Nihilizm və tarixinə qısa baxış

0

Nihilizm fəlsəfi bir düşüncə tərzi olub, həyatın, ümumən varlığın obyektiv mənasının, məqsədinin və gerçək dəyərinin olmadığını, bütün varlığa mənanı, məqsədi və dəyəri yükləyənin bizlər olduğunu bildirir. Yəni məna, məqsəd və dəyər kimi anlayışları ortaya çıxaran subyektin (insanın) obyekti şərh etməsidir. Hər şeyin ən dərininə  enib onu mühakimə edən nihilistlər varlığın təməlində heç bir mənanın olmadığını bildirir. Buna görə də, “nihilizm” sözü latıncadakı “heçlik” mənasına gələn “nihil” sözündən yaranmışdır. Nihilizm epistemologiya (bilgi), ontologiya (varlıq), etika (əxlaqi normalar), dindəyərlər kimi fəlsəfə qollarını maraqlandırır. Ən çox da yaradıcını, dini və dinin avtoritariyasını qəbul etməməsi ilə tanınır. Nihilistlər Tanrını varlığın mənasından hərəkətlə isbat etmək, hətta Tanrıyla varoluşa məqsəd yükləmək istəyənlərə qarşı çıxırlar. Çünki bütün həyatın, ümumən varlığın mənasını, dəyərini və məqsədini ən dərinlərə qədər (“nədir bu?”, “niyə oldu?” kimi suallar verərək) mühakimə edib, rədd etdikləri üçün varlığa məna verən yaradıcı da onlara mənasız gəlir. Nihilizm termini ilə fəlsəfənin müxtəlif qollarında, müxtəlif mövzularda qarşılaşa bilərik. Bunlardan bir az bəhs edək.

Epistemoloji nihilizm şübhəçilik içində bütün informasiyanın təməlinin mənasız olduğunu və bu gerçəkliyin təsdiq olunmayacaq şəkildə olduğunu iddia edir. Səbəb və nəticə əlaqələri ondan çıxan nəticələrin təməlinin əsassızlığını bildirir. Biliyin reallıqda təsdiqlənə bilməyəcəyini iddia edir və bunun üzərində şübhəçi bir baxış sərgiləyir.

Ontoloji nihilizm varlığın təməlini sorğulayaraq mənasız olduğunu və gerçək olmadığını iddia edir.

Mereoloji nihilizm parçalardan ibarət cisimlərin mənasını rədd edir və o, kompozisional nihilizm də adlandırılır. Belə ki, biz bütün dediyimiz cisimlərin ən kiçik hissələrini görsək, bu cisimlərə mürəkkəb cisimləri adlandırdığımız kimi bütün məna verə bilmərik. Buna görə də, nihilistlər cisimlərə verdiyimiz bütünlük anlayışının təməlinin məna ifadə etmədiyini söyləyirlər. Məsələn, top kiçik parçalardan – atomlardan və atomaltı parçacıqlardan ibarətdir. Atom və atomaltı parçaların cəminə biz məna yükləyirik. Maddənin bu kiçik hissəciklərinin cəminə niyə top adı verdik? Axı kiçik ölçülərdə top deyəcəyimiz şey yoxdur. Qısaca, maddənin dərinliyinə, yəni kiçik hissəciklərinə enib onu birbaşa müşahidə etsək, bütünlükdə baxanda verdiyimiz mənanı verə bilmərik deyə nihilistlər dərinlikdə yenə mənasızlıq olduğunu vurğulayırlar.

Etik nihilizm bütün əxlaqi dəyərlərin dərininə mühakiməylə enib, onun dəyərli hesab edilən mənasını rədd edir.

Anarxist baxışla da bağlı olan siyasi nihilizm bütün sistemin – dövlətin, sosial qurumların, hökumətlərin avtoritariyasını rədd edən fəlsəfi nəzəriyyədir. Siyasi nihilizmin ən təsirli analizlərindən biri Leo Strausa (Leo Strauss) aidir. Metafizik nihilizm mücərrəd və qeyri-mücərrəd anlayışlardan yola çıxaraq varlığı yox sayır. Mücərrəd anlayışların dünyada olmadığını, qeyri-mücərrəd, yəni maddi əşyaların dünyada olsa belə, mücərrəd olduğunu söyləyən fəlsəfi bir fikirdir. Metafizik nihilizmə görə, heç bir varlıq olmaya bilər. Başqa bir sözlə, içində heç bir maddi cisim olmayan aləm ola bilər. Mümkünlük ehtimalı olan hər hansı bir kainat (aləm) ola bilər və burada hər varlıq qeyri-maddi (mücərrəd) ola bilər. Metafizik nihilizmi anlamaq üçün Tomas Baldvin (Thomas Baldwin) tərəfindən verilən bəsit açıqlama belədir:
1) Sonlu sayda çoxlu varlıqlar ola bilər;
2) Hər şey üçün digər şey var olmaya bilər;
3) Bir şeyi ortadan qaldırmaq başqa bir şeyi ortadan qaldırmaz;
4) Bu səbəbdən, ümumi olaraq, heç bir şey olmaya bilər.

Nihilizm ifadəsi ilk dəfə XIX əsrdə alman fəlsəfəçi Fridrix Yakobi (Friedrich Heinrich Jacobi) tərəfindən işlədilsə də, tarixi qaynaqlara keçən ilk nihilizmə bənzər düşüncələr təxminən e.ə. 480 – 380-ci illər arasında yaşamış yunan filosofu Qorgiasa (Gorgias) aiddir. O, “Təbiət ya da mövcud olmayan şey haqqında” adlı əsərində iddia edir ki, “heç nə mövcud deyil, nəsə mövcud olsa belə, onu qavramaq (dərk etmək) olmaz, o şey qavranılsa belə, onu sözlə ifadə etmək olmaz”. O, əslində, bunu demək istəyirdi ki, əgər varlıq sonsuzdursa, onda o sərhədsizdir, sərhədsizdirsə o zaman o, heç yerdədir. Yox, əgər varlıq əbədi deyilsə, onda o mövcud olandan yaranmalıdır ki, bu da imkansızdır, çünki o zaman da mövcudluq özündən öncə var olmalı idi. Qorgiasa görə, varlıq yoxluqdan da yarana bilməz, deməli, heç nə mövcud deyildir. Bundan başqa, o varlıq vardırsa, onun haqqında düşünə bilməyəcəyimizi bildirir, çünki düşünülənlə var olan arasında fərq var. Əgər fərq olmasaydı, hər düşünülən gerçək olardı. Varlıq haqqında düşünülsə belə Qorgias deyir ki, onu başqasına izah etmək olmaz. Çünki izah etmək üçün biz sözlərdən istifadə edirik ki, sözlər də o şeyə tam uyğun gəlmir. Əksinə, biz sözləri şeylərlə izah edirik. Bu baxımdan, Qorgias aqnostik (bilinməz) düşüncə sərgiləyir.

Nihilizmi məşhurlaşdıran isə rus yazar İvan Turgenevin (I. Turgenev) “Atalar və oğullar” əsəri olmuşdur. Hətta bu sayədə 1860-cı illərdə şərq pravoslav kilsəsinin və çar monarxiyasının avtoritariyasına qarşı duran “Rus Nihilizm Hərəkatı” başladı. Bundan başqa ən tanınmış filosoflardan F.Nitsşe (F.Nietzsche), A.Şopenhauer (A.Schopenhauer) M. Stiner, F.H Yakobi, A.Kamyu (A.Camus), Jan Pol Sartr (J.Pol Sartre) və s. örnəklər vermək olar. Nihilist ədəbiyyatlardan isə Anton Çexovun (A.Chekhov)  “Üç bacı” əsəri  diqqətəlayiqdir. Bundan əlavə, Ayn Rand (Any Rand) “The Fountainhead” adlı əsərində nihilizmi, rasionallığı və xoşbəxtliyi ortadan qaldırdığını sərgiləmişdir.

Qaynaq:

https://www.britannica.com/topic/nihilism

Aydın Əlizadə “Antik Fəlsəfə Tarixi” kitabı (2016 il nəşri) 1.7. Sofistlər səh.62-63.

https://en.wikipedia.org/wiki/Nihilism

 

Redaktə etdi: Şəfiqə Babayeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin