Mükəmməl Ətir Arayışı

0

  6 aprel 1919-cu ildə Parisin Rue de Rivoli şəhərində yerləşən Aux Lions de Faiencéa addımını atan iri gövdəli adam öz ölümünə getdiyindən xəbərsiz idi..
Çaydan dəstini görmək istədi. Uzun saqqalından çıxan o möhtəşəm qoxu orada olan bir qadın müştərinin diqqətini çəkdi. Qadın bu qoxunu hardansa bilirdi, amma haradan? Sonda o xatırladı ki, bu qoxu illər əvvəl yoxa çıxan bacısının sevgilisinin qoxusuna bənzəyirdi. Madam polisi çağırdı. Henri Désiré Landru həbs olundu və cinayətlərin üstü açıldı. Parisin mavi saqqallı adamı on bir qadın öldürmüş, parçalamış və onları yandırmışdı.
Hekayəyə görə, istifadə etdiyi ətir onu darağaclara göndərdi. Həmin ətir-Mouc hoir de Monsieur, 1904-cü ildə Guerlain’in düzəltdiyi bitki və çiçək ekstraktlarının incə qarışığı idi.

“Yanında bütün dünyanı kölə etmək üçün kifayət qədər ətir var idi. Versaillə gedib kralın onun ayaqlarına qapanmasını istəyərdi. O Papa üçün yüngül iyli bir məktub göndərə və özünü yeni bir Məsih elan edə bilərdi. Bütün bunları və daha çoxunu edə bilərdi. Puldan, terrordan və ölümdən daha güclü bir şeyə sahib idi: İnsanların sevgisini idarə etmək gücü.

Qoxunun edə bilmədiyi bir şey var idi. Onu hər kəs kimi sevən və sevilən birinə çevirə bilməzdi.”

                                           Patrick Süskind

 

O vaxtlar ətirləri daha asan şəkildə, saç rənglərinə görə satardılar. Sarışınlar üçün yüngül, yaşıl ətir, əsmərlər üçün isə sərt, ağır notlu bir ətir..
Etes vous blonde?” “Sarışınsınız? O zaman tam sizə görə ətrimiz var: Love of Love”
“Etes vous brune?” “Əsmərsiniz? Onda Que sais-je’ni yoxlamalısınız.”

İnsanlar niyə əlavə qoxuya ehtiyac duyur?

Cavabı çox sadədir. İlk zamanlar insanlar ətri tanrıların əhvalını xoş tutmaq üçün istifadə edirdilər. İndiki zamanda bu istək bir az da olsa, deformasiyaya uğrayıb. İndi insanlar antik tanrılar üçün yox, onun yerinə qoyduğu, qibtə etdiyi insanlar üçün əlavə qoxuya ehtiyac duyurlar. Fikir versək, keçmiş zamanda da, indi də eyni məqsəd güdürük: Qalibiyyət.
Bunun təməlində güc, erotik istək, diqqət çəkmək, fərqli olmaq, özünü həmin ətirdə tapmaq və s. durur.
Bundan əlavə, ətirləri qruplara və siniflərə bölürlər. Ən sadə sinifləndirmə cinsiyyət fərqidir. Bildiyimiz kimi, kişi və qadınlar üçün fərqli ətirlər var. Lakin bunu qadın ətri mütləq şirin, kişi ətri isə sərt olmalıdı deyə bölmək düzgün deyil. Bəzi qadınlar sərt ətir xoşladığı halda, bəzi kişilər şirin ətirləri seçir. Buna görə də uni-sex ətirlərin sayı getdikcə artır.
İlk dəfə Jean Patou 1929-da bu cinsiyyətçiliyə son qoyur və Le Sien ətri ilə məşhurlaşır. “İdmançı qadınlar üçün yeni ətir” deyə səslənilirdi reklamında. Maskulin köklü bir ətir idi. Kişi üçün düşünülən, lakin modern qadının xasiyyətinə də uyan ətir. Patouya görə, modern qadın qolf oynuyur, siqaret çəkir, maşını 120km/san ilə sürməyi bacarır. Patou ətirləri tərkibinə görə siniflərə bölür:
        Çiçəkli    yüngül, zərif, göstərişsiz, feminin.
        Sərv           klassik, dolu, qalıcı, şarmlı.
       Ağaclar      sərt, dinamik, cəzbedici, sportiv
       Amber        ekzotik, örtücü, isti, dərin, fəth edən.
       Dəri            quru, acı, isti, xarakteri güclü

Başqa bir sinifləndirmə isə İngilis parfümeri Piessedən idi:
      Yasəmən     zarafatcıl, ağıllı qadınlar üçün.
       Müşk            güclü qadınlar üçün.
       Gül                gənc qadınlar üçün.
       Limon         melanxolik insanlar üçün
       Heliotrop (çiçəkləri vanil qoxulu) bir az hüznlü insanlar üçün.

Astrologiyaya inananlarda isə bu sinifləndirmə bir az fərqlidi. Ulduzlara görə, amber melanxolik insanlar üçün, müşk isə mehriban insanlar üçün və s.
François Sagan “Bir damla ətir” kitabında sevdiyi məşhurlara yaraşdırdığı ətirlərə görə belə sıralamışdır:
.     Greta Gabo                   Rochasın Femmesi.
      Liz Taylor.                   Patounun Joyu.
      Jeanne                           Moreau Dioramma.
     Ava Gardner                Channel No.5
     Marlene Dietrich       L’beure bleue.

Həmçinin, fransız jurnalında ətirləri qadınların xasiyyətinə uyğun siniflərə bölünmüşdü:

La Bourgeoise, Modern Qadın.
Yves Saint Laurentin Parisi, daha cəsur olanlar üçün Shalimar, Arpege.

Femme Fatale
Diorun Poisonu, Lancomeun Magie Noire’i, Yves Sanit-Laurentin Opium’u.

Ədəbiyyatçı Qadın
Houbigantın Quelques Fleurs’u Guerlainin Mitsou-kos’u, Hermesin Caleche’i.

İdmançı Qadın
Worthun Fleur’s fraiches’i, Diorun Miss Dioru, Givenchinin Ysatisti.

Sakit Qadın
Ninna Riccinin L’air du tempsi, Patounun Calinci.
Cəmiyyətin varlı təbəqəsindəki insanlar istifadə etdikləri ətirləri gizli saxlamırdılar. Bu həmin marka üçün vacib sayılırdı. Lakin Marilyn Monroe Chanel no.5’i istifadə etdiyini açıqlasa da, bu ətir “ən cazibədar ətirlər” sırasında sonuncu yerdən yuxarılara çıxmadı. Səbəbi Madmoiselle’in (Chanel) cazibədarlığı və ədəbsizliyi sevməməsi idi. Seks simvolu olan Brigitte Bardo’nun ulduzu yüksəldikcə Chanel, “Fransanı xaricdə belə birinin təmsil etməsi dəhşətdi” demişdi.


Grace Kelly dövrünün ən bahalı ətirlərindən biri olan Patounun Joy’unu seçmişdi.
Bunlardan əlavə, fransız jurnalist Jean Claude Jitrois’in məqaləsində, Fanny Ardenin YSL’nin Gauche’nu, İsabelle Adjaninin Caronun En Avionu, çılpaq maniken Christie Brankley və Mrs. Billy Joel Chanel no.19′dan istifadə etdiyini yazmışdı.

 

Ətir necə seçilməlidi?
İdeal olan: bir qumaş parça götürülür və 24 saat qoltuq altında tutulur. Sonra hissələrə bölünür və alınacaq ətirlər bu parçalara vurulur. Beləliklə, ətirlərin bədəndə necə qoxu yayacağı, nə qədər müddət qalacağı müəyyənləşdirilir və alıcının istəyi üzrə ətir alınır.
Ancaq indiki zamanda vəziyyət fərqlidi.
1.Ətir bir kağızın üzərinə vurulur. Bu zaman ətirin bədən üzərində nə cür olacağı dəqiqləşdirilmir.
2. Ətir biləyə, əlin çöl üzünə və qola vurulur. İylər qarışmasın deyə, müxtəlif yerlərə vurulmalıdır. Lakin bunun da pis cəhəti odur ki, müəyyən müddətdən sonra qoxular qarışır və insan seçim etməkdə çətinlik çəkir.

30-cu illərdə insanlarda bir düşüncə vardı : “Hər insanın özünə məxsus qoxusu olmalıdır”. Özü, paltarları, çantası belə yalnız bir cür qoxmalıydı. İdeal sayılan bu idi. Həmin dövrdə yeni ətir, yeni həyat demək idi. İndiki dövrdə isə qadınlar ruh halına görə çoxlu, müxtəlif ətirlər alırlar. Lakin ətiri hüznlü, emosional bir dövrdə almaq yanlışdır.

 

Ətir bədənin hansı hissələrində daha yaxşı təsir göstərir?
Ətiri niyə saçlara vururlar axı? Tez uçsun, onu quşlar hiss edə bilsin deyəmi? Mən qoxular tez yayılsın deyə, ayaqlarımı müxtəlif aromalar olan suda yuyuram..”
Diogenes.
Filosof yanılırdı: saçlar ətiri saxlamaq üçün ideal vasitədi. Ətiri gövdənin qan dövranı güclü olan yerlərinə (boyuna,biləyə, döş qəfəsinə) vurmaq lazımdır. Ətirin qoxusu bədənin istiliyinə görə dəyişir. Ətir, məsamələrdən ifraz olunan insana xas turşularla qarışır və hər insanda müxtəlif qoxu yaradır. Həmçinin bu ətirin qalma müddətində də özünü göstərir.

 

Bəs bu qədər çox istifadə etdiyimiz ətirlərin əsl tərkibi necə olmalıdı?

Bəzi bitkilərin çox hissəsi qoxu mənbələri kimi istifadə edilə bilər. Misal üçün portağal ağacın çiçəkləri, qabığı və meyvəsi qoxu almaq üçün əlverişlidir.

Bitki mənşəli maddələr.
1. Yarpaqlar budaqlar– kəklikotu, okaliptus, yasəmən, istiot, nanə, dəfnə və s.
2. Çiçəklər-gül, yasəmən, qərənfil, nərgiz və s.
3. Meyvə ya toxumlar– bibər, quru qərənfil, vanil, cirə və s.
4. Ağaclar– səndəl, şam, sidr.
5. Qabıqlar– armud qabığı, darçın.
6. Yosunlar– meşə yosunu.
7. Bitkilər otlar– tərxun, adaçayı, kəklikotu.
8. İynəyarpaqlılar– şam, küknar, sərv.

Bitki mənşəli ətirlər necə hazırlanır?

Təbii ətirli xammal əldə etmək üçün əsasən beş üsul vardır.

Ən qədim üsul Enfleuragedir. Enfleurage üsulu Grasse’də çox istifadə edilir, lakin bu günkü dövrdə köhnəlmiş bir üsuldur. Bu proses baha başa gəlir.
Enfleurage üsulu əsasən gül, portağal çiçəyi və ya yasəmən çiçəyi kimi ətirli zəngin maddələrə tətbiq olunur. Bu prosesdə soyuq yağ taxta çərçivələrdə yerləşdirilmiş şüşə plitələrə yerləşdirilir. Onlara təxminən, 70% donuz yağı və 30% keçi yağı qoyulur. Yeni yığılan güllər bu yağ qatında əllə yayılır. 24 saatdan sonra çiçəklər solur və yağlarını yağ təbəqəsinə buraxırlar. Taxta çərçivə döndürülür, çiçəklər şüşədən sürüşüb tökülür. Yeni bir çiçək qat yaradılır və bu proses təkrarlanır. Yağlar yavaş-yavaş doymağa başlayır (orta hesabla 14-17 gün çəkir) və Pomad adlı maddə ortaya çıxır. Sonra bu xammal böyük ətir evlərinə satılır.
Mövsüm boyunca, Grasse’nin ətir fabrikalarında əziyyətli iş görülürdü. Üç-dörd ay ərzində ancaq başa gələn ətirlər və qazanılan miqdarı özünüz düşünün..

Mazeration təxminən Enfleurage yaxın bir metoddur. Ancaq bu üsulda bitki hissələri parçalanmış və isti neftə qoyulmuşdur. Qoxulu yağ pomadı daha sonra spirt ilə yuyulur və sonra absodus de pomades əldə edilir.

Ən sadə üsul Expressiort’dur. Bu üsulla bitki yağları mexaniki olaraq sıxılaraq əldə edilir.
Destillation’da çiçəklər, yarpaqlar və ağaclar mis su qızdırıcısına atılır. Qızdırılmış su buxarlanır və bitki qoxularını da özünə tərəf cəlb edir.
Sonra, soyutma prosesi ilə bu buxar qatılaşır. Sonda, bu mayelərdən gələn ətirli yağlar süzülür.
1 kiloqram qoxu əldə etmək üçün 100-1000 kq. aralığında çiçək tələb olunur. 1 ton portağal çiçəyindən, 600 kq gül çiçəyindən və ya 180 kq yasəməndən 1 kq ətir əldə etmək mümkündür.

Yeni metodlardan biri kerosin və ya benzol kimi həlledicilərdən istifadə etməkdir. Bu materiallar bitkidən qoxulu yağları, tozcuqları və ya boya maddələrini həll edirlər. Geriyə Concrète adlanan mum kimi yumşaq toz qalır və bu toz spirtlə yuyulur.

Bitki mənşəlidən əlavə, heyvan mənşəli qoxular da ətirlərdə istifadə edilir.

1. Müşk – xoşqoxulu qırmızı-qonur maddədir. Onun qoxusunun 0,5-2 faizini muskon təşkil edir. Havada qoxusu birin milyarda nisbətində hiss edilir. Dekabr ayında çoxalma zamanı heyvanın cinsi vəzlərindən maye halında ifraz olunur və kəskin iyi bütün meşəni bürüyür. Zaman keçdikcə bərkiyir, dənəli olur. Bunu heyvana zərər vermədən kiçik bir qaşıqla götürmək mümkündür. Yenidən nəmləndirdikdə ətri “bərpa olunur”. Xalis müşk parçaya hopmamalıdır. ( bu maddə Azərbaycanda çox da yayılmamışdır. Çünki dövründə xalq təbabətində istifadə edilirdi və sovet hakimiyyəti xalq təbabətinə qarşı təzyiqləri güclü idi(3) )
2. Zibet, Şimali Afrikadakı Zibet pişiyinin özünü qorumaq üçün ifraz etdiyi yapışqan məhluldur. Pişiyi qəfəsə salıb, əsəbləşdirirlər və ifraz olunan maddəni alıb ətirlərdə istifadə edirlər. Diqqətlə qoxladıqda zibetin xoş qoxusu vardır.
3. Boz Amber. Bu Amber balinasının bağırsaqlarından ifraz olunur və xaricə atılır, dənizin üzərində topa halında üzür. Xüsusilə İrlandiyadakı sahillərində tapılan bu maddə nəcis kimi qoxur, lakin nadirdir və buna görə çox bahalıdır. Amber balinalarının nəzarətsiz ovlanması qiymətlərin yüksəlməsinə gətirib çıxardı.
4. Castoreum. Qunduz xayası da adlanır. Qunduzun anus dərisinin ətrafındakı kisəcikdə əmələ gəlir. Daha çox tütün isthesalında və kişi ətirlərində istifadə edilir.
Bu günkü ətirlərdə həqiqi amber və müşk tapmaq çətindir. Artıq onların yerinə süni oxşar maddələr istifadə edilir.

“Musiqi kimi ətir də 4 əsas notdan ibarətdir, yəni maddədən(turşu maddəsi). Bunları harmoniya yaratmaq üçün diqqətlə seçmək lazımdır. Hər bir ətirdə 3 akkord var: baş, ürək və ana. Cəmi 12 not. Baş akkord ilkdir, təsiri bir neçə dəqiqə davam edir. Ürək akkordu ətirin əsasıdır, bir neçə saat çəkir. Nəhayət, ana akkord ətirin gedişatıdır, bir neçə gün davam edir.

Misirlilər inanırlar ki, orijinal bir ətir əlavə bir not əlavə edilərək əldə edilə bilər. Digər notları arxasında qoyacaq son bir maddə!

Əfsanəyə görə, fironun məzarı açıldığı zaman, aradan milyon illər keçməsinə baxmayaraq, dünyaya gözəl və güclü bir qoxu yayılıb və dünyadakı hər kəs özünü bir saniyəlik cənnətdə hiss edib.

12 not kəşf edildi. Lakin 13-cü, yəni ən əhəmiyyətlisi tapılmadı.”

                                           Patrick Süskind

Müəllif: Aysel Hüseynli.

Redaktə etdi: Şəfiqə Babayeva

Mənbə:

  1. Andrea Hurton- Erotiek van het Parfum
  2. Patrick Süskind-Das Parfum
  3. https://az.m.wikipedia.org/wiki/Müşk

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin