Təbiət və təkamül mövzuları üzərində çalışmış müsəlman alimlər

0

Tarixdə VIII əsrdən XIII əsrə qədər (bəzi qaynaqlara görə XV əsrə qədər) olan dövr İslam coğrafiyasının qızıl dövrü olaraq bilinir. İslam dünyasında mühəndislər, alimlər, mütəfəkkirlər  sənətdə, əkinçilikdə, iqtisadiyyatda, hüquqda, ədəbiyyatda, fəlsəfədə, elmdə və texnologiyada köhnə adətləri qoruyub, yenilərini əlavə edərək çox önəm daşıyan inkişafın öndərləri olmuşlar. Bu inkişafın qərbə təsiri, İslam aydınlanmasının kədərli geriləməsi və elm dünyasının bugünkü cədvəli ayrı bir tarixi araşdırma mövzusudur. Bu yazımızda təbiətin işləmə mexanizmi ilə əlaqədar suallar vermiş, zamanın şərtlərinə görə cavablar tapmağa çalışmış İslam alimlərindən bir neçəsinin düşüncələrini xronoloji ardıcıllıqla paylaşacağıq.

Əlbəttə ki, tarixi olaraq bir fikirdən bəhs etmiş olmaq o fikrin “fikir atası” olmaq üçün yetərli deyil. İndiki vaxtda bir çox insan uçan avtomobillərdən və kosmos səfərindən bəhs edir, amma bunu reallaşdıran şəxslər xaricində heç kim bu fikrin atası olma haqqını daşımaz. Bir şeyi yalnız düşünmək ya da fərq etmək kifayət deyil, onu ətraflı  məlumatlarla, dəqiq bir şəkildə açıqlamaq da tələb olunur. Bu səbəblə özündən öncə bir çoxları, hətta antik yunan zamanında Heraklit (Heraklitos) və Anaksimandr (Anaksimander) kimi mütəfəkkirlər belə “canlıların dəyişməsi” fikrindən söz etsə də, Çarlz Robert Darvin (Charles Robert Darwin) və Alfred Ruzel Valis (Alfred Russel Wallace) təkamülün gerçək ataları olacaqlar. Çünki Darvin təkamül biologiyasından yalnız söz etməklə qalmamış, çıxdığı dünya turunda topladığı dəlillər sayəsində təkamülün doğruluğunu müzakirəyə yer buraxmaz şəkildə elm ictimaiyyətinə isbat etməyi bacarmışdır. Əlbəttə, ondan sonra gələn yüz minlərlə elm insanı Darvinin nəzəriyyəsini inkişaf etdirmiş, gücləndirmiş, çeşidləndirmişdir. Ancaq Darvin bu müdhiş kəşfin atası olaraq xatırlanacaq.

Bütün bunlara baxmayaraq, bu anda heç ağıl almayacaq bir şəkildə “İslam coğrafiyası” deyə bəhs edilən torpaqlarda bir zamanlar bu yazıda gördüyümüz kimi dahilərin var olduğunu anlamaq, bəlkə, bu coğrafiyanın da bir gün qaranlıqdan çıxaraq müasir elmin aydınlığına girəcəyi ümidini bizə verir. Bütün canlılar kimi zaman da dəyişir. Bir zamanlar geri olanlar indi irəli, bir zamanlar irəli olanlar indi geridə ola bilər. Bu səbəblə, həyatdakı tək gerçək yol göstərici olan elmin izindən getməyi bacara bilsəniz, insanlıq olaraq çox daha parlaq və işıqlı günlərə qovuşmağımız çox yaxındır! Bəlkə bu coğrafiyalardan çıxmış insanları və onların fikirlərini bir az daha yaxından araşdırmaq bizlərə daha çox ümid və güc verəcək. Xoş mütaliələr.

 

Əl-Cahiz (Al-Jahiz)

O, 781-869-ci illər arasında (Darvindən 1000 il əvvəl) yaşamış, Bəsrədə doğulan müsəlman, ərəb elm adamıdır. Əsl adı Əbu Osman Əmr bin Bəhr əl-Kinanə əl-Fukaimi əl-Bəsriyə-dir, ancaq gözündəki qüsur üzündən “pörtləmiş göz” anlamındakı El-Cahiz (Al-Jahiz) təxəllüsünü istifadə etmişdir. Həyatı boyunca teologiya, İslam fəlsəfəsi, filologiya kimi mövzularla maraqlandığı kimi zoologiya, heyvan psixologiyası, ictimai psixologiya mövzuları da daxil olan 200-ə yaxın kitab yazmışdır. Ən məşhur elmi əsəri 7 cilddən ibarət olan, 350-ə yaxın canlını araşdırdığı “Kitab əl-Hayavan”dır (Heyvanlar Kitabı). Bu kitab təbii mühitin heyvanlar üzərindəki təsirindən bəhs edən, ekoloji faktorların bir fərdin fiziki xüsusiyyətlərini necə dəyişdirə bildiyini şərh etməyə çalışan ilk əsər olaraq xatırlanır. Qida zənciri və ətraf mühitin bir heyvanın həyatda qalmaq ehtimalına necə təsir edə biləcəyini xüsusi olaraq araşdırmışdır.

“Siçan yemək axtarışına çıxır, tapır, tutur və yeyir. Kiçik quşlar və digər kiçik heyvanları da yeyir. Körpələrini ilanlardan və quşlardan qorumaq üçün yeraltı tunellərini də qoruyur. İlanlar siçanları yeməyi çox sevir. İlanlar da özlərini özündən böyük olan qunduzlar və kaftarlardan qoruyur. Kaftar tülkünü və özündən kiçik digər heyvanları qorxudur. Var olmaq başqasını yeməkdən keçir, əsas qayda budur. Bütün kiçik heyvanlar özündən kiçikləri yeyir, amma hər böyük heyvan özündən böyüyünü yeyə bilməz. İnsanlar da heyvanlar kimidir. “Allah bəzi bədənlərin ölümünü digərinin həyatı üçün səbəbləndirmişdir ya da digərinin həyatını bir başqasının ölümü üçün.”

“Əgər göyərçin qaradırsa, hamilə olduğunda və yetkinlik sərhədlərini keçəndə yumurtalıqda çox yüksək temperaturda gərilə bilər. Eyni şey insanlarda da baş verir, çünki ananın bədəni normaldan daha yüksək bir istilikdə yaşayır, qara olur və saçları kiçilər və qıvrılırlar.” (Zənci insanların mənşəyi üçün edilmiş bir şərh)

“Bir bölgədəki hava şərtləri pisləşərsə, suyu pisləşər, torpağı pisləşər, bu vəziyyət heyvanların, insanların fitrətini dəyişdirər.”

“Neçə nəsil sonra qara ağ, ağ da qara olar?” (Dəri rəngləri)

Kitabdakı çıxarışlarla Əl-Cahizin çox rahatlıqla fərdi xüsusiyyətlərin nəsillər arasında dəyişə biləcəyini, üstəlik bu dəyişmənin yumurtalar sayəsində ola biləcəyini, ətraf mühitin fiziki xüsusiyyətlərə təsir edə biləcəyini və həyatda qalma motivi ilə təbii seçmə qanunlarını dilə gətirdiyini söyləyə bilərik.

 

Əl-Fərabi (El-Farabi)

870-950-ci illər arasında yaşamış məşhur alim. Doğum yeri və mənşəyi haqqında müzakirələr mövcuddur (Əfqanıstan və ya Qazaxıstan, türk və ya fars). Orta dövr İslam ziyalıları arasında müəllim-i sani (ikinci ustad / magister secundus) olaraq bilinir. Birinci ustad Aristoteldir (Aristoteles). Qərbdə “Alfarabius” adıyla da tanınır. Məntiq, riyaziyyat, fəlsəfə, təbiət fəlsəfəsi, psixologiya, musiqi, siyasət sahələrində özünü inkişaf etdirmişdir. Haqqında sonradan yazılan bioqrafik məlumat siyahılarında 100-160 əsərin Fərabiyə aid edildiyi görünür, amma bu əsərlərin kiçik bir qismi bizə çatıb. “El-Medinetü’l Fâzıla” (“Fəzilətli şəhər – ideal dövlət”) kitabı bunlardan biridir. Bu kitabda “Var olmada heyulani (maddi) cisimlərin mərtəbələri haqqında” bölümü, varlıqların sadədən başlayaraq bir-birlərinə çevrildiklərini izah etdiyi aşağıdakı paraqrafla başlayır:

“Əvvəla ünsürlər (hava, su, od, torpaq / cövhər) hasil olurlar. Sonra o cins və təbiətdəki cisimlər hasil olurlar ki, buxar və bu zümrədən olan buludlar, küləklər və havada baş verən digər şeylər və yerin üstündə, altında, suda və odda olan şeylər bu qəbildəndir. Bunlardan da başqa cisimlərin var olması lazımdır, belə ki, əvvəlcə, ünsürlər bir-birləri ilə qarışır, bunlardan bir-birinə zidd olan bir çox cisimlər hasil olur. Sonra bu zidlərin bir qisimi yalnız bir-biriylə qarışar, digər bir qismi isə həm bir-biriylə, həm də ünsürlərlə qarışaraq ikinci bir qarışıq hasil edər ki, bundan da sürətcə bir-birinə zidd olan bir çox cisimlər hasil olur. Beləcə, qarışan köhnə tərkib (sintez) daha qarışıq yeni tərkiblər hasil olmaqla, elə səviyyəyə gəlirlər ki, artıq qarışma imkanını itirərlər və onların qarışıqlarından hasil olacaq cisimlər onlardan da ünsürlər qədər uzaq qalaraq ihtilat (qarışıq) sona çatmış olur. Beləcə, bəzi cisimlər ilk ihtilatdan, bəziləri ikincisindən, digərləri üçüncüsündən, bəziləri da son ihtilatdan hasil olurlar. Mədənlər nisbətən sadə və ünsürlərə daha yaxın ihtilatlardan hasil olmaqla ünsürlərdən az uzaqdadırlar. Nəbat (bitki) daha dolaşıq olub ünsürlərdən daha uzaq analizlərlə hasil olur ki, əvvəlkilərə nisbətlə ünsürlərdən daha uzaqda qalar. Nati olmayan heyvan (danışmayan heyvan) bitkidən daha qarışıq bir tərkibdən hüsulə gəlir. İnsan isə, müstəsna surətlə, son tərkibdən hasil olur.”

Kitabın “İlahi varlıqların mərtəbələri və heyulânî (maddi) cisimlərin bölümləri haqqında” bölməsində isə aşağıdakı izahatlara yer verilmişdir:

“Bunlar beləcə tərtib edilirlər: əvvəla, onların arasından ən bayağısı ələ alınır. Sonra daha mükəmməl olanını və ən sonunda ondan daha mükəmməli olmayan mükəmmələ çatmaq olar. Bunların ən bayağısı, müştərək ilk maddədir. Ondan mükəmməl olaraq ustukuslar gəlir, sonra bitkilər, sonra nitqsiz heyvanlar (danışmayan), sonra natiq (danışan) heyvan gəlir ki, ondan mükəmməl bir şey yoxdur. ”

Göründüyü kimi, bu görüşlər müasir təkamülün keçirilməsinə tam olaraq uyğun olmasa da, yenə də canlılar arasındakı pilləli təkamül prosesinə dair çox əhəmiyyətli təsbitlərdir. Canlıların statik, dəyişməz, son halları ilə yaradılmış olduğunu deyil, pilləli və məcmu bir təkamül müddətinin nəticələri olduğunu irəli sürməkdədir. Bu, İslam tarixində təkamülün nə qədər güclü bir təməldə inkişaf etdiyinə çox əhəmiyyətli bir istinaddır.

 

 

 

İbn-i Miskeveyh (İbn Miskawayh)

932-1030-cu illər arasında İranda yaşamış İslam filosofudur. Fərabi məktəbinə mənsub mütəfəkkirdir. Həyatı boyunca çox əsər yazmış, fəaliyyətini, xüsusilə, insan əxlaqı və davranışı üzərində cəmləmişdir. Təbiətin mexanizmi ilə əlaqədar düşüncələri Əl-Cahiz qədər elmi olmasa da, fəlsəfi səviyyədə “El-Fevzi əl-minimum” (Al-Fawzi Al-Asghar – Kiçik müvəffəqiyyət)” adlı kitabında diqqətə çarpmışdır. Filosofa görə, təbiətin irəliləmə müddəti cansız maddədən bitkiyə, bitkidən heyvana, heyvandan meymuna, meymundan insana doğrudur. Miskeveyhin əsərlərini araşdıran Dr. Məhəmməd Hamidullah onun kitabındakı fikirlərini bu şəkildə yekunlaşdırır:

“Miskeveyhə görə, Allah maddəni və gücü yaratdı. Maddə zamanla buxara və suya çevrildi. Bir sonrakı pillədə mineral dünyası meydana gəldi. Müəyyən zamanda fərqli minerallar yarandı. Daha sonra mineral dünyası bitki dünyasını meydana gətirdi. Bitkilər heyvan xüsusiyyətləri daşıyana qədər təkmilləşdilər, dişi və erkək cinsləri meydana gəldi. Bu xurma ağacıdır. Xurma ağacı bitkilər aləminin ən yüksək, heyvanlar aləminin ən aşağı səviyyəli canlısıdır.”

Miskeveyhə görə, bitkilərin lif və köklərdən xilas olması heyvanlar aləminə keçid olmuşdur, hərəkət, toxunma və yönəlmə ilk pillədir. Heyvanlar aləmi dörd ayaqlılarda “at”, uçan heyvanlarda “şahin” ilə ən üst mərtəbəyə çatmışdır. Ən sonunda insanlıq sərhədindəki meymun yer alır.

“… hər heyvan, əslində, heyvan olmayandan törəmişdir, spermanın özünün heyvan olmadığı kimi. Bu maye qandan yaradılmışdır və yeməkdən, bitkidən və maddədən…”

Miskeveyhin təkamüllə əlaqədar fikirləri bugünkü bilgilərimizin yanında primitiv qalmaqdadır, amma “hamımız ulduz tozuyuz” fikrinin özünü ilk mənimsəyənlər olması olduqca diqqət çəkicidir.

 

İhvan Əl-Səfa (Ikhwan El-Safa)

İhvan əl-Səfa (xalis qardaşlar) bir şəxs deyil, şəxsiyyətləri gizli alimlərdən yaranmış, təbiət elmləri, riyaziyyat, astronomiya, fəlsəfə və islami biliklər ehtiva edən 52 kitabdan ibarət olan,  “Rasa’il Ikhwan al-Səfa” adlı ensiklopedik əsər vermiş bir birlikdir (X əsr). Yazarların şəxsiyyətləri haqqında təxminlər olsa da, qəti bir bilik yoxdur. Hər ayın müəyyən üç axşamı bir araya gəlib əvvəldən təyin olunmuş mövzular haqqında yığıncaqlar etmiş və onları kitab halına gətirmişlər. Canlılığın meydana gəlmə müddəti haqqındakı fikirlər aşağıdakı şəkildə təsvir edilmişdir:

“…üç aləm var. Hər son üzv özündən sonra gələn bir sonrakı pillənin ilk üzvünə bağlıdır. Minerallar özündən altdakı su və torpağa və onların da alt növü olan aluminium sulfat, dəmir sulfat və zirkona bağlıdır. Qırmızı qızıl mineralların ən üst pilləsidir və bitkilərə yaxındır. Bitkilər arasında yosun ən alt səviyyədədir, buna qarşılıq xurma, dişi və erkəyin yaranması heyvanlar və bitkilər arasındadır. İlbiz bitkilərə ən yaxın heyvandır, fil isə (zəkasına görə) insana ən yaxın heyvandır…”

 

İbn Əl-Heysəm (İbn Al-Haytham)

O, 965-1039-cu illər arasında yaşamış, Bəsrədə doğulan, müsəlman, ərəb fizikaçı, riyaziyyatçı, filosofdur. Zamanının çoxunu dinə və elmə həsr etmiş olan Əl-Heysəm çox əhəmiyyətli bir fizikaçı və optik elminin qurucusu olaraq qəbul edilir. Bəzi qaynaqlar Heysəmi elmi üsullardan istifadə şəklini göz önündə tutaraq “ilk elm insanı” olaraq qəbul edir. Qərb dünyasında “Alhazen” adıyla bilinir. Nyuton (Newton) və Keplerin (Kepler) yüzlərlə il əvvəl Dünya mərkəzli bir kainat sisteminin gerçək ola bilməyəcəyini, kosmosda başqa sistemlərin də ola biləcəyini və Yerin Günəş sisteminə tabe olduğunu söyləmişdir. Optik və işıq mövzusunda ən yüksək səviyyədə təcrübi işlər görmüşdür. “Bir mühitdən keçən bir işıq şüasının ən asan və tez olan yoldan gedəcəyini” bildirmişdir. Beləcə, Pier de Fermatın (Pierre de Fermat) (1601-1665) “ən kiçik müddət prinsipi”ndə bir neçə əsr əvvəldən iştirak etmişdir. Həm də, daha sonralar, Nyutonun (1642-1726) “Birinci hərəkət aktı” olacaq olan Hərəkətsizlik Qanunundan bəhs etmişdir:

“Hər cisim hərəkətini dəyişdirəcək qüvvələr tətbiq olunmadığı müddətcə olduğu mövqeyi qoruyur ya da xətti bir orbitdə düzgün hərəkətini davam etdirir.”

İşığın böyük, amma “sonlu” bir sürətə sahib olduğunu və işığın qırılması hadisəsinin işığın fərqli maddələr (mühitlər) içindəki sürətlərinin fərqli olmasından qaynaqlandığını andıran ifadələrə yer vermişdir. Əsərlərindən birində qurduğu bu cümlə elmi düşüncə quruluşunu ortaya qoymaqdadır:

“Elm insanının məqsədi doğrunu öyrənməkdirsə, özünü oxuduğu hər şeyə düşmən etməlidir.”

 

Əl-Biruni (Alberuni)

Biruni (Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni) 973-1048-ci illər arasında bugünkü Özbəkistan-Əfqanıstan bölgəsində yaşamış, zamanının ən əhəmiyyətli və ən bilinən İslam alimlərindəndir. Fizika, riyaziyyat, astronomiya, tibb, farmakologiya, təbiət elmləri, tarix, xronologiya və dil elmində özünü inkişaf etdirmiş və bu sahələrdə dövrünün alimlərinə təsir edən əhəmiyyətli əsərlər yazmışdır. Hindoloq (Hindistan mütəxəssisi) olaraq da tanınır. Bunun səbəbi 1017-ci ildə Qəznəli Mahmudun Hindistana etdiyi 12-ci səfərində orduyla birlikdə getməsi, Əl-Fərabi ilə Hindistanda uzun illər qalıb işlər görməsi, “Tarikh Al-Hind” (“Hindistan tarixi”) adında bir kitab yazmasıdır . Bu kitaba Hindistan mədəniyyətinin ən incə detalları da daxil olmaqla, elm, iqtisadiyyat, riyaziyyat, astronomiya məlumatları daxildir. Kitabın 47-ci hissəsi aşağıdakı paraqrafla başlayır. Burada Biruninin coğrafi bölgü, təbii seçmə, süni seçmə anlayışlarının toxumlarını atdığını görə bilərik:

“Dünyanın həyatı əkinə və törəməyə bağlıdır. Hər iki hadisə də zamanla artır və bu artım dünya sonlu olduğu halda,  sonsuzdur. Bir bitki və ya heyvan sinfi öz formasında artmayanda və özünə xas cinsi öz növü olaraq təyin olunanda onun hər bir fərdi yalnız bir dəfə var olmaq və yox olmaqla qalmaz, bunun yanında özü kimi bir və ya bir çox varlıq yaradır. Yalnız bir dəfə deyil, bir çox dəfə. O zaman bu tək bir heyvan və ya bitki növü dünyanı işğal edib özünü və öz cinsini çata bildiyi hər yerə yayacaq. Fermerlər qarğıdalını seçər, istədikləri qədər böyüməsinə icazə verər, söküb çıxarar. Odunçu mükəmmələ çatana qədər o budaqları saxlayır, digərlərini söküb atar. Arılar şanda çalışmayıb yalnız yemək yeyən arıları yeyərlər. Ancaq təbiət ayrı-seçkilik etməz, həmləsi hər şərtdə tək və eynidir. Ağacların yarpaqlarının və meyvələrinin çürüməsinə icazə verir; bu, təbiət iqtisadiyyatında artıma meyilliliyin nəticələnməsinə mane olur. Digərlərinə yer açmaq üçün onları aradan qaldırır.”

 

 

Əl-Xazini (Al Khazini)

XII əsrin əvvəllərində yaşamış, Mərvdə doğulan – köhnə Fars imperiyasının (bugünkü Türkmənistan) Xorasan bölgəsindəki bir bölgə – müsəlman riyaziyyatçı, fizik, astronom və elm insanıdır. Tam adı Abu al-Fath Abd al-Rahman Mansur al-Xazinidir. Zamanın məşhur riyaziyyatçısı, astronomu və filosofu olan Ömər Xəyyamın (Ummar Khayyam) şagirdlərindəndir. Ən önəmli əsəri Xorasan Səlcuqlu Sultanı Əhməd Səncər üçün yazılmış “Kitab Mizan Al-Hikmat”dur (hikmətin Balans Kitabı). Kitab ağırlıq mərkəzinin, güc-kütlə-ağırlıq-sıxlıq anlayışları arasındakı fərqlərin, mexaniki və hidrostatik təcrübələrin ətraflı izahlarının olduğu 50 hissədən, 8 cilddən ibarətdir. Maddə və insanla əlaqədar fikrini aşağıdakı şəkildə ifadə edir:

“İnsanlar təbiət filosoflarından qızılın yetkinlik mükəmməlliyinə və bütünlük məqsədinə çatmış bir maddə olduğunu öyrəndikləri, qızılın digər bütün metalik maddə formalarından keçərək yavaş-yavaş bu mükəmməlliyə gəldiyi fikrinə qapılıb buna qüvvətlə inandılar. Sıradan insanlara görə, qızılın təbiəti ilk olaraq qurğuşun idi, daha sonra qalay oldu, sonra düyü, ondan sonra da gümüş oldu və ən sonunda qızılın meydana gəlməsi reallaşdı. Bu insanlar təbiət filosoflarının bu sözləri ilə insandan bəhs edərkən və ona xas və fiziki quruluşunda olan bir bütünlük və tarazlıq aid etdiklərindəki kimi bir şeyi nəzərdə tutduqlarını bilmirdilər. Halbuki, filosoflar insanın bir zamanlar öküz olduğunu, sonra eşşəyə çevrildiyini, daha sonra ata, ondan sonra meymuna çevrildiyini və ən sonunda da insan halına gəldiyini iddia etmirdilər.

 

İbni-i Haldun (İbn Khaldun)

1332-1406-cı illər arasında yaşamış, tunisli müsəlman tarixçi-filosofdur. Tam adı Abd Ar Rahman bin Məhəmməd ibn Xaldundur. Ən məşhur əsəri 1250 səhifəlik tarix fəlsəfəsi, ictimai elmlər, iqtisadiyyat, ətraf mühit, mədəni tarix, İslam ilahiyyatı və siyasi mövzuları ehtiva edən və zamanının əhəmiyyətli adlarının baş kitabı olmuş “Mukaddimah”dır (“Müqəddimə”). Bu işdə o, təkamül haqqında fikirlərini belə ifadə etdi:
“…Yaradan dünyasına baxmalıyıq. Birinci, maddə formalaşır. Tədricən irəliləmiş, bitkilər və heyvanlar meydana gəlmişdir. Mineralların son pilləsi bitkilərin ilk pilləsidir, eynilə çəmən və toxumsuz bitkilər kimi. Üzüm və xurma kimi bitkilərin son mərhələdə heyvanların ilk pilləsini meydana gətirər, eynilə ilanlar və qabıqlı dəniz heyvanları kimi. Buradakı “əlaqə” son pillədəki hər qrupun bir üst yerlərinə keçmək üçün hazır olma vəziyyətidir. Daha sonra heyvanlar aləmi davamlı genişlənər, çoxalar, yaradılış pilləsində son olaraq düşünən və ifadə edən “insan” meydana gələr. İnsanların ən üst pilləsinə, zəka və idrakın olduğu ancaq fəal düşünmə və ifadənin olmadığı meymunlar aləmindən çatmışlar… ”

 

Xınalızadə Əli Əfəndi

1511-1571-ci illər arasında yaşamış, Spartada doğulan, Osmanlı dövlət adamı və alimdir. Babası saqqalına xına sürtdüyü üçün ailəvi “Xınalızadə” adını almışlar. Zamanının əhəmiyyətli mədrəsələrində təhsil almış və təlimçilik etmiş, əhəmiyyətli dövlət idarələrində söz sahibi olmuşdur. Din, fəlsəfə, əxlaq üzərinə yazılmış “Əxlaq-ı Alai” ən əhəmiyyətli əsəridir. Gözəl xasiyyət və gözəl əxlaqla Allaha necə yaxınlaşa bilinəcəyini izah etməyə çalışan əsərində işə əvvəlcə varlıq elmi ilə başlamış, fiziki və bioloji varlıq haqqında fikirlər icra etmişdir. Xınalızadə insanın heyvanlar aləminə mənsub bir növ olduğunu və bu növün digər heyvan növlərinin ən ucası və şərəflisi olduğunu söyləyir.
“…cinsiniz-i heyvanın nev’i insani üstündür və eşrefidir pes. Meratib-i tefadüi dörd olur: Mədən və nəbati və Heyvan və İnsan. Hər cinsin hətta yerə görə tərifi vardır. Bəzi envâ-i cinsi. Bəzisi ahır üstündür və hər cinsin efdal-ı envaı fövqündə olan cinsin ədna-nı envâına karib olub əksər havassı və levazımında müşârik olur. Madencilikte “mercan” dedikləri cevherdir. Dəlsənsə. Amma fil-cümlə nəşvü-nüma âsân anda müşâheddir, hətta karib olmuşdur ki, Makâm-ı madeniyatdan tərəqqi idüb ufk-ı aləm-i Bitki-ı Nami daxil ola və nəbatat içində bu hal ilə muttasıf olan “dı raht-ı xurma “(= xurma ağacı) dır ki, asar-ı hiss və harcket-i iradi anda /.âhir və peyda …”
Xınalızadə bu sözlərdə, insanın heyvan cinsinin şərəfli bir növü olduğunu, hər cinsin öz içində müxtəlif yetkinlik dərəcələri olduğunu, hər cinsin ən üst üfüqündə iştirak edən varlığın bir üstdəki cinsin ən alt üfüqündəki varlıqla duyğu və lazımi baxımdan ortaq olduqlarını, Madenli bitki arasındakı ara varlığın mərcan, bitki ilə heyvan arasındakı ara varlığın isə xurma ağacı olduğunu, hətta bunların bir üst səviyyəyə yüksəlmələrinin əsas mövzu olduğunu ifadə edər. Bu, sözü gedən mövzu haqqında yazılmış ilk türkçə əsər xüsusiyyətindədir.

 

Ərzurumlu İbrahim Haqqı

1703-1780-ci illər arasında yaşamış Ərzurumda doğulan, mütəsəvvif, sosioloq, fizikaçı, astronom, türk İslam alimidir. Əksəriyyətlə, dini və elmi mövzularla maraqlanmış İbrahim Haqqının ən əhəmiyyətli əsərləri “Divan” və “Marifətnamə`”dir. Təsəvvüfi mövzularla birlikdə elm mövzuları ilə də əlaqədar geniş məzmunuyla, yazarın söylədiyinə görə, 400 əsərdən faydalanalaraq yazılmış Mərifətnamə, açıq ensiklopediya xüsusiyyəti daşıyan diqqətçəkici bir əsərdir.

Mərifətnamənin İbrahim Haqqının əsas iddiası olan Allahın hər şeyi insanın xidmətinə təqdim etmək üzrə yaratdığı fikrini bir tərəfə qoysaq, səmanı və təbiəti çox yaxşı müşahidə və xüsusilə, təkamül fikrini açıq bir şəkildə ifadə etmişdir:

“…Haqq Təalanın əmr və təsiri ilə göylər və ulduzlar dönüb hərəkət edərək ənasiri erba’ayı (su, hava, od, torpaq) bir-birinə qarışdırıb yoğurmuştur. Beləcə, əvvəl mədənlər, sonra, bitkilər, daha sonra heyvanlar meydana gəlmişdir. Bu mürəkkəb cisimlərin dörd mərtəbəsi arasında, yəni metal, bitki, heyvan və insan arasında vasitəçi mürəkkəb cisimlər də vardır. Metal ilə bitkilər arasında vasitə və keçid olan mərcandırlar. Çünki mərcan qatılıqda daş kimidir. Bitki kimi zərrə-zərrə dənizin dibindən bitib suyun səthindən yuxarı çıxıb quruyanda sərt olur. Bitkilər ilə heyvanlar arasındakı keçid xurma ağacıdır. Çünki o bitki olmasına baxmayaraq, heyvan kimi kişisinə yaxın olmadıqca (döllənmə olmayıb) nəticəsi xurma olmaz. Başını kəsdiklərində həlak olub, quruyub, yarpaq və meyvəsi qalmaz. Heyvan və insanlar arasında keçid olanların ən kəsiri meymundur. Çünki bütün orqanlar qıl və quyruğundan başqa, daxili və xarici insana bənzəyir. Mərcan, xurma ağacı və meymun kimi mədən, bitki, heyvan və insan arasında keçid olanların aktivlərində hikmət, hər birinin öz mərtəbəsi aşağısından son yüksəklik dərəcəsinə çatması varlıqlardakı mərtəbələrin o silsilə yolu ilə tərtib edilməsi və insanlıq mərtəbəsində sona çatmasıdır…”

Alimlərin ötürdükləri ilə bugünkü təkamül anlayışımız arasında bənzərliklər və fərqliliklər təbii ki, var, amma açıq şəkildə görünən şey varlıqların davamlı bir çevrilmə halında olduğunun qəbuludur. Yuxarıda adı keçən yazıçılar və əlavə olaraq Rağib Əl-İsfahani, Seyyid Əmir Əli, Mövlanə Cəlaləddin Rumi kimi alimlər də daxil, bir çox İslam alimi əsərlərində insanı və təbiəti fiziki və ruhani bir bütünlük içində götürürlər. Təbiətin əsas hərəkətverici qüvvəsi Allah olduğu qəbul edilir, canlıların təkamülü yalnız maddi səviyyədə izah edilməz, nəfsin də pillələrin təkamül keçirdiyindən, hətta çox əsərdə insandan sonra gələn mələk mərtəbələrindən bəhs edilir. Bugünkü elmi baxış bucağımız müşahidə faktlar üzərində təcrübəyə əsaslanmaq üzərinə təməlləndiyindən dini mövzular əhatə xaricindədir. Ancaq təbiət üzərində baş yormuş ən əhəmiyyətli İslam alimləri təkamül proseslərinin varlığından açıq şəkildə bəhs ediblər. “Meymundan gəlmə” fikrinin heç də alçaq bir hal olmaması, hər ağlı başında elm insanı üçün adi görünür. Hansı əsrdə, hansı coğrafiyada olursa, olsun …

Qeyd: Bu yazı evrimagaci.org saytının aşağıdakı yazısının çevrilməsidir.

http://evrimagaci.org/article/tr/evrim-ve-doga-uzerine-kafa-yormus-islam-alimleri

 

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin