Orta Əsrlərdə cadugər ovu: Müdrik qadının qətli

0

Cadugər Kultu və Orta əsrlərdə cadugər ovu

Cadugərlik ateizmdir, ateizm isə ən böyük cinayət və günahdır. Cadugər şeytani vasitələrin köməkliyi ilə bir işi görməyi və ona nəzarət etməyi “şüurlu” şəkildə edən şəxsdir. Şüurlu şəkildə etməsi hüquqi cəhətdən cadugərliyin mühakimə edilməsinə səbəb olur”

John Budaun (Con Bodin)

Orta əsr müharibələri, aclığı, səfaləti, vəhşiliyi ilə seçilən əzablı, sərt və amansız bir dövrdür. Kilsənin yaymaq istədiyi məlumatları unudaraq, yeni bir sistem qurmaq məqsədi ilə hakimiyyətini möhkəmləndirmək istəyi, keçmiş mədəniyyətlərin, ibtidai cəmiyyətlərin bilikli sayılan sehrbazlarını cadugərə çevirir. Artıq o şeytanın bir vasitəsi, bir nökəridir.”

-Skoqnamillo (Scognamillo)

Cadugərlik barəsində düşünməyə başlasaq, istər-istəməz çoxvariantlı bir araşdırmanın içində olduğumuzu görəcəyik. Bir tərəfdən, tarix, (xüsusilə də inanc tarixi) və siyasi tarix, bir tərəfdən də antropoloji və cinsiyyət məsələlərinə toxunmaq bir çox məqamda düşünməyi və müzakirə etməyi lazım bilir. Hətta günümüzlə əlaqə qurmağa çalışanda məşhur mədəniyyət belə işə müdaxilə edir. Ancaq biz məsələyə cadugərlik anlayışları ilə əlaqəli olan bir araşdırmayla yaxınlaşmağı sınayacayıq. Etməyə çalışdığımız şey, orta əsr dövrü ərzində kilsənin zülmünə məruz qalmış, inkvizisiya məhkəmələrinin qərarlarıyla şiddət göstərilərək məhv edilməyə çalışılan cadugərlərin kim olduqlarını müzakirə etmək, cadugərin necə təyin edildiyi və cadugərliyin nə olduğu suallarına cavap tapmaq olacaq.

16-cı əsrin hüquqşünası Con Bodinə görə, dinin və əxlaqın rədd edilməsi universal və qədimdir. Bu baxımdan  antik dünyanın cadugərləri  ilə 16-cı əsrin cadugərləri əslində bir-birlərindən çox da fərqlənmirlər. Yaxşı və ya pis ruh arasındakı fərqliliyi bilən, öz uşaqlarını qurban etməklə kifayətlənməyib, şəhvət düşkünlüyü və cinsi pozğunluq içində olanlar bütpərəst olmaqla yanaşı həm də cadugərdir. C. Bodinə görə:” Cadugərlik ateizmdir, ateizm isə ən böyük cinayət və günahdır. Cadugər şeytani vasitələrin köməkliyi ilə bir işi görməyi və ona nəzarət etməyi  “şüurlu” şəkildə edən şəxsdir. Şüurlu şəkildə etməsi hüquqi cəhətdən cadugərliyin mühakimə edilməsinə səbəb olur.” J.Budaunun bu düşüncəsinə qarşı Viliyam Pörken (William Perkin) cadugərliyin dünyəvi olaraq var olmadığını, fəqət antixristian xarakterə sahib olmasını: vəftizi (xristianlıqda müəyyən yaşa çatan uşaqlara ilk günahı silmək və xristianlaşdırmaq məqsədiylə edilən dini ayin) rədd etməyi  və dindən əl çəkməklə əlaqəli olduğunu deyirdi. Belə məna çıxırdı ki, cadugərlik  ancaq xristianlıqda var və yalnız xristian cadugər ola bilərdi.  16-cı əsr alimi Yohan Vaya (Johann Weyer)na görə isə cadugərlər zəif, ağlını itirmiş, aldadılmış, səhv yola düşmüş yaşlı qadınlardır və biz onlara cəza vermək əvəzinə, simpatiya göstərməliyik. Fiziki cəhətdən təhlükəli zəhər istifadə edən cadugərlər olsa belə,  bu dünyəvi bir cinayətdir, heç kim inanclarına və ibadətlərinə görə mühakimə edilməməlidir. Bütün bu fikirlərdən əlavə, bir az fərqli və  başqa bir baxış tərzinə aid olan fikir isveçrəli alim Pareselsus (Paracelsus) tərəfindən dilə gətirildi: “Cadu edilmiş obyektləri və kimyəvi maddələri , ulduz və planetlərlə birlikdə istifadə etmək kainatın böyük, eyni zamanda təbii enerjisini idarə edər. Bu enerjini istifadə edən kimsə fəlakətlər də yaratsa, cadugərdən çox həkimdir.”

Bununla yanaşı, xüsüsilə də kəndlərdə, qara magiyanı məhv etmək üçün ağ magiyayla məşğul olanlar da var idi. Xeyirli görünən bu  insanların şeytanla və cadugərlərlə mübarizə aparmaqları qonşularına kömək etməkləri kimi başa düşülürdü. Xalq tərəfindən dəstəklənən  bu insanlar da bəzən kilsənin vəhşiliklərindən paylarını alırdılar. Göründüyü kimi, iki cür cadugərlik anlayışı ortaya çıxır. Bir tərəfdə cadugərləri zərərverici cadu olaraq istifadə edilməsini görənlər, digər tərəfdə isə cadugərləri qruplaşmış bir təşkilat olaraq görənlər. Həqiqətən də, bu cür cadugərlər var idi?

Orta əsr Avropasında cadugərlər.

Çoxtanrılıçılıq dövrünün bilikli şəxsləri olaraq başa düşülən sehrbazlar, orta əsrlərdə kilsənin qərarıyla “şeytanın uşağı”,  cadugər  olaraq qəbul edilirdilər. Əvvəlcə bütün problemlərin səbəbkarı olaraq günahlandırıldılar, sonra da inkvizisiya məhkəmələrində öldürüldülər.
Hal-hazırki dövrümüzdə həqiqətlə əlaqəsi olmayan ədəbiyyat olduqca məşhurdur. Bu gün  cadu deyilən məfhumun əslində olmayan, sadəcə nağıllarda yer tapa biləcək bir məşğuliyyət olduğu məlumdur. Amma tarixin müəyyən dövründə vəziyyət bu cür deyildi. Hər nə qədər bu gün dünya onları TV seriallarında burunlarını tərpədərək istədikləri hər şeyi edə bilən şirin məxluqlar olaraq tantısa da, cadugərlər, xüsusilə də orta əsrlərdə bir çox insanın kabusuna çevrilmişdi. Gecə vaxtlarında dolaşan, pislik etdiklərinə inanılan 50 yaşlarında, dul, dırnaqları uzun, pis və şəhvət düşkünü olan qadınlar üçün qəbul edilmiş cadugər anlayışı əslində bir dinin necə korlana biləcəyinin ən gözəl nümunəsidir. Yaxşı, bəs niyə qadınlar? Çünki Bibliyada:

“Ovsunlayan qadını yaşatmayacaqsan.” (Çıxış 22:18)

hökmü var. Müqəddəs Aqustinus (Augustinus)a görə, hava gücləri olan iblislər göylərdən yerə enərək qadınlarla cinsi münasibətdə olurdular. Cadugərlər də bu qadağan olunmuş münasibətdən doğulurdular.
Cadugərlik inancının tarixi, ilk insan birliklərinə aid olsa da, Roma imperiyasının  xristianlığı qəbul etməsindən sonra kabusa çevrilməyə başlayır. Şəhərlər təktanrıçılıq sayılan xristian dininə etiraz etməməsinə baxmayaraq, kəndlərdə hələ də çoxtanrıçılığa inam davam etdirilirdi. Ancaq bu, kilsənin  paqan adını verdiyi kəndlilərin şeytanla əməkdaşlıq edən cadugər olaraq tanınmağına səbəb olurdu. Şeytanla əməkdaşlıq etdikləri, havada uçduqları və pisliklərini dünyaya yaydıqları deyilirdi. Bunlar əsasən xalqın avamlığından qaynaqlanan əfsanələr idi. Orta əsr Avropasında avamlıq o qədər geniş yayılmışdı ki, açıqlanmayan hər şey caduya yozulurdu. Kilsənin müxtəlif məqsədlərlə etdiyi cadugər axtarışları da qısa müddətdə ictimai bir isteriyaya səbəb oldu. Kilsə 1233-cü ildə  məzhəb azğınlıqlarının qarşısını almaq və xistianlıqdan uzaqlaşan təriqətlərlə məşğul olmaq üçün inkvizisiya qurdu. Cadugərlər də bu məhkəmələrdən nəsibini aldı. Orta əsrlərdə Avropada cadugərlik və sehrbazlıq günahlandırmaları ilə yüzlərlə insan canlı-canlı yandırıldı. Yaxşı, bəs bütün bu isteriyanın altında yatan şey nə idi? Yüzillər ərzində ortalıqda olmayan cadugərlər nə olmuşdu ki, orta əsr Avropasında bu şəkildə ortaya çıxmışdı? Kilsə birdən- birə niyə cadugərlərə düşmən kəsilmişdi?
Cadugər ovuyla bağlı məşhur qaydalardan ikisi, daha çox tibbi səbəblərə aid edilmiş və kütləvi olaraq bir dəlilik olaraq fərz edilmişdir. İddialardan ilkinə görə, kəndlilər ağlını itibdir. Yəni cadugərliyə əlində yanan bir məşəl ilə təmsil olunmuş, qana susamış kəndli yoxsulunun kütləvi hirsin və çaxnaşmasının  yaratdığı bir yoluxucu xəstəlik olaraq baxılmalıdır.Digər iddiada isə hesab olunurdu ki, cadugərlər dünyanı dəlixanaya çevirirlər. Halbuki həqiqətlər nə qanunsuz bir yoxsul hərəkatı, nə də isteriyaya qapılmış insanların sayıqlamaları olaraq açıqlana bilər.

Demək olar ki, dünyanın hər cəmiyyətində bir növ cadugər anlayışı vardır. Amma orta əsrlərin Avropasının təsəvvüründə cadugərlər daha qorxulu, təhlükəli idi və düşüncə uzun müddət davam etdi. Bu düşüncə çox insanı özünün qurbanına çevirdi.  İbtidai cəmiyyətlərdə təqsiri və yaxud təqsirsizliyi təyin etmək üçün ağrı verən və çox çətin işgəncələrdən istifadə edilmiş ola bilər. Amma heç birində cadugər olduğu düşünülən adama digər cadugərlərin adını versin deyə işgəncə edilməmişdir. Hətta Avropada belə işgəncə, ancaq 1480-ci ildən sonra bu məqsədlə istifadə olunmuşdur. M.S. 370-ci ildə  İskəndəriyyə tarixinin ilk tanınan qadın riyaziyyatçısı Haypetia (Hypatia) yuxular, astronomiya və riyaziyyatla məşğul olduğu üçün, kilsənin şərlənməsi səbəbiylə cadugər elan edildi. Günahlandırma bu şəkildə əsaslandırılırdı:
“Qadının təhsillisi cadugər olar.”

Əlbəttə, bu fərqli bir düşüncə idi, lakin cadugərliyin necə törəndiyini bizə açıqlaya bilərdi.   M.S.  1000-ci ildən əvvəl qonşusu tərəfindən sözdə şeytanla göründüyü üçün öldürülən kimsə yox idi. İnsanlar bir-birini sehrbaz ya da cadugər olmaqla və pislik etmək üçün istifadə etdikləri qeyri-adi güclərə əl atmaqda günahlandırırdı. Havada uça bilən və sürətlə böyük məsafələri qət edən bəzi qadınlar haqqında müxtəlif əfsanələr danışılırdı. Amma səlahiyyətli şəxslər sözdə cadugərləri tutana qədər qovalamaq, tapmaq üçün araşdırma aparmaq və cinayətlərini etiraf etdirmək üçün işgəncə etmək kimi işlər görməklə maraqlanmırdılar. Əslində, katolik kilsəsi əvvəllər havada uçan cadugər kimi şeylərin olmadığını, süpürgəyə minməklərini şeytanın yaratdığı bir xəyal olaraq qəbul edildiyini inadla deyirdi. M.S.  1000-ci ildə belə uçuşların həqiqətən edildiyinə inanmaq qadağan edilmişdir. Sonralar, təxminən 500 il sonra – 1480-ci ildə isə bu uçuşların edilməməsinə inanılması qadağan olunmuşdu. M.S. 1000-ci ildə kilsə cadugərlərin süpürgəyə minmə hərəkətlərini şeytanın ərsəyə gətirdiyi bir düşüncə olaraq bildirirdi. Beş yüz il sonra isə kilsə süpürgəyə minmə hadisəsini sadəcə şeytanın ərsəyə gətirdiyi düşüncə olaraq müdafiə edənləri, şeytanla iş birliyində olmaqla günahlandırırdı.

Araşdırmaçı yazar və tarixçi Ciovanni Skoqnamillo (Giovanni Scognamillo) “Mədəniyyətlər qarşıdurmasında qərbin inanc bünövrələri” adlı kitabında inkvizisiya məhkəmələri ilə əlaqəli bunları yazır:
“1874-ə qədər davam edən bu məhkəmələrdə papaların qərarları və dəstəyi ilə kilsə tarixin ən qanlı və qorxunc səhifələrini qətliamlar və işgəncələr ilə doldurur. Dini bir quruluş olan inkvizisiya bağlı olduğu qurumu, yəni kilsəni heç bir şeydən çəkinmədən və heç kimsədən qorxmadan var gücüylə müdafiə edirdi. Cadugərlik böhtanı siyasi maraqları dəstəkləyərək, kilsənin ən qorxuducu silahı olur. Janna Dark (Jeanne d`Arc) cadugər olaraq diri-diri yandırılır.”( Janna Dark:fransız xalq qəhrəmanı. Kişi qılığına girərək ingilis işğalına qarşı savaşmışdır. Əsir düşdükdən sonra diri-diri yandırılmışdır. İnkvizisiya tərəfindən dinə qarşı gəlmək və cadugərlik etməkdə günahlandırılan Janna Dark 1920-ci ildə Vatikan tərəfindən müqəddəs olaraq qəbul edilmişdir.)
Amerikalı alim Karl Saqan (Carl Sagan)   da “Qaranlıq bir dünyada elmin şam işığı” adlı kitabında:

“Cinsi təzyiqlərin var olduğu, patriarxlığın hakim olduğu bir cəmiyyətdə, məhkum edilmiş rahiblər tərəfindən gələn bir mühitdən gözləndiyi kimi, inkvizisiyada güclü cinsi və qadın düşməni olanların da danışıq mövzusu olduğu bilinir.”
şərhini edir.

Katolik kilsəsi ilk dəfələr havada uçan cadugər kimi şeylərin var olmadığını, süpürgəyə minməklərini şeytanın bir xəyalı olaraq qəbul edilməsi fikrini Kanon Episkopi (Canon Episcopi) adlanan bir sənəddə düzəldilişdir. Cadugərlər qruplarının gecələr uçduqlarına inanan Canon, bunları söyləyir:
“Ağlı imansız olan insan bu şeylərin ruhda deyil, bədəndə olub bitdiyini zənn edər. Başqa sözlə, şeytan sizi ya da başqalarını gecələri uçduğunuza inandırar, amma siz. nə də başqaları həqiqətən uçmuş  sayılmırsınız”

“Həqiqətən” sözünün nə mənaya gəlməsinin və həqiqət sözünün daha sonraki təriflərdən fərqinin nə olduğu dəqiq deyil: Sizin ya da yoldaşlarınızın, başqalarıyla havada uçduğuna inandığınız bir insan cinayət etmiş saymaqla günahlandırıla bilməz. Başqalarının orada tapılmış olması sadəcə bir xəyaldır, başqaları sizin xəyallarınızda etdiklərinizdən ötrü günahkar sayılmazlar. Amma xəyal görən burada pis düşüncələr daşıyır və bu səbəblə cəzalandırılmalıdır. Bu cəza üsulu sonradan olacağı kimi yandırılmaq deyil, aforoz (kilsədən qovulma) olacaqdı.

 

İnkvizisiya  sapqınlığı

Kanon Episkopinin  hökmlərinin tərsinə çevrilməsi bir neçə əsr lazım gəldi. Bu müddətin sonunda cadugərlərin özlərinin həm cismən, həm də ruhən uçduqlarını inkar etmək dini təlimlərə qarşı kafirlik hesab olunurdu. Uçuş məsələsi müəyyənləşdikdən sonra etiraf edən hər bir cadugər Sabbat olaraq adlandırılan cadugər ayinlərindəki digər insanlar haqqında sorğuya tabe olmalı idi. Bu vəziyyətdə tətbiq olunan işgəncə, zəncirə vurulma bir reaksiya kimi idi. Hər cadugər avtomatik olaraq iki ya da daha çox sayda yandırılacaq “cadugər”in tapılmasına səbəb olurdu. Sistemin daha şəffaf işləməsi üçün inkişaf etdirilmiş başqa metodlar da var idi. İşgəncə edənlərin və cəlladların xidmətləri ilə əlaqədar olan xərclər cadugərin ailəsi tərəfindən ödənməli idi, beləcə xərcin miqdarı daha az göstərilirdi. Yerli yuxarı sinif arasında cadugər ovçuluğu böyük bir gəlir məsələsinə çevrilirdi, çünki onlar cadugər damğası vurulmuş şəxslərin mülklərini mənimsəmə ixtiyarına sahib idilər. Cadugər ovu sistemi hələ on üçüncü əsrdə istifadə olunmuşdu, amma bu sistem sırf cadugərlərə qarşı müharibənin bir hissəsi olaraq yox, xristianlıq içərisindəki yoldan çıxmış məzhəblərə qarşı istifadə olunmuşdu. Katharlar, Valdesyenlər, Dolcinienlər, Boqomillər kimi Katolik kilsəsi üçün təhlükə ərz edən ünsürlərə qarşı mübarizə aparmaq üçün inkvizisiya məhkəməsi quruldu. Fransa, Almaniya, İtaliya kimi ölkələrdə inkvizisiyadan qaçan dini qruplar yer altına çəkildilər, özlərinə gizli yerlər təyin etdilər və gizli toplantılar təşkil etməyə başladılar. İnkvizisiya düşmənin gizli fəaliyyətlərinə görə cəhdlərinin nəticəsiz qaldığını görəndə sapqınları etirafa və günaha şərik olan dostlarını açıqlamağa zorlamaq üçün Papadan işgəncə icazəsi istədi. Bu icazə Papa VI Aleksandr tərəfindən verildi.

Sapqınları, dinə küfr edənləri, cadugərləri, şeytani işlərlə məşğul olanları ortaya çıxardıb xalqı bu təhlükəli insanların şərindən qorumaq üçün Müqəddəs Roma Kilsəsi 12-ci əsrdə bütün Avropada fəal bir istintaq komitəsi qurulmasına qərar verdi. Əslində daha əvvəllər də buna bənzər yerli komitələr qurulur və zərərli sapqınların cəzası verilirdi. Amma məsələlər böyüməyə başladığı an işə Papa əl atmaq qərarına gəldi. Adını “istintaq” mənasındakı latınca “inquisitio” sözündən alan bu qurumun – inkvizisiyanın səlahiyyətləri yalnızca 1908-ci ildə Papa X Pius tərəfindən kilsənin modernizasiya vaxtı məhdudlaşdırılmışdır.

Umberto Eko “Qızılgülün adı” adlı romanında yeddinci bölümdə rahib Jorjinin dilindən kilsənin fəlsəfəsi çox gözəl bir şəkildə izah olunur:

“Kilsənin qanununun adı Tanrı qorxusudur. Xalq daim qorxmalıdır ki Tanrının kölgəsi olan kilsə daim hökm sürsün.”

İnkvizisiya məhz bu məqsədlə qurulmuşdu və uzun illər ərzində vəzifəsini mərhəmətsizcəsinə yerinə yetirdi.

İnkvizisiyanın qəzəbinə ən çox düçar olanlar heç şübhəsiz ki, cadugərlər idi. Əslində cadugərliyin mənşəyində Avropaya şimaldan köçən barbar tayfaların təbiətə və bilinməyənə olan şövqünü üstələyib xalqı xurafatlarla qorxutmaya çalışan kilsəyə qarşı bir etiraz yatır. Bu etiraz dalğası özünü ən çox İngiltərə adasında göstərmiş və xalqın böyük təzyiqinə görə bura inkvizisiya girə bilmir. Marqaret Marey (Margaret Murray) tərəfindən çox gözəl bir şəkildə şərh edilən bu Witch (Cadugər) kultu, Qərbi Avropada xristianlığa qarşı paqan dinlərin yenidən etiraz etməsi mənasını daşıyır.

Mareyin 1921-ci ildə yayımlanan “The Witch-Cult in Western Europe” (Qərbi Avropada cadugər kultu) adlı araşdırmasında cadugərləri pərilər və elflərlə əlaqələndirir:

“Bir vaxtlar Avropada yaşayan cırtdan irqdən çox az şey dövrümüzə gəlib çatmışdır. Amma bu irq elflər və pərilərlə əlaqəli olan bir çox nağılda öz varlığını qoruya bilmişdir. Hər yeddi ildən bir tanrılarına bir insanı qurban verməklərindən başqa əlimizdə haqqlarında heç bir məlumat yoxdur… Cadugərlərin  pərilər olaraq adlandırılan bu irq ilə əlaqələri dəqiq faktdır. Təxminimə görə, üç yüz il öncəsinə qədər pəri irqinə bağlı olan ənənələr davam etmişdir və bu ənənəni davam etdirənlərə də Witch (Cadugər) deyilmişdir.”

Sapqın məzhəblər işgəncə gördüyü vaxtlarda cadugərlər Kanon Episkopinin hökmü altında idilər. Cadugərlik bir cinayət idi, amma dini bir sapqınlıq deyildi. Çünki Sabbat adı verilən cadugər yığıncaqları simvolik bir uydurmadan ibarət idi. Vaxt keçdikcə, inkvizisiya müstəntiqləri cadugərlik işi ilə əlaqədar hökm sahibi ola bilmədiklərinə görə artıq narahat olmağa başlayırdılar. Onların anlayışına görə, cadugərlik artıq Kanon Episkopinin tətbiq olunduğu vaxtlardakı kimi deyildi. Yeni və çox inkişaf etmiş bir cadugər növü ortaya çıxmışdı. Bu növ cadugərlər sabbatlara həqiqətən uçaraq gedə bilirdilər və digər sapqın məzhəblərin gizli qolları kimi özlərini aparırdılar. Əgər cadugərlər də digər sapqınlar kimi işgəncədən keçirilsələr, onların etirafları çox daha geniş bir sui-qəsd təşkilatını ifşa edə bilərdi. Sonunda Roma bu istiqamətdə gələn tələblərə boyun əydi. 1484-cü ildə Papa VIII İnnosent (Innocentius) öz nicatlarını düşünmədən katolik inancından saparaq şeytana təslim olanları cadugər elan edəndə ağlında bu fikir var idi: Kilsə özündən fərqli olanlarla  tolerant rəftar etməyəcək və onları aradan aparmağın, cəzalandırmağın yollarını axtaracaqdır. Almaniyanın hər yerində cadugərlərin kökünü qazımaq üçün 1484-cü ildə yayımladığı qərarnamə əsasında inkvizisiator İnstitor Henrik Kramer (Institor Heirich Kramer) və Yakob Sprencr a (Jakob Sprenger) inkvizisiyanın bütün səlahiyyətlərini istifadə etmək izni verdi.

 

Kramer və Sprenger

Kramer və Sprenger 1497-ci ildə hər bir cadugər ovçusunun stolüstü kitabı kimi istifadə olunan “Cadugər çəkici” (Malleus Maleficarum) adlı bir kitab yazdılar. Kitabda cadugərlərin necə cadular etdikləri geniş şəkildə izah olunur. Sözgəlişi süd cadusu hazırlayan bir cadugər haqqında bunlar yazılmışdır:

“Süd cadusu hazırlayan cadugərlər adətən müqəddəs günlərdə evlərinin qarşısında yığışırlar. Ayaqlarının arasında süd vannası olan cadugər cadunu həyata keçirmək üçün əlindəki bıçağı, baltanı və ya sərt uclu bir əşyanı ağaca keçirər və inəkdən süd sağırmış kimi hərəkətlərlə sanki bıçaqdan süd sağar. Bir yandan da, hər zaman yanına gəlməyə hazır olan şeytanı çağırar.

Qonşunun inəyinin döşlərindəki cadulanmış süd, şeytan tərəfindən ağaca keçirilən bıçağın ucundan cadugərin vannasına axar”.

Kitabda cadugərlərin necə ortaya çıxarılacağı və cinlərlə əlaqədə olduqlarını etiraf etmələri üçün hansı işgəncələrin ediləcəyi ətraflı şəkildə qeyd olunur. Kitabda “Cinlər tək başına pislik edə bilərmi, yoxsa onlara mütləq bir cadugərin köməyi lazımdır?” sualına – “ cinlər özlərinə kömək etməsi üçün bir nəfəri tapıb yoldan çıxarar və həmin şəxs vasitəsilə əməllərini daha təsirli yollarla yayarlar” cavabı verilərək xalq arasından kimin cadugər olduğunu təxmin edib bildirmələri istənilir.

Kramer və Sprenger cadugərlərin bəzilərinin yalnızca şərti olaraq Sabbata qatıldıqlarını (Sabbat – XIV-XVI əsrlərdə şeytana ibadət məqsədilə bir araya gələn cadugərlərin gizli görüşü) ,  amma çoxunun oraya həqiqətən də gövdələrini daşıdıqlarını qəbul etdilər. Bir kişinin arvadının yataqda yanında olduğuna and içdiyi, amma başqalarının onu Sabbat ayinində gördüklərilə bağlı müzakirələrə gəldikdə isə bir məqam ortaya çıxır: burada kişinin toxunduğu qadın onun arvadı deyil, arvadının yerinə keçmiş bir şeytandır. Kanon Episkopinin iddiasına görə, cadugərlərin uçmağı xəyali idi. Amma onların ətrafa vurduğu ziyan xəyali sayıla bilməzdi. Ağla gələn istənilən itkilər, uşaqların ölümü, əzablar, sədaqətsizlik və digər pis, çirkin əməllər cadugərlərdən qaynaqlanırdı. Bütün bunların ardından “Cadugərlərin çəkici” adlı kitab cadugərlərin tanınmaqları, sorğuya çəkilmələri, günahlandırılmaları və işgəncələrdən keçirilmələri proseslərinin necə ediləcəyini izah edən bir hissə ilə sonlanır.

“Kim ki bir şəxsin cadugər olduğunu bilir və ya eşitmişdir, yaxud kim belə birinin insanlara, heyvanlara, tarlalardakı məhsula, dövlətə və onun malına zərər verdiyinə şahid olmuşdursa, 12 gün ərzində bizi xəbərdar etmək məcburiyyətindədir”.

Cadugərlərdən xəbərdar olduğu halda onları ifşa etməyən şəxs kilsədən qovula və fiziki cəzalara məruz qala bilərdi. Saxlanılan şəxslərə günahlarını etiraf etmələri üçün tükürpədici cəzalar tətbiq olunurdu. Dırnaq çıxartma, çarmıxa çəkmə, sümük qırma və susuz saxlanılma bu cəzalardan bir neçəsi idi.

Sprenger hansısa bir səbəblə cadugərlərin tamamilə qadınlar arasından çıxdığına inanırdı. 1631-ci ildə Friedrich von Spee tərəfindən qələmə alınan “Cautio Criminalis” adlı əsərdə bütün bu yaramazlıqların din adına edilməsinin utandırıcı bir hal olduğunu bildirən yazıçı, əsassız dedi-qodulara görə cadugər damğası alan qadınların lüt soyundurularaq ən məhrəm yerləri nəzərdən keçirildikdən sonra vəhşicəsinə döyülməsinin ilahi ədalətə sığmadığını vurğulayır. Ancaq xatırlamaq lazımdır ki, bu dövrlərdə Almaniyada dini islahatlar başlamış və insanlar dindarların basqılarından qismən də olsa, qurtulmuşlar.

Carl Sagan “Cadugərin çəkici” kitabını “sadistlərin texniki dərsliyi” adlandırır və cadugərləri mühakimə edən şəxslərin bir əllərində bu kitab, digərində isə Papanın fərmanı ilə Avropanın hər yerinə göbələk kimi yayıldıqlarını qeyd edir. Sagan yazırdı: “ Bütün araşdırmalar, məhkəmə prosesləri, edamların xərcləri günahlandırılan şəxsin özündən və ya qohumlarından alınırdı. Cadugəri tutmaq üçün göndərilən cəsusların mükafatı, mühafizəçilərin şərabı, odun, qətran və cəlladın ipi – bütün bunlar xərclərə daxil idi. Məhkəmə üzvlərinə yandırdıqları hər cadugər üçün mükafatlar verilirdi. Edam edilən cadugərin mülkü, kilsə və dövlət arasında bölüşdürülürdü”.

Həkimlik və Cinsiyyət

Cadugər olduğu düşünülən bir qadının başqa birisinə cadu yolu ilə zərər verib-vermədiyini və ya təbii fəlakətlərə səbəb olub-olmadığını konkret heç nə ilə sübut etmək olmaz, bu iddialar sadəcə inanc müstəvisində və qadınlar üzərində iqtidarı gücləndirmək üçün irəli sürülə bilərdi. Yoxsa kim sübut edə bilər axı Qərbi Almaniyanın cənubundakı bir qəsəbədə şiddətli dolu fırtınalarının məsulu olaraq görülüb yandırılan 63 qadının həqiqətən də o fəlakətlərə səbəb olduğunu?!

Sabbat ayinləri təşkil etməklə təqsirləndirilən və şeytanla iş birliyi  qurduğu iddia edilən şəxslərin əksəriyyətinin qadınların təşkil etməsi ortaya fərqli iddiaların atılmasına səbəb olmuşdur. Bu iddialardan biri dövrün tibbinin və ara həkimliyinin qadınların əlindən alınıb tamamilə patriarx bir nizamın qurulması ilə əlaqəlidir. Bu iddiaya görə,  o dövrdə cadugər olduğu iddia edilən şəxslərin əksəriyyəti bəziləri hətta indinin özündə də farmakologiya sahəsində istifadə olunan dərman bitkiləri vasitəsilə xəstələri sağaldan ara həkimləri (türkəçarəçilər) idilər. Sözgəlişi cadugər olduğu iddia edilən bu şəxslər bəzi dərman bitkiləri vasitəsilə doğuşu asanlaşdıran, iltihabı aradan aparan, ağrıkəsici kimi istifadə olunan məlhəmlər hazırlayırdılar. Bu dövrdə kilsəyə bağlı olan həkimlər isə qadının doğuş əsnasında çəkdiyi əzabların ilk günahdan qaynaqlandığını öyrənirdilər ( Həvvanın almanı yeməsi).  İnsanlara şəfa paylayan cadugərlərin metodları və əldə etdikləri nəticələr isə katolik kilsəsi üçün böyük təhlükə ərz edirdi; çünki cadugər olduğu deyilən bu şəxslər praktika ilə məşğul idilər. İnanc dünyasının duaları və kilsənin qatı doqmatik təlimlərindən kənar gəzir, təcrübə-yanılma metodu ilə əldə etdikləri səbəb-nəticə əlaqəsinə etibar edirdilər. Xəstəliklər üçün, hamiləlik və doğuş üçün ən uyğun dərmanı tapmaq məqsədilə çalışırdılar. Kilsənin gözünə cadu kimi görünən şeylər müəyyən mənada  o dövrün elmi hesab oluna bilər. Kilsə tamamilə emprizmə (təcrübəyə əsaslanan bilgiyə) qarşı idi. Kilsə üçün təbiətdə baş verən hadisələrin arxasındakı səbəbləri araşdrımaq mənasız idi. Dünya Tanrı tərəfindən bir anda yaradılmışdı və bir anda da məhv edilə bilərdi. Cadugər olduğu iddia edilən türkəçarəçilər praktik çalışmalarını xalq arasında davam etdirərkən yuxarı siniflər tibb dünyasındakı təmsilçilərini ortaya çıxartmaya başlamışlardı: Universitet təhsili almış həkimlər.

Orta əsrlərin bu dönəmində ərəblərlə əlaqələrin möhkəmlənməsi ilə əlaqədar Avropada elmə maraqda canlılığın başladığı gözə çarpırdı. Təbii ki, tibb də bu canlanmadan öz payını alırdı. Təəssüf ki, kilsənin qatı təzyiqləri tibbin müəyyən bir çərçivəyə oturdulmasını və bunun xaricinə heç vaxt çıxılmamasını zəruriləşdirirdi.  Orta əsrlərin tibb təhsili kilsə doktrinası ilə təzad təşkil etməyəcək şəkildə nizama salınmışdı. Təhsil görmüş həkimlər bir papazın izni və köməyi olmadan heç bir xəstəni müayinə etmir və günahlarını etiraf etməyən xəstələrə ümumiyyətlə heç baxmırdılar. Həkim bədəni sağaldan zaman ruha zərər verməməli idi. Tibb təhsili almış həkimlər üçün bu bəzən ağılla təzad təşkil edəcək bəzi praktikalar mənasına gəlirdi. Təhsil dövrü ərzində heç qarşılaşmadığı xəstə ilə ilk dəfə üz-üzə gəldiyi zaman həkimin gördüyü ilk iş xurafatlara əsaslanan adətləri tətbiq etmək idi. Oksford Universitetinden bir teologiya bakalavrı və tibb doktoranturası olan həkim Eduardsın (Edwards) diş ağrısına qarşı bir xəstənin çənə hissəsinə “Ata, oğul və Müqəddəs Ruh naminə, Amin!” yazdığı rəvayət edilir.

Həkimlik universitet təhsilini zəruri görən bir peşə olaraq ortaya çıxdıqdan sonra bu peşəni qanuni olaraq qadınların üzünə bağlamaq heç də çətin olmadı. Yuxarı siniflərdəki qadınların belə önündə sadəcə kişi həkimlərin peşələrini tətbiq edə biləcəklərini qeyd edən lisenziya qanunları var idi. Yəni seçilmiş qadınlar bəlkə tibb oxuya bilərlər, amma qətiyyən həkimliklə məşğul ola bilməzdilər. Bir qrup təhsilli kişi həkimin qarşısında bir çox səhiyyə praktikantı var idi. Amma bu qadınların əsl hədəfi kəndlilərə şəfa paylayan qadınlar yox, təhsilli kişi həkimlərlə birgə eyni şəhərli çevrəsinə xidmət göstərən qadınlar idi. Məsələn, 1322-ci ildə Paris Universiteti tibb fakültəsi Yakoba Felisi (Jacoba Felicie) adlı bir qadını məhkəməyə vermişdi. Yakoba tibb sahəsində uğurlu, amma tibb təhsili almamış bir qadın idi. Məhkəmədə təqsirləndirildiyi əsas nöqtələr isə bunlar  idi:

“…xəstələrin daxili xəstəliklərini və infeksiyalarını, həm də diş iltihablanmalarını müalicə etmişdir. Yorulmadan bütün xəstələri qəbul etmiş, həkimlərin istifadə eyni metodlarla (sidik analizi, nəbz sayı, bədən və orqanların yoxlanması kimi) müayinəsini yürütmüşdür.”

Altı nəfər şahid başqa bir neçə nəfər həkimə müraciət etdikləri halda ancaq Yakoba tərəfindən sağaldıldıqlarını; cərrahiyyədə və təbabətdə Parisdə heç bir həkimin əldə edə bilmədiyi yetkinliyə sahib olduğunu dedilər. Amma bütün bu dəlillər onun əleyhinə dəyərləndirildi, çünki önə sürülən əsl təqsirləndirmə onun yetkin olub olmadığı ilə əlaqədar deyildi bir qadın olaraq xəstələri müalicə etməyə cəhd etməsini hədəf almışdı.

Buna bənzər bir əsasla ingilis həkimləri parlamentə ərizə vermiş, bəzi lazımsız qadınların həkimlik peşəsini icra etməyə cəhdləri səbəbi ilə yüksək məbləğdə cərimə və həbslə cəzalandırılmalarını tələb etmişdilər. Təxminən 1400-cü illərdə artıq həkimliyin şəhərli təhsilli tibb praktikantlarına qarşı yürütdüyü mübarizə qələbə ilə nəticələnmişdi. Bu qələbə ardınca yuxarı siniflərdəki kişi həkimlərin mübahisəsiz yeganə səlahiyyətli şəxs olmalarını gətirmişdi. Bunun xaricində qalan tibb praktikantlarının cadugərliklə günahlandırılıb aradan aparılmasının önü kilsə tərəfindən açılırdı. Belə ki, cadugərlik günahlandırılmaları ilə təqib edilən qadınların cadugərliklə məşğul olub olmadıqlarına, habelə cadularının zərərli olub-olmadığı ilə bağlı qərarı verən şəxslər həkimlər idi. Necə ki “Malleus Maleficarum” (Cadugərlərin çəkici) da belə yazılır:

“Və bir xəstəliyin cadu iləmi, yoxsa fiziki bir təsirləmi yarandığını başa düşmək üçün hər şeydən əvvəl bir həkimin diaqnozuna müraciət etmək lazımdır.”

Cadugər ovu dövrü ərzində kilsə də həkimlərin peşəkar təbabətini aşkar şəkildə qanuni olaraq qəbul etdiyi halda peşəkar olmayan təbabəti cadugərlik kateqoriyasına aid edirdi:

“Əgər bir qadın təhsil görmədən birini müalicə etməyə çalışsa, bu qadın bir cadugərdir və cəzası da ölümdür.”

Nəticədə, cadugərlik böhtanı həkimə gündəlik praktikalarında özü kimi olmayanları qaralamaq üçün yaxşı bir fürsət yaradırdı. Onun sağalda bilmədiyi hər şey demək ki, cadunun məhsulu idi.

 

Cadugər günahlandırılması

Əslində, cadugərliklə  günahlandırılmaq üçün elə də qeyri – adi bir səbəbə ehtiyac yox idi. Birinin bədəninin hər hansı bir yerində xalı ya da doğum ləkəsi varsa, bu o şəxsin şeytanla iş birliyinin olmasının mütləq dəlili sayılırdı.
Ya da meşədə yabanı otlar toplayıb tərəvəz şorbası hazırlayan qadınlar, tabeliyi altındakı cinlərə ziyafət verməklə günahlandırılıb cəzalandırılırdı. Əgər bir qadın kilsədə ayin zamanı əsnəyərsə, qadının içindəki cinin müqəddəs sözləri eşidib qaçmağa çalışması kimi düşünülürdü. Birinin cadugər olub-olmadığını anlamaq üçün xristian dünyasında edilən əməliyyatlar çox maraqlı və dəhşətlidir. Məsələn, vəftiz suyuna salınmış, lakin batmayanlar vəftiz suyunun onları istəmədiyi səbəbi ilə cadugər  sayılırdılar. Bir qadının cadugər  olduğunu anlamaq üçün işgəncə növləri :

  • Közərmiş dəmir eksperimenti: İki əldə közərmiş dəmir tutdurulur. Əllər yanmırsa, yaxud az yanırsa, şeytanla əlaqə içərisindədir.
  • Soyuq su eksperimenti: Qadın, çılpaq, əl və ayaqları bir-birinə bağlı olaraq suya buraxılır, batmadan qalır və üzərsə şeytanın işğalı içindədir.
  • Çəki eksperimenti: Qadının saçları kəsilir, geyimləri çıxarılır.  Təxmini bir çəki müəyyən edilir. Çəkildikdən sonra olan çəki nəzərdə tutulmuş çəkidən daha çox olsa, deməli içində şeytan var.
  • Göz yaşı eksperimenti : Qadın günahsızdırsa, ağlayır, gözündən yaş gəlmirsə, şeytan qarşısını almışdır və günahkar sayılır.

Əslində günahlandırmaq istədiyiniz bir qadına qarşı hər şey cadugərlik üçün dəlil sayılırdı: Qadının çox çalışqanlığı, ya da tənbəlliyi; xroniki bir xəstəliyi ya da həddən artıq sağlam olması; evinin üzərində qara bulud olması ya da həddən çox açıq olması; doğuşdan qızılı saçlarının olması (İsanın yoldaşı Maria Maqdalena səbəbiylə), əxlaqsızlığı və s.  Cadugərliyin  mövcud olmadığını bildirmək isə, İncili inkar etmək anlamına belə gələ bilərdi. Cadugər olduğu dəqiq olanlara edilən işgəncələr vardı. Kölnün baş yepiskopunun 1757-cu ildə cadugərlər üçün təsdiqlədiyi işgəncə üsulları bunlar idi :

  • Su işgəncəsi: Qadın, möhkəmcə bağlanır və zorla ağzından həzm borusuna su tökülürdü. Həzm orqanları,artıq su səbəbi ilə partlayırdı.
  • Metal tıxac: Armud şəklində bir alət olub, zorla ağıza salınır, ilə yaxşıca açılır və bu zaman bütün düşər qırılırdı. Cadugər, günahını etiraf etməyə hazır olduğunu işarət edənə qədər, çənə sümükləri bir – birindən ayrılırdı.
  • Ayaqlıq: Ayaqları, qan damarları çatlayana qədər, dəmir məngənəsində sıxılırdı. Bu zaman sümüklər də qırılırdı.
  • Canlı – canlı suda boğmaq:Qadının əxlaqsızlığını simvolizə edən bir canlı meymun, başdan çıxardıcılığını göstərən canlı ilan və cadugərliyin işarəsi olan pişik, qadınla bərabər bir torbaya qoyulub ağzı möhkəmcə bağlanır və suya atılırdı.
  • Canlı – canlı torpağa basdırmaq
  • Dörd Atla 4 Ayrı istiqamətə çəkilərək parçalanma
  • Başını kəsib yandırma
  • İşgəncə çarxında canlı – canlı parçalamaq
  • Canlı – canlı yandırılma

Cadugərin həmən an ölümünə imkan verilmirdi, o işgəncə ilə ağrı çəkməli idi. Ölmədən əvvəl, cadugəri onun daxilindəki şeytandan təmizləmək, beləliklə, onu digər dünyaya daha az günahla getməsi  üçün çalışılırdı.
Cadugərdən bu  xərclər alınırdı:

  • Həbsdə cadugəri ziyarət edən rahiblər pulu.
  • Yandırılacağı odunların pulu.
  • Yandırılmasını izləyən əsgərlərin içki pulu.

Məşhur hüquqşünas Uilyam Blekstoun (William Blackstone) 1765-ci ildə qələmə aldığı “İngiltərə qanunları haqqında şərhlər” adlı əsərində belə yazır:

“Cadugərliyin nəinki həqiqətən mövcud olub-olmadığını rədd etmək, hətta mövcudluğunu müzakirə etmək Tanrının həm əhdi-ətiqdə (Tora), həm də əhdi-cədidin (İncil) müxtəlif fəsillərində təkrarlanan sözü ilə aşkar surətdə təzad təşkil edir.”

“Cadugərliklə məşğul olan qadının həyatına son qoymalısınız” deyə əmr edən Bibliyaya ən uyğun olaraq tətbiq olunan edam forması da yandırılaraq öldürülmək idi. Bu edam forması  “Kilsə qan tökməkdən nifrət edir” deyən kilsə qanunları ilə uzlaşmaq üçün bu metod inkvizisiya tərəfindən mənimsənilmişdi. Cadugər ovu Avropada, daha sonralar isə Amerikada fərqli dövrlərdə ortaya çıxmışdır. Yandırılan qurbanların əksəriyyəti cadugər olduqlarını və şeytanla iş birliyi qurduqlarını qəbul edən qadınlar idi. Halbuki bu etiraflar işgəncə edilərək alınmışdı. Qurbanlara iki variant təqdim olunurdu: ya işgəncə altında yavaş-yavaş ölmək, ya da yandırılaraq öldürülmək. Bir insanın günahlandırmaya məruz qalması üçün bir çox səbəb ola bilərdi. İnəyinin ölümünü sevmədiyi qonşusunun üzərinə yıxan biri onu rahatlıqla günahlandıra bilərdi. Mülkünü mənimsəmək istəyən varlılar mülk sahibini və ya məhəbbətinə qarşılıq verməyən gözəl bir qadını asanlıqla günahlandıra bilərdi. Nəticə çox vaxt dəyişmirdi: yandırılaraq öldürülmək. Nəticə olaraq deyilə bilər ki, cəhalətin, sosioloji histeriyanın və inkvizisiyaya söykənən qatı fanatikliyin məhsulu idi cadugərlər. Cadugər ovu isə bir şəkildə orta əsr tibbinin qadınlardan təmizlənməsi və kilsə idarəsində patriarx bir havaya büründürülməsilə nəticələndi.

 

Avropadan sıçrama

Orta əsrləri izləyən Renessans dövründə də vəziyyət dəyişmədi. Şeytan və köməkçiləri 17-ci yüzillikdə Köhnə Dünyadan Yeni Dünyaya sıçradılar. 1645 – ci il və 1692-ci ildə Amerikada Salem qəsəbəsində 19 cadugər ölümə məhkum edilmişdi. Cadugərlərə qarışan gənc qızlarla əlaqəli maraqlı hadisə 1692-ci ildə, ABŞ’ ın Massachusetts əyalətinin Salem qəsəbəsində baş verdi. Ann Putnam, Marry Wadden və digər qızların bir sıra iddialar ilə ortalığı ayağa qaldırmaları nəticələrində, inkvizisiya məhkəməsi quruldu və fanatiklər qısa zamanda qəsəbədə dəhşətli bir cadugər ovuna girişdilər. İllər sonra hər şeyin saxta olduğu anlaşıldığında isə çoxdan iş-işdən keçmişdi. Fransız inqilabı ilə cadugərlər və sehrbazlar, şeytanlıq xüsusiyyətlərindən çox şey itirdilər: cəza qanununda sadəcə saxtakar olaraq sayıldılar. Orta əsr Avropasında yaşanılan “cadugər ovu” ilə əlaqəli son tədqiqatlardan biri də tədqiqatçı Haydar Akına aiddir. Akın, Almaniyada yazılı mənbələr, məhkəmə qeydləri və digər sənədlərə əsasən yazdığı, “Orta əsr Avropasında cadugərlər və cadugər ovu” adlı kitabında 1430-1780-ci illər arasında yaşlı və kimsəsiz qadınlarla başlayan ancaq kişilər, uşaqlar ətrafında din adamları olmaqla geniş bir əhatəyə yayılan bu ov nəticəsində 50 min insanın öldürüldüyünü ortaya çıxardı. Cadugərlik inancına keçmiş türklərdə də rast gəlinir. İnanca görə, cadugər dirilən bir insandır. Dirilməsinə səbəb isə ya basdırılmadan əvvəl işıqsız bir otaqda buraxılması, ya da ölünün üzərindən pişik tullanması göstərilir. Günümüzdə də hələ də Afrikanın Barotse qəbiləsində, Yeni Zelandiyanın Maori qəbiləsində, Qvatemaladakı Kişe qızıl dərililərində ümumi olaraq cadugərlik inancına rast gəlinir.Bundan əlavə, Amerikada 31 oktyabr gecəsi də günümüzdə bir ənənəvi bir şənlik olaraq Cadugərlər bayramı olaraq qeyd edilir. Amerikalıların Halloween dedikləri cadugərlər bayramının kökləri isə, M.Ö.  5-ci əsr İrlandiyasına gedib çıxır. İrlandiyanın Celtic bölgəsində yaz mövsümünün sonu  31 oktyabr olaraq qəbul edilirdi. İnanca görə, o il içərisində ölənlərin bədənsiz qalan ruhları 31 Oktyabr gecəsi özlərinə yeni bir bədən axtarmaq üçün gəlirdilər. Hər kəs bədənini bu ruhlara verməmək üçün evini ruhları qorxudub qaçırdacaq formada dəyişər – şamlar yandırıb ruh kostyumu geyinərdilər. On altıncı əsrdə cadugər ovu ən üst səviyyəyə çatdı. O illərdəki böyük böhran və iqtisadi böhranın yaratdığı gərginliyin qarşısını almaq üçün qorxu və təhdid yaradılmasına qərar verildi. Bunun üçün cadugərlər (sehrbazlar) seçildi və sakit hər şeyin səbəbi cadugərlər imiş kimi göstərildi. Giovanni Scognamillo bu dövrü belə qeyd edir:
“Müharibələri, vəba yayılmasını, aclığı, səfaləti, vəhşiliyi ilə orta əsrlər sərt, qəddar bir əsrdir. Kilsənin yaymaq istədiyi məlumatları unudaraq yeni bir qayda qurmaq məqsədi ilə hakimiyyətini möhkəmləndirmək istəməsi, keçmiş mədəniyyətlərin, sadə cəmiyyətlərin alimləri sayılan sehrbazları “cadugər” ə çevirir. Artıq o, şeytanın bir köməkçisidir.”
Scognamillo ayrıca, fransız tarixçi Michelet’in” Cadugərlər ” adlı əsərində,” Sehrbaz (cadugər) hansı əsrdə doğulur? sualına, mən, ümidsizlik əsrində, deyə cavab verirəm. Tərəddüd etmədən, kilsə dünyasının yaratdığı dərin ümidsizlikdən, deyirəm. Cadugər, kilsənin günahıdır” şəklində yazdığını da qeyd edir.

Cadugər Kultu

Cadugər, vəhşi (wild) və məlumat ağıl (wet)sözlərindən əmələ gəlir. Antik əsrdəki wic isə, söyüd budağı yəni qırılmadan bükülə bilən budaq sözündən yaranaraq Wiccan adını alıb. Bu əyilmə, reallığın qavrayışını əyə bilən anlamında olub, cadugərin süpürgə ya da əsası, bu səbəblə söyüd budağından düzəldilirdi. Sonradan kilsənin proqramları ilə bu sözlərin kökləri witch olaraq dəyişdirilib, pislik, qocalıq və çirkinliklə bərabər tutularaq, təhqir edici bir məna qazanmışdır.
İngiltərədə düşmənlərinin mum heykəlləri ilə ya da tikan və ya iynə ilə deşilmiş qulaqları ilə birlikdə tutulanlar, düşmənlərə zərər vermək üçün istifadə edildiyi zənn edilən lənətli daşlar, sehr məqsədləri üçün istifadə edildiyi zənn edilən cəsədlər (necromany), qəsəbə məzar nəzarətçilərinə ölü uşaqların saç və dırnaqlarının oğurlanmaması üçün verilən xəbərdarlıqlar, qara sehr edən cadugərlərin var olduğuna dair dəlillər olaraq təqdim edilə bilsə də, cəmiyyətlərin yaşadığı hər fəlakətdən (qətllər, oğurluq, az məhsuldarlıq, məhsulların azalması, fırtınalar, zəlzələlər) yenə onların səbəbkar tutulması kimi bir yanaşmanı haqlı etməz. Sağaltmağa xidmət edə sehrlərlə məşğul olanların da çox olduğu düşünüldüyündə bu yanaşmanın altında orta əsrlərin (bu günə qədər uzanmış) fanatikliyinin hərəkət etdiyi hiss edilir.
Günümüzdəki tədqiqatçılar bu sehrlərin çoxluqla təsirli olduğunu irəli sürürlər. Əgər bir insan düşməninin özünə sehr etdiyini bilirsə və sehr təsirinə inanırsa, psixoloji təsirə, isterikliyə və psixomatik təsirlərə səbəb ola bilər. Yəni sehr, gücünü sehr qorxusundan alır. Digər tərəfdən ritual, ayin və mərasimlər üçün yığışan cadugər qruplarının mövcudluğu da bilinməkdədir. Orta əsrlərin əvvəlində məşhur bir kilsə qanunu, gecələri Diana’ya ibadət edən qadınları günahlandırır. Bu qadınlar, qanuna görə, yalnızca Tanrının edə biləcəklərini şeytanın, ya da özlərinin edə biləcəyini düşündürülərək aldadılmışlardır. “May Day” və “New Year” bayramları ən azından kafir mərasimlərinin formalarını canlandırır. Sabah mərasimlərində bir yerə toplaşan cadugərlərin də varlığı bilinməkdədir. Real şeytana ibadət isə Alman Luciferianları və Bohemian Adamiteləri arasında ortaya çıxmışdır. On dördüncü əsrdə olduğu bilinən mütəşəkkil cadugərlər yaşamağa davam edən keçmiş müxalif məzhəbləri, cadugərlərin öz-şəfqət qruplarını ya da inkvizisiya tərəfindən şübhə ilə baxılan və işgəncə çəkən qurbanları təmsil edir. (Catharist’lər, Albiyensiyans’lar və başqa). Bundan başqa, orta əsrlərə aid bəzi bütpərəst tanımlamaları, cadugər dininin olduğuna dair dəlillər təqdim edir. Məsələn, ingilis mənbələrində dərilər geyinmiş, buynuz taxmış bir lider başçılığında edilən May Day bayramlarından söz edilir. Bu cadugər dini, kilsənin on beşinci əsrdə gücünü yığması ilə yox edilməyə başlansa da, rituallar bütün əsr boyunca yaşamağa davam etmişdir.
Cadugərliyin əsasını təşkil edən qadınlara fərqli strukturlardan da iştirak ola biləcəyi deyilməkdədir və bu iştiraklar da müxalif bir qoşulmadır. Yeni rejimə (feodalizm) alışa bilməyib itirəcək heç bir şeyi qalmamış kəndli kişilər, antik gizliliyə maraqlı olan aydınlar, müxtəlif səbəblərlə cəmiyyət xaricinə alınmış fərqli – fərqli nonkonformistlər, inancsızlar, inanc axtaranlar, cadugərliyin potensial bir müxalif bir güc olduğunu düşünən macəra axtaranlar. Kilsənin, fərqli, cəmiyyət xarici hesab etdiyi hər kəsi cadugərliklə ittiham etməsi də belə bir koalisiyanı məcburi etmiş olduğunu deyilə bilər. (əgər elə bir koalisiyanın varlığı təsəvvür edilərsə). Əslində cadugərliyin orta əsrlər boyunca davam edən inkişafı da bunu təsdiqləyən kimi idi. Kafir mənşəli bir din, xristianlığın qara üzü olma günahlandırılmasını özü də qəbullanmış görünür. Digər tərəfdən isə Margaret Murray üçün cadugərliyin başlıca cəmiyyət bazasını yalnızca köhnəlmiş kafir inanclarına bağlılıqlarını davam etdirənlər təşkil edirdi.

Tərcüməçilər: Fidan Səfərli, Bənövşə Su, Aydan Talıbzadə, Asif Əsədov, Cavidan Rza

Redaktə etdi: Şəfiqə Babayeva

Mənbə: Ortaçağ Avrupasında Cadılar ve Cadı avı – Haydar Akın, Çocuk cadılar ve çocuk cadı avı – Haydar Akın, Cadılığın tarihi: ortaçağda bilge kadının katli – Lois Martin

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin