Orfoqrafiya qaydaları

Yazıda orfoqrafik qaydalara tam əməl olunması  çox vacib məsələlərdən biridir və yazının savadlılıq dərəcəsini göstərir. İnsanlar çox səhv buraxılmış yazıları normal olaraq, ciddi qəbul etmirlər. Bu səbəbdən orfoqrafik qaydalara əməl etmək lazımdır.

Orfoqrafiya ( düzgün yazı) qaydaları sözlərin və onların bütün qrammatik formalarının düzgün yazılışını müəyyənləşdirir.

Bəzi qaydalara diqqət yetirmək lazımdır:

  1. Rus dilində “ю” ilə yazılan beynəlmiləl sözlər dilimizdə “ü” ilə yazılır: süjet, illüziya, miniatür, uvertüra və s.
  2. Rus dilində “q” ilə (bəzən də “x” ilə ) yazılan beynəlmiləl sözlər dilimizə uyğun olaraq, “h” ilə yazılır: humanizm, harmoniya, hospital, Bethoven və s.
  3. Tərkibində “ц” samiti olan rus dilindən alınma sözlər Azərbaycan dilində “s” olaraq yazılır: sex, konsert, dosent, silindr, siklon və s.

Qeyd: “vitse” sözü istisnadır.

  1. Tərkibində “ц” samiti olan xüsusi isimlər “ts” ilə yazılır: Motsart, Vorontsov, Kuznetsov.
  2. Qoşa saitli deyilən sözlər qoşa saitlə yazılır: maaş, bədii, əmtəə və s.

Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: vatt, sirr, hiss, zidd və s.

Bu sözlərə samitlə başlayan şəkilçi artırdıqda   söz kökündəki qoşa samitdən biri düşür: sirdir, ziddir və s.

Qeyd: “hiss” sözü istisnadır.

  1. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə şəkilçidən əvvəl defis qoyulur:  5-də, 9-un, 17-si , 23-dən və s. Sıra saylarından sonra ahəngə görə sıra sayının şəkilçisi ixtisarla ( -cı, -ci, -cu, -cü) yazılır :  3-cü, 6-cı və s.

 

Mürəkkəb sözlərin yazılışı.

  1. Bir vurğu ilə deyilən və yaxud müxtəlif mənalı sözlər bitişik yazılır: üçillik, ümumbəşəri, soyuqqanlı və s.
  2. Eyni sözün təkrarı ilə yaranan mürəkkəb sözlərdə “ba”, “ha”, “a” bitişdirici hissəciklərdən istifadə olunduqda söz bitişik yazılır : rəngbərəng, qaçaqaç və s.
  3. Yaxınmənalı və ya əkmənalı sözlərin birləşməsindən əmələ gələn, eyni sözün iki dəfə təkrarından yaranan sözlər defislə yazılır: ucsuz-bucaqsız, tez-tez, az-çox və s.
  4. Tərkibində sözlərdən birinin və ya hər ikisinin heç bir leksik mənası olmayanda həmin söz defislə yazılır : kələ-kötür, kağız-kuğuz, dəmir-dümür, sür-sümük və s.
  5. Tərkibində qeyri, əks, külli, anti, eks, vitse, kontr, ober  sözləri işlənən sözlər defislə yazılır:  qeyri-iradi, qeyri-adi, vitse-prezident, əks-inqilab, əks-hücum, kontr-admiral, ober-leytenant, külli-ixtiyarvə s.
  6. İzafət tərkibləri defislə yazılır: tərcümeyi-hal, nöqteyi-nəzər və s.
  7. Sifətlərdə azaltma və ya çoxaltma dərəcəsi tünd, açıq, ala sözlərinin köməyi ilə yazıldıqda söz defislə yazılır: açıq-yaşıl, tünd-qırmızı, ala-yarımçıq və s. Azaltma dərəcəsi bildirən kəm hissəciyi bitişik yazılır: kəmşirin. Çoxaltma bildirən zil hissəciyi isə  ayrı  yazılır: zil qara və s.

 

Durğu işarələrinin yerli-yerində qoyulması da yazını orfoqrafik qaydalara uyğun yazmağın şərtlərindəndir. Demək olar gündəlik istifadə olunan bəzi qaydalar:

  • Dırnaq işarəsi – “   ”  və ya  «  »
  1. Mətndə vasitəsiz nitqi bildirir. Məsələn: Ziqmund Freyd deyir: “ Adını unutduğunuz adam haqqında şübhəsiz mənfi bir düşüncəniz vardır.”
  2. Sitatları bildirir: “Dəyərlərsiz təhsil, bunun kimi yararlıdır, elə gəlir ki, adamı daha ağıllı iblis edir.”
    – C. S. Luis (İngilis alim, müəllif)
  3. Qəzet, jurnal, əsər, kinoteatr, film, nəşriyyat, opera, gəmi, şirkət, mahnı adları dırnaqda yazılır.
  4. Nəzərə çatdırılan söz dırnaqda yazılır
  5. Kinayə ilə deyilən sözlər, məcazi mənada deyilən sözlər dırnaq içində yazılır.
  • Vergül
  1. Həmcins üzvlər arasında, hansısa anlayış sadalananda vergüldən istifadə olunur.
  2. Baxmayaraq ki, halda, əlaqədar olaraq, yanaşı olaraq, fərqli olaraq tipli söz birləşmələrindən sonra vergüldən istifadə olunur.
  3. Birləşdirmə, qarşılaşdırma, iştirak, inkar, bölüşdürmə bağlayıcılarından sonra vergül qoyulmalıdır.
  4. Ara sözlərin, xitabların, modal sözlərin hər iki tərəfində vergül qoyulmalıdır.

 

Sadə qaydanın tətbiq olunmasına baxmayaraq, çox səhv edilən bir mövzu da “da/də”-nin ayrı ya da  bitişik yazılmasıdır.    Bəzən da/də iştirak  bağlayıcısı ilə ismin yerlik hal şəkilçisi olan da/də qarışdırılır. İsmin yerlik hal şəkilçisi vurğulu, da/də bağlayıcısı isə vurğusuz olur. Hal şəkilçisi sözə bitişik, bağlayıcı isə ayrı yazılır.  Asanlıqla ayırmaq üçün demək olar ki, əgər sözdə da/də məkan, yer bildirirsə, deməli ismin yerlik hal şəkilçisidir və yalnız bu halda da/də sözə bitişik yazılacaq.

 

Hazırladı: Şəfiqə Babayeva