Pablo Neruda- İlk şeirlərim

2

Pablo Neruda (1904-1973) – əsl adı  Ricardo Eliécer Neftalí Reyes Basoalto olan çilili Nobel laureatı(1971), inqilabçı şair. Pablo Neruda öz ləqəbini Çex şair Yan Nerudanın adından götürmüş, daha sonra  bu ləqəbi rəsmi ad kimi qeyd etdirmişdir. Hər zaman şeiri ilə inqilabi mövqedə olan kommunist şair 1970-ci ildə keçirilən seçkidə namizəd göstərilmiş, daha sonra namizədliyi geri çəkərək Salvador Allendeni dəstəkləmişdir. Çilidə general Pinoçet tərəfindən edilən hərbi çevrilişdən bir neçə gün sonra vəfat edən şairin ölüm səbəbi prostat xərçəngi deyilsə də, dəqiq səbəbi bilinmir.

Latın Amerikanın qəhərmanı inqilabçı Ernesto Çe Gevaranın sonanadək yanında onun şeir kitabını gəzdirirdi. Yazdığı dünyəvi şeirlər inqilabçılara ruh verirdi.

Bundan əlavə, şairin adı Nazım Hikmətlə də anılır. Nazım Hikmətlə yaxın dost olmuş və ondan təsirlənmişdir.

 

Pablo Nerudanın “Mən də yaşamışam..” kitabından bir hissə.

İndi sizə quşlar haqda bir əhvalat danışacağam. Budi gölündə qu quşlarını vəhşicəsinə ovlayırdılar. Əvvəlcə qayıqlarda oğrun-oğrun yaxınlaşır, sonra cəld avar çəkirdilər onlara sarı. Qu quşları da albatroslar kimidir, pis uçurlar, göyə qalxmaq üçün mütləq gərək suüstü qaçıb sürət yığsınlar. Öz ağır qanadlarını çətinliklə açırlar. Ovçular da elə bu zaman onlara çatıb döyənəklə vururlar.

Mənə bir yarımcan qu quşu gətirmişdilər. Gözəl quş idi. Dünyanın heç yerində belə quş görməmişdim;onun boynu qara idi, sanki qara ipək corab keçirmişdilər boynuna, dimdiyi narıncı, gözləri qırmızı

Bu hadisə Puerto-Saavedrada, cənubi imperialda, lap dəniz kənarında baş vermişdi.

Quşu mənə verəndə yarımcan idi. Onun yaralarını yudum, qida borusuna çörək ovuntusu və xırda balıq dürtdüm. Hamısını dala qaytardı. Müalicəni davam etdirirdim. Nəhayət quş anladı ki, mən onun dostuyam. Mənsə başa düşdüm ki, o darıxmaqdan, qüssədən ölürmüş. Bunu anlayan kimi bu iri, ağır quşu qucağıma alın kəndin küçələrilə gedib çaya apardım. Qu quşu mənim yanımda bir qədər üzdü. İstəyirdim ki, balıq ovuna çıxsın, ona suyun dibində daşların arasında üzən xırda gümüşü cənub balığını göstərirdim. O isə qəmgin gözlərini üfüqə zilləmişdi.

Bu minvalla 20 gün, bəlkə də, biraz artıq hər səhər onu çaya aparıb, sonra da evə gətirdim. Quş demək olar ki, mən boyda idi. Günlərin bir günü isə- o gün tüklərini yaman qabartmışdı – ha çalışdım ki, balıq tutsun, mənə heç əhəmiyyət vermədi, keyləşmişdi elə bil. Onu qucağıma götürüb evə aparmaq istəyəndə sanki uzun bir lentin qəflətən açıldığını, qara bir əlin üzümə toxunduğunu hiss etdim. Quşun incə, uzun boynu idi sallanan. Qu quşlarının ölərkən mahnı oxumadıqlarını beləcə öyrəndim…

Kautinanın yayı isti olur. Günəş yeri, göyü, taxılı yandırır. Torpaq uzun yuxudaykən itirdiklərini qazanmaq istəyir elə bil. Buradakı evlərin qış üçün nəzərdə tutulmadığı kimi, yay üçün də yaramır. Kənddən çıxıb elə hey yol ilə gedirəm. Neopol təpəsində azdım. Tək-tənhayam, cibim böcəklərlə doludur. Səma görünmür başımın üstündə. Selvada (red. Çilidə şəhər) həmişə rütubətlidir, ayaqlarım sürüşür. Birdən harada isə loxəbər çukao quşu çığırır. Nəsə bir qorxu hissi ayaqlarımdan başlayaraq üzü yuxarı qalxıb bütün vücudumu çulğayır. Kopiuenin qan damlası kimi donmuş çiçəkləri alaqaranlıqda zorla görünür. Mən yazıqsa nəhəng qıjıkimilərin altında tək qalmışam. Çöl göyərçini lap burnumun altında pırıldayıb uçur. Başımın üstündə quşların qaqqıltısı eşidilir.  Yolu zorla tapıram. Yaman gecdir.

Atam hələ gəlməyib. O, səhər saat üçdə, dörddə gələcək. Yuxarıya, öz otağıma qalxıram. Salqarini (red. Emilio Salgari – italyan şair) oxuyuram. Birdən yağış başlayır, tut ucundan, göyə çıx. Bircə an içində gecə ilə yağış bütün dünyanı ağuşuna alır. Təkəm, riyaziyyat dəftərində şer yazıram. Səhər yuxudan çox tez oyanıram. Gavalı hələ dəyməyib. Təpəyə sarı qaçıram. Özümlə duz da götürmüşəm. Ağaca dırmaşıb yerimi rahatlayıram. Gavalıdan ehtiyatla bir dişlək götürüb üstünə duz səpirəm. Sonra da içəri ötürürəm. Beləliklə, bir oturuma, bəlkə də, yüz dənə gavalı yeyirəm. Amma artıq öz təcrübəmdən bilirəm ki, bu həddindən artıq çoxdur.

Evimiz yanmışdı, təzə tikdirdiyimiz ev isə mənim üçün müəmmayla doludur. Hasara yaxınlaşıb qoşuya sarı baxıram. Heç kəs yoxdur. Hasarın taxtalarını aralayıram, dalında ancaq xırda hörümçəklər gözümə dəyir. Ayaqyolu həyətin lap uzaq küncündə yerləşir. Ayaqyolunun yan-yörəsindəki ağaclar qırış-qırışdır. Badam ağacının üstündə ağ mahuddan çuxa geymiş meyvələr var. Mən mal çibinini (red. milçək) əzmədən, incitmədən tuta bilirəm – yaylıqda. Biraz ovucumda saxlayıb əsirimi qulağıma yaxınlaşdırıram. Qiyamət vızıldayır!

Təhlükələrlə dolu “Frontera” (red. sərhəd deməkdir. XIX əsrdə dövlət ərazisi ilə təslim olmamış Araukana qəbiləsinin hindularının torpağı arasından keçən sərhəd.) torpağında qara paltarlı balaca şair necə də tənhadır. Həyat və kitablar öz qəliz sirlərini mənim qarşımda addım-addım açırdılar.

Bir axşam oxuduğum bir şey heç vaxt yadımdan çıxmayacaq: Sandokan və onun yoldaşlarını ( red. Sandokan Salqarinin yaratdığı pirat obrazıdır) uzaq Malayziyada bitən çörək ağacı ölümdən xilas etmişdi.

Mənim Buffalo Billdən (red. bizon ovçusu kovboy, şoumen) xoşum gəlmir, o hinduları öldürür. Ancaq at çapmağına söz ola bilməz! Preriyalar (red. preri -çöllük), qırmızıdərililərin  şişuclu viqvamları ( red. hindu evləri) necə də gözəldir!

Məndən tez-tez soruşurlar ki, ilk şeirimi nə vaxt yazmışam, nə vaxtdan poeziya ruhuma hakim kəsilib.

Xatırlamağa çalışım. Yazmağı təzə öyrəndiyim, erkən uşaq çağında bir gün məni qəflətən güclü həyəcan bürüdü və mən bir neçə misra yazdım, bəzilərində qafiyə də vardı. Sözlər adi nitqdəki kimi səslənmirdi bu misralarda. Yazdığımın üzünü köçürdüm. Qəlbimə əvvəllər duymadığım bir hiss hakim idi: kədərdənmi, ürək sıxıntısındanmı, anlamadım. Bu sətirləri bəxtimin, taleyimin havadarı, ana bildiyim ögey anama həsr etmişdim. İlk əsərimin keyfiyyəti haqqında özüm hökm çıxara bilməzdim, odur ki, onu aparıb valideynlərimə göstərdim. Onlar qonaq otağında əyləşib uşaq aləmi ilə böyüklərin dünyası arasında keçilməz çaydan daha böyük sədd yaradan söhbətlərdən edirdilər. İlhamımın ilk təlatümünün titrəməsi hələ vücudumda ikən kağızı onlara uzatdım. Atam dalğın halda kağızı aldı, fikirli-fikirli oxudu və mənə qaytarıb soruşdu:

– haradan köçürmüsən bunu?

Sonra yenə də mənim üçün əlçatmaz olan vacib işlərindən sakitcə danışmağa başladılar.

Deyəsən ilk şerim belə yaranmışdı. Etinasız ədəbi tənqidlə də ilk tanışlığım elə o gün olmuşdu.

Bununla belə mən dolaşıq, nəhayətsiz kitab okeanında səyahətə çıxmış tənha dənizçi kimi irəliləyirdim. Kitablara həvəsim nə gündüz, nə də gecə soyumurdu. Dəniz kənarındakı kiçik Puetro-Saavedrada (red. Çilidə bir şəhər) bələdiyyə kitabxanasına və qocaman şair Auqusto Uinterə (red. Augusto Winter) rast gəlmişdim. O  mənim mütaliə acgözlüyümə məəttəl qalırdı. Xose Mariya Barqasın, Henrik İbsenin, yaxud Rokambolun (red. Fransız yazar Ponson dyu Terraylın macəra qəhrəmanı) təzə kitablarını mənə verəndə “Oxuyub qurtardın?” deyə təəccüblə soruşurdu. Mənsə dəvəquşu kimi qabağıma nə çıxırsa, hopp edib udurdum.

Elə uzun paltar geyən, alçaqdaban çəkməli hündür senyorina da Temukoya(red. Temuco- Çilidə bir şəhər) o vaxtlar gəlmişdi. O qadın liseyin yeni müdirəsi idi. Cənubdan, Magellan boğazının qarlı qoynundan gəlmişdi buralara. Adı da Qabriela Mistral (red. Gabriela Mistral Çilili şairə, ilk Latın amerikalı Nobel Laureatı)

Mən uzun paltarlı bu qadının şəhərciyin küçələrindən necə keçdiyini görərək ondan qorxurdum. Amma bir dəfə məni onun yanına gətirəndə necə ürəyəyatan, səmimi bir adam olduğunu gördüm. O mehriban-mehriban, ürəkdən gülümsəyəndə hindu qanının təsirindən gözəl araukan piyaləsinə bənzəyən tutqun çöhrəsində ağappaq dişləri bərq vururdu və bu zaman otaq nura qərq olurdu.

Mən onun dostu olmaq üçün çox cavan, çox ürəksiz və adama yovuşmaz idim. Onu cəmi bir neçə dəfə görmüşdüm. Amma bu kifayət idi. Hər dəfə də onun bağışladığı kitabları özümlə aparardım. Bu kitablar ancaq rus yazıçılarının əsərləri olardı. Qabriela Mistral rus yazıçılarını dünya ədəbiyyatında baş verən ən gözəl hadisə sayırdı. Cəsarətlə deyə bilərəm ki, dünyaya rus yazıçılarına xas olan ciddi baxışı, onu bər-bəzəksiz görməyi mənə Qabriela öyrətmişdi. Tolstoy, Dostoyevski, Çexov mənim ən çox sevdiyim sənətkara çevrilmişdilər. Onlar bu gün də mənim üçün elə o vaxtkı kimi qiymətlidirlər.

 

Əlavə ədəbiyyat:

Qolları kəsilsə də, musiqisinə davam edən sənətçi – Victor Jara

Pablo Neruda Fidel Kastro ve Çe Gevara haqqında

Pablo Neruda şeirləri (Türkcə)

Pablo Neruda şeirləri(azərbaycanca)

Film:

Il Postino: The Postman

 

Redaktə və qeydlər: Ziya Mehdiyev

2 ŞƏRH

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin