eyni VS (l) sxemi üzrə qurulmuş olmasına çəkərək, burada da bir bağlılığın olduğunu görmək olar.

Bütün bu deyilənlər VS sxemi üzrə qurulmuş daha 12 nostratik dil vahidindən xəbər verməkdədir:

“ur”, “ar”, “or”, “uç”, “aç”, “oç”, “uz”, “az”, “oz”, “ul”, “al”, “ol”.

Maraqlıdır ki, bu vahidlər müxtəlif qeyri – türk dillərində də müəyyən təkamül keçmiş şəkildə mövcuddur. Məsələn, “ar” (ər, adam) komponenti “er” [ə:] şəkilçisi kimi ingilis dilində mövcuddur və bu şəkilçi müxtəlif fellərə əlavə olunaraq, həmin felin məzmunu ilə məşğul olan insanı bildirir. “Ur” (göy, dağ) komponenti isə rus dilindəki “q(or)a” (dağ) kəlməsində qorunmuşdur. Eyni dildə özündə “oz” (su) komponentini yaşadan “(oz)ero” (göl) kəlməsi də vardır.

Yeri gəlmişkən qeyd edək ki, yuxarıda göstərilən sxemlərlə yaranmış bir sıra başqa sözlər də məlumdur ki, bu sözlər də eyni qəbildən olan sözlərlə ya funksional, ya da mifoloji baxımdan bağlanmaqdadır. Məsələn; VS (d) sxemi üzrə qurulmuş “öd” kəlməsi qədim türk dilində “zaman” anlamında işlənmişdir. Zaman isə günəşlə (ud) bilavasitə bağlıdır. Eyni sxemlə yaranmış omonim mənalı bir “ud” vahidi  də   məlumdur   ki,   bu   söz  qədim türk dilində qoyun mənasını vermişdir.

Günəş mənasında “ud”la qoyun mənasında “ud” arasında da mifik bağlılıq qədim mənbələrdə öz əksini tapmışdır. Məsələn; qədim İran mifologiyasında qoyun günəşin simvoludur.

Aparılan tədqiqatlardan üzə çıxarılan faktların məntiqi təhlili nəticəsində gəlinən fikrə görə, VS sxemi üzrə qurulmuş sözlər, SV sxemi üzrə qurulmuş sözlərdən daha əvvəl yaranmışdır. Belə düşünmək üçün bizə “su” (SV) kəlməsinin ilkin “oz” (os, us; VS) variantına sahib olması əsas verir. E.ə. IV-III minilliyə aid Şumer yazılı mənbələrində bu söz məhz “su” (zu) formasında, yəni metatezaya uğramış şəkildə qeydə alınmışdır. İlkin “oz” variantına gəlincə, bu leksik vahid günümüzə “(üz)mək” felində və çay, çay qolu mənasında Turan ərazisində geniş yayılmış hindronimlərdə (məsələn; Cənubi Azərbaycandakı Qızıl (Üz)ən çayı, Qazaxıstandakı Sarı (oz)ek çayı və s.) qorunmuş vəziyyətdə gəlib çıxmışdır.

Şübhəsiz ki, təkcə yuxarıda söylədiyimiz metateza faktı bu fikri isbat etmək üçün yetərli deyildir. Lakin məsələyə eyni məntiqlə yanaşıb “dağ” və “doğmaq” kəlmələrinin arxaik “tu” (to; SV) kökünün ilkin variantda VS sxemi üzrə qurulmuş olduğunu və “ut” (ot, VS) formasında yarandığını ehtimal etmiş olsaq, “ot” komponentinin od (atəş) mənasından başqa “dağ” və “doğmaq” kimi semantik yüklərə də sahib olduğunu söyləməli olacağıq. Bu halda isə od, dağ və doğum arasında mütləq əski bir mifik bağlılığın olması lazım gəlir.

Belə bağlılıq var və bu bağlılıq, “tu” arxaik leksik vahidinin ilkin “ut” (od) variantına sahib olduğunu təsdiq edir. Məsələn; Altay türkləri “qız ana” dedikləri od tanrısını ağ, gözəl qız və doğum ilahəsi kimi təsəvvür etmişlər. Teleut türkləri də ailə ocağının qoruyucusu, doğum və bərəkət ilahəsi “od ana”nın ocaqda yaşadığına inanmışlar. Od və doğum arasında mifik bağlılığı əks etdirən bu əski türk inancları haqqında tədqiqatçı N. Dırenkov məlumat vermişdir. Od və dağ arasında mövcud olmuş analoji bağlılığı özündə əks etdirən mifik süjetlər də az deyildir. Bu məsələ Mirəli Seyidovun “Azərbaycan mifik təfəkkürünün qaynaqları” əsərində öz əksini belə tapmışdır:

“Oda inam, qeyd olunduğu kimi, əski və müxtəlifdir. Teleutlar inanırdılar ki, hər bir ocaqda yaşayan “ot – ana”dan başqa daha böyük, yüksək od tanrısı vardır. Həmin od tanrısı daşın içində yaranan oddur ki, üç ocaq sahibidir, xanıdır. Həmin yüksək od tanrısı dağ ruhu ilə birgə yaşayır. Altaylarda dağa həsr olunmuş dualarda – alqışlarda odun daşla – dağla əlaqədar olması gözə ayrıca çarpdırılır.”

Əski türklərin mifik görüşlərindən söz açan Türkiyəli tədqiqatçı Əbdülqadir İnan yazır ki, əski türklər, odu yaratmağı onlara Ülgen tanrının öyrətdiyinə inanmışlar. Altay əfsanələrində deyilir ki, Ülgen göydən bir ağ, bir qara daş gətirir və quru otu ovcunda əzir, daşları bir-birinə vurur, qığılcımdan od yaranır. İnsanlar ondan odu yaratmağı öyrənirlər.

Əbdülqədir İnanın haqqında söz açdığı bu süjetin dəyəri ondadır ki, bu süjet od, ot (bitki) və daş arasındakı mifik əlaqəni özündə əks etdirməkdədir. Əslində isə, sözügedən süjet Paleolit dövrü insanının məişətində adi bir hal olan hadisəni təsvir edir, od, ot və daş arasında real əlaqəni mifik boyalarla bəzədilmiş şəkildə təqdim edir.

Şübhəsiz ki, yuxarıda haqqında söz açdığımız və nostratik dilin qalıqları olduğunu iddia etdiyimiz sözlərin bir qismi (ov, ev, oyuq, öy, eşik, qazma, od, ot və s.) bu gün də əvvəlki forma və məzmununu saxlamış halda, bəzən isə təkamül prosesindən keçmiş halda çağdaş dilimizdə yaşamaqdadır. Bir sıra sözlər də vardır ki, hazırda işlənməsə də (ud, ur, ol və s.), qədim yazılı mənbələrdə qorunmuşdur. Məsələn, “ud”, “ur” leksik vahidləri Şumer mətnlərində əbədiləşmişdir ki, bu haqda bir qədər sonra söhbət açılacaqdır. “Ol” sözü isə “öl” formasında V-VI əsr abidəsi hesab edilən “Manixeylərin tövbə duası” mətnlərində, Mahmud Kaşğarlının məşhur “Lüğət”ində öz əksini tapıb. Türkoloq S. Malov bu sözü “yaş”, “nəm” kimi tərcümə etmiş, M. Kaşğarlı da eyni şeyi bildirmişdir. Tədqiqatçı Velyaminov Əlişir Nəvainin bu sözü göz yaşı, nəmişlik, bəzi hallarda isə dəniz mənasında işlətdiyini qeyd edir. Şəmsəddin Sami bəy həmin kəlməni “bataqlıq” kimi tərcümə etməyi düzgün saymışdır. M. Seyidov isə onun “göl” mənasını üzə çıxarmışdır.

Böyük dilçi alim, akademik H. Marr vaxtilə yazırdı: “…Türk dillərinin mənşəyi nəinki aydınlaşmayıb, bu məsələyə heç toxunulmayıb da. Türk dillərinin genezesi, yəni mənşəyi məsələsi əslində heç vaxt və heç kimtərəfindən diqqət mərkəzində çəkilməyib. Hamıya bəllidir ki, türklər Asiyanın dərinliklərindən baş alıb gəliblər. Deməli, elə orada yaranıblar. Ədəbi fəallıqları ilə türklər VI əsrdən bəllidir, çinlilər isə, ondan min il əvvəl də türkləri belə tanıyırmışlar, elə bunun əsasında da mütəxəssislər bizi öyrədirlər ki, Türk dilləri öz konservatizmi ilə seçilir, belə ki, VI əsrə aid abidələr müasir dövrdə də mövcud olan dialektləri özündə əks etdirirlər. Belə çıxır ki, Türk dilləri min üç yüz il ərzində, demək olar ki, dəyişilməyib. Onu da nəzərə alaq ki, Türk dilləri öz təbii mühafizəkarlığını əvvəlki minilliklərdə də hifz edə bilərdilər, yəni çinlilərin “zəhmət çəkib” onlar haqqında məlumat verdikləri dövrdə də, ondan qat-qat qədim dövrlərdə də.

Bu belədir. Hələ o da məlumdur ki, əsil izahın olmaması üzündən bu səbəb başqa   dillərlə   əlaqədar   da   tətbiq edilir.   Məşhur  dilçi Kanqran çinlilərin dilə

münasibətlərindəki mühafizəkarlığı barədə tam ciddiyyətlə yazırdı: “Qədim dilin qalmasının əsas səbəbini Çindəki ənənənin yenilməz gücündə axtarmaq lazımdır.”

Lakin dillər təbiətin məhsulu deyil, dillərdə təbiətdən alınma xüsusi cəhətlər yoxdur. Hətta konservatorluğun da öz tarixçəsi var. Bir sözlə, Türk dillərinin mənşəyi məsələsi çoxdan həlli çatmış elmi problemdir. Dilin öyrənilməsində və onun tam dərkində bunsuz irəli bircə addım da atmaq mümkün deyil. Necə ki, türklərin kütləvi surətdə Asiyada yaşadığı faktı (əslində, heç bunu da demək olmaz) əsasında məhz Asiyanın onların əcdadlarının vətəni olması ideyası ilə elmi cəhətdən razılaşmaq olmaz…

Aydın məsələdir ki, türklərin və türk dilinin yaranması və inkişafı taleyi ilə müqayisədə bəşəriyyətin tarixi yaddaşının çox qısa bir dövrünə aid olan faktın əsasında Asiya, türklərin ana kök vətəni kimi qəbul edilə bilməz…

Belə bir məntiqi təhlildən sonra müəllif aşağıdakı nəticəyə gəlmişdir: “Deməli, türkoloqların ümumi rəyinə görə, türk dillərini fərqləndirən belə etatik vəziyyətə və konservatorluğa nail olmaq üçün bu dillər böyük bir ictimai fəaliyyət və dinamik dil yaradıcılığı prosesindən keçməli idi.”

  1. Marr Türk dillərinin tədqiqində hind-Avropa dilçiliyinin metafiziki metodlarının tətbiq edilməsinə etiraz edərək yazırdı:“Bu ki, “quyu”dur və Hindavropaçıların “quyu”sundan bununla fərqlənir ki, Hind – Avropa dilçiləri öz sahələrində çox dərin qatlara gedib çıxıblar və indi yoldan dönmək istəsələr də, öz dahilərini yerlə yeksan etmədən buna nail ola bilməzlər. Öz dil sistemlərinin dərinliyinə nüfuz etməyə macal tapmamış türkoloqların “quyu”su arasında ümumi cəhət var; hər ikisinnin metodu formal xarakter daşıyır; dilçi türkoloqlar canlı və zəngin materiallar ümmanında səslərin maddi reallığına əsaslanır, hind-Avropa dilçiləri isə türklərin ayağı altında ləngər vuran insanın ilk doğuluş yerindən beş əlli yapışaraq, zəngin türk nitqini türklərin, yaxud öz sosial ənənəsinə sadiq olan digər qohum xalqların təsərrüfat və ictimai həyatı ilə üzvi surətdə əlaqələndirilə bilmirlər”.Akademikin bu fikirlərinin bəzi müddəaları ilə razı olmasaq da, irəli sürdüyü iradları, xüsusən də türkoloqların türk dilini türklərin və qohum xalqların təsərrüfatı, ictimai həyatı ilə üzvi surətdə əlaqələndirə bilməmələri haqqında fikirləri ilə tam şərikik. Doğrudan da dilin ən qədim qatlarının üzə çıxarılmasında əcdadlarımızın ən qədim təsərrüfat, məişət və ictimai həyatları haqqında bilgiləri incələməyin son dərəcə böyük rolu var və məhz daş dövrü insanlarının həyat və fəaliyyətlərinin ayrı-ayrı sahələrini araşdırmaqla, bu günkü dilimizdə həmin sahələri ifadə edən sözlərin ilkin köklərini bərpa etməklə, həmin kökləri digər dillərdəki leksik vahidlərlə tutuşdurmaqla dilimizin ən qədim qatlarını, hətta nostratik dil dövrünə aid olan köklərini üzə çıxarmaq mümkündür. Bu baxımdan üzə çıxartdığımız “ov” (ev), “iz” (yazı), “ot” (od) və s. bu kimi morfemlər, eləcə də ən qədim leksik vahid kimi aşkarladığımız “o” (a, u) vahidi deyilənlərə ən gözəl sübutdur.Akademik Marr Türk dilinin öz konservatizmi ilə seçildiyini, VI əsrə aid abidələrin müasir dövrdə mövcud olan dialektlərini özlərində əks etdirdiklərini, türk dillərinin öz təbii mühafizəkarlığını əvvəlki minilliklərdə də hifz edə biləcəklərini söyləyəndə gerçəkdən də nə qədər haqlıymış. Əminik ki, bu böyük alim 5-6 min il bundan əvvələ aid Şumer mətnlərinin dilindəki sözlərin müasir türk ləhcə və şivələrindəki sözlərlə tam uyğun olduğunu və bu uyğunluğun sistem təşkil etdiyini bilsə idi, türk dilinin mühafizəkarlıq xüsusiyyətinin minillərlə deyil, yüzminillərlə ölçüldüyünü çəkinmədən bəyan edər, özünün nostratik dil nəzəriyyəsini sırf Türk leksem və morfemləri üzərində qurar, bunun üçün dağa – daşa düşməyə ehtiyac hiss etməzdi!Türk dilinin praformasını bərpa etmək cəhdləri hələ XIX əsrin ikinci yarısında olmuş və bu işin ilk pionerlərindən biri kimi İ. Qruntsel çıxış etmişdir. O belə bir fərziyyə irəli sürürdü ki, guya ilk çağlarda Türk dillərində üç sait olub (a, i, u). Onun ardıcıllarından olan M. Çerkasski də 1965-ci ildə eyni fikri ifadə etmişdi. Sonralar həmin müəllif diqqətini Orxon-Yenisey yazılarına tutmuş və həmin saitlərin sayını dördə (a, i, u, ü) “çatdırmışdı”. Şübhəsiz ki, bu fərziyyələrin heç bir elmi əsası yoxdur, çünki bu abidələr üzrə görkəmli mütəxəssis V.Tomsen hələ 1893-cü ildə qeyd edib ki, Orxon – Yenisey yazılarında 4 sait işarəsi olsa da, bu işarələr müxtəlif kontekstlərdə o dövrdə mövcud olmuş 8 sait səsi ifadə edirdi. Türk dilinin praformasını bərpa etmək cəhdində olanlardan biri də A. Şerbak idi. A. Şerbak bir neçə yüz praformanı bərpa etmiş, bu zaman aşağıdakı kimi hərəkət etmişdir: “ıır” – arıqlamaq, yorulmaq (yakut), “aar” (türkmən), deməli, kök türk dilində “aar” imiş; “ııs” – iş (yakut), “ıış” (türkmən), deməli, – “ıış” (kök türk dilində); “aas” – aşmaq, tökmək (yakut), “aaş” (türkmən), “aaş” (kök türk) və s. A.Şerbakın bəzi qeyri-elmi mülahizələr əsasında gəldiyi qeyri – elmi nəticələri nəzərə almasaq, hər halda, görülən işin müəyyən mənada uğurlu olduğunu da etiraf etmək lazımdır. Çünki onun bərpa etdiyi praformaların bir çoxu Şumer mətnlərindəki sözlərlə də öz təsdiqini tapmaqdadır. Bu praformalar nostratik dil nümunələri kimi də diqqəti cəlb edə bilər. Bunun həqiqətən də belə olub – olmadığını gələcək tədqiqatlar göstərəcəkdir.

Bəxtiyar Tuncay.AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsində elmi işçidir.

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin