“Mükəmməl” kainat, təbiət, canlılar və strukturlar

0

Adətən kainatın, canlı aləmin mükəmməlliyi haqqında çox danışılır. Mükəmməllik o “təsadüflə” izah edilməyəcəyi üçün onun yaradılmış olduğu qənaətinə gəlinir. Məsələn, “Hüceyrəyə baxın! Gözlə görünməyəcək qədər kiçik olmasına baxmayaraq bir bu qədər orqanoid ehtiva edir. Qarmaqarışıq bir sistemi var. Bu, birdən birə ortaya çıxa bilməz, yaradılmışdır. Yaxud “Kainatda çox incə nizam, dəyərlər var. Bu dəyərlər başqa qiymətlərə malik olsaydı kainat var olmazdı və biz də yaşamayacaqdıq.”

 

Halbuki, müasir elm sayəsində hər bir strukturun da yaxşı formada ola biləcəyini bilirik. Məsələn, 20-30 il öncə məkanın yükünün 0 olduğu düşünülürdü, çünki yaşamaq üçün əlverişli olan kainat belə bir dəyərə malik olmalı idi. Lakin bu gün bu yükün 0 olmadığı və kanatımızın yaşamaq üçün ən pis kainatlardan biri olduğunu bilirik. Nümunələri artırmaq mümkündür. Bu kimi ifadələr standart şablonlar üzərində qurulur. Görə biləcəyiniz üzrə hamısı eyni və aşağıdakı formadadır:

 

1) Bir X faktor nəzərdə tutulur (hüceyrə, canlı, kainat, qalaktikalar və s.)

2) X faktorunun daxil olduğu sistem nəzərə alınır (hüceyrənin iş forması, canlıların sistemləri, kainatın quruluşu, qalaktikaların hərəkətləri və s.) X faktorunun iş qabiliyyəti, müəyyən bir mürəkkəblik səviyyəsində olduğu və işini bu komplekslikdə davam etdirə bildiyi üçün mükəmməl olaraq adlanır. Elmdən azacıq olsa belə anlayışı olan hər kəsin görə biləcəyi üzrə burada totoloji bir məntiq səhvi var: Mövcud bir sistem o andakı iş qabiliyyətinin mürəkkəbliyindən dolayı nümunə olaraq verilir və eyni mürəkkəblik səbəb göstərilərək qüsursuz olduğu iddia edilir. Bu arqument qarşısında ediləcək hər etiraza “Necə olursa olsun, bu şəkildə işlədiyi üçün mükəmməldir.” – deyə bir cavab alacaqsınız.

 

Və maraqlısı da odur ki, bu kimi arqumentlərdə hər zaman son nəticə ələ alınır. Məsələn, təkamül nəzəriyyəsi daxilində canlının o formaya necə gəldiyi gözardı edilib son halı – günümüzdəki forması önə sürülür. Ya da kainatın, spesifik olaraq isə öz Günəş sistemimizin son halı nəzərdə tutulur. Yaxşı, bəs bu sistemlərin son hala, yəni bizim yaşadığımız zamana görə nəticə olaraq adlandıracağımız proseslərin işləyiş şəkli, xaotikliyi, xaosu necə olsun? Həqiqətən də hər şey gördüyümüz kimidir? Kainatda qüsursuz olan heç bir struktur yoxdur. Bu bəlkə çaşdırıcı gələ bilər. Ancaq qüsursuzluq və mükəmməllik bir anlayış olaraq insanın mədəni təkamülü əsnasında inkişaf etdirdiyi bir xarakteristikadır. Mükəmməllik şəxsdən-şəxsə fərqli olan, subyektiv bir xarakteristikadır və universal, ümumi bir mənası ola bilməz.

 

Üstəgəl, demək olar ki, insanların hamısı proseslərin xaotik işləmə prinsipini görmədiyi üçün hər şeyi nizam olaraq anlayır. Məsələn, Yer Günəşdən bəlli bir məsafədən uzaqdadır, əgər bu məsafə daha yaxın və uzaq olsaydı həyat var olmayacaqdı, deməli, Yer burda bizim yaşamağımız üçün dizayn edilib. Platonun Yer mərkəzli kainat ideyasının günümüzdəki adaptasiyası olan bu düşüncədə bəlli bir səbəb-nəticə xətası var. Doğurdanmı, biz burada yaşayaq deyə bu yaşıl planetimiz bu kosmik mövqedə dizayn edildi? Bəlkə tərsinə düşünüb Yer burada yarandığı, həyat üçün lazım olan şərtləri 5 milyard illik xaotik proseslər sayəsində qazandığı üçün həyat yaranmış və təkamül etmiş, nəticədə bu arqumentləri təbiətin işləyiş formasından anlamayan və bu arqumentləri önə sürən bizlər var olmuşuq?

 

Hadisələrə düzgün tərəfdən baxdığımızda olan da budur. Yerdən başqa Kepler teleskopu ilə kəşf etdiyimiz və həyata yararlı olan sahələrdə var olan minlərlə planetin var olduğunu bilir və bu planetlər son illərdə teleskopların müşahidə gücünün artırılması ilə kəşf edilib. Təsəvvür edin, kainatda 300-500 milyard nəhəng qalaktika var və bu rəqəmə kiçik qalaktikalar daxil deyil. Biz 10-larla qalaktikaya baxıb minlərlə həyata yararlı sahədə olan planet kəşf etmişik və hələ milyardlarla qalaktikada nə qədər bu kimi planetlərin olduğunu bilmirik. Demək, sadəcə bir planetin həyata yararlı bölgədə olması həyat var olacaq demək deyil. Çünki düşündüyümüzn əksinə olaraq bir nəticənin (bu halda həyat) yaranması üçün sonsuz deyilə biləcək sayda xaotik səbəblər vardır və günümüzdə bunu fizika və riyaziyyat xaos nəzəriyyəsi ilə ortaya qoyur və sübut edir. Məsələn, Günəş sisteminə baxdıqda həqiqətən də “nizamlı” və ” qüsursuz şəkildə işləyən” bir struktur, mexanizm görürük.

 

Lakin elə buradaca ilk səhvi edərək bir şeyi gözdən qaçırırıq: zaman. Günəş sistemi kainatdakı istisnasız hər fakt kimi daimi dəyişən və bu günə qədər də hər zaman fasiləsiz dəyişmiş bir sutrukturdur. Günəş sistemi (və ya hər hansı bir sistem) kainatın var olduğu andan bəri olduğu halda və formada deyildi. Hətta kainat var olduqdan 9 milyard il sonra Günəş sisteminə dair heç bir iz də yox idi. 4.5 milyard il qədər əvvəl başqa bir ulduzun ölməsi ilə yaranan Günəş sistemi min bir xaotik proseslərdən keçərək zaman içərisində enerjinin paylanması ilə birlikdə daha sabit hal aldı və milyardlarla qalaktikada milyardlarla günəş sistemi, milyardlarla planet kainat var olduqdan bu yana eyni astronomik təkamül prosesindən keçib və keçməkdədir. Milyardlarla planetdən birində həyatın olması dizaynı deyil, xaotik proseslərin öngörülməz nəticələrini göstərir.

 

 

Hər şeyi bir kənara qoyaq, ulduzlar ölməsəydi bu gün biz var olmazdıq. Bir gün bizim Günəşimiz də öləcək və bəlkə də başqa bir planetdə həyatın yaranması üçün lazımi xammala çevriləcək və bizim yaşıl yuvamız məhv olacaq. Bütün bunların dizaynla uzaqdan-yaxından əlaqəsi yoxdur. Tamamilə, içində bolca ehtimal ehtiva edən təbii proseslərdir. Bunlar elmdən anlayışı olmayan insanların təbirincə təsadüf adlanır, amma bütün bu proseslər bağda yemək yediyiniz zaman düşəcək o qədər yer olduğu halda yeməyinizə düşən yarpağın düşüşü qədər təsadüfidir. Bu, öngörə bilmədiyimiz bir nəticə – təsadüf olsa da tamamlə fiziki qanunlar daxilində baş verir. Buna Yerdə həyatın olması da daxildir. Milyardlarla planetdə milyardlarla xaotik proseslərin nəticəsində Yerdə həyatın olması sadəcə şansdır (amma qanunlar çərçivəsində mikyardlarla faktorun təsiri nəticəsində baş verən şans) və biz bir hüceyrədən təkamül etmiş ağıllı varlıqlar olaraq bu prosesləri anlamadan hər şeyi ilahiləşdirməyə meyilliyik.

 

 

Hal-hazırda “fırtına öncəsi sakitlik” dövrümüzdəyik. Çünki Kainatda heç bir şey nizamlı olaraq daimi qala bilməz, hər şey nizamsızlığa məhkum olacaq. Ən nizamlı və sabit sistem belə kainatın ən yaxşı ehtimalla “buz kainat” halına keçməsiylə, yəni temperaturun mütləq temperatur olaraq adlanan olan -273 dərəcəyə çatmasıyla birlikdə “mükəmməllik” xüsusiyyətini itirəcək. Çünki bu gün “mükəmməl” deyə xarakterizə edə bildiyimiz heç bir funksiyasını davam etdirə bilməyəcək. İnsan orqanizmini nəzərə alsaq heç bir orqanın mükəmməl olmadığını və mükəmməlliyin tamamilə subyektiv olduğunu görərik. İnsan ürəyi “mükəmməl” görünsə də süni olaraq yaradılmış və daha yaxşı olan ürəklər mövcuddur. Və ya bir insan fiziologiya sahəsində araşdırma edib böyrəkləri araşdırarkən “çox düzgün işlədiyi üçün mükəmməl” bir orqan olduğunu düşünə bilər.

 

Eyni böyrəyi araşdıran bir başqa elm insanı isə yalnız “vəziyyətdən xilas olmaq üçün” əlavə olunmuş bir orqan olduğunu düşünə bilər. Çünki böyrəklər digər bütün orqanlar düzgün işləsəydilər (məsələn, su itkisinin qarşısını ala bilsədilər) tamamilə gərəksiz orqanlar olacaqdı. Mükəmməlik iddialarına daha çox mikroölçülərdə rast gəlmək olur. Məsələn, zülal yaranma hesabları, mexanizmləri tamamilə mükəmməl hesab edilərək yaradılışa dəlil göstərilir. Bir hüceyrə ələ alınır və deyilir: “Baxın, bu hüceyrənin bir orqanoidi olmasa hüceyrə funksiyasını itirər.” Bu iddia hər nə qədər doğru görünsə də elmdən anlayışın olmaması hər zaman elmdən kənar olub elmi müstəvidə iddia edənlər üçün dezavantaja çevrilib. Götürək elə hüceyrə nümunəsini. Bu gün müasir genetik araşdırmalar nəticəsində hüceyrənin əsas orqonoidlərdən biri olan və hüceyrədə olmayacağı zaman hüceyrənin enerji qaynağının kəsiləcəyi mitoxondrinin özünəməxsus ribozom, RNT və DNT-si olduğunu ortaya qoymuşdur.

 

 

Və bunlar tamamilə bir bakteriyanın genetik quruluşuna bənzəyir. Bu o demekdir ki, mitoxondri əslində bir bakteriyadır, yəni bizim hüceyrələrimiz eukariot, mitoxondri isə prokariot hüceyrəsidir. Bunu təkamül nəzəriyyəsinin daxilində yer alan və həyatın ilk mərhələsini izah edən nəzəriyyələrdən biri olan Endosimbioz nəzəriyyəsi açıqlayır. Bu nəzəriyyəyə hüceyrə orqanoidləri olan mitoxondri və plastitlərin mənşəyini izah edir. Nəzəriyyəyə əsasən eukariot hüceyrələri birgə davranan prokariot hüceyrələrindən yaranmışdır və mitoxondri ayrı yaşamış bir bakteriya olaraq zamanla hüceyrə içinə nüfuz edərək onun enerji mənbəyinə çevrilmişdir.

 

 

Yaradılış düşüncəsinin mitoxondrinin hüceyrə içinə daxil olmadan öncə hüceyrənin o mükəmməl qurluşunu izah etdiyini kimsə görə bilməz və görməyi də ümid etməyin. Çünki bir qayda olaraq yaradılışçılar hər zaman hər hansı bir strukturun son halını ələ alaraq bu strukturun təsadüfən yaranmadığını təkid edirlər. Əlbəttə ki, onların anladıqları formada olan təsadüflə yaranmadı! Çünki yaradılış düşüncəsindəki təsadüflər kimi yaranış (hüceyrənin bütün son halda olan orqanoidlərinin bir anda bir araya gəlməsi) sadəcə yaradılışçıların var olduğunu iddia etdikləri dizaynerə malikdir. Təkamül nəzəriyyəsinə görə isə hər bir struktur zamanla pilləli olaraq təkamül etdi. Siz hüceyrəni alıb, mitoxondri çıxardığınız zaman hüceyrənin məhv olması təkamül nəzəriyyəsinə qarşı dəlil deyil. Çünki onsuz da təkamül nəzəriyyəsi bütü orqanoidlərin zamanla qarşılıqlı təkamül etdiyini önə sürür, yəni mitoxondrinin təkamülünü nəzərə almaq bəs deyil, bütün hüceyrə arqonoidlərinin təkamülü nəzərə alınmalıdır.

 

 

Sadəcə bunlar da deyil. Arqumentlərdə daha irəli gedərək DNT, RNT və zülalların mükəmməl quruluşda olduqları, yenidən yaradıla bilinməyəcəkləri və əvəz edilə bilinməyəcəkləri ortaya atılır. Üstəgəl, bütün bunlar təsadüfə bağlanılır və 1/2 üstü 500 kimi bir rəqəm ehtimal olaraq ortaya atılır. Təbii ki, bu hesablamaları edib iddiaları irəli sürən insanlar nə qədər savadlı görünməyə çalışsalar və orta məktəb riyaziyyatı və digər fənn bilikləri ilə akademik bir səviyyədə olan nəzəriyyələrə qarşı heç bir şansları yoxdur. Əlbəttə, bu kimi insanların iddiaları cansız maddələrdən at, inək kimi canlıların laborotoriya şəraitində yaradılmasını tələb edəcək qədər gülünc olmanın sərhəddini aşa bilmir. Bu gün laboratoriyalarda hüceyrənin DNT-i çıxararaq tamamilə sintetik DNT ilə əvəzləyib, RNT molekulunun lazımlı şərtlər altında yarandığını (yaranma ehtimalı bir meymunun təsadüfi düymələrə basaraq bir cümlə yazmasına bərabərdir) və təkamülləşdiyini təcrübələrlə isbat edib, cansız molekullar istifadə edərək təbii şərtlər daxilində üzvi molekullar əldə edib onların zülal sintezi kimi mexanizmləri idarəsiz olaraq icra etdiyini və okeanlarda sualtı bacalarda üzvi strukturların təbii mühitdə yarandığını müşahidə edə bilirik.

 

Müəllif ; Ilkin Cəfərov

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin