“Pandoranın qutusu” əfsanəsi

0

Pandoranın (Pandora) qutusu yunan mifologiyasının ən əhəmiyyətli əfsanələrindən biridir. Zevsin nifrət etdiyi insanları cəzalandırmaq üçün istifadə etdiyi Pandora adlı gözəl qadının “xoşbəxtlik qabı” olaraq bilinən gözqamaşdırıcı qutunu marağından açması ilə dünyaya pisliklərin yayılmasından bəhs edir.

Pandora yunan mifologiyasında çoxallahlı əfsanələrin başında gəlir. Yunan mifologiyasında hər şeyin bir tanrısı vardır və bu tanrılar bir-biri ilə mübarizə aparır. Hər kəsin fövqəladə istedadları var və insanlar kimi bir-birinə zərər verə bilərlər. Buna görə tanrılar dünyasında rəqabət çox ciddidir. Pandora da bu rəqabət, mübarizə və ehtirasdan bəhs edən əfsanələrdən biridir.

Tanrıların atası Zevsin intiqam və cəzalandırma ehtirasından qadınların maraq duyğusuna qədər uzanan bir əfsanə olan Pandorada rəqabət, eşq və oğurluq kimi bir çox fitnə-fəsadın baş verdiyini söyləyə bilərik. Eyni zamanda, bu mifoloji əfsanə bir çox kitab və filmin əsas mövzu xəttini təşkil etmişdir.

Şeirlə yayılan əfsanə

Pandora əfsanəsi mənbədən-mənbəyə köçürülərək müxtəlif versiyaları ilə mifologiyada yerini tutmuşdur. Ümumiyyətlə, qadın, maraq, intiqam və pislik mövzularından bəhs edilən əfsanədə müasir dövrü əks etdirən mesajlar da almaq mümkündür. Bir rəvayətə görə, Pandoranın qutusu taxta bir qutu deyil, torpaqdan hazırlanmış bir küpədir. Lakin ədəbiyyatda “Pandoranın qutusu” kimi qeyd olunduğu üçün “qutu” ifadəsindən istifadə edəcəyik.

E.ə. 750-650 illərdə yaşadığı düşünülən yunan didaktik şeirinin atası, məşhur ozan Hesiodun (Hesiod) “İşlər və Günlər” (Erga kai Hemerai) adlı əsərində geniş şəkildə bəhs edilən Pandora əfsanəsi Yaxın Şərqdə yaşandığı təxmin edilən mifoloji hadisələr silsiləsidir. Bəzi mənbələrdə əfsanədə adı çəkilən tanrı və tanrıçaların hamısının Asiya mənşəli olduqlarına görə əfsanənin də Asiyada keçdiyi hesab olunur. Başqa bir rəvayətə görə isə Hesiod ilk insanlar olan Hz. Adəm və Hz. Həvvanın yaradılmasını epik şeir tərzində yunan mifologiyasına köçürmüşdür.

Əfsanənin baş aktyorları, Tanrıların atası Zevs (Zeus), Olimp tanrılarından hiyləgərlik, zəka simvolu Prometey (Prometheus) və qardaşı Epimetey (Epimetheus) ilə gözəl qadın Pandoradır. Əfsanə insanlığın qoruyucu tanrısı titan Prometeyin ədalətsizliyi aradan qaldırmaq məqsədilə Afinadan müdrikliyi, Hefestin emalatxanasından isə Zevsə aid odu oğurlayaraq insanlara verməsi ilə başlayır. Geri qalanı isə təmamilə fantastik bir filmdir.

Və qadın dünyaya gəlir…

Zevs sadəcə kişilərin yaşadığı dünyada onların hüzurunu qaçırmaq istəyir. Zevsin arzusu bu olarkən Prometey Zevsin odunu oğurlayaraq insanlara verir. Qəzəblənən Zevs Prometeyi və insanları cəzalandırmaq istəyir. Onun oğlu Hefest ( Ἥφαιστος (Hefaistos)) dəmirçilik tanrısı idi. Ondan tanrıçaya bənzər bir qadın yaratmasını istəyir. Hefest torpaq və sudan bir qadın yaradır. Tanrıçalar bu gözəl qadına şirin dil və cazibə verir. Çiçəklər və ləl-cəvahiratla bəzədilən qadına tanrıların xəbərçisi olan Hermes bəzi pis xasiyyətlər verir. Qadın gözəldir, amma dili yalanla, qəlbi sədaqətsizlik və itaətsizliklə doludur.
Zevs isə qadına “tanrıların hədiyyəsi” mənasını verən Pandora adını vermişdir. Bu qadın, eyni zamanda, dünyaya göndərilən ilk qadın olacaqdı. Zevs Pandoraya bir qutu verir və qutunu əsla açmamasını tapşırır. O, Prometeydən intiqam almaq üçün qardaşı Epimeteydən istifadə etmək istəyir. Epimeteyə hədiyyə olaraq Pandoranı göndərən Zevs indi intiqam ala biləcəkdi. Pandora Epimetey vasitəsilə insanların arasına qarışır. Prometey qardaşına Zevs başda olmaqla, tanrılardan gələn hədiyyələri almaması barədə dəfələrlə xəbərdarlıq edir. Epimetey isə xəbərdarlıqlara diqqət yetirmir və hətta Pandoraya aşiq olur. Bu eşq evliliklə nəticələnir.

Burada bir mövzuya diqqət çəkmək lazımdır. Əfsanənin əsas mövzusu olan qutu ilə bağlı fərqli rəvayətlər mövcuddur. Bəzi mənbələrə görə, Zevs qutunu Pandora ilə göndərir. Başqa rəvayətlərə görə, Zevs bu nikahı intiqam üçün bir fürsət kimi istifadə edir və Epimeteyə Pandora ilə evləndikdən sonra toy hədiyyəsi olaraq göndərir. Bəzi mənbələrə görə isə, Hermes nikahdan sonra qutunu Pandoranın evinə qoyur.

Əslində, vacib olan qutunun necə göndərildiyi deyil, kilidin açılmasıdır. Zevs Pandoraya qutunu açmaması üçün xəbərdarlıq edir. Ancaq Pandora qutuda nə olduğunu bilmək istəyir. Zevsin xəbərdarlıqları onun marağını daha da artırır. Bəlkə də, Zevsin məqsədi marağı artırıb qutunu açdırmaq idi.

Qutunun görünüşü cazibədar idi. Ona “xoşbəxtlik qabı” deyilirdi. Pandora qutudakı sirrə duyduğu marağa məğlub olur və qutunu açır. Qutunun qapağını açar açmaz ətrafa və dünyaya bütün pisliklər yayılır. Ölüm, qəzəb, xəstəliklər, epidemiyalar, aclıq, qısqanclıq, həsəd və bütün pis xislətlər… Dinc bir həyat yaşayan kişilər qutunun açılması ilə acı, hüzn və kədər ilə yaşamağa başlayır. Artıq bütün pis şeylər dünyaya yayılmışdı. Qutudan qanadlı varlıqlar uçub gedir və gecə-gündüz insanlara zərər verirdilər.

Bu vəziyyəti görən Pandora peşman olaraq qutunun qapağını dərhal bağlamaq istəyir. Zevsin də istəyi ilə zorla da olsa, qutunun qapağını bağlayır və içində bir tək şey qalır. Qutuya pisliklərə qarşı qoyulan “ümid”. Pandora qapağı bağladığı üçün çölə çıxa bilməz. Pandoranın qutusunda və ya pislik qabında insanlara xoşbəxtlik verən tək şey qalmışdır, o da ümiddir. Zevs insanların davamlı olaraq əziyyət çəkməsini, eyni zamanda, həyatdan əl çəkməməsini istəyir. Bunun üçün qutuda ümidi buraxır. “Ümidsiz yaşanmaz” ifadəsi, bəlkə də, belə məna qazanmışdır.

Hesiodun (Hesiod) şeirindəki Pandora

Əfsanəvi ozan və şair Hesiodun epik şeirində bəhs edilən Pandora əfsanəsində isə fərqli nüanslar var. Gəlin onun qələmindən əfsanəyə nəzər salaq.
Zevsin ürəyi insanlara qarşı nifrətlə doludur. Odu insanlardan gizlədir. Göy ilə Yer Tanrılarının oğulları olan titanlardan İapetin (Iapetus – yunanca: Ἰαπετός)) oğlu, odu oğurlayıb insanlara verir. Zevs buna görə çox qəzəblənir və deyir: “Hiyləgər, məni məğlub etdiyinə sevinirsən? Odu oğurladığın üçün xoşbəxtsən? Bu insanların fəlakəti olacaq! İnsanlara odun qarşılığı olaraq elə pisliklər verəcəyəm ki, özlərinin yox olmaqlarını sevinclə qarşılayacaqlar.”

Zevs dəmirçilik və vulkan tanrısı, ikinci nəsil titan olan çirkin və topal oğlu Hefestdən tanrıçalara bənzəyən bir qadın yaratmasını istəyir. Hefest torpaq və sudan tanrıçalara bənzəyən bir insan yaradır. Ona gözəl üz və zərif səs verir. Afina (Athena) ona əl işləri öyrədir. Afrodit (Aphrodite) ona zərafət bəxş edir. Hermes ona əxlaqsızlıq və hiyləgərlik verir. Bir çox tanrı və tanrıça ona yaxşı və pis xarakterlər verir. Adını isə Pandora qoyurlar.
Zevsin sevgilisi Mayanın (Maia) oğlu olan Hermes tanrıların xəbərçisi idi və Zevsin başqa bir sevgilisi olan İonu xilas etmək üçün yüz gözlü canavar Arqosu öldürmüşdü. Hiyləbaz idi və oğruların tanrısı olaraq tanınırdı. Bu hiyləgər tanrı Epimeteyə hədiyyə olaraq Pandoranı verdi. Epimeteyin qəbul etdiyi “hədiyyəyə” aşiq olması insanlığın pisliklərə qərq olmasına səbəb oldu.
Hesiod əfsanənin bundan sonrakı hissəsini belə izah edir: “Və qadın qutunu açdı. Epidemiyalar, xəstəliklər, pisliklər qutudan çıxıb insanoğlunun arasına qarışdı. Yalnız ümid Pandoranın qutusunda qaldı.”

Pandora və qadın

Pandoranın qutusu, “qadınların marağına görə insanların əziyyət çəkməsi” kimi bir qavrayışın başlanğıc nöqtəsidir. Yunan fəlsəfəsində qadın düşmənçiliyinin bir əlamətidir. İlk qadın dünyaya gəlir, marağına məğlub olub pislik qutusunu açır və hüzur içində yaşayan kişiləri pisliklərə qərq edir. Əfsanədən belə mənalar çıxaranlar da var. Bütün pisliklərin mənbəyi qadındır və hər qadının içində potensial bir Pandoranın qutusu vardır. Bəzilərinə görə, Pandoranın qutusu bir-birini tamamlayan kişi və qadınların simvoludur. Pandora bir bütündür. Qadın ilə kişinin, pislik ilə yaxşılığın birləşməsidir. Qutu bütünlük və ziddliyi, qutunun açılması isə azad iradəni təmsil edir. Artıq dünyada sadəcə kişilər və yaxşılıqlar yoxdur, qadınlar və pisliklər də mövcuddur. Bugün “Pandoranın qutusunu açdırma” ifadəsi də geniş yayılmışdır. Qısacası, bu ifadə “əgər qutunu açsan, dönüşü olmayan bir yola girmiş olarsan” mənasına gəlir.

Mənbə :

https://www.makaleler.com/pandoranin-kutusu-efsanesi

Hazırladı:       Lalə Yusifova

Redaktə etdi:  Şəfiqə Babayeva

 

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin