“Mr. Nobody” filminin analizi

0

“Mr Nobody” ən anlaşılmaz, beyində cavablanması çətin suallar yaradan, amma bitməsini istəmədiyimiz filmlərdəndir.

2009-cu il istehsalı olan filmin rejissoru Jako Van Dormaldır (ing. Jaco Van Dormael). Dormal “Mr Nobody” filminə qədər sadəcə iki tammetrajlı film çəkmişdi.

Rejissor təsadüfən əlinə keçən bir hekayədən yola çıxaraq onu ssenariyə çevirmişdir.

Filmin aktyor heyəti də olduqca zəngindir: Cared Leto (Jared Leto), Sara Polli (Sarah Polley), Diana Krüger (Diane Kruger), Lin Dan Fam (Linh Dan Pham), Ris Ivans (Rhys İfans), Nataşa Littl (Natasha Little), Tobi Reqbo ( Toby Regbo) və Cuno Templ (Juno Temple)…

Film  fon musiqisi,  görüntü effektləri, işıq istifadəsi, kameranın çəkiliş bucağı və digər kinematoqrafik faktorlarla göz oxşayır.

Filmin sujetində keçmiş və gələcəklə bağlı düşünən hər bir insanın suallarına cavab tapmağa çalışılır. Amma bu sualları cavablandırmaq o qədər də asan deyil. Doğum, ölüm, həyat, yaradılış, dünyanın sonu, zaman anlayışı, insan ağlının qavraya bilməyəcəyi spiritual hadisələr, reinkarnasiya və s. kimi mövzulara filmdə kinematoqrafiyanın imkanları ilə aydınlıq gətirilir. Film hər şeyin əslində göründüyü kimi olmadığını göstərir.

Filmin baş qəhrəmanı Nemo yenidən dünyaya  gəlməzdən əvvəl  insanlara öncəki həyatlarını unutduran “unutdurma mələkləri” ilə qarşılaşır. Lakin mələklər Nemonun keçmiş həyatlarını onun yaddaşından silmədən ondan ayrılırlar. Nəticədə o, bir çox şeyi xatırlayaraq dünyaya gəlir. Gözlərini açan kimi ana və atasını seçir.

Nemo Nobody həm də gələcəyi görmə qabiliyyətinə malikdir. Valideynləri o, 8-9 yaşında olarkən boşanırlar və Nemo vağzalda qatar gözləyərkən atası ilə anasının ayrıldığı anda iki önəmli seçim arasında qalır: Atası ilə qalmalı, yoxsa anası ilə qatara minib getməli?

Nemonun seçimi bütün həyatına təsir edir. Tamaşaçı filmdə Nemonun hər iki seçiminin nəticəsini görür. O, hər iki seçimin səbəb olduğu hadisələrin nəticəsini yaşayır. Gah hər şeyi öz axarına buraxır və bəxtə-bəxt qərarlar verir, gah da hər şeyi idarəsi altında saxlamaq üçün bütün qüvvəsini sərf edir.

Nemo seçdiyi (ya da məcbur qaldığı) həyatlardan birində Anna adlı bir qıza aşiq olur. Lakin tale onları ayırır və illər sonra təkrar bir araya gətirir. Digər həyatlarından birində isə Alisa adlı ruhi problemləri olan bir qıza kömək edir və bütün problemlərinə baxmayaraq onunla evlənib uşaq sahibi olur. Bir başqa həyatda yapon əsilli Jean ilə evlənir və ondan uşaqları dünyaya gəlir.

Film ərzində tamaşaçıya göstərilən bu həyatları yaşlı Nemo film boyunca danışır.

2029-cu il, Nemo 118 yaşındadır. İnsanlıq ölümə qalib gəlib və dünyada yaşayan son fani (ölümlü) Nemodur. Bütün əhali böyük ekranlardan Nemonun ölümünü izləməyə səbrsizlənir. Digər tərəfdən də Nemonun həyatda qalması üçün bütün imkanlara sahib olan bu yeni dünyada cəmiyyət onun ölüb-ölməməsinə qərar verəcəkdir. 118 yaşlı Nemo  isə özünü 34 yaşında hiss edir.. Yaddaşında isə anası ilə atasının boşandığı an (9 yaş), ilk sevgini yaşadığı an (15 yaş) və 34 yaşı həkk olunub.

Nemo da bir çox insanlar kimi müxtəlif çətinliklərlə üzləşmiş, dəfələrlə qırılmış və yaşadıqları həyatının geri qalanına xeyli təsir göstərmişdir. Son səhnədə yaşlı Nemo onunla reportaj hazırlayan jurnalistə əslində nə özünün, nə də onun var olduğunu deyir. Bunların hamısı 9 yaşındakı Nemonun zehnindən və xəyal gücündən qaynaqlanır.

Latınca “heç kim” (nobody) anlamına gələn Nemo adı da baş rol üçün xüsusilə seçilmişdir. Filmdə istifadə olunan psixoloji və fəlsəfi ünsürlərdən bəziləri xaos, böyük partlayış teoriyası, kəpənək effekti teoriyası, zaman-məkan əlaqəsi ilə bağlıdır.

Filmin görüntü effektlərini hazırlayan Lyuis Morin 2004-cü ildə “Eternal Sunshine of the Spotless Mind” filminin də görüntü effektlərini hazırlamışdır. Filmin musiqisinə isə rejissorun qardaşı Pyer Van Dormal cavabdeh idi . Musiqilər arasında Eurythmics, Pixies, Wallace Collection, Nena, Ella Fitzgerald kimi müasir parçalar olsa da, Qabriel Forun “Pavane” musiqisi çox gözəl ahəng yaradır.

Qeyd etmək lazımdır ki, filmdəki hər bir detal özlüyündə bir məna daşıdığı kimi rənglərin də öz mənası var.

Nemo 9 yaşında olarkən parkda rastlaşdığı qızların geyimlərinin rəngi onların gələcəkdə Nemonun həyatında tutacaqları mövqedən xəbər verir. Nemo onların hər biri ilə ayrı həyatlarda rastlaşacaq.

Tək və unudulmaz sevgisi olan Anna qırmızı geyimdədir. İçində Annanın olduğu bütün səhnələrdə qırmızı rəng hakimdir. Nemonun birlikdə zəngin bir həyat sürdüyü Jean isə buna uyğun olaraq sarı geyimdədir. Ruhi problemləri olan Alisa isə depressiv halları təmsil edən mavi rəngli geyimdədir.

Filmdə seçimlərin edilmədiyi səhnələrdə isə hakim rəng ağdır. Çünki ağ rəng insan gözünün seçə bildiyi bütün rənglərin qarışığıdır və seçim edilənədək hər ehtimal mümkündür. İnsanın etməli olduğu isə ən asan seçimi etmək deyil, sadəcə yaşadığını hiss etməkdir.

Filmin rejissoru Jako Van Dormal olduqca qarışıq ssenariyə malik olan bu filmi çəkməyə 2001-ci ildə qərar vermişdi. 47 milyon dollarlıq büdcəyə sahib olan film Belçika film industriyasının ən bahalı istehsalı olaraq dəyərləndirilir. Çəkilişlər 2007-ci ildə Belçika, Almaniya və Kanadada 4 ay müddətinə baş tutmuşdur.

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin