Mikelancelo Merizi da Karavaco kimdir?

0

 

Mikelancelo Merizi da Karavacco (Michelangelo Merisi da Caravaggio) 1573-1610-ci illərdə yaşamış italyan rəssamdır. Təbii üslubu və kəskin işıq-kölgə əleyhinə əsaslanan forması ilə XVI əsr rəsm sənətində yeni bir yol açmışdır.

Mikelancelo 28 sentyabr, 1573-cü ildə Milan ilə Breşşa (Brescia) arasındakı Karavacco (Caravaggio) qəsəbəsində anadan olmuşdur. 31 iyul, 1610-cu ildə Porto Derkolda (Porto d’Er-cole) dünyasını dəyişdi. İncəsənət təhsilinə 1584-cü ildə Milanda, Simon Peterzonun (Simone Perezono) yanında köməkçi olaraq başladı. 1593-cü ildə Romaya getdi və burada bir il müddətində dövrün məşhur freska rəssamlarından olan Kavaliyar Darpini (Cavalier d’Arpini) adıyla da bilinən Gizeppe Sezarinin (Giuseppe Cesari) yanında işlədi. “Meyvə səbəti tutan uşaq” ilə “Kərtənkələnin dişlədiyi uşaq” rəsmləri Romadakı ilk işləridir.

“Meyvə səbəti tutan uşaq”

 

“Kərtənkələnin dişlədiyi uşaq”

Karavacco Romada kəndin nüfuzlu adamlarından olan Kardinal del Montenin (Cardinal del Monte) himayəsinə keçdi. Bu illərdə Romadakı seçilmiş rəsm kolleksiyalarını araşdırmaq imkanı da tapdı. Rəsm əsərləri yaratdı. Bundan əlavə, gələcəyin papası XIII Urbanusun o zamankı adıyla Kardinal Mafio Barberininin (Cardinal Maffeo Barberini) də portretini çəkmişdir.
Kardinal del Montenin köməyi ilə San Luiqi dey Fransezi (San Luigi dei Francesi) kilsəsini rəsmlə təmin etməklə vəzifələndirildi. Eyni iş üçün keçmiş ustası Darpinoya (d’Arpino) daha gərəksiz rəsmlər tapşırılarkən Karavacco burada “Müqəddəs Matta ilə mələk”, “Müqəddəs Mattaya çağırış” və “Müqəddəs Mattanın şəhid edilməsi” kimi şah əsərlər yaratdı. Eyni illərdə Santa Mariya del Popolo (Santa Maria del Popolo) kilsəsi üçün hazırladığı “Müqəddəs Petrusun çarmıxa çəkilməsi”, “Müqəddəs Paulusun din dəyişdirməsi” kimi əsərlərində göstərdiyi ustalıq, “İsanın məzara qoyulması” tablosunda zirvəyə çatdı.

“Müqəddəs Mattaya çağırış”

 

“İsanın məzara qoyulması”

Karavacco bundan sonrakı illərdə çətin və davakar xarakterinə görə tez-tez məhkəmələrə düşdü. 1603-cü ildə dörd sənətçi ilə birlikdə Baqlion (Baglione) adlı bir başqa sənətçini pisləyən bir məcmuə yayınladığı üçün həbs edildi. 1605-ci ildə rəsminə modellik edən xanımla maraqlandığı üçün Mariyona Pasqukalenonu (Mariona Pasqucaleno) qısqanaraq yaraladı. Buna görə Genovaya qaçdı. Lakin qısa müddətdən sonra Romaya geri qayıtdı. 1606-da top oyunu zamanı kimisə bıçaqlayaraq qətlə yetirdi və Napoliyə qaçdı.
Napolidə qaldığı illərdə “Təsbehli Məryəm”, “Mərhəmətin yeddi forması”, “İsanın qamçılanması” kimi əsələri ilə sənət dünyasını zənginləşdirdi. Romada törətdiyi cinayətə görə axtarılan Karavacco 1608-ci ildə Maltaya getdi. Burada yaratdığı “Vəftizçi Yəhyanın boynunun vurulması” əsərinə görə Kavalara di Grazyo (Cavaliara di Grazio) ordeni ilə mükafatlandırıldı. Sonra bir cəngavəri yaraladığı üçün həbs edildi. Həbsdən qaçaraq Siciliyaya getdi.
“Müqəddəs Lukanın dəfn edilməsi”, “Lazarusun dirilişi” kimi ən son əsərlərini çəkdiyi Siciliyada çox qala bilmədi. 1609-cu ildə Napoliyə gedərkən Malta cəngavərlərinin tutduqları adamlar tərəfindən hücuma məruz qaldı. Öldüyü zənn edilərək tərk edildi. Amma o, ispanlar tərəfindən işğal edilmiş Porto Derkoleyə sığınmağı bacardı. Bir müddətdən sonra xəstələndi və burada öldü.

“Mərhəmətin yeddi forması”

Karavacco naturalist (təbiiliyə üstünlük verən) bir sənətçi idi. Rəsmlərində hər xırda detal üzərində diqqətlə çalışması onun reallığa necə dəyər verdiyinin sübutudur. Ən incə damarlarına qədər işlənmiş yarpaqlar, ən incə dənəsinə qədər təsvir olunmuş üzüm kimi təbiətin adi elementlərinin Karavacconun əsərlərində canlanması onun təbiətə necə dəyər verdiyini bəlli edir. Gənc kişi fiqurlarını müxtəlif natürmort elementləri ilə birgə göstərən ilk rəsmlərinin ən yaxşı nümunəsi “Bakkus”dur (Bacchus). Rəsmə ümumən hakim olan klassisizm və naturalist fiqur anlayışının birləşməsi Karavacconun çatdığı formal yetkinliyin işarəsidir.
“Misirə qaçış”, “İsaqın qurban edilməsi”, “Müqəddəs Katerina” və “Maqdalena” kimi əsərləri yetkinliyə keçid mərhələsinin işləridir. Son iki əsər Karavacconun mənzərə çəkdiyi əsərlərindəndir. “Misirə uçuş” tablosunda bir palıd ağacı altında istirahət edən müqəddəs Yusif, bakirə Məryəm və körpə İsa ilə daha yaxın plandakı mələk fiquru, qatı bir reallıq anlayışı içində ələ alınmışdır.

“Misirə uçuş” 

 

“Bakkus”

 

“Müqəddəs Katerina”

Ustalıq dövrü

Karavacconun ustalıq dövrü “Müqəddəs Matta ilə mələk”, “Müqəddəs Mattaya çağırış”, “Müqəddəs Mattanın şəhid edilməsi”, “Müqəddəs Petrusun çarmıxa çəkilməsi” və “Müqəddəs Paulusun din dəyişdirməsi” adlı şah əsərləri ilə başlayır. Adı keçən əsərlər gətirdikləri yeniliklərlə rəsm sənətində çevrilişin başlanğıcını vurğulayır. Bu əsərlər həm əhatə, həm də element fərqliliyinə görə dəyərli sayılır.

“Müqəddəs Paulusun din dəyişdirməsi”

 

“Müqəddəs Petrusun çarmıxa çəkilməsi”

“Müqəddəs Matta ilə mələk” əsəri günümüzə çatmayan ilk forması müqəddəs Mattanı özünə yazı yazmağı öyrədən mələklə çox yaxın olması və toz-torpaq içində kobud şəkildə ayağını tamaşaçıya tərəf uzatması səbəbindən kilsə tərəfindən qəbul edilmədi. Buna görə də, Karavacco mələyin havadan yaxınlaşdığı, müqəddəsin isə yarı ayaq üstə durduğu ikinci rəsmi hazırladı. İlk rəsmin kobudluğuna və qatı reallığına qarşı ikinci rəsmdə daha ruhi hava vardı. Karavacconun adətlərə qarşı çıxan, həmişəki işlər əvəzinə, müasir anlayışının sənəti o dövrün rəsm sahəsində yeniliyin məhsuludur.

“Müqəddəs Matta ilə mələk” (ilk versiya)

 

“Müqəddəs Matta ilə mələk” (əsas versiya)

Karavacconun başlıca əsərləri bunlardır: “Kərtənkələnin dişlədiyi uşaq” (1593), “Meyvə səbəti tutan uşaq” (1593-1594), “Müqəddəs Katerina” (1595), “Bakkus” (1594-1595), “İsaqın qurban edilməsi”(1594-1596), “Müqəddəs Matta ilə mələk”(1598-1601), “Müqəddəs Petrusun çarmıxa çəkilməsi”, “Müqəddəs Paulusun din dəyişdirməsi” (1600-1601), “İsanın məzara qoyulması” (1602-1604), “Bakirənin ölümü” (1605-1606), “İsanın qamçılanması” (1606-1610), “Təsbehli Məryəm” (1606-1607), “Mərhəmətin yeddi forması” (1607), “Vəftizçi Yəhyanın boynunun vurulması” (1608), “Müqəddəs Lukanın dəfn edilməsi” (1608), “Lazarusun dirilməsi” (1609).

 

“Bakirənin ölümü”

 

“Vəftizçi Yəhyanın boynunun vurulması”

 

“Lazarusun dirilməsi”

 

“İsaqın qurban edilməsi”

 

Tərcüməçi: Fidan Səfərli

Redaktə etdi: Fatimə Əliyeva

Mənbə:

http://caravaggio.kimdirkimdir.com

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin