Pareto qanunu, Pareto prinsipi və ya 20-80 prinsipi 

0

Pareto qanunu, Pareto prinsipi və ya 20-80 prinsipi iqtisadçı və sosioloq Vilfredo Paretonun şərəfinə adlandırılmış empirik qaydadır. Mahiyyət etibarilə qısa formada belə qeyd etmək olar: əməyin 20%-i nəticənin 80%-ni təmin edir, geridə qalan 80% sərf olunmuş əmək isə cəmi 20% nəticənin yaradıcısıdır. Bu qayda-qanun  müxtəlif istiqamətli fəaliyyət sferalarında effektivlik faktorlarının analizində istifadə olunur və belə nəticəyə gəlinir ki, planlaşdırılmış fəaliyyətin əhəmiyyətli hissəsinə ən vacib minimum zəruri resursları cəlb etməklə nəticə almaq mümkündür. Belə ki, sonrakı artımlar və cəhdlər effektiv deyil və ya ümid olunan nəticəni təmin etmir.

Bu qanunun meydana gəlməsi iqtisadçının XX əsrin əvvəllərində vətənində – İtaliyada gəlirlərin bölüşdürülməsi ilə bağlı apardığı araşdırmaların nəticəsilə bağlıdır. Müəyyən olunmuşdur ki, sərvətin 80%-i əhalinin 20%-nin əlində cəmlənmişdir. Bu maraqlı fakt onu bir qədər düşünməyə vadar edir və davamlı apardığı araşdırmalar nəticəsində rəqəmlərin nisbətinin qorunub saxlanıldığını görür.

XX əsrin sonlarında Pareto qanunu çox populyarlaşdı və maraqlıdır ki, o, hər sferada işləyirdi.

Bəs Vilfredo Pareto nəyi aşkara çıxarmışdır? Belə alınmşdır ki, bir dəfə o, XIX əsrdə İngiltərədə və İtaliyada var-dövlət və gəlirlərin bölüşdürülməsini nəzərdən keçirmişdir. O, 1987-ci ildə İtaliyadakı mal-mülkün 80%-nin əhalinin 20%-nin, İngiltərədəki sərvətin isə əhalinin 20%-nə aid olduğunu müəyyən etmiş və bununla bağlı daha sonrakı araşdırmalarda da bu nisbətin sabit qaldığını müşahidə etmişdir. O, aydınlaşdırmışdır ki, gəlir və material dəyərlərin çox hissəsi tədqiq olunan qruplarda insanların az bir hissəsinə məxsusdur. Ola bilsin ki, burada Pareto üçün təəccüblü heç nə yox idi. Amma o, özünün fikrincə iki mühüm faktı da müəyyənləşdirmişdir. Birincisi, insan qrupunun sayı ilə (nəzərdən keçirilən əhalinin ümumi sayına faizlə nisbətdə) bu qrupun nəzarət etdiyi var-dövlət və gəlir arasında dəyişməz riyazi əlaqə vardır. Başqa sözlə desək, əgər insanların 20%-nin material dəyərlərin 80%-nə malik olduqları məlumdursa, əminliklə demək olar ki, əhalinin 10%-i material dəyərlərin 65%-nə, 5%-i isə 50%-nə malikdir. Pareto üçün burada başlıca olan rəqəmlər deyildi, var-dövlətin əhali arasında balanslaşdırılmamış bölgüsü idi.

Pareto daha sonra bağçasında əkdiyi noxud toxumlarının 20%-nin məhsulun 80%-ni verdiyini də təsbit etməsi ilə birlikdə bu araşdırmalarında əhəmiyyətli azlıq ilə əhəmiyyətsiz çoxluğa bağlı riyazi bir modelin var ola biləcəyini kəşf etdi və  nəzəriyyəsinin modelini, “Cours d’Economie politique adlı” əsərində nəşr etdirdi.

Əslində Paretonun riyazi modelinin 80/20 prinsipi ilə əlaqəsi Cozef M. Yuranın (Joseph M. Juran) müşahidələri və bu müşahidələrinə dair yazılarının nəticəsində reallaşdı və əhəmiyyətli azlıq (20%) ilə əhəmiyyətsiz çoxluğa (80%) bağlı bu prinsipin adına da “Pareto prinsipi” adı şəxsən Yuran tərəfindən verildi.

Bu nədir? Sadə təsadüf, yoxsa iqtisadiyyat və cəmiyyət üçün böyük əhəmiyyətə malik olan bir şey? Bu sxem təkcə var-dövlət və gəlirlər üzrə deyil, başqa sahələrdə də işləyə bilərmi? Pareto parlaq yenilikçi idi, çünki ona qədər var-dövlət və gəlirlərin bölüşdürülməsi ilə gəlir əldə edən və ya mülkiyyətə sahib olan insanların sayı kimi qarşılıqlı əlaqədə olan iki sistemi nəzərdən keçirərək müqayisə etmək heç kimin ağlına gəlməmişdi (hazırkı dövrdə bu metod adiləşmişdir, biznes və iqtisadiyyat sahəsində iri nailiyyətlərə səbəb olmuşdur).

Təəssüf ki, Pareto öz ixtirasının mühümlüyünü dərk etsə də, onu izah edə bilmədi. O, bir sıra yaxşı, lakin əlaqəsiz sosial nəzəriyyələr irəli sürmüşdür, bunlarda elitanın mühüm rolunu qeyd etmişdir, lakin bu nəzəriyyələr onun ömrünün sonunda Mussolininin faşistləri tərəfindən mənimsənilmişdir. Bütöv bir nəsil dövründə 80/20 prinsipi qiymətləndirilməyib. Bir çox iqtisadçıların, xüsusən də, amerikalı iqtisadçıların 80/20 prinsipinin mühümlüyünü dərk etmələrinə baxmayaraq, yalnız II dünya müharibəsindən sonra iki şəxs bir-birindən xəbərsiz 80/20 prinsipinin nəyə qadir olduğunu dünyaya nümayiş etməyə başladı.

80/20 prinsipinin ədalətliliyini sübut edən bir çox nümunələri biznesdə də tapmaq olar.

Məhsul çeşidinin 20%-i, adətən, pul ifadəsində satışdan gəlirin 80%-ni verir, bunu 20% alıcı və ya müştəri haqda da demək olar. Bundan əlavə, məhsul çeşidinin 20%-i və ya müştərilərin 20%-i, adətən, şirkətə gəlirin 80%-ni gətirir.

  • Biznesmenlər üçün: Müştərilərin 20%-i bütöv qazancın 80%-ni gətirir. Məhz bu müştərilər sizdən xüsusi diqqət tələb edirlər.
  • Tələbələr üçün:  Dərsliyin 20%-i bütöv dərslikdəki informasiyanın 80%-ni təşkil edir. Bu 20%-ə diqqət edin və vaxt itirmədən yeni kitaba keçin.
  • Hər kəs üçün: Gündəlik işlərimizin heç də hamısı eyni dərəcəli vacib deyildir. Bu günə planlaşdırdığınız 10 işdən, yalnızca ikisi daha vacibdir, nəinki digər səkkizi.

Bizim cəmiyyəti götürək. Cinayətkarların 20%-i cinayətlərin 80%-ni törədir, sürücülərin 20%-i yol-nəqliyyat hadisələrinin 80%-də günahkardır, nigaha daxil olanların 20%-i boşanmaların 80%-nə cavabdehdir (gah nigaha daxil olub, gah da boşananlar statistikanı dəyişərək nigahların stabilliyi haqqında bədbin rəy yaradırlar). Nəhayət, uşaqların 20%-i öz ölkələrində onlara verilən təhsil imkanlarının 80%-dən istifadə edirlər.

Hətta evdə də: Xalçalarımızın 20%-nə onların köhnəlməsinə səbəb ola biləcək amillərin 80%-i təsir edir. Bütün zamanın 80%-də siz malik olduğunuz geyimin 20%-ni geyinirsiniz. Avtomobilin qaçırılma əleyhinə siqnalının işə düşmə hallarının 80%-nə mümkün səbəblərin 20%-i uyğun gəlir.

Daxili yanma mühərriki də 80/20 prinsipinin ədalətli olduğunu sübut edir. Yanacağın yanmasından əldə olunan enerjinin 80%-i itirilir, təkərlərə isə cəmi 20%-i ötürülür. Bu 20% yanacaq hərəkətin 100%-ni yerinə yetirir.

Qanunun tətbiqi

Pareto qanunu və ya 20-80 prinsipi belə qeyd edir ki, minimum sərf olunmuş əmək nəticənin böyük hissəsini təmin edir və bu disproporsiya səbəb və nəticə əlaqələrinin qaçılmaz xüsusiyyətindən irəli gəlir.

Pareto prinsipi öz əhəmiyyətini daha çox iqtisadiyyat sahəsində doğrultmuşdur :

  • 20% xammal miqdarı istehsalın 80% həcmini təmin edir.
  • 20% alıcılar gəlirin 80%-ni təmin edir.
  • Satış menecerlərin 80%-i satışların 20%-ni reallaşdırır.
  • İş sferanızda ayırdığınız 20% vaxt müddətində siz 80% işlərinizi görməyi çatdırırsınız.
  • İnvestisiya yatırmış şəxs investisiya portfelini təşkil edən pulun 20%-dən 80% gəlir əldə edir.

80/20 prinsipi illərdir ki, Google şirkətində müvəffəqiyyətlə istifadə edilir. Bir zamanlar Google şirkətinin işçiləri iş vaxtlarının 20%-ni işin daha yaxşı görülməsi yollarını tapmaq üçün istifadə edirdilər, iş vaxtının qalan hissəsini isə vəzifə cavabdehlərinə uyğun işlərə sərf edirdilər. Sonralar, Google 20%-i azaltdı, lakin bu prinsipdən şirkətdə indi də istifadə edilir. Şirkətin daxili mədəniyyətinə görə, işlərin təkmilləşdirilməsinə sərf edilən zaman gələcəkdə öz bəhrəsini verəcək. 20% və ya daha az (məsələn, 10%) zaman ərzində işçi yeni texnologiyalar kəşf edər, biznesin inkişaf etdirilməsi və ya işlərin daha tez zamanda görülməsi üçün təkliflər irəli sürər. Bununla da, davamlı təkmilləşdirmənin “meyvələri” kimi Google-un bir sıra məhsul və xidmətlərini nümunə gətirmək olar – Gmail, Google Talk, Google News və s.

Unutmayaq ki, bu qanun həyatdakı disbalans prinsipini anlamağa kömək olduğu qədər, əslində, həyatımızdakı və gündəlik həyatımızda baş verən hansısa hadisənin təsirinin yalnız 20%-nin həqiqətən əhəmiyyətli olduğuna, zamanı düzgün bölüşdürməyimiz üçün bu 20%-lik hissəyə daha çox üstünlük verməyin vacibliyini də vurğulayır.

Mənbə:

http://www.matematiksel.org/pareto-analizi-8020-prensibi/

https://az.wikipedia.org/wiki/Pareto_qanunu

https://az.wikipedia.org/wiki/Vilfredo_Pareto

Redaktə etdi: Fatimə Əliyeva

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin