Niyə dejavu yaşayırıq?

0

Niyə dejavu yaşayırıq?

 

Dejavu fransız mənşəli söz olub,  “daha öncədən  görmək” mənasını verir. Yəni hazırda görmüş olduğumuz məkanı və ya hal hazırda başımıza gələn bir hadisənin keçmişdə də baş verdiyini fərz etdiyimiz bir hissdir. İnsanların böyük əksəriyyəti bu hissi yaşadığını iddia edir. İndi isə bunun baş vermə səbəblərinə baxaq. Niyə belə hiss edirik?

 

Elmi araşdırmalar bunu yaddaşın bir anomaliyası kimi izah edir. Amma elm xatirələri inkar etmir, sadəcə öncədən eyni hadisənin baş verməsinin mümkün olmadığını deyir.  İki cür dejavu vardır: pataloji və qeyri-pataloji.

Pataloji dejavu epilepsiya ilə bağlı olur, qeyri-pataloji dejavu isə sağlam insanlarda rast gəlinir.

2004-cü ildə edilən bir araşdırmaya görə, insanların üçdə ikisi dejavu yaşayıb. Başqa araşdırmalar da sağlam insanların 31-96%-nin bu hissi yaşadığını təsdiqləyib. Amma dejavunun  tez-tez, uzunmüddətli baş verməsi, həmçinin hallüsinasiyalarla əlaqəli olaraq dejavu yaşamaq hər hansı nevroloji və ya psixi xəstəliyin göstəricisi ola bilər.

İlkin araşdırmaçılar dejavu ilə dissosiativ şəxsiyyət pozğunluğu, şizofreniya kimi psixoloji  xəstəliklər arasında bir bağın olduğunu sübut etməyə çalışsalar da,  bir uyğunluq tapa bilməmişlər.

Dejavunun ən çox rast gəlinən pataloji halı gicgah payının epilepsiyasıdır. Bu əlaqə araşdırmaçıların dejavunun beyindəki elektrik yükünün qeyri-düzgün paylanmasından törənən bir nevroloji anomaliya olduğunu deməyə əsas verdi və məhz bu səbəbə görə  bizə elə gəlir ki, hal-hazırda baş verən bir hadisəni keçmişdə də yaşamışıq. Bir çox insanlar orta dərəcəli epileptik epizoddan əziyyət çəkirlər (Atipik səyirmə buna misal ola bilər. Bu bədənimizin yuxu zamanı özümüzdən aslı olmadan səyriməsidir, yəni bir növ, sanki, haradansa düşürmüşük kimi hiss etməmizdir) Elə bu kimi hadisələr, yəni epileptik vəziyyətlər də dejavu yaşamağımıza səbəb olur. Alimlər hətta dejavunu araşdırmaq üçün genetikamıza da istinad ediblər. Dejavu ilə bağlı bir genin tapılmamasına baxmayaraq,  10-cu xromosomda olan LGII geninin bu hadisəylə əlaqəsi olma ehtimalı var .

Bəzi qəbul etdiyimiz dərmanlar da dejavunun olma ehtimalını artırır . Taiminen və jääskeläinen,  qrip əleyhinə   amantadin və fenilpropanolamindən istifadə edən sağlam insanın tez-tez dejavu yaşamasını müşahidə etmişlər. Dərmanların dopaminergik effekti  beyinin elektrodlarının yükünə təsir etməklə temporal (gicgah) nahiyəsində epileptik vəziyyətlər yaradır ki, bu da dejavunun yaranmasına səbəb olur .

Dejavunun yaddaşla əlaqəli olan izahı

1928-ci ildən bəri bu mövzuda bir çox hipotez irəli sürülmüşdür. Bunlardan ən güclüsü və faktlara əsaslanan hipotez yaddaşla bağlı olan hipotezdir. Dr. Banister və Dr. Zangwill 1941-ci ildə bir qrup insan üzərində sınaq keçirmişdi .Bu sınaqda onlar insanlara bəzi materiallar göstərərək onları öyrənmələrini istəmişdilər, sonra isə hipnoz yolu ilə yaddaşın itməsini təmin etmişlər. Belə edərək onlar hipnozdan öncə insanların öyrəndikləri materialları unutmalarını əldə etdilər, daha sonra həmin bu insanlara hipnozdan öncə göstərdikləri materialları bir daha göstərərək onlardan bunu xatırlamalarını istədilər. 10 insandan 3-ü bu materialları daha öncədən hardasa gördüyünü, ancaq harada gördüyünü xatırlamadıqlarını söylədilər və bu hadisə dejavudur.

Oxşar olaraq 2008-ci ildə Dr. Cleary tərəfindən olunan bir araşdırmaya əsasən, dejavunun yaddaş növlərindən olan “bənzərliyə söykənən xatırlama” ilə əlaqəli olduğu göstərilmişdir. Xəyali gerçəklik içərisində o anda görülən bir səhnənin epizodları  daha öncədən görülən,  lakin tam olaraq xatırlanmayan səhnə ilə uyursa. bu zaman insan dejavu yaşayır.

Edilən digər araşdırmalar da bunu təsdiqləmişdir, yəni sadə dildə desək, beynimiz mükəmməl deyil, tez-tez xəta edir və yaddaşımızda mövcud olan biliklər silinə, həmçinin qarışa da bilər. Bəzən yaddaşımızda mövcud olan biliklər şifrəli yaddaş itkisi (kriptoamneziya) deyilən bir səbəbdən də silinir, ancaq bir qismi bu zaman qorunur. Daha sonra oxşar hallarda  silinən bilgilər xatırlanmağa çalışılır, lakin informasiya beynimizdən silindiyinə görə biz hadisəni tam olaraq xatırlaya bilmirik, bu zaman da dejavu yaşanır.

Bəzi alimlər dejavunun iki beyin payı (lobe) arasında olan mikrosaniyəlik gecikmədən də qaynaqlandığını düşünürlər, yəni bir pay informasiya o birisindən çox az fərqlə gec qəbul edir. Biz informasiya qəbul etdikdə beynimizin həm sol, həm də sağ payı bunu analiz edir. Normalda bu eyni vaxtda gerçəkləşir, lakin iki payı bir-birinə bağlayan döyənək cisimdə (corpus callosum) olan neyron zəncirində ləngimə baş verə bilər, bu halda informasiyanın paylarda analizi zaman etibarilə bir-biriylə üst üstə düşmür. Bu da öz növbəsində  sol beynimizin informasiyanı 1 mikrosaniyə əvvəl, sağın isə 1  mikrosaniyə sonra qəbul etməsinə səbəb olur. Bu  eyni bir hadisənin beyin payları tərəfindən iki dəfə qəbul olunması deməkdir. Beləliklə, bu 1 mikrosaniyəlik gecikmə insanda dejavunun yaranmasına səbəb olur. Araşdırmalar içərisində ən məntiqli olanı bu olsa da, elm bunu hələ də tam qəbul etmir. Hələ bu haqda  araşdırmalar davam edir.

Bundan başqa, bu mövzuyla əlaqəli digər örnəklər də vardır. Məsələn,  Jamais-vu  (fransız mənşəli söz olub, mənası heç vaxt görülməmiş deməkdir.) daha öncə qarşılaşdığımız  bir hadisə ilə yenidən qarşılaşarkən sanki həmin hadisəylə birinci dəfə qarşılaşırmışıq kimi hiss etməyimizdir. Danışma qüsuru olduqda, şüurun bəzən itməsi zamanı  və epilepsiya  kimi vəziyyətlərdə bu hissi yaşaya bilərik.

Presque-vu (fransızca dilimin ucunda deməkdir.) çoxumuzun tez-tez istifadə etdiyi bir ifadədir. Bu ifadə sözün dilimizin ucunda olduğu, lakin tam olaraq xatırlaya bilmədiyimiz hallar üçün işlədilir. Sadəcə gördüyümüz yox, həmçinin eşitdiyimiz hər hansı bir hadisə buna aid ola bilər.

Deja entendu  (fransız dilində əvvəlcədən eşidilmiş mənası verir) eşitdiyimiz bir şeyi və ya daha əvvəl eşitmə ehtimalını düşündüyümüz, lakin bundan tam əmin ola bilmədiyimiz, harda eşitdiyimizi, necə eşitdiyimizi xatırlamamaqla bağlı hissdir.

Son olaraq Reja-vu isə yaşadığımız hadisənin qabaqda da yaşayacağımızı düşündüyümüz bir hissdir.

 

Redaktə etdi: Şəfiqə Babayeva   (18.11.2017)

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin