Demokratik dövlət anlayışı nə qədər düzgündür? – Platona görə dövlət idarəetmə formaları

0

Demokratiya? Yoxsa aristokratik idarəetmə?

Platona görə, ideal idarəetmə forması, ideal dövlət başdakıların ən yaxşılar olduğu, ən yaxşıların idarə etdiyi dövlətdir. Belə bir dövlətdə idarəçilər ya filosof, ya da filosoflar idarəçi olmalıdır. Platon mövcud olan idarəetmə formaları arasından ən yaxşı idarəetmə forması olaraq monarxiyanı və aristokratiyanı vurğulayır. Dövləti idarə edən bir nəfər varsa, bu monarxiyadır, yox, əgər bir qrup varsa, bu artıq aristokratiyadır. Aristokratiya ən yaxşıların idarəsi deməkdir. Bunlardan qeyri bütün idarəetmə formaları natamamdır. Platon idarəetmə formalarını da yenə tək insanla bu formalar arasında bir paralellik quraraq müəyyənləşdirir. Aristokratik idarəetmə formasına aristokrat insan uyğundur və belə bir insan ən yaxşı və ən adil insan olduğuna görə bunun kimi insanların başda olduğu idarəetmə forması da ən yaxşı və adil idarə olacaqdır.

Bundan sonra Platon dörd natamam idarəetmə forması olduğunu deyir. Şan-şöhrət düşkünü insanların idarə etdiyi idarəetmə formasına timokratiya adını verir. Pulgir, varlanmaq ehtirasına sahib insanların başda olduğu idarəetmə formasına oliqarxiya deyir. Oliqarxiya dövləti gəlir üstünlüyünə əsaslanan dövlətdir. Bərabərliyi müdafiə edən insanların və xalqın səsverməsiylə seçilənlərin başda olduğu idarəetmə forması isə demokratiyadır. Başda olan şəxsin bir zorba olduğu idarəetmə forması da tiranlıqdır. Platon bu idarəetmə formalarının hər birinin bir digərindən yarandığını irəli sürürdü. Bir idarəetmə formasının pozulmasıyla digərinə keçildiyini deyirdi. Ona görə aristokratiyadan timokratiya, timokratiyanın pozulması ilə oliqarxiya, oliqarxiyanın pozulması ilə demokratiya və demokratiyanın pozulması ilə də tiranlıq yaranır. Dolayısı ilə Platona görə, idarəetmə formalarındakı dəyişiklik başdakı idarəçilərin dəyişməsilə və hansı növ insan olmaları ilə əlaqədardır.

Platona görə, ideal idarəetmə forması başdakının filosof olduğu monarxiyadır. Dövləti idarəedən filosof olmadığı müddətcə ideal idarənin olmayacağını deyir.

Yenə ona görə, ən yaxşı idarəetmə formaları monarxiya və aristokratiyadır. Naqis (natamam) idarəemə formaları isə timokratiya, oliqarxiya, demokratiya və tiranlıqdır.

İdarəetmə formalarının pozulması da belə baş verir: Hikmət və ləyaqət sahibi olanların başda olduğu aristokratiya, şan-şöhrət düşkünlüyünə çevriləndə bu cür insanların başda olduğu idarəetmə forması olan timokratiya yaranır. Şan-şöhrət ehtirasının varlanma ehtirasına çevrilməsi nəticəsində gəlir üstünlüyünə əsaslanan oliqarxiya yaranır. Oliqarxiyada cəmiyyət ”varlılar və kasıblar” deyə iki qütbə bölünür. Kasıb və bədbəxt insanların saylarının artması ilə də daxili çəkişmə labüd vəziyyətə gəlir və sayca çox olan kasıblar bu müharibəni qazananda çoxluğun idarəetmə forması olan demokratiya yaranır. Demokratiyada hər bir vətəndaş dövlət idarəsinə girə bilər. Belə bir dövlətdə hər kəs azaddır, hər kəs istədiyini edə bilir. Zahirən nizamların ən yaxşısıdır, əslində isə müəyyən bir nizam yoxdur, çünki orada yığının, çoxluğun sərbəstliyi vardır. Demokratiyanı da tiranlığa çevirən şey bu azadlıq və bərabərlik ehtirasıdır. Xalqı idarəedənlər onların tələblərinə cavab verə bilməyəcək vəziyyətə gələndə xalq da onları günahlandırır və cəmiyyətdə hərc-mərclik baş alıb gedəndə isə demokratiyadan tiranlıq yaranır. Demokrtiyanın bu ifrat azadlıq tələbi əslində köləliyi doğurur. Buna görə də, Platon “ifrat azadlıq köləlik anlamına gəlir” deyir. Platon demokratiyanı da naqis idarəetmə forması hesab edir, çünki demokratiyada başda olanlar savadsız, bilgisiz, xülasə cahil çoxluqdur. Belə bir idarədə də cəmiyyətin bütünü xoşbəxt ola bilməz və adil bir toplum nizamından söhbət gedə bilməz. Dövlətin məqsədi əgər insanı xoşbəxt (bu da ancaq və ancaq hikmətlə mümkündür) etməkdirsə, demokratiya buna nail ola bilməz. Çünki başdakılar xalqın dəstəyini ala bilmək uğrunda adil və doğru şeylər etmək yerinə öz şəxsi mənfəətlərinə uyğun olanı edərlər.

Platon “Qanunlar” adlı əsərində isə başda olanların xüsusiyyətlərinə önəm vermək əvəzinə qanunlara uyğun idarəni vurğulayır. Ədalətsizlik etmədən cəmiyyəti idarə edəcək insan tapmaq qeyri-mümkün olduğundan qanunların qoyulmasını vacib bilir. Buna görə də, dövlətlər qanunlar tərəfindən idarə edilməlidir.

Platon bütün bu düşüncələri ilə siyasət fəlsəfəsi tarixində dövlətin  təbiəti və məqsədi problemlərinə yönəlmiş və bu problemlərə fəlsəfi izahlar gətirməyə çalışmışdır.

 

Tərtibçi: Sosyoloq Ömer Yıldırım

 

Mənbə: Atatürk Universteti Sosyologiya Bölümü 1. Sinif “Fəlsəfəyə Giriş” və 3. Sinif “Müasir Fəlsəfə Tarixi” Dərsi Dərs Qeydləri (Ömer Yıldırım); Açıq Öyrətim Fəlsəfə Dərs Kitabı

 

Tərcüməçi: Cavidan Rza

Redaktə: Turqut Ağayev

CAVAB YAZ

Zəhmət olmasa şərhinizi daxil edin!
Zəhmət olmasa adınızı buraya daxil edin